Bənövşə insanın və Tanrının poetik proyeksiyası kimi...
Ülvi BABASOY
Sonsuzluq estetikası
- Şeir yazmaq istəyirəm. Bu barədə çox düşünürəm, fikirləşirəm. Ancaq, nədənsə, fikirlərimi şeirə çevirə bilmirəm. Malarme, görəsən, mən niyə şeir yaza bilmirəm?
- Deqa, şeir sözlərlə, ifadələrlə yazılır, fikirlərlə deyil.
Rəssam Edqar Deqa ilə şair Stefan Malarmenin arasındakı bu dialoq şeirin təbiətini ifadə edir. Şair və rəssamın söhbəti şeir sənətinin duyğulu semantik, çoxsəsli epiqrafıdır. Çünki şeir digər sənətlərdən duyğu estetikasının gücü və poetik imkanlarının plastikliyinə, sərhədsizliyinə görə fərqlənir. Əslində, şeirin ayrı-ayrılıqda ovqat, təəssürat və fikir kateqoriyalarına bölünməsi qüsurludur. Şeir pozitiv və neqativ hadisədən də, hər hansı düşüncənin, fikrin estetik proyeksiyasından da yaranmaq potensialına malikdir. Faiq İsmayılovun şeirləri həm ovqat poetikası, həm təəssürat estetikası, həm də fikir trayektoriyasından qidalanır. Faiqin şeirləri estetik ehtiras və həyəcan yaradır. Poeziya sənətindəki təsvir, məna, rəng, səs və ritm estetik ehtirası və var olmaq duyğusunu daha da artırır. Hər dövrdə şeir özünəxas, yeni struktur və məna gözəlliyi ilə üzə çıxır. Faiq İsmayılovun "Bənövşə" şeirində klassik, ənənəvi mövzu və forma yeni məzmun və ovqatın poetik sintetikliyi üçün şərait yaradır:
Torpağın altında dözə bilmədin,
Ah çəkdin, ahından torpaq söküldü.
İstəyin, diləyin özgəydi sənin,
Baxdın bu dünyaya, belin büküldü.
"Bənövşə" şeirinin sintetik strukturu və semantik gözəlliyi təbiidir. Poeziyanın digər sənətlərdən fərqlənən xüsusiyyətləri bu şeirdə əyaniləşir. Çünki "Bənövşə" ənənə ilə müasirliyin, klassik poeziya ilə modernist şeirin bir-birinə qarışdığı münbit, əlverişli şəraitdə yaranan nadir nümunədir. Şeirdə bənövşə lirik obrazdır. Məkan, obyekt və əşyanın lirik ifadəsi aparıcıdır. Şeirin süjet xəttinə və estetik ərazisinə daxil olmağa imkan verən bütün elementlər poetik, obrazlı və sonsuzdur. Nəsrdə vəziyyət başqa cürdür. Qəhrəmanın bitmiş, konkret bir qənaət və nəticə ifadə edən bioqrafiyası mövcuddur. Hekayə və romanda insanın və ya hər hansı bir personajın obrazı qəti və konkret təəssürat doğurur. Mətnin romantik və ya realist olması heç nəyi dəyişmir. "Bənövşə" şeirində lirikanın tərənnüm duyğusu təsvirlə bütövləşir və bitməyən bir ardıcıllıqla davam edir. Üstəlik, şeirin lirik ovqatı bitmiş, tamamlanmış əhvalat və hadisənin hərəkətini təyin etmir. "Bənövşə"də hər hansı hərəkət və əməldən doğan hiss və həyəcanın bir-birinə keçməsi və davamı gözəllik duyumuna çevrilir.
