Ernest HEMİNQUEY (1899-1961) - Tam adı Ernest Miller Heminquey olan məşhur ABŞ nasiri və jurnalistidir.
Zəngin ədəbi fəaliyyətinə görə 1954-cü il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülübdür.
Atası öləndə o, hələ sütül oğlan imiş. Rəhmətliyin meneceri bunun atasını məzar yeriylə həmişəlik təmin edibmiş. Başqa sözlə desək, məzarlıqdakı yerə görə müddətsiz ödəniş edibmiş. Amma hərifin anası dünyadan köçəndə menecer düşünüb ki, bu üzdəniraqla öz eşq-məşqi hər zaman bunca şirin-şəkər olmayacaq. Hə, hə, meneceriylə o, sevgili idi: Pakonun bir üzdəniraq olduğunu yəqin heç siz də bilməmiş deyilsiniz. Bəs necə, o da nacins tiplərdəndir. Bunu nəzərə alan meneceri Pakonun anası üçün məzar yerini vur-tut beş illiyə kiralayıbmış.
Sonradan, yəni İspaniyadan Meksikaya döndüyü vaxt onun adına ilk xəbərdarlıq məktubu gəldi. Sənəddə deyilirdi ki, bu - ilk xəbərdarlıqdır. Beş illik müddət artıq bitmək üzrədir və əgər o, anasının məzarda rahat uyumasını umursa, onda gərəkli addımı da atmağa məcburdur. Məzar yerini həmişəlik satın almaq üçün köçürəcəyi məbləğ isə iyirmicə dollar idi. Həmin vaxt şirkətdə kassa üzrə məsul şəxs mən idim. Ona görə də Pakoya dedim ki, bu işi mənim öhdəmə buraxsın. Ancaq o, heç cür razılaşmadı - guya məsələni özü həll edəsiydi. Həm də təcili qaydada. Ana onun anasıydı və buna görə də hər şeyi özü yoluna qoymaq istəyirdi.
Aradan bir həftə ötüncə, o, ikinci xəbərdarlığı aldı. Məktubu uca səslə oxuduqdan sonra əlavə elədim ki, mən onun bu məsələni artıq çürütdüyünü zənn eləyirdim.
- Yo-o-x, hələ çürütməmişəm, - dedi.
- Onda bunu mən həll edim. Həm də kassadakı məbləğ hesabına.
Bu dəfə də:
- Yox, - dedi.
Üstəlik, onu da bildirdi ki, nəyi və necə etməsi barədə heç kəs ona ağıl-zad verəmməz. Vaxt tapan kimi özü məsələni çürüdəcəkmiş. Sadəcə uyğun zaman yetişmədən bu işə pul xərcləməyin nə mənası varmış axı?!
- Elə olsun, - deyə razılaşdım. - Ancaq bu məsələni unutma.
Halbuki həmin vaxt o, hər birindən dörd min peso qazanmaq şərtiylə, altı buğa döyüşü və bir dənə də benefis döyüşü üçün müqavilə imzalamışdı. Nə gizlədim ey, simicin biriydi də o.
Aradan bir həftə ötdükdən sonra üçüncü xəbərdarlıq məktubu gəldi. Bunu da uca səslə özünə oxudum. Məktubda deyilirdi ki, gələn həftənin şənbə gününə qədər pul ödənməsə, anasının məzarı açılacaq və qadının qalıqları digər yiyəsiz sümüklərin üst-üstə qalaqlandığı çuxura atılacaq.
Pako dedi ki, günü bu gün günortadan sonra şəhərə gedib, özü bu məsələyə sonuncu nöqtəni qoyacaq.
- Bu işi niyə mənə həvalə etmirsən ki?! - deyə maraqlandım.
- Sənə dəxli olmayan işlərə burnunu soxma, - deyib təpindi. - Bu, mənim işimdir və anamın qeydinə də özüm qalacağam.
- Yaxşı, yaxşı, sən deyən olsun. Elə isə öz işini özün gör.
Həmin vaxtlar cibində ən azı yüz, bəzən daha çox peso olsa da, gərəkli məbləği o, yenə də kassadan aldı və bu dəfə məsələni mütləq həll edəcəyinə söz verdi. Məhz bu işi görmək üçün pul aldığını görüncə, mənim də ürəyim rahatladı.
Aradan bir həftə də ötdü və daha bir məktub aldıq. Mətndə bildirilirdi ki, son xəbərdarlığa da hər hansı məhəl qoyulmadığından mərhumənin qalıqları artıq digər sahibsiz sümüklərin qalaqlandığı yerə atılıbdır.
- İlahi pərvərdigara! - dedim. - Axı sən o məbləği ödəmək adıyla kassadan hələ pul da almışdın. Görürsən, ananın ruhunu necə narahat edirsən? İlahi, bu ki tamamilə ağlasığmazdır! Bax, ananın sümükləri artıq digər yiyəsiz sümüklərə qarışıb-getdi! Axı niyə bu işi vaxtında mənə tapşırmadın?! Elə ilk xəbərdarlıqdan sonra pulu köçürərdim, məsələ də bitib gedərdi də.
