Türkiyə məşhurlarının sevdiyi Əziz Nesin hekayələri

 

Dekabrın 20-si əsl adı Mehmet Nüsrət olan tanınmış türkiyəli yazar, publisist və dramaturq Əziz Nesinin doğumunun 107-ci ili idi. Bu gün də, yaşadığı dövrdə olduğu kimi onu sevənlərin sayı sevməyənlərin sayından dəfələrlə çoxdur. Ömür boyu mühakimə olunan yazar bir müddət məhkumluq həyatı da yaşayıb. Təkcə yazdığı əsərlərlə deyil, səsləndirdiyi qalmaqallı siyasi fikirlərlə də həmişə müzakirə mövzusu olan yazarın ölkəmizdə də kifayət qədər oxucusu var. Bir neçə türkiyəli məşhur ədəbiyyat, sənət adamı Əziz Nesindən sevimli hekayələrini seçib doğum günü münasibətilə oxuculara təqdim ediblər. Yazarın azərbaycanlı oxucularına xitabən həmin yazını dilimizdə təqdim edirik.

 

 

Şair və yazar Ahmet Ümitin seçimi: "Mu Ni"?

 

Heç gözünüzün qabağında bir adamın necə dəli olduğunu görmüsünüzmü? Mən görmüşəm.

Ev sahiblərinin uşağını gətirdilər. Dörd-beş yaşlı top kimi oğlan uşağı. Gözləri par-par parıldayır. Uşaq diliylə "Bu nədir?"i "Mu ni?" kimi deyirdi. Uşaq dayanmadan nəyisə göstərib soruşurdu:

- Mu ni?

Fikri bəy cavab verdi:

- Gəmi.

Uşaq yenə soruşdu:

- Mu ni?

Fikri bəy yenə cavab verdi:

- Qayıq, bax, nə gözəl qayıqdır... Uşaqlar bu yaşda həmişə belə olur, dayanmadan sual verirlər. Yorulmadan, bezmədən onların suallarına cavab verməlisən.

Uşaq yenə soruşdu:

- Mu ni?

- Saat...

- Mu ni?

- Bunu deyirsən? Bu burundur.

- Mu ni?

- Burun. Bu-run... Bu-run... Başa düşdün?

- Mu ni?

- Burundur, oğlum, burundur, balam.

- Mu ni?

- Burundur, ay bala, burundur da, əməlli-başlı burun.

- Mu ni?

- Burun, burun, burun, burun...

Fikri bəyin hirsindən çənə əzələləri titrəməyə başladı:

- Aaaa, bu qədər kifayətdir... Burun...

Birdən yenə özünü ələ aldı. Yumşaq, şirin səslə "Burun" dedi.

- Mu ni?

Nə oldusa o vaxt oldu. Fikri bəy qəfildən otağın ortasında "Mu ni, mu ni, mu ni..." deyə-deyə gəzməyə başladı.

Uşaq qırıq-qırıq gülərək yenə soruşdu:

- Mu ni?

Fikri bəy bağırmağa başladı:

- Ananın toxmağı! Başa düşdün indi?

Sonra qəfil dayanıb özü uşaqdan soruşdu:

- Mu ni?

O vaxta qədər "Mu ni?"dən başqa heç bir şey deməyən uşaq qəfil "Ananın toxmağı" deyib susdu. Salona soyuq sükut çökdü.

 

("Gözünə gözlük" kitabından)

Köşə yazarı Pərihan Mağdenin seçimi: "Tatlı Betüş"

 

Gərgin bir gündə Avropanın Aralıq dənizi limanlarından gələn kruiz gəmisində külli miqdarda qaçaqmal tapıldığı barədə məlumat aldıq. Baş müdir bizi yanına çağırıb dedi ki, sərnişinlər arasında olan Betül xanıma xidməti avtomobilin onu gözlədiyini xəbər verin. Bir az sonra gəmi limana yaxınlaşdı. Allah sahibinə bağışlasın, belə qadın dünyaya qırx ildə bir gəlir, xidməti avtomobilin limanda gözləməyinə dəyərdi. Yayın ortasında kürk qadına başqa özəllik verir və onun Avropa səfərindən qayıtdığı dərhal aydın olur. Avtomobilə minəndə gömrük vergisini ödəməmək üçün yayın istisində üst-üstə geyindiyi iki xəzi çıxarıb çamadanlarını avtomobilin içərisinə, sürücünün yanındakı oturacağa və yük yerinə yerləşdirdikdən sonra dedi:

- "Qalan əşyalarımı gömrükdə yaxşı saxla, sonra bir adam göndərib götüzdürərəm".

