"Şeirin işıqtək gözəl bir eyvanı var..." - Mətin Çingiz

 

Mətin Çingizlə (Metin Cengiz) 2007-ci ildə, İstanbul Beynəlxalq Kitab Sərgisində tanış oldum. Belə deyək, təsadüfən. Sərginin bir salonunda Nazim Hikmət Vəqfinin lövhə və divarlarına yaxın bir yerdə... Hansısa kitabların, dərgilərin qiymətini soruşdum... Soruşduğum qız cavab verənə qədər arxada əyləşmiş üç nəfərdən biri dilləndi: - Qardaş, Azərbaycandansan? - Bəli, - dedim və üzünə diqqətlə baxdım. - Mətin Çingiz?! - bir az tərəddüdlə soruşdum. - Bizi Azərbaycanda da tanıyırlarmış, - yanındakılara baxaraq, məmnunluqla söylədi.

Məşhur şair və çağdaş türk şeirinin ünlü nəzəriyyəçisi kimi tanıdığım Mətin bəylə təxminən bir 10-15 dəqiqə söhbətləşdik onda. Qarslı olduğunu öyrəndim. Yanındakılar da qoşuldu söhbətə. Biri Bolqarıstanda yaşayan türklərdəndi, rus dilinə keçirdi arabir.

O ilk görüşdən sonrakı 12 il ərzində Türkiyəyə ən azı 12 dəfə getsəm də, Mətin bəylə heç vaxt görüşmədik. Bir də yalnız 18-ci ilin mayında Rumıniyada, Yassı şəhərində keçirilən Beynəlxalq Şeir Festivalında rastlaşdıq.

Bilməyənlər üçün Mətin Çingiz barədə bir az yerindəcə məlumat verim. 1953-cü ildə doğulub. Dediyim kimi, Qarsda. Mərmərə Universiteti fransız dili və ədəbiyyatı fakültəsində təhsil alıb. Müxtəlif illərdə fransız dili müəllimi olaraq çalışıb. "Bir tufan sonrası", "Böyük sevişmə", "Ələmli şeirlər" və başqa çox sevilən və ədəbi tənqidin diqqətini çəkən şeir kitablarının müəllifidir. Eyni zamanda olduqca maraqlı, populyar ədəbi araşdırma və nəzəri kitabların müəllifidir. Şeirləri dünyanın onlarca dilinə çevrilib və həm ayrıca kitab kimi, həm də nüfuzlu toplu və dərgilərdə nəşr edilib. Behcət Nəcatigil Ödülünə (1996), Məlik Cövdət Anday Şeir Ödülünə (2010), Beynəlxalq Tudor Arghezi Mükafatına (2011 ), Mersin şəhərinin Ədəbiyyat Mükafatına (2014) və başqa ədəbi ödüllərə layiq görülüb. Türkiyə Yazarlar Sindikatı və PEN-in üzvüdür. Çağdaş Türkiyənin dünyada ən çox çap olunan şairlərindəndir. Hal-hazırda "Şiirden" dərgisinə və eyniadlı nəşriyyata rəhbərlik edir. Azərbaycan dilinə bir çox şeirlərini ilk dəfə istedadlı həmkarımız Oqtay Hacımusalı tərcümə edib.

Xeyli maraqlı söhbətlərimiz və bərabər gəzintilərimiz oldu festival günlərində. Onlardan birini yaddaşımdan və yarımçıq qeydlərimdən bərpa edirəm.

Soruşuram: - Aşağı-yuxarı 40 ildir şeir yazırsınız. Şeir diliniz, təfəkkürünüz necə dəyişib?

