Dünya ədəbiyyatının ən önəmli yazarlarından biri hesab edilən Ceyms Coys ədəbiyyat aləminə başqa bir dünya şöhrətli yazarın mənəvi himayəsi ilə qədəm qoyub.
C.Coys hələ kollec tələbəsi olan vaxtlarda norveçli dramaturq Henrik İbsenin pərəstişkarı olub. Dost məclislərində İbseni tərifləməkdən yorulmur, dramaturgiya tarixinin zirvəsinə qoyur, İbsenin pyesləri populyar olmadığı və böyük mübahisələrə səbəb olduğu vaxtlarda qəhrəmanını şiddətli şəkildə müdafiə edirdi. Yazara heyranlığı o səviyyəyə çatmışdı ki, İbseni öz ana dilində oxuya bilsin deyə, hətta Danimarka dilini də öyrənir.
1900-cu ilin payızında "İki həftəlik icmal" jurnalı üçün İbsenin "Biz ölülər oyananda" adlı sonuncu pyesi haqqında tərif dolu məqalə yazır. O vaxt, cəmi 18 yaşı vardı və ilk dərc olunan məqaləsi ilə İbsenin diqqətini çəkir. Məqaləni oxuyan İbsen jurnalın direktoru Vilyam Arçer vasitəsilə Coysa təşəkkür etdiyini bildirir. Coys isə bu təşəkkürü ömrü boyu unutmayacağını təkcə deməklə kifayətlənməyib, təxminən 1 il sonra yazdığı məktubla İbsenin 73 yaşını təbrik etmək və kumirinə olan heyranlığını yenidən dilə gətirmək fürsəti tapır. Məktubunda özünü tərifləməkdən də çəkinməyən dahi yazarın həmin məktubunu "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Hörmətli cənab,
Sizə yetmiş üçüncü doğum gününüzü təbrik etmək, dünyadakı pərəstişkarlarınızın arasına qoşulmaq üçün yazıram. Sonuncu pyesiniz "Biz ölülər oyananda" yayımlanandan dərhal sonra bir ingilis jurnalında (The Fortnightly Review - İkihəftəlik icmal) əsərinizi yüksək qiymətləndirən bir yazının çıxdığını xatırlayarsınız. Bilirəm ki, görmüsünüz, çünki bir müddət sonra cənab Vilyam Arçer mənə göndərdiyi məktubunda, sizdən bir neçə gün əvvəl aldığı məktubda ""İkihəftəlik icmal"da dilini bilsəydim şəxsən çox təşəkkür edəcəyim cənab Ceyms Coysun tənqidini oxudum, daha doğrusu, hecalayaraq oxudum", - deyə yazdığınızı demişdi (Gördüyünüz kimi, sizin dilinizdə o qədər də səlis bilmirəm, amma niyyətimi başa düşəcəyinizə inanıram). Fikirlərinizin məni necə təsirləndirdiyini sizə izah edə bilmərəm. Mən cavan, çox cavan adamam və emosiyalarımdan bu cür danışanda, bəlkə də güləcəksiniz. Amma əminəm ki, həyatınızın mənim kimi kollec tələbəsi olduğu illərinə qayıdıb mənim sizə verdiyim kimi çox qiymət verdiyiniz hörmətli bir adamdan bir xoş söz eşitməyin nə demək olduğunu düşünsəniz, hisslərimi başa düşəcəksiniz. Yeganə təəssüfləndiyim odur ki, mənim tələsik yazdığım yazı daha yaxşı və tərifinizə layiq şəkildə qarşınıza çıxmalı idi. Mənim yazımda qəsdən edilmiş hər hansı axmaqlıq yoxdur, amma doğrudan da, bundan artıq söz deyə bilmərəm. Əsərlərinizin yeniyetmələrin insafına qalması sizi narahat edə bilər, amma əminəm ki, əsəbsiz və "mədəni" paradokslardan hətta qızğınlığı da üstün tutursunuz.
Daha nə deyim? Tanınmadığınız və ya az tanındığınız bir Universitetdə adınızı cəsarətlə çəkdim. Mən sizin dram tarixindəki layiqli yerinizi müdafiə etdim. Mənə görə hər kəsi üstələyən qüdrətli gücünüzdən, ən böyük üstünlüyünüzdən danışdım. Satiranız, texnikanız və orkestr harmoniyanız kimi möhtəşəm bacarıqlarınız olduğunu da iddia etdim. Qəhrəmanpərəst olduğumu düşünməyin, elə adam deyiləm. Ədəbi çevrələrdə sizin haqqınızda nə vaxt danışsam, heç vaxt məntiqsiz nələrsə deyib boş gurultulara arxalanmadım.
Amma biz həmişə ən qiymətli şeyləri özümüzdə saxlayırıq. Məni sizə nəyin bu qədər bağladığını onlara demədim. Demədim ki, həyatınızda qürur duyulacaq şeyləri görməkdən qürur duyuram, mübarizələrinizin məni ruhlandırdığını (açıq-aşkar heç biri maddi mübarizələr deyil), həyatın sirrini açmaq üçün inadkar əzminizin məni necə ürəkləndirdiyini və sənətin, əxlaqın ümumi qanunlarına etinasızlığınızın mənəvi qəhrəmanlığı işığında necə yeridiyinizi də demədim. Bunları indi sizə yazıram.
Yer üzündəki işiniz sona yaxınlaşır və siz sükuta yaxınlaşırsınız. Sizin üçün getdikcə qaranlıq olur. Çoxları belə şeylər yazır, amma bilmirlər. Yalnız sonuncu pyesinizin, "John Gabriel Borkman"ın sonunun və onun mənəvi həqiqətinin (bu yolda gedə bildiyiniz qədər getmiş olsanız da) önünü açdınız, onu ayrı hesab edirəm. Ancaq əminəm ki, daha yüksək və müqəddəs maariflənmə irəlidədir.
Haqqında danışdığınız gənc nəsil nümayəndələrindən biri kimi sizi salamlayıram - təvazökarlıqla deyil, çünki mən qaranlıq, siz isə göz qamaşdırırsınız, amma kədərli də deyil, çünki mən gəncəm, siz isə qocasınız, nə təkəbbürlə, nə də sentimental şəkildə - sevinclə, ümidlə və sevgi ilə sizi salamlayıram.
Sədaqətlə Ceyms A.Coys
28 aprel, 1901
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!