Tanrının şeiri
Hekayə, roman və pyesdə qəhrəmanın daxili və xarici görünüşünə epizod sərhədləri çəkilir. Həmin epizodlar silsiləsi bütöv mətni yaradır. "Bənövşə" şeirində fellər qəti, təyinedici hərəkət və dinamikanı ifadə etmir. Oxucuda və lirik qəhrəmanda davam edən şeiriyyətli, duyğulu münasibət ardıcıl bir sonsuzluq estetikası formalaşdırır. Bir hekayə öz həcmi və hadisələrin lakonikliyi nisbətində qəhrəmanı müəllifdən asılı vəziyyətə salır. Roman sənətində epizodlar intervalında həyatın hansısa bir yönü, səmti kəşf edilir. Faciə və ya komediyanın alternativ həyatı hərəkət və dialoqun sərhədlərində məhdudlaşır. Rəssam bir və ya bir neçə anın rəngini, rəngsizliyini danışdırır. Kinoda kadrların tükənməsi ilə görüntünün müvəqqəti hakimiyyətinə son qoyulur. Şair isə şeirlə özünün, mənliyinin xaricində bir dünya yaradır. Bu həm də özündən qaçışdır. Özündən xilas olmaq arzusu digər sənətlərdə müəyyən qədər məhduddur. Şeirdə sərhədsizdir. "Bənövşə" şeirində işlənən fellər şeirin sonsuz ardıcıllıqla yaratdığı təəssüratı təsdiqləyir. "Dözə bilmədin", "ah çəkdin", "söküldü", "baxdın" və "beli bükülmək" feilləri epik növdəki kimi qəti bir hərəkətin sonunu ifadə etmir. Həmin hadisə və epizod nəql edilmir. Qaranlıq və nəm torpağın altında toxumluq həyatını yaşayan bənövşənin xüsusi bir mündəricatı, proqramı var. Həmin proqrama Tanrı tərəfindən onun ömrü və yaşaya bilməsi üçün səhifələr, parametrlər yazılıb. Tanrının şeiridir "Bənövşə". Eyni zamanda "Bənövşə" şeirində Tanrının proyeksiyası kölgə estetikası kimi obrazlaşır. Şeir həyata, həyat şeirə daxil edilir.
Varlığın musiqili təsdiqi
Torpağın altında cücərən bir toxumun bənövşə ola bilmək istedadı, doğum sancısı isə, "ah çəkmək" birləşməsində öz sabitliyini pozur. Hərəkətə start verilir. Ana bətnindəki insanın proyeksiyası obrazlaşır. Tərənnüm davam edən, bitməyən bir xarakter sərgiləyir. Müəllifdən şeirə, şeirdən oxucuya, oxucudan müxtəlif insan ömürlərinə təsir edən və calanan davam edicilik yaranır. Torpağın zərif toxum vasitəsilə aralanması, sökülməsi möcüzədir. Faiqin qələmində ən təbii hadisə vizual, təfərrüatlı, görüntülü şeirə çevrilir. Fellər obrazlı, poetik leksik vahidləri əvəz edir. "Baxmaq" dünyaya göz açmaq və "beli bükülmək" anlayışları ilə semantik əlaqə yaradır.
"Bənövşə" şeiri musiqili bölgü, səs, ahəng sistemi də yaradır. Faiqin şeirlərinə xas musiqi və ritmik atmosfer təkcə şeirdən, sözün təbiətindən qaynaqlanmır. Əlbəttə ki, heca vəzni, qoşma şeir şəkli milli və doğma olduğu kimi, təbii hadisədir. Ancaq Faiqin bütün şeirlərində musiqiyə aid estetik ahəng diqqət cəlb edir. "Bənövşə" şeirindəki musiqili harmoniya təbiət hadisəsi deyil, çünki təbiət istəklərin fenomenidir, hərəkətdir. Bəs əsas səbəb nədir? Faiqi digər şairlərdən fərqləndirən məxsusi poetik keyfiyyət göstəricisini nə ilə əlaqələndirə bilərik? Faiq İsmayılov poeziyası təbii şeir dilində danışmaqla yanaşı, konseptual bədii struktur yaradan poetik enerji, emosional, daxili gücdən teorik, nəzəri mövcudluq sərhədlərinə qədər möhkəmləndirilmiş dəyər, təsdiq edilmiş varlıq estetikası sərgiləyir.