Cavab verir: - İlk şeir yazdığım gündən bu günə qədər oxumaq istədiyim, istədiyim şeiri yazmağa çalışdım. Yaşadıqlarımı, duyğu bə düşüncələrimi şeirin imkanları və əlbəttə, şeirin diliylə yazmaq məqsədim həmişə təyinedici rol oynadı. Bunun üçün, belə bir şeir yazmaq üçün çox çalışdım. Modern şeir, günümüzün şeiri heç də zənn edildiyi kimi dediklərimi gerçəkləşdirməyə hazır bir şeir deyil. Modern şeirdən öncəki şeiri şərtiliklə klassik şeir hesab etsək, həmin şeirin danışıq dili ilə yazılan və hər şeyi ilə bəlli bir dünyanın şeiri olduğunu da bilməliyik, yəqin. Amma indiki dünya çoxqatlı, qarışıq bir dünyadır (Mətin bəy burda bir "göstərgəbilimsəl" kəlməsi işlədir, söz xoşuma gəlir, fikirləşirəm ki, bu sözün "görünənelmi", "vizualelmi" sinonimləri ola bilər). Yaşadığımız dünya kimi çoxqatlı, çoxstrukturlu dünyanı ancaq imgə (xəyal, təsəvvür) ilə qavraya bilərik. İmgə ağırlıqlı şeirlə. Ona görə də bu cür şeirlər yazmağa çalışdım və get-gedə bu yönü dərinləşdirdim ki, bu da düşünüldüyü kimi asan deyil. Çünki anlaşılmaz, yığma misralarla dolu, gözəl görünən, amma içi boş, imgəyə boğulmuş şeir yazmaq təhlükəsi var. Dilin açıq və anlaşılan bir dil olması gərəkli, imgə məna istehsal etməlidir.

Soruşuram: - Dünyanın şeir səhnəsi necə dəyişib, bu dünyada şeirin yeri hardadır, sizcə?

Cavab verir: - İndiki dünya insanın cəmiyyətdən daha çox ayrı düşdüyü, tənhalaşdığı, sistem qarşısında daha gücsüz qaldığı bir dünyadır. Fikrimcə, insan belə bir dünyada şeirlə daha çox dirəniş göstərə bilər, çünki şeir bizim varlığımızın dilidir. Həm də yeganə dili. Ona görə də çağdaş dünya texnologiyalarının öz imkanları ilə insanı əsir alıb şeirsiz bir dünyaya məhkum edərkən, insan da təzadlı bir şəkildə, bəlkə də imkanlarla şeirə daha çox ehtiyac duyar.

Bizim şeiri nə qədər tanıdığını və Türkiyədə nə qədər tanındığını soruşuram.

Deyir ki, hər nə qədər yaxın olsaq belə, bir millət sayılsaq belə, mədəni əlaqələr çox zəifdir. Nizami Gəncəvi, Nəsimi, Füzuli kimi klassiklər xaricində bir az Əhməd Cavad, bir az Bəxtiyar Vahabzadə kimi şairlər tanınır. Yazıçılardan da Anar. Yəni daha çox bunlar. Görülməli çox iş var.

İndi isə "Ədəbiyyat qəzeti"nin dəyərli oxucularına Mətin bəyin 6 şeirini təqdim edirəm.

 

Mətin ÇİNGİZ

 

 

Sulu qar

 

Yaman ağlağan olmuşam bu son günlərdə,

sulu qar kimi yağıram elə hey yerə.

Qocalıqdandır  görünür,

ürək dediyin yumşalır vaxt ötdükcə.

 

Halbuki söz eşitməzdim,

                        çıxmazdım meydanlardan,

insanlığı dəyişdirməkdi yeganə dərdim.

Guruldar, şimşəktək çaxar,

                        yan qaçıb ağrılardan

bilməzdim həyat sıxaraq verir ürəyə verdiyini.

 

Eşqlərimi də daim bu cürə yaşadım.

Elə bu cürə də bərkidi polad,

beləcə açdım illərin yumağını.

 

Halbuki ağlağan olmuşam bu son günlərdə.

Qasırğaya tuş gəldiyimiz zaman, indilərdə

bir döyüşçü ürəyinin yerinə

sanki bir qadın ürəyidir sinəmdə.

 

 

Şeir

 

Şeir bitdisə işığa can atar,

Şeirin işıqtək gözəl bir eyvanı var.

