"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana
Hörmətli Azər müəllim! Böyük qazax maarifçisi, dilçisi, ədəbiyyatşünası, türkoloqu, şairi və mütərcimi, ictimai-siyasi xadimi doğma xalqının taleyində əvəzsiz rol oynamış Əhməd Baytursınulı (1872-1938) "Alaş" siyasi təşkilatının ən fəal üzvlərindən biri Qazaxıstanda "Müdrik ustad" adı ilə çağırılmış, milli əlifba və yazı qaydalarının islahatçısı kimi tanınmışdır. O, milli azadlıq məfkurəsini içində daşıyan və onu dayanmadan təbliğ edən mübarizlərdən olmaqla digər xalq ideyaları və maarifçilik təəssübkeşləri Alixan Bokeyxanulı, Mircakıp Dulatov və başqaları ilə birlikdə ümummilli "Kazak" qəzetini nəşr etdirmiş, 1916-cı ildə Rusiya Dövlət Dumasında Müsəlman Fraksiyasının iştirakçısı olmuşdur. Adlarını çəkdiyimiz mübarizlərlə birlikdə o, Alaş Orda hökumətini yaradıb, qazax milli dövlətçilik ideyalarının "atası" rütbəsinə qədər yüksəlmişdir.
A.Baytursınulı 1920-ci ildə V.İ.Leninə yazdığı məktubda Sovet hökumətinin Qazaxıstandakı siyasətini sərt tənqid etmişdir. Milli düşüncə daşıyıcılığına görə dəfələrlə azadlıqdan məhrum edilmiş Baytursınulı Moskvadakı Butırski məhbəsində ömür çürütmüş, 1930-cu ildə əksinqilabi silahlı üsyanda yenidən suçlu bilinərək güllələnməyə məhkum edilmişdir. Sonralar onunla bağlı bu fərman 1931-ci ildə 10 illik islah düşərgəsi, daha sonra Arxangelskə 3 illik sürgünlə əvəz edilsə də, 8 oktyabr 1937-ci ildə yenidən zidana salınmış, 8 dekabr 1938-ci ildə güllələnmişdir. "Qırx təmsil" adlı ilk kitabı 1909-cu ildə işıq üzü görmüş bu böyük şəxsiyyət Abayla bağlı "Ən böyük qazax şairi" adlı fundamental əsər yazmış, 1926-cı ildə ilk elmi-nəzəri "Ədəbi tanışlıq" kitabını çap etdirmişdir. Bundan başqa, Baytursınulı ərəb qrafikalı əlifbanı qazax dilinin artikulyativ xüsusiyyətlərinə adaptasiya etməklə "Oxu qaydaları"nı (1912) hazırlamışdır. Onun "Dil qaydaları" kitabı isə üç hissədən - "Fonetika" (1915), "Morfologiya", "Sintaksis" (1916) kimi bəhslərdən ibarət olmuşdur. Eyni zamanda Baytursınulı qrammatik terminologiyalar: nitq hissələri - isim, əvəzlik, feil, zərf, köməkçi nitq hissələri; mübtəda, xəbər, zərflik, cümlə, mürəkkəb cümlə, xitab və s. bağlı qənaətlərini ortaya qoymuşdur. Onun qazax maarifçiliyi, dilçiliyi və ədəbiyyatı qarşısındakı xidmətləri S.Sadvakasov, S.Seyfullin, M.Auezov, M.Dulatov, E.Omarov və başqa bu kimi tanınmış qazax alimləri, şair və yazıçıları tərəfindən yüksək dəyərləndirilmişdir.
Əhməd Baytursınulı Bakıda keçirilmiş I Türkoloji qurultayın iştirakçısı olmuş, qazax ədəbi dilinin, terminologiyasının problemləri ilə bağlı məruzə edib, qazax dilinin qrammatikasının çeşidli məsələlərinin öyrənilməsi, milli əlifbanın fonetik tələbləri, dilin inkişafı və s. bağlı yeni istiqamətlərdən bəhs etmişdir. Onun qazax dilçiliyi və ədəbiyyatşünaslığında yeri müstəsnadır.
