Rayner Maria Rilke
(Avstriya, 1875-1926)
Orfeyə sonetlər
Göyərir, ilahi, göyərir ağac!
O səsdi göyərir: səslənir Orfey.
Və susur nə varsa. Bu sükutdaca
rəngini, cildini dəyişir hər şey.
Vəhşilər yuvadan qaçır, tələsir,
səsini içinə qısıb dururlar:
qorxu-hürküdən yox, susub dururlar
dinləməkdən ötrü o gözəl səsi.
Hansı ulayırdı, dil-dil ötürdü -
bir heçdi, bir puçdu onlardan ötrü.
Və sən o balaca, o sısqa yerdə,
içindən hər şeyin acıqla, kinlə
baxdığı o miskin, ufacıq hində
məbədlər ucaltdın gözəl səsinlə.
***
Və yalnız o kəs ki, öz lirasından
bir an da ayrılmadı,
ruhlar və kölgələr dünyasında da
ona dönük çıxmadı,
ölülərlə birgə xaşxaş da yedi
iyrənmədən, qorxmadan -
sonsuzluğu yalnız o vəsf elədi
tellərə toxunmadan.
Suda əksi sınan quyu təkindən
baxıb səni tərk edən
surəti dərk et.
Yalnız o tərəfdə, yalnız o üzdə
açıldı üzümüzə
son əbədiyyət.
***
Bulud kölgəsitək öz dövrəsində
itsə də ömür,
yenə öz kökündən, bünövrəsindən
heç nə dəyişmir.
O qəfil axında bir göz qırpımı
yanıb, közərib,
Orfey lirasının səsi çırpınır -
canlı, əzəli.
Biz hardan bilək ki, sonumuz nədir?!
Bizimçün dünyada nə ehtiraslar,
nə də iztirablar dərk ediləndir.
Toranda gizlənib yolun arası.
Yalnız o nəğmənin
bürüyüb dünyanı səsi-sədası.
***
Dilimin nəğməsi - can verdiyinə
qulaq da bəxş edən Tanrıdı, Tanrı...
Yaz çağı, Rusiya; anıram yenə -
tala, tənha bir at, qaş qaralırdı...
Qayışı-qaytanı atıb qırağa
baş alıb o kənddən qaçırdı bu at;
uçurdu axşamın qaranlığına -
üzü tənhalığa çapırdı, heyhat!
Çapırdı hər şeyi unudub artıq -
yalı yellənirdi, başı əsirdi,
yaman tələsirdi... və budur, artıq
gemgeniş talada o tək gəzirdi!
Qulaq kəsilirdi, oxuyurdu at...
Atın bu surəti məndən amanat!
***
Quduzlaşmış kütlənin dörd tərəfdən sardığı,
sən ey ilahi səsdə dirçələn ulu Tanrı! -
sənin səslənişinlə o yığnağın varlığı,
hay-küyü itdi-batdı, xoş bir avaz yarandı.
Qırammadı heç biri fəqət sənin liranı.
Ürəyinə tuşlanan daşlar sənə yetincə
ipək kimi hamısı yumşaldı bircə-bircə -
nəfəs verib, can verib dilləndirdin onları.
Qəddar, amansız qisas axırda baş tutsa da,
Azğın menadlar sənin axırına çıxsa da -
aslanların, quşların, ağacların, otların,
qayaların dilinə keçdi o səs, o səda...
Yerin, göyün Tanrısı! Sənin füsunkar səsin
o keçmiş ədavətin uzaq sədası kimi
o vaxtdan dilimizdə səslənir həzin-həzin.
***
Səs gəlir: hardasa çaylar oxuyur.
Oxuyan elə bil zamandı, vaxtdı.
Amma yox, vaxt deyil, zaman deyil, yox -
bəlkə, sonsuzluqdu əriyir, axır.
Sənə yabançıdı bu səslər hələ,
Sudu - gah uzaqda, gah yaxındaca.
O suda bir daşsan bəlkə sən elə -
düşmüsən, qalmısan o axındaca.
Hər şey necə uzaq, necə yaxındı,
hər şey də bəllidi, mənası varmı...
sudu... axıb gedir, adi axındı...
Sənsə sirr dəlisi, sirr ölüsüsən,
yad sular, yad çaylar axdı, apardı
bütün hisslərini... hara görəsən?
Tərcümə: Mahir N.Qarayev
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!