Ondan sonra Avropa ekspedisiyasından qayıdan bərə sərnişinləri arasında Betül xanımı tez-tez görürdüm. Lakin sonra o, siyasi himayədən məhrum oldu. Yenə belə bir Avropa səfərindən qayıdırdı. Bizə xüsusi göstəriş verilmişdi ki, onun paltarlarını və çamadanlarını diqqətlə araşdıraq. Betül xanım əvvəlcə etiraz etdi, vəziyyətin ciddiliyini anlayanda çox təəccübləndi.

- Allah, Allah... Hakimiyyət dəyişib, bu nə deməkdir? Nə baş verir?

- Vəziyyət dəyişib, bu qədər, axtaracağıq... - dedim.

Betül xanımın qoynundan, demək ayıb olmasın, başqa yerlərindən, bir zərgər dükanını dolduracaq qədər zinət əşyası çıxdı. Gizli yerlərindən daş-qaşlar çıxanda Betül xanım da heyrətlənib deyirdi:

- Çox təəccübləndim, bunların heç biri mənim deyil... İlahi, görəsən, hansı əxlaqsız alçaq bunları mənim xəbərim olmadan ora-bura soxub?

 

Orxan Pamukun seçimi: Toros Canavarı

 

Deyinə-deyinə polis idarəsinə gəldi.

Kapitanın otağına girdi. Otaqda yalnız bir zabit növbətçi vardı. Zabit yuxulu-yuxulu gözlərini ovuşdurdu. Gözlərini qırparaq Nuri Pakürəyə baxdı. Nuri Pakürəyin burununun dibində oturaraq, sezdirmədən üzünü incələyirdi. Sonra birdən masasına tərəf cumdu. Masanın gözündən bir fotoşəkil çıxartdı. Bir fotoya, bir Nuri Pakürəyin üzünə baxdı.

Növbətçi telefonu götürüb rəqəmləri tez-tez fırladıb kiməsə zəng vurdu. Sonra danışmağa başladı:

- Alo... Alo... Haradır? Bəli... Bəli, cənab. Toros Canavarını ələ keçirdik, cənab. Toros Canavarı, cənab... Özüdür... Yəqin ki, sənədlərini oğurlamağa gəlib. Polis idarəsinə basqın etmək niyyətiylə... Şəxsən özüm tutmuşam... İyirmi nəfər göndərsəniz bəsdir, cənab. Çox sağ olun. Minnətdaram... Qəti narahat olmayın, imkan vermərəm ki, aradan çıxsın.

Nuri Pakürək səkkiz ay həbsdə qaldı. Həbsxanada ən amansız qatillər belə ondan qorxub çəkinirdilər, ona hörmət edirdilər.

Səkkiz ay sonra azadlığa buraxıldı.

Niyə?

Çünki Toros Canavarı son cinayətini iki il əvvəl etmişdi. Keçən il də Amnistiyaya düşmüşdü.

Nuri Pakürək evinə getdi. Evdə hamı onu hörmətlə qarşıladı. Bu hörmət sevgidən çox, qorxudan idi.

Həyat yoldaşı:

"Ahh, ərim!"... deyib irəli atıldı, amma bu qədər... Sonra yenə geri çəkildi, yanına yaxınlaşa bilmədi.

Onları evindən çıxarmaq istəyən ev sahibi:

- Amaaan, qurbanın olum Nuri bəy, kira-mira istəmirəm, canım. Aramızda belə şeyin söhbəti olar?! Elə bil ki, öz evindir", - deyib, az qala yalvarırdı.

Bir səhər qəzetlər yazmağa başladı ki, Toros Canavarı ikinci dəfə tutulub. Bu ikincisi əsl Toros Canavarı idi. Məhkəməsində belə deyib:

- Hələ tutulmazdım, amma öz istəyimlə tutuldum... Gördüm ki, bir əclafı Toros Canavarı deyə üzə çıxardınız. Əclaf mənim adımdan istifadə edir. Buna dözə bilmədim artıq.

Bu söhbəti eşidəndən sonra Mehparə xanım belə deyib:

- Mən o təlxəyin bunları edə bilməyəcəyini bilirdim.

