Bu gün Nazim Hikmətin doğum günüdür
"Səni düşünmək nə gözəl şey..."
Keçən əsrin 80-ci illərinin əvvəllərində Moskvanın ünlü Nekrasov kitabxanasında Nazim Hikmətin şeirlərinə, poeziyasına həsr edilmiş gecə təşkil olunmuşdu. Əsasən tələbə gənclərin qatıldığı bu gecənin aparıcıları tanınmış rus şairi Boris Slutskiy və mən idim. Nazimseverlər onun əsərlərindən ibarət gözəl kompozisiya hazırlamışdılar. Onların maraqlı çıxışlarından sonra iştirakçılarla bizim aramızda Nazimin həyatı və yaradıcılığı ilə bağlı çox maraqlı, sərbəst fikir mübadiləsi və dartışmalar oldu. Özünü şair kimi təqdim edən gənclərdən biri, Nazimin şeirlərini sevdiyini, onun rus dilinə tərcümə edilmiş əsərləri ilə yaxından tanış olduğunu, qənaətinə görə, şairin yaradıcılığının Rusiyada tək yönlü - yalnız siyasi şeirlər ustası kimi tanıdıldığını, halbuki onun gözəl lirik əsərlər yazdığını söylədi və nə üçün rus dilində Nazimin lirik şeirlərinin çap olunmadığını soruşdu. Doğrusu, bu gəncin söylədiklərində böyük həqiqət payı vardı, istər Sovetlər Birliyində, istərsə də Avropada Nazim daha çox inqilab şairi, poeziya devrimcisi kimi tanınırdı.
Bilindiyi kimi, 1938-ci ildə, qondarma bir ittihamla 28 illik həbsə məhkum olan Nazim Hikmət yaradıcılığında yeni bir dövr başlayır. Həbsxanada ikən Nazim öz yaradıcılıq yoluna tənqidi gözlə baxmağa başlayır və poeziyada "aşırı solculuğun", lirik, intim şeirlərə yasaq qoymasının yanlış olduğunu dostu Kamal Tahirə yazdığı məktublarında etiraf edirdi. O, məhz burada, həbsxanada 20-ci illərdə uyquladığı poetik yasaqlar zəncirini qıraraq şeirlərinin sərbəstlik sərhədlərini genişlədir, hətta bütün yasaqları ortadan qaldırır. Artıq şair yaşadığı zamanın bütün tərəddüdlərini, ümidlərini, sevgisini, acısını, bir sözlə, hər şeyini yazmaqda sərbəst idi. O, məktublarının birində yazırdı: "İnsana xas, onun üçün dəyərli olan her şeyin mənim şeirim üçün də dəyərli olmasını istəyirəm. Oxucunun məndə ve ya bizdə öz duyğularının hamısının əks olduğunu görməsini istəyirəm: "Bir May" şeirini oxumaq istədiyi zamanda da, qarşılığı olmayan eşqinin şeirini aradığı zamanda da bizi oxumasını istəyirəm". Və poeziya inqilabçısı Nazim həbsxanada durmadan poetik eksperimentlər aparırdı. Şair, öz diliylə desək "sektantlığı" və "kiçik burjua solçuluğunu" aşıb, qəhrəmanlarının özəl həyatlarına daha çox diqqət göstərməyə və onların iç dünyalarına daha dərin nüfuz etməyə başlayır. Bundan sonra Nazim Hikmətin şeir qəhrəmanları sadəcə "dünya və ölkə" haqqında deyil, eyni zamanda sevgilisi haqqında düşünür, təbiət gözəlliklərindən zövq alır, kiçik olaylara belə sevinir və bu səmimi duyğularını ifadə etmək üçün yeni metaforalar, orijinal obrazlardan istifadə edir.
Yaradıcılığının yeni dönəmində Nazim bütün insani duyğuları yansıdan gözəl şeirlər yazmağa başlayır və yazıqlar olsun ki, uzun illər əksər oxucular onlardan xəbərsiz olmuşlar.
1941-ci ildə Kamal Tahirə göndərdiyi başqa bir məktubunda Nazım Hikmət yeni estetik konsepsiyanı belə açıqlayırdı: "İyirminci yüzyilin yurddaşını, iyirminci yüzyildə yaşayan konkret insanı önəmli bir şey maraqlandırır: "Məni en ziyadəsiyle etkiləyən bütün sənət qolları, ədəbiyat - şeir, hekayə, roman, rəsim ve musiqi bizə, hərkəsə ne verir? Şair, özünün sevdiği şeyleri, özəl çalışmalarını şeir olarak yazır. Əğər o, bizim hamımız üçün yararlı olmaq düşüncesiyle iyirminci yüzyılın hər hansi bir xarakterik özelliğiyle, öz sevgisini birbirine bağlaya bilmirsə, onun sahip olduğu şey mənə ne vere bilər ki?". Oxucunun bu sualına Nazim Hikmətin cavabı belə idi: "Her bir şairin əsl dəyəri, onun şəxsi ve toplumsal, ictimai olanı birleştirme qabiliyyətindən asılıdır. Əgər şair yazdığı sevgi şeirində bunu edə bilmirsə, o zaman şeir ancaq iki nəfəri - sevgililəri maraqlandırar". Nazim Hikmətin özü bu konsepsiyanı 40-50-ci illərdə yazdığı əsərlərində uğurla reallaşdırmışdır.
