"Yazıçının yalnız bir öhdəliyi var - səviyyəli mətnlər yaratmaq" - İosif Brodskinin müsahibəsi

İosif Brodskinin 1976-cı ilin noyabrında Çikaqoda Litva dilində çap olunan aylıq "Akiraciai" jurnalına verdiyi müsahibənin mətni

 

 

 

İosif Aleksandroviç BRODSKİ (1940-1996) - rus-amerikan şairi, esseçisi, dramaturqu, tərcüməçisi və pedaqoqudur. 1987-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 1991-92-ci illərdə ABŞ-ın laureat-şairi seçilib.

 

 

Bu yazının özətində deyilir: "Şairlə söhbətimiz Santara-Sviesa Federasiyasının bu ilin payızında keçirilən qurultayında baş tutdu. Həmin tədbirdə Tomas Venslova barədə danışan Brodski daha sonra təşkil olunan ədəbi gecədə T.Venslovaya həsr etdiyi şeirlərini oxudu".

Qurultayla bağlı yazıda aşağıdakı fikirlər də yer alıb:

"Təşkilatçılar hər il hansısa seçilmiş bir insanı qurultaya qonaq kimi dəvət edirlər. Bu il isə qonaq sifətiylə rus şairi İosif Brodski tədbirə dəvətlidir. Brodski Litvada ikən görüşüb tanış olduğu Tomas Venslova barədə tədbir iştirakçılarına danışdı. Ancaq həmin çıxış son dərəcə baş-ayaq alındı: anlamaq olmurdu ki, Federasiya çıxışda ondan nə tələb olunduğunu Brodskiyə ətraflı izah etmədiyi üçün şair bu çıxışa gərəyincə hazırlaşmağa fürsət tapmayıb, yoxsa nəsr dilində özünüifadə baxımından o, bunca çətinlik çəkir.

Daha sonra keçirilən ədəbi gecədəki ab-hava isə bundan köklü şəkildə fərqlənirdi, çünki Brodski bizə ana dilində yazdığı şeirləri oxuyurdu. Bu səfər qarşımızda tamamilə fərqli bir insan zühur eləmişdi! Onun dodaqlarından süzülən sözlər bir növ mistik melodiyaya sahib idi - sanki pravoslav bir keşiş əsl dua ayini icra edirdi..."

 

...- Yeraltı və ya "samizdat" (rusca: "öz imkanlarıyla və icazəsiz nəşr" mənasında işlənir - A.Y.) ədəbiyyatı, özəlliklə də poeziya nə dərəcədə güclüdür? Rəsmi ədəbiyyatın təsir gücünü ölçərkən yararlandığımız meyarların tətbiqi üçün o da yetərincə güclüdürmü?

- Birinci sualınıza cavab verərkən, mən zatən "yeraltı", andeqraund poeziyasını nəzərdə tutmuşdum, çünki rəsmi poeziya ilə müqayisədə bu sözügedən poeziya həm daha rəngarəng, həm də texniki baxımdan daha mükəmməldir. Bəzən poeziyanın bu iki fərqli qolu arasında dəqiq bir sərhəd çəkmək də çətinləşir, çünki andeqraund poeziyasının nümunələri rəsmi nəşrlərin səhifələrinə yol tapa bildiyi kimi, tanınmış şairlərin yaradıcılıq nümunələri də "yeraltı" nəşrlərdə yer alır... Andeqraund yaradıcılıq tərzi ilə incəsənət növləri arasında bəlkə də daha çox oxşar cəhətlər tapmaq olar...  

- Rus mühacirlərinin mədəni baxımdan vəziyyətini siz necə dəyərləndirərdiniz? Mədəni sferada fəaliyyət göstərənlər sayca çoxdurmu? Neçə qəzet-kitab çap etdirə bilirlər və bu nəşrlər onların tarixi vətəninə heç gedib çıxırmı?  

- Bununla bağlı dəqiq statistik rəqəmlər verməm müşküldür... Onlar ABŞ, Fransa və Almaniyada ən azı beş adda, həm də rus və ingilis dillərində olmaqla, "Xəbərçi", "Qitə", "Yeni jurnal" və "Russian Literature Tri-Quarterly" adlı qalın jurnallar nəşr etdirirlər. ABŞ-da və Fransada azı bir adda qəzet çap olunur, Almaniyada isə əsasən antisovet təmayüllü üç və ya daha çox adda periodik nəşrləri var. Bu gün İsraildə də onların sayı az deyildir. Bəs bunların oxucuları nə qədərdir? Əgər sözügedən bütün jurnalların oxucu kütləsini bir yerə cəmləsək, ümumi say təqribən əlli min-filan olar... Qəzetlərin oxucuları isə hər halda bundan daha çoxdur.   

