"Mən" olmağın tarixçəsindən - Niyazi Mehdi yazır

Moskva aspiranturası. Bir az tələbələrdən,bir az qızlardan, bir az da ordan-burdan...

Niyazi MEHDİ

Link: http://edebiyyatqazeti.az/news/muzakire/5094-1973-cu-il-moskva-dovlet-universitetinde-konfliktler-ve-meni-heyran-etmis-iki-filosof

Moskva Universitetində fəlsəfədən hamının oxuduğu dərsliyə boyasına görə öyrəncilər "bozat" ("serıy loşad") deyirdilər, yəni hamı imtahana hazırlaşanda onu minib çapırdı. Mən də fəlsəfə tarixini bu kitabdan başladım.

Moskva tələbələri arasında qəribə inqilabçı romantizm vardı, hətta sosializmdən bezmişlərin arasında da. Çilidə Alyende devriləndə universitetin qapısında pul yığırdılar və o qədər kasıb tələbə bu kampaniyaya qoşulurdu ki, daha demə. Otaqlarda Heminqueyin, Çe Qevaranın saqqallı şəkilləri adi rekvizit olmuşdu. Latın Amerikası inqilabçıları öyrəncilər arasında sevilən rəmzi fiqurlardan idilər. Bir dəfə Bakıdan gəlmiş (indi Moskvada yaşayan) dostum Fərhadın yaşadığı qız Anna bizi atasının məclisinə apardı. Orada Argentina çayı olan Mateni daddım, çox pis tamı vardı, onu necə sevmək olar, qanmadım. Onlara evdən aldığım dovğanı aparmışdım, daddılar, çox bəyəndilər və təbii, bundan mən elə mutlu oldum ki, sanki yabançılara Azərbaycan möcüzəsini göstərmişəm.

Yaraşıqlı bir kişi olan Annanın atası kommunist yazıçı idi. Deyəsən, Latın Amerikasında geniş tanınırdı.

DAS-da bir bolqar qızı vardı, söhbət edəndə mənə acıq vermək üçün erməniləri öyürdü. Mən isə onun bəndənizə acıq verməsinə məzə ilə baxırdım (düzgün reaksiya deyildimi?!). Bolqarların türklərə nifrəti bizə olan baxışlarına da təsir edirdi.

Həmin qız bir dəfə sevdiyi Ermənistana səyahətə getdi. Gələndə universitetdə rastlaşdıq və mənə söylədi ki, daha erməniləri xoşlamır, səhv edib. Sevincək soruşmadım nə olmuşdu, niyə baxışın dəyişdi. İstəmədim fikri-zikri ermənilərdə olan azəri kimi görünüm. Axı, gerçəkdə də elə deyildim.

Bir island qızı da yadıma düşür. Adı Hilda idi, səfir qızı. Rəqs edəndə qucaqlaşırdıq, ancaq bədən yaxınlığını həmişə yumora çevirirdi. Bir dəfə məclisimizdə söylədi ki, İslandiyada onlar ailəlikcə saunada lüt çimirlər. Görünür, onun da ilginc görünmək qırımı vardı və bununla bizdə effekt yaratdı.

Ömrüm boyu huşumda qalmış, dərslərimdə istifadə etdiyim başqa olay da DAS-la bağlıdır. Orada bir fin qızı vardı, adı Liza idi. Mətbəxdə nəsə bişirəndə söhbət edirdik. Birdən onun qazanı pıqqapıq qaynadı, su vurub ət tikəsini kafel döşəməyə tulladı. Qız sakitcə əti elə də təmiz olmayan döşəmədən götürüb qazana atdı. Mat qaldığımdan qışqırdım: Neylədin, iyrənmədin?!

Sonralar bu olayı düşünəndə anladım ki, ət qazanda qaynayanda mikroblar ölür. Görünür, o fin qızının məntiqi belə idi ki, havadan dodaqlarımıza qonan toz-torpaq elə yerə düşmüş ətin toz-torpağı kimidir. Bu olaydan dərslərimdə sonuc çıxardım ki, səliqə və təmizkarlığın sınırları mədəniyyətdən-mədəniyyətə dəyişir. Bizim aftafadan istifadə etməyimiz təmizkarlıq göstəricisidir, avropalı üçünsə murdarçılıqdır, yəni necə əlini elə batırandan sonra elə həmin əlinlə də yemək yeyirsən?! Noolsun ki, onu yuyursan.

***

Aspiranturanın ikinci ili universitetin əsas binasına köçdüm. Burada ikigözlü mənzillərin ortaq hamamı, tualeti vardı. Deyəsən, otağım 11-ci mərtəbədə idi. Qonşum Buryatiyadan olan ər-arvad idi, onların otağından gələn iy məni öldürürdü.

