Nobelçi İvan Bunindən lirik bir hekayə və bir şeir - Tərcümə

 

Məşhur rus nasiri, şairi və tərcüməçisidir. 1933-cü il üçün ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub.

 

 

3 rubl

Hekayə

 

Həmin axşam kənddən çıxıb, qatarla bizim qəza şəhərinə gəldiyim vaxt saat doqquza yaxınlaşırdı. Hava bürkülü idi, buludlar ucbatından göy üzü bozarmışdı, leysan yağacaqdı. Mindiyim fayton tozanaq qopararaq məni vağzaldan alıb, qaralan çöllərə doğru apardığı anlarda qəfildən arxa tərəfdə nəsə bir işartı yaranınca, önümüzdəki yol bir göz qırpımındaca qızılı rəngə boyandı, haradasa uzaqlarda çaxan ildırımın ardınca yolboyu yüksələn, ulduzlara bənzər toz zərrələrini yatırmaqla, faytonu da döyəcləyən iri damcılı yağış elə başlayan kimi də kəsdi. Bunun ardınca yumşaq torpaq yolu geridə buraxan faytonumuz qurumuş çay üzərindən salınan daş körpü boyu silkələnə-silkələnə irəlilədi. Körpünün o biri başında isə şəhər dəmirçixanalarının mənhus qaraltıları və kəskin metal qoxusu gözləyirdi bizi. Dağa qalxan yolun üstündə toz basmış bir nöyüt lampası yanırdı...

Vorobyova məxsus olan və şəhərin fərli-başlı mehmanxanası sayılan binada həmişəki kimi mənə yataq qismi arakəsmə arxasında yerləşən həmin otağı verdilər. Qoşa pəncərəsinə bəyaz kolenkor (pambıqdan istehsal olunan bir parça növü - A.Y.) pərdələr vurulan bu otağın havası, elə sobanınkı qədər imisti idi. Xidmətçiyə pəncərələri laybalay açmasını, samovar gətirməsini tapşırandan sonra mən əlüstü pəncərənin önünə keçdim, çünki otaqda nəfəs almaq mümkün deyildi. Pəncərənin o üzündə uzanan gözdeşən zülmətdə aramsız şəkildə ildırımlar çaxırdı, bu dəfə mavi rəngə çalan o ildırımların gurultusu sanki dərə-təpələrlə üzüaşağı şütüyürdü. O ara bunu düşündüyüm gəlir xatirimə: bəyəm bu qədər vecəyaramaz və xırda bir şəhər başının üstə bunca misilsiz, mavi şimşəklərin çaxmasına dəyərdimi ki?! Axı ətrafımı bürüyən güclü gurultular gözəgörünməz, tutqun səmanı əməlli-başlı inlədirdi.

Arakəsmənin ardına keçib, pencəyimi soyundum, qalstukumu açdım, o ara samovar qoyulmuş məcməyi ilə xidmətçinin otağa girdiyini və onu divanın qarşısındakı yuvarlaq masanın üstünə taqqıltıyla qoyduğunu da eşitdim. Həmin tərəfə boylanınca, gördüm ki, məcməyidə samovarla yanaşı, yaxalama kasası, stəkan və bulkalar yığılmış nimçə, bir dənə də fincan var.

Soruşdum:

- O fincan nəyə gərəkdir?

Gözlərini bicliklə sağa-sola oynadan xidmətçi dedi:

- Boris Petroviç, orada sizi bir xanım gözləyir axı.

- O kimmiş elə?

Çiyinlərini dartan xidmətçi eyhamla gülümsədi:

- Aydındır da, kimdir. Çox dirəşdi ki, onu içəri buraxım, dedi əgər yaxşı qazansam, sənə bir rubl çaypulu da verəcəyəm. Sən demə, qadın buraya hansı ehtişamla gəldiyinizə şahid olubmuş...

- Belə çıxır ki, o, küçə qadınıdır?

- Hər halda. Əvvəllər belələri bizim məkana baş çəkməzdilər: könlü cuvanəzən çəkən müştərilər adətən biz nökərləri Anna Matveyevnanın yanına göndərərdilər. İndi isə bu qadın öz xoşuyla durub gəlib. Görkəmi də gözəgəlimlidir ha: deyəsən, gimnaziya tələbəsidir.

Qarşıda məni cansıxıcı bir axşamın gözlədiyini xatırlayıb dilləndim:

- Hə, bu, məzəli olar. Burax onu, gəlsin.

