"Min bir gecə" nağılları haqqında
Ömrün gecəsi
Gündüzlər insanlara daha çox öz taleləri maraqlı olur. Ona görə də bəşər övladı gündüzlər durmadan çalışır, ailəsi və özü üçün nələrsə edir, bir sözlə, fəaliyyətdə olur. Gecələr isə bəşər övladı gündüzlər elədiklərini düşünür, əməllərini haqq-hesab edir. Bu haqq-hesab zamanı insan başqalarına qarşı hansı dərəcədə haqlı olduğunu, ətrafındakılarla rəftarını, gün ərzində kimlərin haqqına girdiyini, yaxud bütün sadalananların əksini düşünür. Sanki gecə bizə, özümüzlə bərabər başqalarını düşünmək üçün verilən əlavə fürsətdir. "Min bir gecə" nağıllarında da belədir. Şah gündüz dövləti idarə edir, hakimiyyətini daha uçulmaz dayaqlara söykəmək üçün çalışır, gecələrsə nağıllara - başqalarının həyatına qulaq asır, onlar haqqında düşünür. "Min bir gecə" nağıllarındakı gecələr, min bir (sonsuz) insan taleyini simvolizə etməklə yanaşı, həm də başqalarının taleyinə ayrılan zamanların mahiyyətini açır.
Sən tək deyilsən
"Min bir gecə"də Şəhrizad qəsdən şahın başına gələn hadisəyə - qadın xəyanətinə aid nağılları danışır. Şah xəyanətlə üzləşən qəhrəmanların hekayətlərini dinlədikcə şüuraltı olaraq təskinlik tapır. "Oxşar dərdlər" hər kəs üçün daim maraqlıdır.
"Min bir gecə"nin bəzi nağıllarında sirli aləmlərdə də günahlar törənir, hətta cinin sandıqda saxladığı arvadı belə onu aldadır. Şəhrizad bu nağılları danışmaqla şaha anlatmaq istəyir ki, nəinki hamıya məlum dünya, hətta sirli aləmlər də günah içindədir, fövqəl güclər belə əlacsız qalıb.
Şəhrizad şahın başına gələn xəyanət motivini nağıllar boyunca qəsdən xatırladır ki, oxşar bəlalara maraqlı olan şahı "sən tək deyilsən" hiyləsi ilə nağıllarının əsirinə çevirsin.
Əsas məsələ
"Min bir gecə" nağıllarının mahiyyətində həm də yazıçı-oxucu münasibətləri dayanır. Çoxları düşünür ki, Şəhrizad yaxşı nağıllar danışmasaydı şah onu öldürəcəkdi, ona görə gözəl nağıllar danışır. Məncə, məsələ başqadır: Şəhrizad nağılların çoxunu uydurur, yəni düzüb-qoşur, yaradır, deməli, o, həm də müəllifdir. Şah isə qulaq asır, deməli, dinləyici, yəni "oxucudur". Yazıçı (Şəhrizad) yaşamaq istəyirsə, deməli, maraqlı danışmalıdır (yazmalıdır), əks təqdirdə, oxucu (şah) onu öldürür (oxumur, onun nağılını dinləmir).
Əsirlik dövrü
"Min bir gecə" nağıllarında qəribə bir məqam var: Birinci nağıl nəql olunana qədər Şəhrizad şahın əsiridir, ilk nağıl danışılandan sonra isə Şəhriyar şah artıq Şəhrizadın əsirinə çevrilir. Ancaq Şəhrizad əsir olduğunu bilir, Şah isə yox...
Öyrəndiklərimiz nə işə yarayır?
