1973-cü il. Moskva Dövlət Universitetində konfliktlər və məni heyran etmiş iki filosof - Niyazi Mehdi - parçalar - Niyazi MEHDİ

"Mən" olmağın tarixçəsindən

Niyazi MEHDİ

Əvvəli: http://edebiyyatqazeti.az/news/incesenet/4960-men-olmagimin-tarixcesi

Mən Moskvada Lomonosov adına Universitetin aspiranturasında oxuyan çağda 30-35 yaşında rus qadınları Rəşid Behbudovu bilib sevirdilər. Gənc qızlar isə Müslüm Maqomayevi tanıyırdılar və bir qayda olaraq onun oxusunu bəyənmədiklərini söyləyirdilər. Müslümü bəyənməmək keçmiş Sovet musiqisini bəyənməməyə bərabərləşmişdi. Müslümü bəyənməmək modernlik əlamətinə çevrilmişdi, 60-cı illərdə isə rus qızları və qadınları onun dəlisi idilər.

DAS-da, yəni Aspirantlar və Stajorlar Evində ermənilərlə bir konfliktim oldu. Burada 1-2 aylıq oxumağa gəlmiş gədələr vardı. Bir dəfə onlardan üçü mənə yaxınlaşıb dedi ki, sən bizim qızı təhqir etmisən. Qorxmaqdan söhbət gedə bilməzdi, ancaq yad yerdə milisə düşməyin sonuclarını fikirləşməyib neyləyəsən?! Dedim kimisə təhqir etmək yadıma düşmür (mən qızlarla özümü kobud aparan deyildim). Əgər hansı hərəkətimsə onu təhqir edibsə, üzr istəyə bilərəm. Onlar da, görünür, qalmaqaldan çəkinirdilər, məsələnin belə sovuşmasına sevindilər. Qızı gətirdilər. Bəlli oldu ki, mən iki dəfə onunla tanış olmağa cəhd etmişəm (bir dəfə tanış olmuşam, unutmuşam, sonra da istəmişəm tanış olum). Qızdan üzümdə heç bir qılığı bildirmədən üzr istədim, ayrılıb getdim. Hələ onun üstündə durmuram ki,  "bir şey deyildi". Qız haqqında bu qaba deyimi etnoqrafik-gender çalarlarına görə işlətdim.

Yataqxanada otaq qonşum Bazarqul adında qırğız idi, yumşaqlığı, kəndçiliyi ilə kinolarda olan qırğız-qazax imicini tam təkrar edirdi. Mənim sevgi macəralarımla, görünür, türk kimi, müsəlman kimi öyünürdü, ona görə otağı boşaltmaq gərəkəndə asanca harasa gedirdi. O biri qonşum Slavik idi, 30 yaşı olardı, elmi-kommunizm üzrə aspirant idi, danışığı, davranışı bolşevik, millətçi cizgilərindən şəkillənirdi. Aramızda xətir-hörmət vardı, ancaq qırmızı adam olduğundan bəzən öcəşirdik. İdmanla məşğul olurdu. Bir dəfə uzandığım yerdə yastığın fonunda saqqallı üzümə baxıb demişdi: sənin nə maraqlı üzün var! Zarafat elədim ki, indi neyləyim, qızların yanına başımın dalında yastıq gedim?!

Görünür, saqqallı qarayanız üzüm ağ fonda ona ərənlik təcəssümündə görünürdü.

5-6 il sonra estetikadan deyəcəyim mühazirələrdə Slaviklə bağlı bir faktdan örnək kimi istifadə etdim. Bir dəfə o, rəngkarlıqla bağlı idealını anlatmaq üçün demişdi ki, rəssam almanı elə çəkməlidir ki, adamın götürüb onu yeməyi gəlsin. Qayıtdım ki, onda bəlkə almanın özü alma şəklindən daha yaxşı olar? Estetika dərslərində bu olay mənə realizmin şişirdilməsinə qarşı çıxmaq üçün gərək oldu. Sənətdən uzaq adamlar şəklin obyektə çox oxşamasını onun yüksək estetik göstəricisi kimi götürürlər, - nə qədər çox oxşayırsa, o qədər yaxşı əsərdir. Ancaq rəssamlıq üçün bu meyar belə önəmli olsaydı, Slavikə dediyim kimi, almanın özü onun natürmort şəklindən üstün sayılardı.