Xidmətçi sevincək otaqdan çıxdı.

Mən çay dəmləməyə heç macal tapmamış qapım döyüldü, cavabın gəlməsini gözləmədən iri ayaqlarında kətan və nimdaş çəkmələr, əynində qəhvəyi rəngli gimnaziya paltarı olan, başındakı həsir şlyapanın böyrünə isə bir dəmət süni göyçiçək taxan, boy-buxunlu bir qızın arxayın addımlarla içəri girdiyini görüncə, düzü, təəccübləndim.

Üzünə eyhamlı təbəssüm qonduran qız:

- Buradan keçirdim, ocağınızda bir hovur isinmək istədim, - deyərək, qara gözlərini yana tutdu.

Bütün bu xüsuslar mənim gözlədiyimlə əsla üst-üstə düşmürdü deyə, karıxdım və yersiz sevinc hissiylə qıza belə cavab verdim:

- Xeyli məmnun oldum. Şlyapanızı çıxarıb, əyləşin, birlikdə çay içək.

Bu dəfə pəncərənin o üzündə, həm də lap yaxınlıqda, bənövşəyi rəngdə, həm də adamı hürküdəcək qədər güclü bir ildırım çaxdı. Külək əlüstü otağa dolduğu üçün, həm də qapıldığım utancaqlığı qismən yenməkdən ötrü tez yerimdən durub pəncərələri qapadım. Geri qanrıldığım zaman qız artıq şlyapasını çıxarıb divanda əyləşmişdi, günəşdə qaralan uzun əliylə özünün qısa kəsilmiş saçlarını geriyə atmaqdaydı. Şabalıdı rəngli saçları gur, almacıq sümükləri isə xeyli qabarıq idi, üzünü çil basmışdı, dolğun dodaqları yasəməni rəngə çalırdı, tünd gözlərindən isə dərin bir qətiyyət yağırdı. Pencəyimi soyunduğuma görə, sırf məzə olsun deyə, üzrxahlıq eləməyə hazırlaşırdım ki, qız məni quru-quru süzərək, maraqlandı:

- Mənə nə qədər pul ödəyəcəksiniz?

Yenə də özündən arxayın biri kimi dilləndim:

- Bu barədə bir razılığa gələrik! Gəlin, əvvəl çayımızı içək.

Qız ötkəm şəkildə bildirdi:

- Yox, mən şərti şumda kəsmək istəyirəm. Üç manatdan az götürmürəm.

Bayaqkı arxayınlıqla cavab verdim:

- Üç deyirsinizsə, üç olsun da.

Qız tam ciddiyyətlə soruşdu:

- Zarafat etmirsiniz ki?

- Əsla, - deyib, qət elədim: "Bunu çaya qonaq edim, üç rublunu ödədikdən sonra yola salım, getsin".

Qız köks ötürdü, gözlərini qapayıb, başını divanın arxalığına söykədi. Qanı qaçdığı üçün yasəməni rəngə çalan dodaqlarına nəzər salanda mən onun ac olduğu qənaətinə gəldim, əvvəl bir fincan çayı və bulka qoyulan nimçəni qıza uzatdım, sonra isə keçib divanda əyləşərək, onun əlinə toxundum:

- Buyurub, yeyin.

Gözlərini açan qız yeyib-içməyə başladı. Onun günəşdən qaralan əllərinə, daima enik halda olan kirpiklərinə baxdıqca düşünməyə başladım ki, düşdüyüm bu durum getdikcə lap qəlizləşir. Odir ki, soruşdum:

- Yerlilərdənsiniz?

Bulkadan bir dişləm, çaydan isə bir  qurtum alan qız başını buladı:

- Yox, uzaqlardan gəlmişəm...

Və təkrar susdu. Sonra dizinin üstündəki qırıntıları çırpdı və mənə tərəf baxmadan yerindən qalxdı:

- Gedib soyunum.

Bu fikir məndən ötrü daha gözlənilməz oldu: nə isə deməyə cəhd göstərdiyim an qızın hökmlü səsi sözümü ağzımda qoydu:

- Qapını açarla kilidləyin, pəncərədəki pərdələri isə aşağı salın. Mən arakəsmənin arxasına keçirəm.

