Aqi Mişol
Aqi Mişol 1947-ci ildə Macarıstanda dünyaya göz açıb. 1950-ci ildə ailəsi ilə birlikdə İsrailə köçüb. Tam ali təhsilini Yerusəlim İbrid Universitetinin Ədəbiyyat fakültəsində başa vurub.
İlk poeziya nümunələri 1972-ci ildə işıq üzü görüb. 2003-cü ildən bəri ondan çox şeir toplusu çap edilib. Şeirləri alman, ingilis, fransız, portuqal, ispan dillərinə tərcümə olunub. "Prime Minister Award", "Dulitzki Award", "Harry Hirshorn Award", "Amichai Poetry" ədəbi mükafatları qazanıb.
Sanır ki, möcüzədir
Bütün şeytani anti-qəhrəmanlar
beynində həbs olunsalar da,
hisslərinin tarlasında at oynadırlar.
Tənhalığına əl basıb and içsə belə,
yenə də söz özündən düşəndə kəlmə kəsmir,
heç dərdini də dilə gətirmir
və bu ona möcüzə qədər mümkünsüz görünür.
Əli yaxşı gətirəndə gecə-gündüz baş sındırır,
əgər biz onun yerinə bircə saat düşünsək,
qənaətimiz o olacaq ki,
bu dünyada canımızdan özgə
heç nəyimiz yoxdu.
Özünə də münasibəti belədi:
bədəni nəfəsi gedib-gələn ət yığınıdı.
Ona görə də könülsüz qəbul edir:
həm telefonun kəşfinə səbəb olan düşüncəni,
həm də həyatı var edən yaşam sirrini.
Qadının yatağında
Özünəvurğun və "mənəm-mənəm" deyən
tovuzquşu kimi cilvələnib
şəstlə hünərini göstərəndən sonra
yataqda düşüncələrə dalanda,
Markusun məşhur deyimini xatırladan fikrim
səsə çevrilib titrəyəcək tavanda:
Qarşına ləziz bişirilmiş ətlər
və min cür təamlar düzüləndə
bir anlıq gözünü yum və təsəvvür elə:
boşqabındakı o balıq
sadəcə bişirilmiş balıq leşidir,
ət isə, Allah bilir, hansı tövlədə leşə dönmüş inəyin,
ya da donuzun cəmdəyidi.
Florensiya şərabı kimi
bəh-bəhlə gözə soxulan o içki isə
hayana fırlatsan da, üzüm suyudur.
Ecazkar yataq həzzi nədir ki guya:
iki bədənin gərgin titrəməsi
və sonu axıntı ilə bitən sürtünməsi.
Qeybdən gələn səs
Sübh çağı
paltar ipindən sallanan
çəhrayı bir mələk gördüm.
Və bir qədər aşağıda
onun yellənən qolunu qamarlamaq
istəyən bir pişik balası...
Nişan qoyulmuş quş
Ayağına nişan qoyulan quş
nişan üzüyü barmağında
bütün günü dolanır ətrafımda.
Sanki kimsə dərinə gedib öyrənəcək
keçmişini, dünənini.
Əcdadlarının yuva qurub-qura
bilməmək fərasətini,
və ən əsası bu vərdişin ona
ana südü ilə ötürülüb-ötürülmədiyini.
Təxəyyülün interyeri
Burada, - beynimin içində
ruhumu sakitləşdirən
yamac və düzənliklər olduğunu xəyal edirəm.
Burada musiqi mərkəzi dinləyərək gəzmək gözəldi.
Gedirəm obaş-bubaşa...
Sürətlə gedərkən çubuq götürürəm
və nar ağaclarının yanından keçəndə
birini parçalayıram...
Bunları düşünəndə
özümü quş kimi hiss edirəm.
Bu səhər yükümü yüngülləşdirən səbəblərin sırasına
Billi Holideyin nəğməsini də əlavə etdim.
Gərək təxəyyülüm rəngarəng və zəngin olsun.
Çünki yamanca tənhayam.
Günorta yuxusu
Günorta yuxumu almaq üçün uzanan kimi
gombul pişiyim gəlib qarnımın üstünə sərələnir.
Qarnını qarnıma o qədər sürtür ki,
hüceyrələrimiz bir-birinə qarışır.
Qarnım bu sürtünmədən elə qızışır ki,
başa düşmürəm səbəb
öz sürətlənən qan dövranımdır,
yoxsa onun damarda durmayan qanı?
Bütün bunlar bir yana,
bu yorğun vaxtımda
belə şeyləri düşünmək
həsrət qoyur məni yuxuya.