Bu nəşrlərin səviyyəsi barədə nə deyə bilərəm? Əslində yazarın durumu Sezarın xanımının statusunu xatırladır: ona heç kim istəsə belə, nəzarət eləyə bilməz... Rusiyanın özündə qələm adamını nəzarət altda saxlayan redaktorların, korrektorların, senzorların, habelə mətnləri kəsib-doğrayan o qayçıların sayı-hesabı bilinmir, həm də bəzi hallarda bunların müsbət təsirini danmaq da naşükürlük olardı... Mühacirətdəki yazıçılar adətən sözlərin selinə, bolluğuna qapılırlar, bu isə son nəticədə gəvəzəliyə və sözçülüyə qədər gedib çıxa bilir... 

Burada yazıb-yaradanların yaradıcılığının Rusiyadakı həmkarlarına təsir göstərə biləcəyini təxmin eləmirəm. Əgər o təsir varsa belə, çox cüzidir. Ən faciəli məqam isə odur ki, mühacirət ədəbiyyatına əli yetənlər məhz "isteblişmentdəkilərdir" (rəsmi dairələrin tanıdığı qələm əhlidir - A.Y.). Onlar isə sıravi yazarlar və ya ədəbiyyat aşiqi deyillər. Əlbəttə, oradakı oxucu Nabokovun yaradıcılığına yaxından bələddir, amma onun hələ müharibədən öncə dünyasını dəyişən və o dövrün ən güclü rus şairi saydığım Xodaseviç barədə yetərli bilgi sahibi olduğunu əsla düşünmürəm.   

- Çağdaş ABŞ poeziyası, demək olar ki, öz oxucularını itiribdir: orada bir şeir toplusunun iki mindən çox nüsxəsi satılırsa, bunu onlar böyük uğur sayırlar. Görəsən niyə? Ortaq qənaətə görə, müasir dövrdə şeir yazmaq onu oxumaqdan qat-qat asandır. Sizcə, rus poeziyası da bənzər böhran yaşayırmı?

- Poeziyanın ümumiyyətlə hansısa dövrdə çox oxunduğunu, düzü, düşünmürəm. Bütün oxucu kütləsi içində şeirə maraq duyanların sayı heç bircə faizi də ötmür. Saray və qəsrlərdə poeziyanın təbliğiylə məhz trubadurlar məşğul olduğu zamanlarda bəlkə də şeirlə maraqlananlar daha çox imiş. Hazırda isə şairlər və şeir təbliğatçıları artıq akademik mərkəzlərdə cəmləşiblər... Şərqdə isə onlar bu cür akademik himayədən də məhrumdurlar. Ola bilsin, bu sadalanan xüsuslar oxucuya hansısa təsir göstərmir, amma şeir sənətinin özünə bütün bunlar əsla təsirsiz ötüşmür...    

Zənnimcə, bugünkü dünyada Şərq poeziyası daha maraqlı, diri və həyatidir. Sənətin istənilən növü kimi, poeziya da gerçəklikdən qaçmağa, eskapizmə (aradan çıxmağa, inzivaya çəkilməyə - A.Y.) növbəti cəhddir, həm də mövcud şərtlərin hədsiz qorxunc olduğu toplumlarda ona daha dərin tələbat duyulur... Şərqdə sənət adamı bütün varlığını daha çox sənətə həsr eləyə bilir, çünki "dəmir pərdənin" o biri üzündə yeganə təmiz və ləkələnməmiş məşğuliyyət sahəsi məhz sənətdir...    

Əgər virtuoz pianoçu hər gün ən azı altı saatını öz ifasını cilalamağa həsr edirsə, onun "dəmir pərdənin" digər üzündəki həmkarı eyni işə daha çox vaxtını sərf etməyə məcburdur, çünki digər alternativlər onu daha betər şəkildə qorxudur. Zənnimcə, orada yaranan poeziya daha səviyyəlidir, çünki Şərqdəki sənət adamları bir tərəfdən özlərinin Qərblə əsrlər boyu formalaşan münasibətlərinə görə müəyyən bir əskiklik kompleksinə qapılırlar, digər tərəfdən isə buradakı həmkarları ilə sadəcə yarışmağa niyyətlidirlər... Şərqli şair T.S.Eliotdan daha gözəl şeirlər yaratmağa nəinki can atır, bəzən buna hələ nail də olur...  

- Litva şairlərinin yaradıcılığı ilə heç tanış olmusunuzmu?