İxtiyarsız bir üzüyolalıqla, tələm-tələsik pərdələri endirdim, onların ardında durmadan çaxan ildırımlar da sanki o ara otağa boylanmağa can atdılar - onlar daha betər şəkildə guruldamaqla yeri-göyü inildətdilər. Sonra giriş qapısına taxılan açarı burdum, bütün bunları niyə etdiyimi hələlik bilməsəm də, hazırlaşırdım ki, indicə arakəsmənin arxasına keçib, zorakı bir təbəssümlə hər şeyin zarafat olduğunu ona deyim, ya da başımın hədsiz ağrıdığını bəhanə gətirim. Ancaq qız arakəsmənin digər üzündən uca səslə dedi:

- Gələ bilərsiniz...

Bu dəfə də ixtiyarsız olaraq deyilənə əməl eləməklə, arakəsmənin arxasına keçdim. Artıq yataqda uzanan qız yorğanı ta çənəsinə qədər çəkərək, qara gözlərindəki çılğın baxışlarla məni süzürdü və taqqıldayan dişlərini bir-birinə sıxmışdı.

Çaşqınlıqdan özümü xatırlamadığım və artıq ehtirasa qapıldığım üçün yorğanı onun əllərindən çəkib, dartdığım an qızın qısa və nimdaş gecə köynəyinə bürünən bədəni gözlərim önündə açıldı. Çılpaq qolunu irəli uzatmaqla, çarpayının baş ucundakı taxta kürəciyi dartması ilə onun işığı söndürməsi bir oldu...

Sonra mən qaranlıqda və açıq pəncərə qarşısında dayanıb, çılğınca siqaret tüstülətdim, leysan yağışın şırıltısına qulaq verdim; yaxın məsafədə bənövşəyi rəngli, gözqamaşdırıcı və qəfil şimşəklərlə, habelə uzaqda çaxan ildırımlarla müşayiət olunan yağış zülmətə qərq olan ölü şəhərin üstünə bir sel misalı yağır, tökülürdü. Mən durmadan düşünür, şəhərin son bir gün ərzində qalıb, ağırlaşan havasını öz təravətiylə yüngülləşdirən yağışın rayihəsini öz ciyərlərimə çəkirdim. Həqiqətən də, bu - anlaşılmaz bir qarışım idi: zavallı, ucqar bir bölgənin havası ilə göylərin bizlərə rəva bildiyi, gurultulu və gözləri kor edəcək qədər güclü parıltılar fonunda leysan yağırdı...

Hər şeyə rəğmən, mən hələ də bir məqamı anlaya bilmir və dəhşətə qapılırdım: axı nə səbəbdən bu qadına ürcah oldum və o, nə üçün öz bəkarətini vur-tut üç rubla satmaq qərarına gəlmişdi axı?! Hə, hə, məhz bəkarətini!

Həmin dəm o, mənə səsləndi:

- Pəncərəni örtün, baş-qulağım getdi, sonra isə yanıma gəlin.

Qaranlıq otaqda arakəsmənin ardına keçib, yataqda əyləşdikdən sonra onun əlini tapıb öpdüm və dedim:

- Bağışlayın məni, bağışlayın...

Qadın soyuqqanlı tərzdə soruşdu:

- Yəqin, siz düşünmüşdünüz ki, mən əsl küçə qadını olmaqla yanaşı, həm də hədsiz düşük və ya yelbeyin biriyəm, eləmi?

Tələsik cavab verdim:

- Yox, yox, mən sizi yelbeyin yox,  təcrübəsiz biri sanmışdım. Hərçənd bəzi işrətxanalarda cavan qızların məhz gimnaziya formasında öz müştərilərinin qarşısına çıxdığından agah olduğunuzu da düşünmüşdüm.

- Niyə ki?

- Bu sayədə onlar guya daha məsum və cazibədar görünürlər.

- Yox, mən bunu bilmirdim. Heç başqa paltarım da yoxdur. Mən gimnaziyanı bu yaz bitirmişəm. Bunun ardınca qəflətən atam vəfat elədi, anam isə çoxdan dünyadan köçmüşdü. Əslən mən Novoçerkasskdanam, bir tanışımızın vasitəçiliyi ilə iş tapmaqdan ötrü durub buralara gəlmişdim. Onun evində məskunlaşdım, ancaq sonradan namusuma sataşmaq istədiyini görüncə, ona əl qaldırdım və şəhər parkındakı skamyalarda gecələməyi daha üstün tutdum... Bu gün sizin evə üz tutarkən də xəcalətdən öləcəyimi düşünürdüm. İçəri girəndən sonra isə məni başdan etmək istədiyinizi anladım.