- Bunun sənə heç bir dəxli yoxdur. Çünki o - mənim anamdır.
- Haqlısan ey, bu, mənim yox, məhz sənin məsələndir. Ancaq doğma anasıyla bu cür davranan adamdan hər nə desən, gözləmək olar! Bəyəm sənin damarlarında insan qanı axmır ki?
- O, mənim anamdır və mənim üçün daha əzizdir. İndi oturub, onun filan yerdə basdırıldığını düşünməmin və yasa batmamın heç bir mənası qalmayıb. Artıq onun ruhu daima mənimlədir, öz yanımdadır. Eynilə quşlar və çiçəklər kimi. Və həmişə də mənimlə baş-başa olacaq.
- İlahi, sən özün bu hərifin günahından keç! Sənin damarlarında axan qan görəsən nə rəngdədir elə? Bax, bundan belə mənimlə bircə kəlmə də kəsmə!
- Anamın ruhu artıq həmişəlik mənimlədir, - deyə təkrarladı o. - Daha onu heç vaxt qəribsəməyəcəyəm.
Həmin vaxtlar o, əyləndiyi qadınların yanında özünü əsl dəliqanlı kimi aparır, sağa-sola pul xərcləyir və bu yolla hər kəsi aldadacağını umurdu. Halbuki ona yaxşı bələd olanların yanında bu "nömrələr" keçmirdi. Şəxsən mənə altı yüz pesodan çox borcu vardı. Pulu ödəmək kimi bir niyyəti isə yox idi. Pulumu istəyəndə də:
- Niyə indi istəyirsən?! - deyirdi. - Yoxsa mənə heç etibarın qalmayıb? Bəlkə daha səninlə dost-zad deyilik?
- Dost olmağına dostuq, sənə etimad edib-etməməyin isə buna bir dəxli yoxdur. Sadəcə sən buralarda olmayanda bəzi xərcləri mən öz cibimdən ödəmişdim, indi isə pula dərin ehtiyac duyuram. Sənin isə əlində borcunu ödəyəcək qədər pul var.
- Yox, indi əlimdə-ovcumda heç nə yoxdur.
- Xeyr, var. Pulların məndəki kassadadır və istəsən, oradan da ödəyə bilərsən.
- O pulları başqa işə xərcləyəcəyəm, - dedi. - Mənim nələrə pul xərclədiyimi sən haradan biləsən axı?!
- İspaniyada olduğun müddətdə ev xərcləri üzrə gələn qəbzlərə görə ödənişlər etməyi sən mənə tapşırmışdın, halbuki mənə heç qara quruş da yollamırdın. Odur ki, o məsələlərə öz cibimdən altı yüz pesodan çox pul xərcləməli oldum. İndi özümün pula ehtiyacım yaranıb və sən o məbləği mənə qaytarmalısan.
- Yaxın günlərdə ödəyərəm, - dedi. - Çünki özüm də indi çətin vəziyyətdəyəm.
- Nə çətinliyidir o elə?
- Eh, o qədər dərdim-sərim var ki!
- Elə isə o borcun bir qismini indi ver.
- Mümkün deyil. İndi özümün də paraya-pula ehtiyacım var. Ancaq bu yaxında sənə olan borcumu mütləq ödəyəcəyəm.
İspaniyada ikən o, vur-tut iki kərə buğa döyüşünə çıxmışdı və necə bir tip olduğu az vaxtda bəlli olduğundan orada onu sən deyən çox saxlamamışdılar. Tikdirdiyi yeddi çeşiddə matador kostyumunu səliqəsiz şəkildə çamadanlara dürtüşdürdüyündən geri dönəndə dəniz suyunun təsiriylə o pal-paltar da pis kökə düşmüşdü və bir daha geyilməyəcək halda idi.
Lap özümdən çıxdım:
- Buna heç inanmağım gəlmir! Gedib İspaniyada bütöv bir mövsümü qalsan da, cəmi iki döyüşə qatılırsan, üstündəki pulların hamısını kostyumlara xərcləyirsən, sonra isə duzlu suyun təsirindən qorumağa ərindiyin üçün onların geyilməz hala düşməsinə də zərrəcə məhəl qoymursan! Mövsümü belə başa vurmağını bir yana qoyaq, hələ durub, mənə deyirsən ki, işlərə özün əncam çəkəcəksən. Elə isə təcili pulumu qaytar və səninlə sağollaşaq.
- Yox, mənim hələ sənə ehtiyacım var. Borcumu da qaytaracağımdan tam əmin ol. Ancaq indilik özüm pul barədə sıxıntıdayam.
- Yəni o qalan işlər ananın məzar yeri üçün məbləği ödəməkdən daha vacib sayılırdı ki?! Yoxsa buna görə də pul sıxıntısı çəkirsən?