- Əgər Adam Mitskeviçi Litva şairi saymasaq, onda sözügedən ədəbiyyatla tanışlığa, düzü, elə də böyük fürsətim olmayıb. G.Radauskasın və Y.Aleksandrişkisin əsərlərini az-çox oxumuşam. K.Donelaytisin və başqalarının mətnləriylə də tanışam. Tomas Venslovanın yaradıcılığına isə daha yaxından bələdəm və ondan aldığım təəssürat  məndə Litva poeziyası barədə dolğun rəy yaradıbdır.

Tomas Venslova Qərb poeziyasını yaxşı bilir, bu səbəbdən də onun özünü hər barədə rahat və arxayın hiss eləməyə haqqı çatır. Litvalı olmasına rəğmən, o, layiq olduğu bütün imtiyazlardan gərəyincə yararlanır. Onun yaradıcılığında Mandelştam və Axmatova ilə yanaşı, çağdaş ingilis və fransız şairlərin də bəzilərinin təsirini sezmək mümkündür. Şəxsən mən onu Rilke ilə müqayisə edərdim. Həm də mən sözügedən şairlərin oxşar cəhətlərinə görə yox, yaradıcılıqlarındakı daha çox geniş əhatə dairəsinə və miqyasa görə bu rəyə gəlmişəm. Rilke hədsiz dərəcədə estetdir... Tomas Venslovanı çağdaş dünyanın ən görkəmli şairləri sırasına daxil etmək olar...  

- Litva tənqidçilərindən biri deyib ki, Tomas Venslova inziva şairidir...

- Bu mövqe ilə tamamilə razıyam. Yeri gəlmişkən, hansısa söz adamını "inziva şairi" adlandırmağın özü onun ünvanına deyilə biləcək ən böyük komplimentdir.

- Sizcə, mühacir yazıçının öz ölkəsinə münasibətdə hansı öhdəlikləri var?

- Statusundan asılı olmayaraq, istənilən yazıçının yalnız bir öhdəliyi var - səviyyəli mətnlər yaratmaq.

- Bəs yazıçılara və digər sənət xadimlərinə Lenin mükafatlarının verilməsinə münasibətiniz necədir?

- Sırf mənə qalsa, o mükafatın dəyəri püsürdən artıq deyildir və ona layiq görülməyi özümə qarşı açıq təhqir kimi dəyərləndirərdim. O, məhz ən miskinlər üçün Nobel ödülü sayıla bilər. Hərçənd o mükafat da öz-özlüyündə bəzi ədəbi dəyərləri implikasiya (bəsit müqayisələr yoluyla təlqin - A.Y.) etməyə, bəzi imkanların isə önünü açmağa xidmət edir.  

- Qərbdəki ədəbi isteblişment yazıçının dolanışığının təmini baxımından sizə hansı təəssüratı bağışlayıb?

- Mən heç vaxt - nə orada ikən, nə də mühacirətdə - sırf ədəbi zəhmətlə dolanmaq fikrini yaxınıma əsla buraxmamışam. Əlbəttə, ora ilə müqayisədə burada kitab nəşr etdirmək daha asandır. Ancaq əsl bəla da ondadır ki, söz azadlığının özü də mütləq mənada sözün inflyasiyasına gətirib çıxarır...     

- İrəli sürdüyü bir tezisdə Şafareviç deyir ki, yaradıcı ziyalıların Sovet İttifaqını tərk etməsi ölkə mədəniyyətini məhvə sürükləyir. Siz necə düşünürsünüz?

- Mən bu fikrə qarşıyam. Çünki özüm təkcə xalqa yox, onun dilinə də güvənirəm. Yazıçı - dilin silahıdır. Şəxsiyyətlərdən fərqli olaraq, dil öz arealını heç vaxt tərk etmir. Tarixən iş elə gətirib ki, dili daha da kamilləşdirən, onun yeni qatlarını açan söz adamları fasiləsiz bir şəkildə doğulurlar. İzlənmələrə, mühacirətlərə və sairəyə baxmayaraq, rus dili var olduqca, onun böyük ədəbiyyatı da yaşayacaq. Son dövrdə yazarların ölkəni tərk etməsi və ya ölkədən qovulması da bir mənada 1930-cu illərdə aparılan "təmizləmə siyasəti"ni xatırladır: o vaxt da canlı ədəbiyyatımıza sağalmaz zərbələr vurulmuşdu. Ancaq o, həmişə diri qalmağı, dirçəlməyi bacarıbdır. Səviyyəli ədəbiyyatı qismən ləngitmək mümkündür, dayandırmaq isə - əsla.

 

Dilimizə çevirdi: Azad Yaşar


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!