Dedim:

- Hə, mən çaşqın bir vəziyyətə düşmüşdüm. Sırf darıxdığıma görə içəri girmənizə razılıq vermişdim: axı mən küçə qadınlarından adətən uzaq dururam. Düşündüm ki, indicə otağıma məlum küçə qızlarından biri girəcək, çaya qonaq edib, söhbətləşməklə, onunla məzələnəcəyəm, sonra isə dilxoşluq üçün cibinə iki-üç rubl basacağam və o da çıxıb gedəcək...

- Ancaq onun əvəzinə qarşınıza mən çıxdım və ta sonuncu dəqiqəyə qədər o üç rubla yiyələnmək fikrini ağlımdan heç cür çıxara bilmədim. Ancaq nəticə heç gözləmədiyim bir şəkil aldı və mən bunun niyə belə olduğunu heç özüm də anlamıram...

Elə mən də bundan heçcə nə anlamırdım; pəncərələri ardında leysan yağış şırıldayan bu qaranlıq otaqdakı yataqda, böyrümdə hələ də adını bilmədiyim, Novoçerkassk şəhərindən gəlmiş gimnaziya tələbəsi uzanmışdı... və ona bəslədiyim hisslər anbaan, həm də izaholunmaz bir şəkildə artır, güclənirdi...

Çətinliklə də olsa, dilləndim:

- Nəyi anlamırsınız axı?

O, cavab vermədi. Qəfil işığı yandırdığım an onun yaşla dolu, qapqara gözləri parladı gözlərim önündə... Titrəyərək yerində dikələn qız alt dodağını dişlədi və üzünü çiynimə söykədi. Başını geri atmaqla, onun göz yaşlarından islanan, iztirabdan əyilmiş dodaqlarından bir busə aldım, çiyinlərindən sürüşüb düşməyə hazırlaşan nimdaş gecə köynəyinə bürünmüş iri şaqqalı əndamını qucdum; o ara qızın toza bulaşan o əsmər pəncələrini də sonsuz zərafət və mərhəmət hissiylə süzdüm...

Sonra otağımız səhər günəşinin qapalı pərdələrdən süzülən şüalarına qərq oldu və biz birlikdə dəyirmi masanın yanındakı divanda əyləşib söhbətləşdik. Qız necə acmışdısa, dünən axşamdan süfrədə qalan soyuq çayı içdi, öz yarımçıq kökəsini bitirdi: o ara biz bir-birimizin əllərini öpməyə hələ də davam edirdik.

Qız həmin mehmanxanada qaldı, mən isə kəndə baş çəkib, geri döndüm və birisigün birlikdə Mineralnıye Vodı bölgəsinə yollandıq.

Payızı Moskvada qalmaq istəsək də, nəinki payızı, hələ qışı da Yaltada keçirməli olduq: o, hərarətdən alışıb-yanır və öskürürdü deyə, otaqlarımız kreozotun (ağacdan və ya daş kömürdən əldə edilən, kəskin qoxulu və yağlı mayenin - A.Y.) qoxusuna qərq olurdu...

Yazda isə mən onu qara torpağa tapşırdım.

Yaltadakı o qəbiristanlıq yüksək bir təpədə yerləşir. Oradan əngin dənizə geniş bir mənzərə açılır, şəhərə doğru isə xaçlar və məzarüstü abidələr uzanır. Onların arasında, əlbəttə ki, mənim könlümə əziz sayılan o insanın məzarı üstə də ağ mərmərdən bir xaç ucalır. O xaçı nə vaxtsa görmək fürsətim daha qalmayıb, çünki mərhəmətli Tanrı məni bu iztirabdan tamamən xilas edibdir.

 

 

"Axşam təsadüfən rastlaşdıq tində..."

 

Axşam təsadüfən rastlaşdıq tində.

Mən yeyin gedirdim, qadın o ara

Qara kirpiklərin süzdürmək ilə

Meydan oxuyurdu qaranlıqlara.

 

Əynində xəfif bir don vardı onun,

Yaz mehi o donu oynatdı qəfil.

Ardınca üzündə, yanan gözündə

Keçmiş işvələri sezdim elə bil.

 

Şux tərzdə mənə baş tərpətdiyi an

Rüzgardan üzünü yana tutmuşdu.

Sonra gözdən itdi... Bahardı artıq...

Məni bağışlamış və unutmuşdu.

 

 

Tərcümə: Azad Yaşar


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!