Həyatın yorğunluq idilliyası... - Ülvi BABASOY yazır

"Günlərin bir günü" şeiri və psixoanaliz

Ülvi BABASOY

 

Bu linklərə daxil olun: Yazının əvvəli:

http://edebiyyatqazeti.az/news/poeziya/3003-seirin-yeni-yasi-55

http://edebiyyatqazeti.az/news/diger/3047-gulun-yuxusu

http://edebiyyatqazeti.az/news/proza/3158-sesin-sukutu

http://edebiyyatqazeti.az/news/proza/2939-dogumun-unudulusu

Şeir duyğuların köçrülmə prosesidir. Real həyatdan alternativ sənət dünyasına, ordan da yenidən var olmağa, ətraf mühitlə ünsiyyət və əlaqəyə transformasiya edilir. Faiq İsmayılovun "Günlərin bir günü" şeirində psixoanalitik  transformasiya mövcuddur. Həmin psixoanalitik vəziyyət təhlil və analizi zəruri ehtiyaca çevirir:

Günlərin bir günü

xatırlayıb məni,

oxumaq istəsəz

şeirlərimi,

Dişlərinizi-dişlərinizə

sıxın oxuyun.

Dişlərimi-dişlərimə

Sıxıb yazmışam.

Şeirin özü-özünü psixoanaltik təhlilə cəlb edir. Çünki şeir sənəti, ilk növbədə, şüuraltı bir simptomdur. Həmin simptomlar ədəbiyyatşünasa - mənə imkan verir ki, Faiqin avtobioqrafiyası ilə tanış olum və yaxud bu haqda müəyyən fikir və mülahizələr söyləyim. "Günlərin bir günü" şeiri bu baxımdan üç fərqli aspektdən mütaliə prosesinə cəlb edilmə potensialına malikdir.

1. Transformasiya kontekstində

Faiq bu şeirində oxucu ilə ünsiyyətə girir. Onunla danışarkən həm də duyğularını, şeirə və sənətə olan münasibətini sərgiləyir. Transformasiya kontekstində hər bir detal, incə ştrix belə bioqrafikdir. Şeir sənəti ilə həyat arasındakı sərhəddə dayanır. Bu məqamda Füzuli ilə Faiqin sənət bioqrafiyası kəsişir. Necə ki, Füzuli hər bir qəzəlini yuxusuz gecələrin, iztirabın və zəhmətin nəticəsində yazırdı. Yazılan şeir Füzuli imzasına layiq olanadək süzgəcdən keçirilirdi. "Dişlərin dişlərə sıxılıb yazılma" prosesi transformatik estetikadır. Şairliyin və şeirin nadir tapıntıları ilə həyatın yorğunluq idilliyasını birləşdirmək və onu sənət zirvəsinə köçürmək prosesi məhz həmin iztirabdan doğur. Məhz bu məqamda "Günlərin bir günü" şeiri "İynəboyu şeirlər" mətni ilə transestetik əlaqə yaradır:

İynə boyu şeirlər yazıram,

misralarım quş balası kimi

yoluq-yoluq.

Misralarım şoranlıq oti kimi

qırıq-qırıq.

Bilmirəm oxuyan tapılacaq,

ya yox.

İynə boyu şeirlər yazıram.

Bəzən duzlusu olur,

bəzən duzsuzu.

Uğurlusu da olur,

uğursuzu da.

2. Simptomatik hadisə, vəziyyət kimi

"Günlərin bir günü" şeirində Faiqin oxucu ilə söhbəti şüuraltı mahiyyət, simptom kimi təzahür edir. Burada simptomatik vəziyyət yeni və fərqli struktur imkanlarına şərait yaradır. Bədii quruluş öz potensial və imkanlarını ifadə edir. Ədəbiyyatın yeniliyin, fərqliliyin gözəlliyini kəşf etmə ehtiyacını dəstəkləyir. Simptomlar isə şairin oxucu ilə, oxucunun şairlə əlaqəsində semantik mərkəz rolunu oynayır. Çünki şeirin məna strukturu oxucunun şüur və duyğularında özünə yol və cığır açır. Şeirin dialektikası da, metafizikası da oxucu-şeir-şair simptomlarından yaranan reaksiyalarda öz əməli, praktiki potensialını ifadə edir.

3. Ədəbiyyatşünaslıq və psixoanalizin sərhədlərində

Faiqin şeirləri psixoanaliz və ədəbiyyatşünaslığı birləşdirir. Şeirin oxucudan-oxucuya, dövrdən-dövrə ötürülməsi və köçürülməsi təsadüfi hadisə deyil. Struktur və ifadə estetikasının təsir gücündən, miqyasından qaynaqlanır. Z.Freyd, J.Lakan, Ş.Felman və T.İqlton kimi psixoanalist və ədəbiyyat strukturlaistlərinin tezislərini nəzərə alsaq, deyə bilərik ki, Faiqin "Günlərin bir günü" şeiri oxucu üçün təklifdir. Kütləvilik və elitarlıq sərhədlərində dayanan modern oxucu öz seçimini edəcək. Təbii ki, elitar və modern hadisə olan Faiq poeziyası hər bir oxucunun öz ixtiyarına buraxılıb:

Oxusan da sağ ol, oxumasan da…

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!