Yuxarıda bəhs etdiyim görüşdən sonra Nazim Hikmətin lirik şeirlərini bir araya toplayıb, kitab şəklində nəşr etməyə qərar verdim. Tərtib etdiyim şeirləri mənim yardımımla rus dilinə David Samoylov, Boris Slutskiy, Moris Vaksmaxer, Alev İbrahimov və başqa tanınmış şairlər tərcümə etdilər. Kitab 1988-ci ildə "Kak prekrasno meçtat o tebe" ("Nə gözəl şey düşünmək səni") adıyla böyük tirajla Moskvada yayınlandı və geniş əks-sədaya səbəb oldu. Çünki oxucular bu kitabda yeni Nazim Hikməti - böyük lirik şairi kəşf edirdilər.
Tofiq MƏLİKLİ
Nazim HİKMƏT
***
Səni düşünmək nə gözəl şey,
ümitlü şey,
dünyanın ən gözəl səsindən
ən gözəl şarkını dinləmək kimi bir şey...
Fəqət artıq ümit yetmir mənə,
mən artıq şarkı dinləmək deyil,
şarkı oxumaq istəyirəm.
Yumdum gözlərimi
Yumdum gözlərimi:
qaranlıqda sən varsan,
qaranlıqda arxası üstə yatırsan,
qaranlıqda bir qızıl üçbucaqdır
alnın və biləklərin.
Yumulu göz qapaqlarımın içindəsən,
sevdiyim,
yumulu göz qapaqlarımın içində şarkılar,
İndi orda hər şey səninlə başlayır,
İndi orda heç bir şey yoxdur
səndən öncəmə ait,
və sənə ait olmayan.
***
Ən gözəl dəniz
hələ gedilməmiş olanıdır.
Ən gözəl çocuk
hələ dünyaya gəlmədi.
Ən gözəl günlərimiz
hələ yaşamadıqlarımız günlərdir.
Və sənə söyləmək istədiyim ən gözəl söz
hələ söyləməmiş olduğum sözlərdir.
***
Çöməldim, baxıram torpağa,
otlara baxıram,
böcəklərə baxıram,
mavi, mavi çıçək açmış budaqlara baxıram,
sən bahar torpağı kimisən, sevgilim,
sənə baxıram.
Arxası üstə uzandım görürəm göy üzünü,
ağaçların budaqlarını görürəm,
uçan leyləkləri görürəm.
Sən bahar mövsümündə
göy üzü kimisən, sevgilim,
səni sevirəm.
Öncə qarda od qaladım, oda toxundum,
suya toxundum,
qumaşa toxundum,
günəşə toxundum.
Sən ulduzların altında yandırılan
atəş kimisən, sevgilim,
sənə toxunuram.
İnsanların içindəyəm sevirəm insanları.
Hərəkəti sevirəm.
Düşüncəni sevirəm,
Mübarizəni sevirəm.
Sən mübarizəmin içində bir insansan,
sevgilim,
səni sevirəm.
***
Çinar olsam dinlənsəm kölgəsində
kitab olsam oxusam
yuxusuz gecələrimdə darıxmadan
qələm olmaq istəməzdim öz əlimdə belə
qapı olsam yaxşılara açılsam,
pislərə bağlansam
pəncərə olsam pərdəsiz və iki tayı açıq
bir pəncərə və şəhəri içəri
alsam
söz olsam çağırsam haqqa, doğruya, gözələ,
söz olsam söyləsəm sevdamı səssizcə.
Mən səndən öncə
ölmək istəyirəm
Mən
səndən öncə ölmək istəyirəm.
Gedənin arxasından gələn
Gedəni tapacağınımı zənn edirsən?
Mən zənn etmirəm bunu.
Ən yaxşısı məni yandırarsan,
otağında divar sobasının üstünə
qoyarsan külümü,
içində bir qabın.
Qab şüşədən olsun,
şəffaf, bəyaz şüşədən olsun
ki içində məni görə biləsən.
Fədakarlığımı anlayırsan
vaz keçdim torpaq olmaqdan,
vaz keçdim çiçək olmaqdan,
sənin yanında qala bilmək üçün.
Və toz olub
yaşayaram yanında sənin.
Sonra, sən də ölüncə
Şüşə qabıma gələrsən.
Və orada bərabər yaşayarıq
külümün içində külün,
ta ki, bir yaramaz gəlin,
yaxud vəfasız bir nəvə
bizi oradan atana qədər.
Amma biz
o zamana qədər
elə qarışacayıq
ki, bir-birmizə,
atıldığımız zibillikdə belə zərrələrimiz
yan-yana düşəcək.
Torpağa bərabər hopub.
Və bir gün yabanı bir çicək
Bu torpaq parçasından nəmlənib filizlənərsə
sapında mütləq
iki çiçək açacaq:
biri sən,
biri də mən.
Mən
daha ölümü düşünmürəm.
Mən hələ bir övlad sahibi olacam.
Həyat aşıb-daşır içimdə.
Qaynayır qanım.
Yaşayacağam, özü də çox, oluqca çox,
Amma səninlə bərabər.
Daha ölüm də qorxutmur məni.
Yalnız yaraşdırmıram onu özümə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!