"Min bir gecə"də Şəhriyar şah hər gün bir qızla gecələyib, səhərsə onu öldürür. Amma Şəhrizadın nağıllarına qulaq asır deyə, ona möhlət verir, qıymır. Şəhrizad kəniz olana qədər çoxlu kitablar oxuyub, hökmdarların həyat hekayələrini mütaliə edib, bir sözlə, özünü elmlə zənginləşdirib. Amma onun bildiklərini cəmiyyətə çatdırmağa heç bir imkanı yoxdur. Onda onun öyrəndikləri nə işə yarayır? Şəhrizad nağıllarını danışmaqla həm də öyrəndiklərini başqalarına çatdırır. Nəticədə öyrəndiyimiz heç nə itmir. Biz nəyisə öyrənəndə həyat bizə onu reallaşdırmaq imkanını da yaradır. Yəni nə qədər çox oxuyuruqsa, öyrəniriksə, əxz etdiklərimiz, bildiklərimiz bizə o qədər çox əlavə qapılar açır, özünü reallaşdırmaq imkanları yaradır.
Şərtilik prinsipi
"Min bir gecə nağılları" janr etibarilə ancaq nağıllardan ibarət deyil. Bu kitabda hekayələr, hekayətlər, əhvalatlar, pritçalar, novellalar, irihəcmli nəsr əsərindən parçalar və s. var. Ancaq onların hamısı "nağıllar" adlanır. Bunun səbəbi nədir? Çünki bütün digər janrlarda nəql olunan əsərlər nağıl təhkiyəsi ilə oxucuya çatdırılır. Bununla da əsərlərin şifahi təfəkkürə əsaslandığı qabardılır. Əsər təhkiyənin prinsipini əsas götürərək "nağıl" adlandırılıb. Janrların şərtiliyini göstərmək baxımından bu metodun xüsusi əhəmiyyəti var.
Möcüzə ümidi
"Min bir gecə" nağıllarının əksərində qəribə bir kədər var: Deməli, bu əsərdə bəlaların, haqsızlıqların çoxu real hadisələr, qərarlar vasitəsilə baş verir, xilaslar, ədalətin öz yerini alması isə möcüzə nəticəsində baş tutur. Sanki şər real gücü təmsil edir, xeyir isə möcüzə ümidinə qalıb...
Hazırlıq məntiqi
"Min bir gecə" nağıllarında günahkar insanların söz vasitəsilə xilasına həsr edilən çoxlu əhvalatlar var. Məsələn, günahkar insan divdən xahiş edir ki, gəl sənə bir hekayət danışım, maraqlı olsa məni bağışlayarsan. Əksərən də günahkarlar hansısa əhvalatın "köməkliyi" ilə xilas olurlar. Şəhrizad bununla şaha işarə edir ki, əgər divlər, qorxunc məxluqlar belə günahkar insanı sözə görə bağışlayırsa, deməli, insan da insanı bağışlamalıdır. "Min bir gecə" nağıllarının əksərində çətinə düşmüş insanı bilgisi, söz xilas edir. Beləcə, Şəhrizad öz bilgiləri, savadı ilə öz gələcək xilasını şahın şüuraltısına yerləşdirir.
Bəsit ruhların gücü
"Min bir gecə" nağıllarında fövqəlgüclərə, bacarıqlara qəribə münasibət var. Məsələn, nağıllarda qız oğlanı qoyuna, yaxud kişi qadını inəyə çevirir, yaxud əksinə. Yəni Allah tərəfindən verilən vergi, yaxud hansısa qeyri-adi qüvvələr tərəfindən bəxş edilən güc məişət səviyyəsində intriqalar, öclər, amansızlıqlar üçün istifadə edilir, şəxsi ədavət "silahına" çevrilir. Və bu tipli nağıllar çox adi sonluqla bitir, məsələn, sonda inəyə çevrilmiş oğlan təzədən öz ilkinliyinə qayıdır. Bəs bu tipli nağılların mahiyyəti nədən ibarətdir? Bu nağılların mahiyyəti ondan ibarətdir ki, insanın ruhi varlığı primitiv, dünyagörüşü məhdud olanda, nəhayətsiz dünyaya açar deşiyindən baxanda o, ona verilmiş üstünlükləri, gücü bəsit şeylərə, adi həyat şərtlərinə sərf edir. Yəni insanın nəinki öz qazandığı qüdrət, hətta Allahın ona verdiyi üstünlüklər, qeyri-adiliklər də cılız niyyətlər, şəxsi mənafe üçün istifadə edildikdə çox mənasız, gərəksiz olur.