 

Oxunduqca surətlər dil-dil ötər,

Dirilər dərisi soyulmuşlar və asilər.

 

Axşama qədər durmadan çalar

Hər sözdə dodaq qarmonları, ansambllar.

 

Dildəki bütün bataqlıqlar quruyar,

Bütün cümhuriyyətlər önündə sayqı duyar.

 

Hər kəs mənasını yozar özünə,

Yalnız sirr çıxar xəyalın tərəzisinə.

 

Artıq nə hörmətli Əli, nə aslan ovçusu Həmzə,

Dünyanın ən güclüsüdür altındakı imza.

 

 

Tanınmış bir şair dedi

 

Ataol Bəhramoğluna

 

Tanınmış bir şair mənə

başqa bir şairin yanında söylədi:

"Anlamıram, axı sən qarslısan,

sənin kimi intellektual,

hermetik şeir yazan

necə çıxıb ordakı torpaqlardan?".

 

Şeirim necədir, bilirəm, gözləri...

Qaranlığı gözləyən biri kimidir sözlərim.

Şeiri ürəyində gəzdirənlər bunu bilir -

məmləkətim öz ucalığında, yerindədir 

və şeirim də məmləkətim kimidir -

çayları tərsinə axan Qars kimi...

 

Məni xoşhal edib güldürənsə bu:

bu ölkələr görmüş, tanınmış şairlə

nə zaman görüşsək də burulğan kimi

qarışar yenə sularımız bir-birinə.

Və qucaqlayıb şeiri sevgili əvəzinə

Çəkərik içimizə Türkiyə havasıyla,

İstanbula seyrək yağan

üstümüzdə əsən qar havasıyla.

 

 

Heç yaşanmamış kimi

 

Sanki yaşayan biz deyilmişik olanları,

o sözləri danışan biz deyilmişik.

Yuxudakı dəniz, ağaclardan boylanan Ay

ilişib qalıbdır uzaqda.

Bu qədər günü-gündüzü də

                        don vurub sazaqda.

O davalar edən biz deyilmişik uşaq kimi,

bir-birini yox edəcəkmiş kimi

                        sevişən biz deyilmişik.

Gülən biz, ağlayan biz, xəyal quran biz...

Sanki işləyib yalnız ölümün saatı -

Sanki başqa gerçək, başqa insanlar -

nə oldusa hər şeyi yenə orda yaşayırlar.

Amma biz də artıq o biz deyilmişik.

 

 

Dünyaya nəsə olur

 

Dünyaya nəsə olur,

qabığı çatlayır yerin.

Sanki bir meşə yanır,

burnuma yanıq qoxusu dolur ağacların.

Cümlə heyvanat qaçır ora-bura.

 

Allah ağlayarmı heç

xəlq etmişkən bu qədər xəyalını?

Amma duyuram hıçqırıq sədasını.

Cin şüşədən çıxmış,

bəllidir taleyi insan oğlunun.

 

Dünyaya nəsə olur,

ağlım, fikrim qarışır bir-birinə.

Xoş-xoş zillənirəm şeirimə,

bu da, sanki bir əlamətdir.

Durmadan cümlələrə yağır qar.

Və deyir ki, qarın xışıltı səsi:

başlarla görə bilmir işini artıq ayaqlar.

 

 

Su

 

Kərbəlanın xatirəsinə

 

Bütün çıxışlar qapalı,

Çayın qarşısı büsbütün kəsilmiş.

İçim-çölüm qum.

Bədənimdə partlayan günəşlər var.

Sürürəm, sürürəm də atımı,

Suyun xəyalı çatlayır bədənimdə.

 

Çalın qılıncınızı,

Mahmızlayın atları üstümə.

Hər yaramda bir Fərat,

Hər nərəmdə bir çöl var.

Məni hər gün beləcə öldürün,

Andıqca məni içinizə gömün.

 

Təqdimat və tərcümələr

Səlim Babullaoğlunundur


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!