"Bənövşə" şeirində şair özünü, başqasını və bənövşəni obyektivləşdirir. Başqa bir adamın, özünün və bənövşə təşbehinin emosional baxışı və duyğuları ilə bir-birinin mənəvi və fiziki vəziyyətini görməyin və eşitməyin obrazı Azərbaycan poeziyasında inqilabi, gözəl bir yeniliklə təqdim edilir. "Bənövşə" şeiri poeziyada yeni ünsiyyət modelidir. Təsəvvür edin ki, mən həm mənəm, həm də deyiləm. Başqasıyam. Digərində, başqasında və bənövşənin varlığında yaranan dörd misralıq şeir vasitəsilə öz bioqrafiyama qulaq asıram. Özümü duyuram. Hiss edirəm. Dərk etməyə çalışıram. Və susuram. Bənövşənin belinin bükülməsi susmağın, öz dərdləri ilə üzbəüz, təkbətək qalmağın estetikasıdır. Musiqi, söz və səsin ahəngi, harmoniyası müəllifin özünü də obyektivləşdirir. Faiqin qısa ömrü də boynunu bükən bənövşətək məhzundur. "Bənövşə" şeirinin çoxqatlı, təzə, görülməmiş estetik quruluş və poetik mövcudluq fəlsəfəsi poeziya sənətinin və həyatın reallığında yaranan suallara ekzistensial cavabdır. Yaşamaq arzusunun qarşısını nə alır? Ümidsizlik! Mübarizə duyğusu nə zaman öləziyir? Ümidsizlik sərhədi qarşımıza çıxanda. Faiq bu qədər qəliz, fəlsəfə və elmin belə çözə bilmədiyi ümidsizlik sindromunu, insanın şüuraltı, psixoloji vəziyyətini bənövşənin üzərinə köçürür. Duyğuların fiziki və mənəvi proyeksiyası özünü bənövşənin təsvir və ifadəsindəki məcazlar sistemində tapır. Təbii ki, "Bənövşə" şeirindəki musiqili, lirik və emosional ovqat həssas, möhkəm və bacarıqlı xarakterə sahib olan şairin mövqeyidir. Faiqin yaşamaq, var olmaq səbəbidir.
Bənövşənin taleyi və öz daxili həyatım (başda Faiqin həyatı olmaqla bütün insanlığın) xaricində baş verən hadisələr arasında heç bir sərhəd yoxdur. Ancaq həm də hər tərəf kədərin, mövcudluq probleminin, ruh və cəsədə məhkum olmağın qanlı, qəddar və dözülməz çıxılmazlıq sərhədidir. Hünərin varsa, çıx burdan, azad ol görüm ola bilirsənmi?! Elə bu səbəbə görə hadisələrin emosional təsir gücü və davamlılığı şeir sənətində sonsuzdur.
Faiq "Bənövşə" şeirində kədərin gözəlliyini yaradır. Kədər və qəm duyğusunun əslini, həqiqisini yaşadır oxucuya. Həyat şeiri təqlid edir, yamsılayır. Faiqin şeirlərində kədər və sevinc duyğusu ilə axtarış və tapmaq hadisəsi bir-birini izləyir. Faiqlə Şekspir kədər və sevinc duyğusuna ortaqlıq baxımından eyni estetik ərazini müxtəlif zamanlarda bölüşürlər:
İki sevgim vardır:
Sevinc və kədər.
Məni addım-addım
güdürlər, ruhtək.
Faiq gözəllik və kədər nəğməsi oxuyan "Bənövşə"nin qoxusu, rəngi və səsi ilə özünü təcəssüm etdirir. Poetik, obrazlı və labüd. Bu ekzistensial alın yazısına "Bənövşə"nin daxili duyğuları ilə yanaşır. Məhz bu səbəbə görə Faiqin şeirləri yaşamaq həyəcan və ehtirası yaradır. "Bənövşə" insanın ruhunu təmsil edir. Həmin ruhun dilindən Faiq özünün və bizim nəğməmizi oxuyur. Bu baxımdan "Bənövşə" klassik forma və üslub libası geyinən modernist şeirdir.
"Bənövşə" şeiri emosional, hissi ovqatı tənzimləyən lirik "mən"in daxili həyatıdır. Bu şeir mütləq sükut və boşluq atmosferində bircə qırıq işıq axtarışıdır. Mütləq sükut fərdin qaçılmaz və aşılmaz sərhəd olan taleyidir. Və sükutun səsi tamamilə təkdir, tənhadır. Yalqızlığa məhkumdur. İnsan və bənövşə kimi. "Bənövşə"nin boynu rüsvayçılıq və günah qorxusundan bükülmür. Bənövşə gözəlliyini, həyəcanını itirən mənfəətcil, korrupsioner dünya və mühitin çirkabına qarşı biganə qala bilməməkdən başını yerə dikir. Özünü qorxudan və özündən qorxan insan isə, sükutun harayını çəkir. Bu məqamda bənövşə ömrü yaşayır hər bir insan. Faiq kimi. Həyatın çılpaq eqoizmi bənövşə üçün dözülməzdir. Səssizliyin tək və tamamilə özbaşına pozulma anı şeirdə, Faiq İsmayılovun qələmində gerçəkləşir. Səsin bənövşə kimi sükut içində harayı yalnız poetik, isti atmosferdə mümkündür. Faiqin 32 illik ömrü də, bənövşə də səsin bərəkətli, təbii, məhzun və qaranlıq sükutunu poeziya sənətində pozur. Və bir də torpaqda. İnsanın əvvəli və axırı olan torpaqda. Bənövşə kimi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!