Taleyimizi dəyişə bilməsək də
"Min bir gecə"də Şəhrizad nağıl danışıb şahın başını qatmaq hiyləsini quranda əsas məqsədlərindən biri o idi ki, şah onun bakirəliyinə toxunmasın. Beləliklə, o, həm ismətini qorusun, həm də mümkün qədər çox yaşasın. Ancaq şah nağıla qulaq asmaq məsələsindən əvvəl onunla həmyastıq olur. Beləcə, Şəhrizad başa düşür ki, o, daha öz şəxsi arzuları naminə yaşaya bilməz, yəni məsələ "namusunu xilas etmək"dən keçdi. Ondan sonra taleyi ilə barışır və dərhal missiyasının dəyişdiyini başa düşür. Onda "özünü xilas edə bilməyən başqasını xilas edə bilərmi?" sualı meydana çıxır. Bəli, arzuları puç olmuş biri belə, minlərlə insanı xilas edə bilər. Fədakarlıq bəzən özünü qurban etməklə başlayır.
Vicdanın vətəni varmı?
"Min bir gecə"də nağılların çoxu niyə şahlarla bağlıdır? Şəhrizad şaha danışdığı nağılları qəsdən başqa şahlarla əlaqəli seçir. Çünki kitabın əvvəlində şaha qadını xəyanət edir, onun qardaşı da eyni acınacaqlı aqibəti yaşayır. İki qardaş qərara gəlirlər ki, başımıza gələn bu rüsvayçılıqdan daha betərini görənə, eşidənə qədər vətənimizə qayıtmayaq. Yolda bir cin görürlər, cin arvadını yeddikilidli sandıqda saxlayır. Cin yatanda onun arvadı hər iki qardaşla - şahlarla muradına çatır və məlum olur ki, sandıqda saxlanan qadın indiyədək 572 kişi ilə cinə xəyanət edib. Ondan sonra cinin rüsvaylığına nisbətdə öz başlarına gələnləri qiyaslayıb şükür edərək səltənətlərinin başına qayıdırlar.
Şəhrizad şahlarla bağlı nağılları ona görə danışır ki, şah keçmişdə olanları öz taleyi ilə müqayisə edib naqis əməllərindən əl çəksin. Bu əsərdə nağıllar güzgü rolunu oynayır. Yəni şahlar haqqında nağıllar şahın dərs alması - özünə qayıtması üçün lazımdır: Özünə - yəni vicdanının vətəninə.
Şah nə üçün nağıllara qulaq asır?
Başımıza gələcək bəlaları irəlicədən bilmədiyimizə görə insanın taleyi daim onun üçün ən maraqlı hekayət olaraq qalır. Sabah, bütün ömrü boyu Adəm övladını təəccübləndirir. "Min bir gecə" nağıllarının əvvəlindən şahın acınacaqlı taleyi məlum olur. Sanki ilk nağıl başlamamış artıq şahın nağılı bitir. Öz hekayəti olmayanlar, başqalarının hekayətinə daha maraqlı olurlar. Fikir vermisinizsə, Şəhrizad hekayətləri - nağılları real tarixçələr kimi danışır, nağıl intonasiyasında yox. Beləliklə, şahın taleyi də çoxsaylı hekayətlərdən birinə çevrilir, hətta onların arasında itib-batır. Şah, sanki öz tale tarixçəsini itirmək, başqalarının hekayətləri arasında azdırmaq üçün çoxlu nağıllara qulaq asır. Və beləcə, şahın həyat hekayəti də danışılan nağıllardan birinə çevrilir...
Ardı var...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!