Ev sahibi də xəbər tutub o vaxta qədər yığılan kirayə haqqını istəməyə gəlibmiş. Pakürək ailəsi və ev sahibi sevinc içində Nuri bəyin otağına qaçırlar. Mehparə xanım qucaq açıb həyat yoldaşının üstünə qaçır:

- Ahh, ərim!.. Sən deyilmişsən... Sən canavar deyilmişsən!..

Bu vaxt Nuri Pakürək divar güzgüsündə üzünə baxaraq qəribə səslər çıxarırmış. O an qapını açanların üstünə cumur. Hamısı qorxu içində qaçır. O gündən sonra heç kim Nuri Pakürəyi Toros Canavarı olmaqdan xilas edə bilmir. Canavarlıq çox xoşuna gəlmişdi, yoxsa həqiqətən də canavardı, burasını anlamaq mümkün deyildi.

 

(Toros Canavarı kitabından)

 

Elif Şəfəqin sevimli hekayəsi:

Çox ağıllı adam

 

- Mütləq səninlə görüşmək istəyirlər. Evlərinə çağırıblar.

- Bu nə münasibət?! Mən onları tanımıram heç...

- Bəli, amma biz səni onlara dahi kimi tərifləyib şanını göylərə qaldırmışıq...

Nəhayət, uzaqdan mənim yüksək intellektimə heyran olanların mənzilinə getdik. Heç məlumatı olmadığı fəndən imtahan verən tənbəl, nadinc tələbə vəziyyətindəyəm. Evin xanımı yeməyə dəvət edir. Az qalır ağzımın yerini də tapa bilməyim.

"Əlinizə sağlıq, çox ləzzətli olub", - deyəcəyim yerdə, evin mehriban xanımına, "Əbəsdi... Çox duzlu olub!" deyirəm.

Üzümü evin mehriban sahibinə çevirib:

- Qızınız, qız oğlan qızdır?

Bu yersiz sualıma kişi utana-utana "hələ evlənməyib" cavabını verdi...

- Bu uşaqlar sizə heç bənzəmir...

Yüksək intellektimə heyran olanların üzünə baxdım. Onların heç biri heç bir reaksiya vermir. Ayağa qalxdım, bağıra-bağıra "Mən axmağam!" deyə qışqırdım.

- Əstəğfürullah... Bu nə sözdür? Biz sizin böyük zəkanızı...

- Mən axmağın yekəsiyəm!

Öz aralarında danışmağa başladılar:

- Necə müthiş zəkası var!

- Simvolik danışır. Özünü qabağa verib bəşəriyyətin halını satirik dillə nümayiş etdirir! - deyə pıçıldaşırdılar.

 

("Damda dəli var" kitabından)

 

Sezen Aksu xatirəsini bölüşür:

 

Əziz Nesin kimi bir dəyərin doğulmasından 100 ildən çox vaxt keçməsi nə qəribədir... Bir çağ... Zamanı necə qabaqlayırdı; hamımızın həyatında hələ də necə yenidir...

Xoşbəxtlikdən sağ ikən bir çox özəl anları paylaşa bilmişik. Sevindirici haldır ki, bunların bəziləri məhz Əziz Nesinin ad günündə baş verib.

Müjdat Gezen məni illər əvvəl 20 dekabr axşamı Əziz Nesinin evinə aparmışdı. Qəribə təsadüfdür ki, onların ad günü Onno (Onno Tunç - bəstəkar və musiqiçi - tərc.) ilə eyni gündədir...

Dərhal qarşısına çıxmadım, gizləndim. Müjdatı görüb çox sevindi, amma bunu göstərməmək üçün zarafatla belə dedi:

- Yahu, harada qaldın, bu saatdan sonra doğum günü olar?

- Amma əliboş gəlməmişəm.

- Nə gətirmisən?

- Nə yox, kim olduğunu soruşarlar.

Həmin vaxt anladım ki, mənim səhnəm gəlir və oxumağa başladım. Təbii ki, çox sevinirdi, uşaq kimi sevinirdi. Biz bunu sonrakı illərdə də təkrarladıq. Həqiqətən unudulmaz idi. İndi onun dəyərini daha yaxşı başa düşürəm. Ona görə də onun anadan olmasını onun cümlələriylə deyil, özü ilə xatırlamaq istədim. Çünki mənim yaddaşımda onun özü ayrıca bir cümlədir... Son dərəcə cəsarətli, həssas, ağıllı və heç vaxt yeri dolmayan, başqası ilə əvəzlənməyən bir cümlə...

 

Hazırladı: Nilufər Hacılı


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!