- Anamla bağlı baş verənlər mənim lap ürəyimcədir. Sən bunun səbəbini əsla anlamazsan.
- Çox şükür ki, bunu anlamıram. Onda borcunu ya özün ödə, ya da mən o məbləği kassadan götürəcəyəm.
- Bundan belə kassaya da özüm baxacağam.
- Xeyr, mən buna imkan vermərəm, - dedim.
Həmin gün axşamüstü o, ac-yalavac, yaramaz bir həmyerlisiylə yanıma gəlib, dedi: "Bu qağa bizim kənddəndir. Anası ağır xəstə olduğu üçün ona təcili yol pulu verməliyəm".
Hərifin görkəminə baxan kimi onun həmkəndlisi olmadığını anladım: mənə kələk gəlmək istəyirdi. Guya çalışırdı ki, tanınmış matador olduğu üçün kəndlilərinə öz əliaçıqlığını göstərməklə öyünsün.
Mənə dedi:
- Kassadan ona əlli peso ver.
- Elə bu gün mənə verəcək pulun olmadığını özün söyləmişdin. Bəs indi necə olur ki, bu pəzəvəngə əlli peso verməmi buyurursan?
- Biz onunla həmyerliyik axı. Həm də adam çətin durumdadır.
Kassanın açarlarını onun üstünə tulladım:
- Vay səni, əclaf! Get, pulu özün götür. Mənim isə şəhərdə işim var.
O, dilləndi:
- Mənə acığın tutmasın. Borcumu qaytaracağam.
Şəhərə getmək üçün maşını qarajdan çıxartdım. Bu maşın da onunkuydu və yaxşı bilirdi ki, ondan daha səriştəli sürücüyəm. Hər barədə ondan daha mahir olduğuma bələd idi, halbuki özü heç düz-əməlli oxuyub-yazmağı da bacarmırdı. İndi bir tanışımla görüşə gedəcəkdim ki, bu hərifdən borcu zor gücünə almaq barədə ondan məsləhət alım.
Pako mənə yaxınlaşdı:
- Mən də səninlə gedirəm və borcumun hamısını sənə qaytaracağam. Axı biz dostuq. Niyə boş şeylərə görə aramız dəysin?!
Yolboyu mən sükan arxasındaydım. Şəhərin girişində o, cibindən iyirmi peso çıxardıb, mənə uzatdı:
- Bu da sənin pulun, - dedi.
- Ə, sən - doğma anasını saymayan bir yaramazsan! - deyə üstünə bağırmaqla, həmin pulu harasına dürtməsi gərəkdiyini ona bildirdim. - Hansısa pəzəvəngə əlli peso verəndə heç üşənmirsən, mənə isə altı yüz pesodan artıq borcun ola-ola, cəmi iyirmi peso qıyırsan?! Səndən heç bircə sent də almaram. Onu harana soxacağını isə özün məndən daha yaxşı bilirsən!
Əliboş, qanıqara halda maşından düşdüm. Harada gecələyəcəyimi də bilmirdim.
Sonradan bir dostumla gedib, onun yanında qalan əşyalarımı da götürdüm. İndiyə qədər onunla bircə kəlmə də kəsməmişəm.
Bir axşam onu üç dostuyla birgə Madridin Qran-Via səmtindəki "Kallao" kinoteatrına gedən gördüm. Tez mənə əl uzadıb:
- Salam, əziz dostum Rocer! - dedi. - Necəsən? Hamıdan tək eşitdiyim odur ki, arxamca naxoş sözlər danışırsan, ağlasığmaz yalanlar, şayiələr uydurursan barəmdə.
- Barəndə dediyim tək iddia - sənin ananın yerli-dibli olmamasıdır.
İspanlar arasında bu deyim - bir kişiyə söylənə biləcək ən ağır təhqir sayılır.
- Haqlısan, vallah, - dedi. - Zavallı anam öləndə hədsiz balaca idim və mən anamın yerli-dibli olmaması fikriylə tamamilə razıyam. Həm də bu, çox acı bir dərddir!
Bu da olsun sizin üçün bir üzdəniraq tipi! Bunların ələgələn bir yanı yoxdur. Heç nə, heç bir təhqir belələrinə təsir eləmir. Bunlar ya sırf özgələrə hava atmaq üçün pul xərcləyirlər, ya da sırf özlərinə. Aldıqları borcu isə əsla qaytarmazlar. Özünüzə güvənirsinizsə, siz də bunlardan borc almağı bir sınayın. Halbuki mən Qran-Viada, həm də üç dostunun gözləri önündə onun barəsində bütün düşündüklərimi düz gözlərinin içinə söyləmişdim. Ancaq hələ də o, hər qarşılaşanda mənimlə elə danışır ki, guya can-ciyərik.
Doğrudan da, belə üzdəniraqların damarlarında axan qan görəsən nə rəngdədir?
Dilimizə çevirdi: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!