Burada koridordakı ortaq mətbəxdə tanış sözlər eşitdim, baxdım ki, iki oğlan danışır. Elə bildim bizimkilərdəndir. Danışdım, aydın oldu ki, Kıprısdan gəlmə türk tələbələridir. Birinin adı Doğan, o birisininki Soysal idi. Doğan iri cüssəli, saqqallı və yaraşıqlı oğlan idi (bir az Demis Russosa oxşayırdı, axırıncının populyarlığının şiddəti də bu vaxta düşürdü). Soysal hündür, Puşkin bakenbardlarında olan yapışıqlı oğlan idi. Beləcə, dostluğumuz başladı. Bəlkə də onlar mənim ilk gördüyüm türklər idi. Bu oğlanları universitetə kommunist olduqları üçün götürmüşdülər. Kommunist Partiyası Siyasi Bürosunun üzvü Ponamaryov dünya kommunist hərəkatını himayə edirdi. Bir dəfə Doğan öyündü ki, Ponamaryovun qəbulundan gəlirəm. Mən içimdəki antisovetizmə görə belə nəsnələrə pietet duymazdım. Ponamaryov, sözsüz, böyük funksioner idi. Doğan, yəqin, gözləyirdi, əsim-əsim əsib soruşacam, onun özünü gördün, nə dedin ona? Mənimsə düşüncəm başqa yerdə idi.

Doğanın arvadı fin qızı idi, iki aydan bir yanına gəlirdi. Bu zaman o, otağına çəkilib itirdi, qız isə biş-düş edirdi. Yaşar Kamalı Doğan mənə tanıtmışdı, deyirdi ki, finlər onu çox sevirlər və Nobelə təklif edirlər. Doğanın arvadı çox sakit, yaxşı qız təsiri bağışlayırdı. Bakıya qayıdandan sonra eşitdim ki, ayrılıblar. Qız güman Doğanın iş-güclə arası olmayan kommunist xasiyyətinə dözməyib.

O, bir dəfə Elmi kommunizm üzrə aspirant olan polyakla söz davasına çıxmışdı. Soruşdum nə üstündə? Bəlli oldu ki, polyakın kommunizmə qarşı söylədiklərinə görə. Dedim a, Doğan, sən hər yerdə ideoloji savaşla məşğul olacaqsan?!

Doğanla aramızda ideoloji söhbət olmazdı. Mən antisovet düşüncələrimi ona söyləməzdim. İnanmıram ki, söyləsəydim, qovğa salardı, ancaq nəsə məni bu söhbətdən çəkindirirdi. Doğanla dostluğumuz, deyəsən, ürəklərin dərinlərinə çatan deyildi. Mən onu daha çox türk olduğu üçün çox istəyirdim, o isə... qonşuda məndən başqa kim vardı ki, ürək söhbəti eləsin?!

Soysalla da dost idik. O, ilin çox vaxtı qara şalvar, köynəkdə olurdu. Hərdən başqa paltarda görünəndə adam çaş qalırdı. Sonralar dərslərdə bu effektdən danışdım: hər gün eyni paltarı geyirsən və birdən yenisini geyəndə hadisə yaradırsan. Çünki hadisə normanın pozulmasıdır (Yu.Lotman)

Bir azərinin, iki türkün eyni dildə danışması ruslara qəribə gəlirdi. Bir dəfə qızlarla idik. Soruşdular ki, diliniz birdir? Gördüm Soysal nəsə mızıldanır. Duydum ki, o, yabançı kimi görünmək effektinə azərilərlə bir dildə danışmasının zərər vurmasından qorxdu. Üz vurmadım, vursaydım "elə deyil" - deyib min söz söyləyəcəkdi. Ürəyimdənsə "minnətin olsun" keçdi, çünki tarixən ruslarda türklərin vəhşi döyüşçü imici olan bir yerdə MDU yataqxanasında bizlər,  - azərilər "maraqlı oğlanlar" kimi tanınırdıq. O çağlar universitet yataqxanasında nə gürcülərin, nə ermənilərin belə dəstəsi vardı, çünki Heydər Əliyevin təşəbbüsü ilə yaranmış məqsədli aspirantura proqramının onlara dəxli yox idi. Bizə isə dəxli olduğu üçün MDU-da bütün sahələr üzrə Azərbaycandan gəlmə çoxlu aspirant oxuyurdu.

