Gah ürkək, gah qısqanc bir aşiqəm mən... - Puşkin poeziyasından seçmələr

 

 

Aleksandr PUŞKİN

(1799-1837)

 

Dahi rus şairi, nasiri, dramaturqu, publisisti, ədəbiyyat tarixçisi və nəzəriyyəçisi, müasir rus ədəbi dilinin yaradıcısı, rus ədəbiyyatında realizm cərəyanının banisi

 

 

 

Mən sizi sevirdim:

o sevgi bəlkə...

 

Mən sizi sevirdim: o sevgi bəlkə

Könlümdə tamamən sönməyib hələ.

Qıymaram onunla təlaşa çəkəm,

Sizi qəmləndirəm hər hansı vəchlə.

 

Gah ürkək, gah qısqanc bir aşiqəm mən,

Dəlitək sevirəm sizi... çarəsiz.

Belə nəcib, zərif hisslərlə sevən

Kaş həyatda başqa aşiq görəsiz.

 

Gürcü təpələrinə...

 

Gürcü təpələrinə çöküb gecə zülməti,

Çılğın Araqva çayı axıb gedir qarşımda.

Həm qəmli, həm rahatam - içimdə bir işıq var,

Sənsizliyin qüssəsi dönüb durur başımda.

 

Sənə bağlıyam, sənə... Bu ruhi bağlarımı

Heç bir əzab, həyəcan sındıran, əyən deyil.

Qəlbim də eşq oduna ona görə yanır ki,

Ona: "Sevmə!" - deyəni... əsla dinləyən deyil.

 

Ey nəzər muncuğum,

məni hifz eylə...

 

Ey nəzər muncuğum, məni hifz eylə,

Sürgündə,

tövbədə, təlaşda keçən

Günlərdə yardımı, gəl, çox görmə sən -

Çünki dar günlərdən sirdaşsan mənlə.

 

Ümmanda dalğalar belədən-belə

Üstümə şığıyıb, məni yıxanda,

Göylərdən başıma şimşək yağanda -

Ey nəzər muncuğum, məni hifz eylə.

 

Güzarım düşəndə qürbət bir elə,

Möhnət bezdirəndə məni canımdan,

Qanlı döyüşlərə atıldığım an -

Ey nəzər muncuğum, məni hifz eylə.

 

Səni bənzədirəm sirli qəndilə,

Sən - ülvi saydığım şirin yalansan,

Hərdən dəyişsən də, sirli qalansan -

Ey nəzər muncuğum, məni hifz eylə.

 

Ürək yaraların xatirələrlə

Əsla dağlamayaq, deşməyək gərək,

Əlvida, ey ümid, uyu, ey istək -

Ey nəzər muncuğum, məni hifz eylə.

 

Gəlir xatirimə

o tilsimli an...

 

K. üçün

 

Gəlir xatirimə o tilsimli an

Qarşımda sən necə zühur eylədin.

Fərqsizdin görünüb-itən xəyaldan,

Sanki bir gözəllik timsalı idin.

 

Çarəsiz qüssəyə qapıldığım an,

Təlaşla dalanda bir izdihama,

Şux səsin heç getmir qulaqlarımdan,

Zərif cizgilərin girir yuxuma.

 

İllər ötüb-keçdi. Dəli qasırğa

Dəyişdi hər şeyin sırasın, yerin.

Şux səsin çox tanış gəlmir qulağa,

Silinib mələyə xas cizgilərin.

 

Məskənim olunca qaranlıq zindan

Günlərim ötəcək səssiz, sədasız.

Ömür sürəcəyəm eşqdən, imandan,

İlhamdan uzaqda... ahsız-nidasız.

 

Bax, könlüm oyandı şirin məlaldan -

Canlandı gözümdə yenə surətin.

Fərqsizdin görünüb-itən xəyaldan,

Sanki bir gözəllik timsalı idin.

 

Könlüm döyündükcə min bir həvəslə,

Ona bir bəxşişmiş sandım, əlbəttə.

Tanrı da, ilham da, həyat da... hələ

Acı göz yaşı da, eşq-məhəbbət də.

 

Oxuma yanımda,

ey nazənin qız...

 

Oxuma yanımda, ey nazənin qız,

Gürcü nəğmələrin sən qəmli-qəmli.

Onlar canlandırır gözümdə yalnız

Fərqli bir həyatı, uzaq sahili.

 

Sən bu ürəkçəkən oxumağınla

Salırsan yadıma gecəni, düzü -

Canlanır ağlımda, Ay işığında

Əlçatmaz, çarəsiz bir qızın üzü.

 

O afət, şux pəri peyda olan dəm

Mən də unuduram bütün aləmi.

Nəğmən səslənincə... yarı görürəm,

Atır, unuduram dərdi-ələmi.

 

Oxuma yanımda, ey nazənin qız,

Gürcü nəğmələrin sən qəmli-qəmli.

Onlar canlandırır gözümdə yalnız

Fərqli bir həyatı, uzaq sahili.

 

 

Dilimizə çevirdi: Azad Yaşar


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!