Moskvada bir rus aspirantının sözləri də məndə sənətlə ilgili ideya dəyişgisi yaratdı. Mənim dissertasiyam kinodan idi. Bu üzdən hərdən araşdırıcı kimi Moskva Universitetinin klub zalında filmlərə baxırdım. Bir dəfə Tarkovskinin səs-küy salmış "Andrey Rublyov" filminə baxmağa getmişdim. Baxdım, heç nə qanmadım. Ancaq sonra mənimlə qəribə olay baş verdi. Gəzdiyim, söhbət etdiyim yerdə qəfildən qafama "Andrey Rublyov"dan kadrlar axaraq ruhumu özlərinə çəkirdilər. Bu müəmmanı rusa danışanda dedi ki, sən o filmi ağılla anlamağa çalışma. Bundan sonra mən əsərin analizində "müəllif bu misra ilə (kadrla, epizodla) onu demək istəmişdir ki…" qəlibinə qarşı çıxdım. Bir çox sənət əsərləri musiqi prinsipində qavranılmalıdır, özünü ondan gələn dalğalara burax, hara apardı-apardı. Biz muğamatı "müğənni bununla onu demək istəmişdir…" biçimində duymuruq ki! 80-ci illərdə bu fikrimi estetika dərslərimdə deməyə başladım.

DAS-ın kafesi vardı, orada tez-tez yığışıb mırt vururduq. Burada İrandan bir erməni görmüşdüm, yekəpər, bədheybət bir adam, çevrəsinə ermənilər yığışıb nəsə söhbət edirdilər. Bu adamdan kinoda yaxşı Koroğlu çıxardı. O çağ bilməzdim ki, İranda böyük erməni icması var. Bilsəydim, tanışlıq verib onunla dilimizdə danışardım. Bizim türkcəni bilməmiş olmazdı.

DAS-da əsas problem qapıda duran qadınlarla qılıqlı olmaq idi ki, qonaq (əsasən də qız) gətirəndə buraxsınlar. Mərtəbə administratorları ilə də dostluq etmək lazım idi. Tələbə dostum Rəhim Əliyev yanıma gələndə onu qadın administratorla tanış etdim ki, dostumun əli ilə "neytrallaşdırım".

Bakı restoranı DAS-dan 100 metr aralıydı. Hərdən ora ya qızlarla, ya özümüz gedərdik. Bir dəfə, oktyabr ayında oradan çıxanda qarlı yağışın altında qurşağacan lüt soyunub yataqxanaya gəldim. Tüklü, əzələli bədənim qapıda duran qadını çaşdırmışdı, yanımda olanlar isə, bəlkə də aralarında qızlar da vardı, məzələnirdilər. Beləcə, DAS həyatı macəralarla, ilginc "tusovkalarla" dolu idi.

***

Moskvada həftədə bir dəfə bazar ertəsi saat 14-də universitetdə kafedra iclasına gedirdim. Qalan vaxtlar isə özbaşına idim. Oxumaq, yazmaq heç yada düşmürdü. Sözsüz, vaxtlı-vaxtında namizədlik imtahanlarını verirdim, ancaq onlara hazırlaşmağım, necə verməyim yadımda deyil (düzdür, indi Dillər Universitetinin professoru, yataqxanada qonşum olmuş dostum Əli Məmmədovun sözlərindən başa düşdüm ki, oxuduğum kitabların tipinə, onlardan götürdüyüm ideyaları bölüşməyimə görə universitetdəki Bakıdan gəlmiş başqa aspirantlardan seçilirdim).

İndi də düşünürəm ki, Moskvada mənim millətçi olmağıma heç bir etgi yox idi. Hayıf deyil, qafqazlı imici?! Yad dünyada adamın işini asanlaşdırır. Biri var rusların arasında kimliyini ilginc, dəyərli etmək üçün əziyyət çəkəsən, biri də var hazır qafqazlı imicini üzünə taxasan. Düzdür, taxandan sonra danışığınla, davranışınla bu imici saxlamağı bacarmalıydın. Adamlar görəndə ki, bu imicə uyğun deyilsən, həməncə gözdən düşürsən.

Azərbaycanda yəhudilərin "yaxşı həkim", ermənilərin "yaxşı dərzi" imici nə qədər alababat bacarığı olan yəhudiyə, erməniyə çörək vermişdi! Ona görə də biz millətimizə yaxşı imic gətirən adamları sayıb uca tutmalıyıq, sözsüz, onların "çörəyini" yeyəndə davranışlarımızla, iş bacarığımızla bu imici dağıtmamağa çalışmalıyıq. Sənə su verən quyunu murdarlamaqmı olar?!

DAS içimin dərinliklərində pozulmaz iz salıb. Mən sonralar dəfələrlə yuxuda görürdüm ki, kvalifikasiyanı artırma kursuna Moskvaya və ya Budapeştə getmişəm. Bu təkrarlanan yuxularda yataqxana Moskva Dövlət Universitetinin otaqları ilə DAS-ın interyerinin calağında olurdu.