Azər müəllim! Əhməd Baytursınulının "Mən Qazağam" mövzulu bu poemasını mənə bir qazax alimi göndərmiş və ədibin bu sonuncu poemasını Həmidbəy Musabəyov adlı bir qazax tədqiqatçısı Rusiya arxivlərindən birində tapmışdır. Biz də mətn və məzmunca son dərəcə orijinal bu poemanı Azərbaycan dilinə çevirib çap edilməsi və oxuculara çatdırılmasını Sizdən xahiş edirik.
Hörmətlə,
Nizami Məmmədov Tağısoy,
filologiya elmləri doktoru, professor,
tərcümə nəzəriyyəçisi və tərcüməçi
Əhməd Baytursınulı
Mən Qazaxam!
Mən Qazaxam, səhrada nomad, bu yerlərin sahibi!
Xaqanlıqlar yaradıb, runda kitablar yazdım!
Mən Qazaxam, skifəm, hər yerdə qızıl möhürüm!
- Yoxdu burada yalan, mif!
Skif çarı Tarqıtaydır əcdadım.
Addımlarım nəhəng, böyük!..
Sanki əllərimlə Qərbi Şərqlə bir etdim!
Lidiya, Roma, Çin, İran, Babilistan - zəkat veriblər mənə!
İradəmin gücüylə əllərim uzun oldu!
Mən Qazaxam, həm hun, Xəzər yanındakı hun!
Avropanı fəth edib, "german rununda qəhrəman!".
Mən qazax, tore, kanlı, uysun, yenə həmin hun!
Çin arxivlərindəsə kanlıyam, həm də usun...
Mən Qazaxam, göy türkü, böri, kaskır, qurk!
"Qurd Adam, həm də Adam".
Viran edən demiurq! Mən Qazaxam ey,
Qazax, Xəzər, kuturqul, dulu!
Dünyanın cahangiri türk əcdadımdır ulu!
Tarix itirdi kələfimi - hamıyçün oldum Tatar!
Yaddaşını qurdala tatar bizə qardaşdır, qardaş Volqalı bulqar!
Mən Qazax, Oğuz, Qıpçaq! Qılınc, qalxandır möhürüm!
Ocağım hər fəsildə alışıb-yanır gur-gur!
Mən Qazaxam, həm qulam, həm hegemon.
Malikəm böyük taca!
Misir, Hinddə, Bağdadda sultantək çıxdım taxt-taca!
Mən Qazaxam, məmlük - sultan. Çin topunu dağıdan!
Xaç yürüşü edəni Şərqdən xaçsız,
qalxansız, lüt-üryan geri qovan!
Mən Qazaxam "tatar-monqol"! Köhlənim qundaq, nizə!
Şəhər, meşə, dağlarda mən taxt-tac ucaltdım!
Mən Qazaxam, Batu, Noğay, Qurd dəstəsinə rəhbər!
İt zingiltisin, səsin sızıltıya çevirdim!
Mən Qazaxam, həmin sak, bəzən oldu - yanıldım!
Elə oldu rus məni qırğız-kaysak çağırdı.
Çox damğalar vuruldu, əyilmədim mən Qazax!
Sak, ya kaysak oğluyam! Qürrələnim mən Qazax!
Mən dindar bir monaxam - göylərdədir Allahım!
Ənginliklərə baxıb - yenə nida edirəm!
"Mən Qazaxam, Mən Qazax!".
Düşmənə sinə gərdim, döyüldüm, rəhbər oldum!
Ona görə qazaxam, həm sərbəstəm, həm azad!
Buna nail olunca öldüm, bir də dirildim!
Azadlığım üçünsə aradım neçə illər!
Gələcəkdir bir zaman, şad olacaq könüllər!
Mənə tamamən yaddır hər hansı bir qorxu-zad!
Elə buna görə də nakam cəsədim
mənim hönkürər o dünyadan!
Adımdır mənim Qazax!
Poemada yer almış etnonimlərin izahı
*Nomad - köçəri türk tayfalarından birinin adı.
*Run yazısı - eramızın I və II əsrlərindən XII əsrə qədər qədim germanlar da, müasir Danimarka, İşveç və Norveçdə, X- XIII əsrlərdə İslandiya və Qrenlandiyada, XIX əsrə qədər İşveç əyaləti Dalarnada istifadə edilmiş yazı.