Universitetin binasında bir az keçəndən sonra qonşuma Gəncədən gəlib oxuyan Əlini gətirdim (soyadı Məmmədov idi, ona Əliko ayamasını qoymuşdum). İndiyənəcən dostuq, Dillər Universitetinin professorudur. Otaqları dəyişəndə həmişə onu özümə qonşu aparırdım. Bizdən yuxarı mərtəbədə sonralar Bakı Universitetinin rektoru olmuş Abel və onun dostu Eldar qalırdı. Onların bütün günü laboratoriyada keçirdi, axşam yataqxanaya gələndə çox yorğun olurdular. Bu anlamda əsl araşdırmalarla filosof aspirantlar yox, kimyaçı aspirantlar məşğul olurdulər. Biz kef çəkəndə o yazıqlar kolbalarda maddələri qaynadıb reaksiyaları izləyirdilər.

Mənimlə bağlı Abelin sevimli məzəsi o idi ki, Niyazi gəlib bizdə yemək qoymur. Bir dəfə zarafatımızda belə oyun oldu: mən soyunub tumanda dəhlizə çıxdım. Abel qapını bağladı, ancaq heç vecimə də olmadı, çünki atletik bədənim elə idi ki, qızlardan utanmazdım. Oğlanlar isə heç.

Ömrüm boyu toplumun elit qatına yüksəlmiş çox adamla yolum kəsişib. Onlardan biri Abel idi. İkincisi, indi yüksək vəzifə tutan bir hüquqşünas idi. Universitetin binasına köçəndə dostluq etdiyim Zeynal (Məmmədli) onunla yaxın idi və jurnalistikada bir yerdə oxumuşdular. Həmin oğlan sonradan hüquqa keçsə də, Zeynalla dostluğunu saxlayırdı. O, dəfələrlə iki yoldaşı ilə mənim otağıma gəlirdi. Dosta çevrilməsək də, ortada Zeynal olduğu üçün mehriban idik. Onunla yanıma gələn oğlanlardan biri otağımın açarının yerini bildiyi üçün mən 4-5 gün başqa yerdə qalanda qızla bura gəlirdi. Bir dəfə otağımda olanda bunu duydum, açarın yerini dəyişdim. Mənə deməyib gəlməsi xoşuma gəlməmişdi, yaxşı oğlan olsa da.

90-cı illərin ilk illərində "Çeşmə" qəzetinə görə 4-5 nəfəri tutanda, Zeynalın sözlərinə görə, mənim də adım siyahıda varmış. Qəzetin çapına, yayımına dəxlim yox idi, ancaq Müsavat qərargahındakı otağımdan bir əcaib kişi nüsxələri satmağa aparırdı. Zeynalın dediyinə görə, onun vəzifəli dostu məni o siyahıdan çıxartdırmışdı. Deyilən düzdürsə, necə ona minnətdar olmayasan?! Əgər siyahıda qalsaydım, tutulsaydım, bütün bioqrafiyam başqa yönə gedərdi: Çeşməçilər bir il sonra türmədən çıxanda uluslararası qurumların nümayəndələri gəlib onlara mühacirət təklif etmişdi. Tutulsaydım, çıxanda universitetdə dərs deyə bilməzdim, bu üzdən əlacsız qalıb ailəmlə İsveçrəyə, ya Almaniyaya gedərdim... heç də xoşuma gəlməyən perspektiv. Hərçənd güman ki, hansısa Batı Universitetinin professoru olardım, əvəzində doğma məmləkətdən stimullar almadığımdan öyündüyüm bir çox məqalələri yazmazdım.  

Mən Moskvada oxuyanda qardaşım Elçin də tarix fakültəsində oxumağa gəlmişdi. O, Partiya karyerası etmək istədiyindən gecə-gündüz düşüncə mədəniyyəti qıtlığında olan yazıları öyrənməyə məhkum idi. Zeynalı məktəbdən tanıyırdı. 8, ya 9-cu sinidə oxuyan Elçinin çox qəribə hərəkəti olmuşdu (mən bunu edə bilməzim). Birdən-birə Yasamaldan şəhərin mərkəzindəki 132 saylı məktəbə keçmək istəmişdi. İstədi və keçdi. Beləcə, hər gün Yasamaldan düşüb şəhərin mərkəzinə dərsə getməyə başladı. Bizi 8-9-cu sinfəcən anamız qorxusundan şəhərə tək buraxmazdı. Elçinsə o yasağı sındırdı. Bu məktəb elit sayılırdı və azəri bölməsində elitar görünmək istəyənlərin xeylisi öz aralarında rusca danışırdılar. Beləcə, Elçin rusdilli oldu. İndi Londonda öz dilimizi xeyli unutduğundan mənimlə axıracan azəricən danışa bilmir. Rusca yazılmış iki romanın müəllifi (ikisini də "Qanun" çap edib, biri isə daha qabaq Almaniyada çıxıb) Elçin indi Azərbaycan meyxanasının, muğamının dəlisidir. Öncələr kosmopolitliyi ilə öyünən bu qardaşımın əsas ürək ağrısı Ermənistanın torpaqlarımızı tutması olub. Hərçənd gəncliyində də Qarabağ savaşına duyğusuz baxmırdı, millətçiliyi zəif olsa da, gedib orada vuruşmaq istəyirdi.