Gənc oğlanlar öz yaşamlarında psixi yoxsulluqdan (Froydun termini) qurtulurlar qızlarla ilişgilərin dramatik-romantik düyünləri, eləcə də təhsil və idman yarışları sayəsində. Ona görə də aspirantura illəri ilə ilgili amur məsələlərindən danışmaya bilmirəm. Ən azı ona görə ki, onları yazanda çağın hansısa kulturoloji-psixoloji məsələləri açılır. Ancaq bu konuda yazmağın bizim ədəbi dilimizdə bir çətinliyi var: "şorgöz", "qızbaz", "arvadbaz", "mazaxlaşma", "bazlıq", "hətta qızı bişirmək" kimi sözləri işlədəndə nəsə tərbiyəsizlik, kobudluq duyğusundan qurtula bilmirsən. Yalnız "mazaxlaşma" yerinə "flört/flirt" deyəndə, qızbazlıq yerinə Don Juanlıq deyəndə kobudluq duyğusu gedir (Don Juanın Səfəvi "mühaciri" Oruc bəylə bağladılması isə ada milli çalar da verir).

Nə gizlədim, kişi psixolojisi elə qurulub ki, amur məsələsində keçmiş uğurlarından danışanda özünün narsistlik (nərgizlik) ehtiyaclarını ödəyir, hətta mənim indiki yaşımda olanda da.

Bax, xahiş etməli olacam ki, aspirantura illərinin amur məsələləri ilə bağlı yazdıqlarımı bu söylədiyim açıqlama çərçivəsində qavrayasınız, "bazlıq" kimi öz sözlərimizi görəndə isə imkan içində qabalığın səsini alasınız. 

Keçim DAS günlərinə. Orada yaşayanda Don Juanlıq etdiyim qızların, qadınların çoxu yadımdan çıxıb. Yadıma düşənlərdən biri sarısaçlı yaraşıqlı, yaxşı bədənli qız idi. Yuqoslav restoranında ofisiant işləyirdi. Həmişə xoşsifət mehriban qız. Niyə onunla ilişgim davam etmədi, yadımda deyil, məncə, mən ondan soyudum. Ancaq mənə xoş idi ki, restoranda bol-bol yaraşıqlı, pullu yabançı ilə ilişgi qura bilən qızın məndən belə xoşu gəlir.

Başqa qız tanışım yenə sarısaçlı yəhudi qızı idi. Ancaq mənə heç bir romantikası yox idi. Bir dəfə yanına dayısı (ya əmisi) gəldi. DAS-ın kafesinə onu apardı, başına rəfiqələrini yığdı, məni də çağırdı. Ağzını açıb dayısına heyran-heyran qulaq asırdı, o da intellektual söhbəti ilə məclisi ələ almışdı. Qız elə hey mənə baxıb gözləri ilə soruşurdu, görürsən nə ağıllı dayım var?! Bunda nəsə yəhudi piarı vardı. Ancaq yadımdadır ki, kişinin söhbəti məni heyran etməmişdi. Moskvada heç kimin ağlı və söhbəti məni heyran etmirdi.

***

Kafedra iclaslarında dəqiqədə bir işlədilən söz "problem" idi. Axırda rus elm çevrəsinin bu işlək sözündən çiyrəndim. Balacaboy, kifir qoca olan prof. M.F.Ovsyannikov estetika patriarxlarından idi, ancaq A.F.Losev hara, o hara?! Hərçənd, Losevin yazdıqlarını dərindən anlamağa gücü çatan alim idi. Nüfuzunu qazanmışdı müharibə qəhrəmanı olması və marksizmi, marksizməcənki fəlsəfəni yaxşı bilməsi ilə. Ancaq yazılarında bir qırnıq da parlaq düşüncə yox idi. Kafedranın müəllimlərinin çoxu alim kimi elə onun tayı idilər, bircə mənim elmi rəhbərimdən başqa. İntelligent yumşaqlığında olan Ovsyannikov onunla və ona qoşulmuş İ.İ.Novikava ilə konflikti olanda aydın oldu ki, sərt üzü də varmış. İkisini də kafedradan uzaqlaşdırdı. İclaslarda onlar arasında gedən söz çəkişmələrinə aspirantlar dramatik tamaşaya baxırmış kimi baxıb cınqırlarını da çıxarmırdılar. Çəkişmələrin pərdə arxasını bilmirdik və bilgi qıtlığından bu haqda aramızda çox az dedi-qodu  olurdu. Konflikt ideoloji deyildi, yəni marksizm-leninizm üstündə deyildi. Ancaq, deyəsən, mənim elmi rəhbərim Sokolovun prinsipiallığından və bir də daha çağdaş elmi düşüncə adamı olmasından qaynaqlanırdı.