*Skif - eramızın I minilliyindən X əsrə qədər Xəzər, Qara dəniz, Cənubi Qafqaz və Azov dənizi ətrafında yaşamış qədim türk tayfası.
*Tarqıtay - skif mifologiyasında ilk insan, skiflərin ulu babası, Tarqıtayın analogiyası yunanlarda Heraklit adlanır.
*Lidiya - qədim dövrdə Kiçik Asiyanın qərb hissəsində mövcud olmuş Meoniya dövləti.
*Hun - II - IV əsrlərdə Uralətrafı ərazilərdə yaşamış, tərkibində yerli uqorlar və sarmat etnoslarının yeri iddia edilən qədim türk etnosu. Qədim Roma və Konstantinopolu (İstanbulu) özünə tabe etmiş yenilməz xalq.
*Tore - Çingizxanın törəmələri, Qazax xanlığını idarə etmiş ən yüksək çinli aristokratik elitanın nümayəndələri. Qazax xanı vəzifəsinə yalnız onlar seçilə bilərdilər. Tore nəslinin ilk Qazax xanları Kereyxan və Canıbəyin xan olduğu tarixi dövr də məlumdur.
*Kanlı - (kanlı, kanqli, kaqlı şəkillərində də işlədilir) - orta əsrlərdə Aralətrafı ərazilərdə yaşamış türk qəbiləsi. Qədim Asiya dövlətlərinin, xüsusən Xarəzmşahlar dövlətinin inkişafında böyük rol oynamış tayfa (qazax kanlı, başqurd kanlı, qaraqalpaq kanlı, qırğız kanlı, özbək kanlı və s.) kimi məlumdur.
*Uysun - qazax tayfa-qəbilə birləşmələrinin ən çoxsaylısı. Eyni zamanda qədim noğay, özbək və digər iri türk tayfalarının birliyi.
*Usun - türk mənşəli olub, qədim dövrlərdə müasir Sincan (Çin) ərazilərində yaşamış, hunlar dövründə Yeddisu (Cetısu - Semireçye) ərazilərinə köçmüş köçəri tayfa. Eramızın II əsrindən öncə adı tarixi mənbələrdə keçməkdədir.
*Göy türkü - VI əsrin ortalarında hunların xələfləri Türk Xaqanlığı yaradıb, özlərini Göy Türklər adlandırdılar. Böyük (Birinci, Baş) Tenqri (Tanrı) türk mədəniyyətinin, ürəyinin özəyi hesab olunur. Tenqri Göylərdə gəzib görünməyən ruh olmaqla, həm də onun özü sanki Səmalar, yəni dünyanın özü boydadır. Qədim türklər onu Daimi Göy Türk, yaxud Tenqri-xan adlandırmışlar. O həm də yeganə Yaradan olmaqla bütün kürreyi-ərzdə nə varsa, hamısını yaratmışdır. O, yerlərin və göylərin sahibidir. Onunla bağlı çoxsaylı əfsanə və rəvayətlər bugünün özündə dildə, ağızda dolaşmaqdadır.
*Böri - Yaradan, Yaradıcı, Allahın epitetlərindən biri.
*Kaskır - Boz qurd deməkdir.
*Demirurq - Mifologiyada dulusçu, dəmirçi, toxucu, Yaradan, yaradıcı, daim fəaliyyətdə olan yaradıcı başlanğıc kimi keçməkdədir. Antik fəlsəfədə kosmosdan hissi qəbul etdiyi əşya və şeylərin yaradıcısı, xristianlıqda Allahın adlarından biri. Fəlsəfədə Platon onu yalnız kosmosdan görünən "yaradıcı ata" adlandırmışdır. Demirurq həm də "demon" kimi də nəzərdən keçirilir. İslamda Allah mənasında işlədilir. Yerin, göyun, insanların yaradıcısı, başçı, allahların atası.
*Saklar - Türk xalqlarının və irandilli qəbilələrin ümumi adı olub, çöllüklərin, səhraların sahibi olmuş köçərilər. Qeyd edək ki, eyni zamanda oturaq həyat tərzi keçirmiş bu qədim türk və irandilli qəbilələrin tarixdə rolu yetərincə böyük olmuşdur.
Tərcümə: Nizami Tağısoy
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!