Bax, mənim bu qəribə xasiyyətli qardaşım Elçin Zeynalı çox yaxşı oğlan kimi öyəndən sonra onunla tanışlığım asanca dərinləşdi. Mənim kimi Zeynal da millətçi idi, ona görə də yaxınlığımızın ideoloji kökləri vardı. Beləcə, universitetdə üç dost olduq - Zeynal, mən, Əli (ağsaqqalları mən idim). Sonra bu üçə Kamal da qoşuldu, onun Əli və Zeynalla dostluğu indi də qalır və davamlı görüşürük. Daha sonra bizə gələcək kinorejissor Cahangir də (Mehdiyev) qoşuldu. O, 5-ci sinfəcən Kamalla, sonra mənimlə oxumuşdu, Moskvada isə Ali Rejissorluq İnstitutuna qəbul olmuşdu. Haçan yanımıza gəlirdi, yaradıcılıq uğurundan danışırdı. Bir dəfə dirənib institutlarına apardı ki, yapdığı montajı bizə göstərsin. Getdik və onun üstünə qışqırdıq: alə, elə bu?! Cahangir 2-3 dəqiqəlik basketbol oyununu montaj etmişdi. Beləcə, Cahangir onu dolamaq üçün mənə, Kamala yaxşı bəhanə verdi.

Bütün bu olaylar, yəni dostların yanıma yığılması, otağımda bəzən rus və başqa yabançı qızların, oğlanların iştirakı ilə olan çay məclisləri rusların "tusovka", ingilislərin "parti", bizim isə "məclis" (məclis üş-şüaranı yada salın) dediyi ləzzətli məkanı əmələ gətirirdi. Bu məkanda rusların gözündə yaxşı oğlanlar olan azərbaycanlıların qibtəediləsi dostluğu vardı. Deyəsən, qıraqdan bizə elə də baxırdılar. Bəzən hansı rus qızları isə soruşurdu, siz yığışıb neyləyirsiniz ki, darıxmırsınız?

Rus öyrənciləri yığışanda araq içirdilər. Biz isə çay içirdik və bu, ruslara əcaib gəlirdi. Bəzən qonaqlarımız alman qızları da olurdu. Bir dəfə onlardan hansısa bizim azərbaycanca danışığımıza qulaq asıb dedi, nə gözəl diliniz var!

Universitetdə bir dostumuz da vardı, Eldar, atası tanınmış filosof Zahid Orucov idi. Çox qəşəng oğlan idi. Beləcə, mənim çevrəmdə Rəşid Axundzadə də daxil olmaqla gənc "bəyzadə" qırımlı, yaraşıqlı oğlanlar dəstəsi toplanmışdı. Qıraqdan baxanlara, görünür, bu dəstə nəsə magik, çəkimli görünürdü. Bizim vaxtımızda universitetdə azəri qızlar da oxuyurdular, sonralar onlardan ikisi çox tanınmış xanım oldu. Qoca vaxtımda onlarla söhbət edəndə sezdim ki, bu qızlar bizə nəsə öygü ilə baxırdılar, qız uşaqları olduqlarından bizim həyatı yaşaya bilməzdilər, ancaq onların gözündə nəsə mifimiz vardı. Sonradan Dilarə mənə söylədi ki, nişanlananda kimlərsə ona demişdi ki, bu oğlandan çəkin, Moskvada adı şorgöz kimi çıxıb.

Bizim dəstənin dili azəricən idi. Mən Rəşidi, Eldarı "anton" adlandırırdım, rusdilli olduqları üçün anton alması kimi hibrid sayırdım və bundan onlar bərk pərt olurdular. Rusdillilər öyrəşmişdi azəri dilliləri çuşqa saysınlar. Birdən-birə özləri bu "çuşqalardan" ayama alanda pərt olmuşdular. Bəlkə də pərt olduqları üçün çalışırdılar bizimlə birtəhər də olsa azəricən danışsınlar. Rəşidin anası tatar idi, atası iqtisad müəllimi. Bacısı Leyla Axundzadə sonra ünlü sənətşünas oldu və faciəli qəzaya düşüb öldü. Rəşid çox yaraşıqlı, hündür, qenetik olaraq atlyot bədənli oğlan idi, azəricən pis danışdığı üçün cürbəcür fəndlərlə eyibini örtürdü. Bir qızla yaşayırdı, adı Nataşa idi. O, ukraynalı olsa da, Çexoslovakiyadan gəlmişdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!