Moskva Universitetindəki fəlsəfə, estetika müəllimlərinin səviyyəsini parlaq düşüncə baxımından yüksək dəyərləndirməsəm də Azərbaycan estetiklərindən bir baş yuxarı idilər. Hərdən məni belə bir soru düşündürür, görəsən, 30 yaşından sonra tapdığım ideyalarla o iclasa düşsəydim, necə qavrayardılar məni? Azərbaycandan gəlmiş parlaq alim kimi ("heç gözləməzdik!"), yoxsa əyalət "filosofu" kimi?! 

Fəlsəfə fakültəsində iki parlaq filosof haqqında mif gəzirdi, xasiyyətcə ayrı, düşüncəcə oxşar  MDU fəlsəfə müəllimlərinin fonunda o mif mənə "burada daha yaxşı alimlər varmış" təskinliyini verirdi. Bu mif Merab Mamardaşvili və Aleksandr Pyatiqorski haqqında idi. Deyirdilər ki, Mamardaşvili Çexoslavakiyada diplomat işləyirdi, peşəsini atıb fəlsəfəyə keçmişdi və yazılarına görə marksistlər arasında çoxlu düşmən qazanmışdı. Yazdıqlarına görə, Pyatiqorskini də marksistlər təkləmişdilər. Mən Moskvada olanda Pyatiqorski Britaniyaya köçmüşdü, Mamardaşvili isə ortadan çəkilmişdi, hərçənd haqlarındakı mif fakültədə gəzib "qısnadılmış dahilər" heyranlığını yaradırdı. Bu mif mənim antisovet düşüncə və duyğularıma yeni enerji verirdi: ağıllı adamları qəribçiliyə salan rejim necə yaxşı ola bilər?! Sonralar Pyatiqorskinin bəzi yazılarını oxudum, Youtube-dakı çıxışlarına baxdım, təsirli idi. Bu ağıllı yəhudinin ingiliscəni, tamilcəni yaxşı bilib buddist mətnlərinə söykənməsi ona sayğımı bir az da artırırdı. Danışıq dilinin canlı ritmində və deyim səpkisində danışması isə məntiqi danışığa onun marginallığını qabardırdı. Örnəyin, Pyatiqorski dərslərində buddizm üzrə başqa alimlər haqqında deyə bilərdi ki, onlar buddizmdən heç nə qanmırlar və hamı anlayardı ki, o, əslində, "heç nəyi qanmırlar" demir, "buddizmdə mənim açdıqlarımı bilməzlər" - deyir. Bu söyləm tərzinə daha qabaq Losevdə rast gəlib bəyənmişdim: bəzən akademik dilin boz "politkorrektliyini" danışıq dilinin məntiqsiz radikallığı ilə gücləndirmək sözləri duyğulandırıcı edir, bizim yazarlarsa bunu hələ də bilmirlər.

Sonra Mamardaşvilini də bir az oxudum, heyran etmədi, ancaq yazdıqları xeyli dərin idi, gürcülərin onunla öyünməyə tam haqqı vardı. Onun Pyatiqorski ilə yazdığı bir məqalə vardi, bilinc haqqında, indiyənəcən mənə etgisini saxlayıb. Başlıca ideyasi bu idi ki, biz necə düşündüyümüzü bilə bilmərik. Çünki düşünüşümüzün axınına baxmaq istəyəndə qarşımıza çıxan düşünüş yox, düşüncələr olur. Düşüncə isə qurumuş düşünüşlərdir. Daha aydın olsun deyə, belə söyləmək olar: insan öz gözlərinin necə görməsinə baxmaq üçün qıraqdan özünə baxmaq istəyəndə gözləri də onunla qırağa çıxdığı üçün gözlərini görə bilmir. Güzgü kimi nəsnələr gərəkdir ki, gözünü görsün. Düşünüş özünü izləmək istəyəndə heç güzgü filan da ona kömək etmir. Sonralar bu ideyadan mən öz ideyamı çıxardım: şüurun paradoksu odur ki, o, dünyanı göstərir, ancaq özü görünmür (güzgüdə bu paradoks yoxdur, dünyanı da göstərir, özünü də görmək olur). Bu anlamda Materiya da özü görünmür, ayrı-ayrı maddi nəsnələr görünür. Oxşar olaraq Ruh da görünmür, göstərdikləri görünür. Deməli, Varlığın iki qütbü, Materiya və Qut ikisi də Qaranlıq Başlanğıclardır və bəlkə də bir nəsnədirlər.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!