Nazim Hikmət Ranın “Qara xəbər” şeiri - Nilufər Hacılının təqdimatında

 

 

Nazim Hikmət Randan "Qara xəbər"

1939-cu il dekabrın 27-də Türkiyənin Ərzincan vilayəti son min ildə Anadoluda baş verən ən böyük zəlzələ ilə sarsılıb.

7.9 bal gücündə baş verən zəlzələ nəticəsində Ərzincan dəhşətli fəlakət yaşayıb. 52 saniyə davam edən zəlzələ nəticəsində 32 min 962 nəfər dağıntılar altında və soyuqdan vəfat edib, 100 minə yaxın adam isə yaralanıb.

Zəlzələ nəticəsində 116 min 720 bina dağılıb. Dünyanın böyük zəlzələləri arasında yer alan bu zəlzələ Türkiyənin ən ciddi zəlzələ fəlakətlərindən biri olaraq tarixə yazılıb. Ölənlərin sayının çox olmasının səbəblərindən biri də çətin qış şəraitinə görə yardımların hadisə baş verən əraziyə vaxtından gec çatması olub. Zəlzələdən sonra yenidən qurulan şəhər indiki yerində salınıb.

Həmin dövrdə 30 illik cəza verilən dünya şöhrətli şair Nazim Hikmət Ran siyasi səbəblərə görə həbsdə olub. Təsviri olmayan fəlakəti sözlərlə ifadə etməyə çalışan şair Ərzincan zəlzələsinə axıcı, kədərli musiqili dili olan bir şeir həsr edib.

Həmin fəlakət nəticəsində, eləcə də bir neçə gün öncə mərkəzi Qəhrəman Maraş şəhəri olan, Türkiyə tarixinin ən böyük üçüncü zəlzələ fəlakətində həyatını itirənləri hörmətlə yad edərək Türk dünyasının böyük şairinin ağı janrında yazdığı "Qara xəbər" şeirini təqdim edirik.

Həyatını itirənlərə rəhmət, qalanlara sağlıq və səbr arzu edirik. Başımız sağ olsun.

 

 

 

Nazim Hikmət Ran

Qara xəbər

 

Ərzincanda bir quş var,

Qanadında gümüş yox.

Getdi, yarım gəlmədi.

Yox, bunda da bir iş yox.

 

Oy dağlar dağlar, dağlar...

Aldı əllərinə qanlı başını.

Qarın ortasında Ərzincan ağlar,

O tutmasın, bəs kim tutsun yasını...

 

Qar yağar lopa-lopa,

Fırtınadır gəlib keçər.

Yan-yana uzanıb yatan ölülər.

Axşam olar yata bilməz,

Ocağın yandıra bilməz...

 

Sübh açılar, gün də çıxar,

Bir adam da getməz suya.

Əzilmiş başlı ölülər

Getdilər sonsuz yuxuya...

Səsləndi gecəyə bəyaz daşından,

Kazarma saatı vurdu ikini.

Necə ani bitdi, həyat, yaşamaq...

 

Biri saqqalı ağ,

Birinin ömrü də cəmi altı ay,

Biri ön üç, biri on dörd yaşında;

Biri yola çıxacaq,

Biri məktub alacaq

Yan-yana uzanıb yatan ölülər...

 

Nehrədə yağ vardı, çıxarılmadı,

Pendir qaldı, torbaya yığılmadı.

İçində həsrətlə getdi ölülər,   

Bu dünyadan heç doyanı olmadı.

 

Oyanıb qaçan olmadı,

Quş olub uçan olmadı,

Açıldı quyular, girmək də olmur,

Ərzincan ayğırı çox sürətlidir,

Ama ki, ölülər at minə bilmir,

Yan-yana uzanıb yatan ölülər...

 

Cibimdə verəcək heç nəyim yoxdur;

ancaq ürəyimdən verə bilərəm.

 

Hazırladı: Nilufər Hacılı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!