Əmir OR
Əmir Or Təl-Əvivdə dünyaya göz açıb. Şair-tərcüməçi kimi tanınan Ə.Or Yerusəlim İbrid Universitetində Fəlsəfə və müqayisəli din fakültəsinnin məzunu olub. Yeddi şeir toplusunun müəllifidir. Şeirləri 30-dan çox dilə tərcümə edilib, Polşa, Rumıniya, Fransa, İrlandiya və Makedoniyada şeir topluları işıq üzü görüb. Əmir Or eyni zamanda poeziya, klassik sənət sahələri, din elmləri üzrə bir çox məqalələrin müəllifidir. Özünün təsis etdiyi "Sha'ar İnternational Poetry Festival"ın icraçı katibi, "Helicon" Poeziya məktəbinin direktoru və BMT tərəfindən maliyyələşdirilən "Poets for Peace" mükafatının regional koordinatorudur.
Xülasə
Həmləyə hazır pələng kimisən,
bəzənib-düzənmisən
zinaya "gəl-gəl" deyən əyin-başını.
Morfin kapsulları ilə dolu
yaralarının dərinliklərinə baş vursam,
səninlə insana dözülməz ağrılar çəkdirən
vəba da gözəl təsir bağışlayardı.
Haçansa qopsa yaralarının qaysağı
sıçrayan qanın çərçivələrə dəyib alovlanardı
və göyün bütün qatlarını aşardı,
sonuncu yağış kimi ələnərdi yer üzünə.
İndi isə ruhumun dumanlı beyninə
nəhayətsiz bir alov yayılır.
Ki, onunla bütün səmanı bələmək olar.
Hətta çərçivəni qırıb xatirələri sahmana salmaqçün
yeri gəlsə, bədəl də ödəmək olar.
Həmləyə hazır pələng kimi
bircə cəhdlə soyundururam
zinaya "gəl-gəl" deyən
və gözqamaşdıran pal-paltarını...
Ölümsüz
Üç aşpaz özünə əl qatdılar:
içi çıxarılan ilbizləri,
göbələkləri doldurdular.
On iki yumurtanın sarısı ağından ayrıldı,
masaya bir şüşə ispan şərabı qoyuldu.
Yeməyə on iki diş sarımsaq,
duz, istiot, qurudulmuş otlar qatıldı,
dadlı olsun deyə, bir kilo da kərə yağı vuruldu.
Qarşılarında dəqiq yemək resepti olsa da,
öz bacardıqları qədər ağıllarını
və yeniliklərini də əlavə etdilər.
Üç saata hazır olacaq yemək
axır ki, bişməyə qoyuldu.
Ağ süfrə salınmış masaya qırmızı şamlar,
göyərti salatı və şampan düzüldü.
Mən nə deyə bilərəm?
Boğazdan yuxarı danışmamaq şərtiylə
dilinə ürək sözlərini deməyə ixtiyar verdi.
Necə ki, gündəlik həyatında da
ağzından daşmazdı mədhiyyələr.
Aşpazın işinin tərkibi
ətdən, qandan, sümükdən ibarətdi:
Cansız, dadlı və ürəklərə yol tapan...
Bir parç pivə
"Mükəmməl cinayətin səbəbə ehtiyacı yoxdur.
Mükəmməl cinayət üçün qüsursuz hədəf lazımdır.
Əlbəttə, Auşçits düşərgəsində
yaşanan hadisələri söylədiklərimlə bir tutmuram" - dedi.
Sonra isə gözlərini qurtumladığı
pivənin köpüyünə zilləyərək sözünə davam elədi:
"Mükəmməl cinayət eşqdir.
mükəmməl cinayət mükəmməlik arzusunda deyil,
o, sadəcə eşq kimi əlindən gələni əsirgəməməyə çalışır.
Bir insanı boğazlayıb bütün gücünlə kələyini kəsməkçün
əlləşdiyinin saniyələr də əbədiyyət kimi nəhayətsizdi.
Yaşamaq həmin anda belə əbədiyyətin bir parçasıdı.
Əllərimə yapışan əllərin qiyamı,
soyuq bədəndən süzülən tər,
yavaş-yavaş çabalamağı kəsən
çəkmələrin titrəyişləri necə zərifdir.
Bu da başqa bir nəhayətsizlikdi...
"Hələ çıxmayan" can belə əbədiyyətdir.
Mükəmməl cinayət
qurbanının azadlığının bir damlasını belə
hədər getməyə qoymur -
ac körpənin dodaqları kimi hamısını sovurur.
Necə ki, indi mən illər sonra daddığım bu pivənin
köpüyünün hər damcısını gözümə təpirəm.
Necə ki, sən bir qatilin etiraflarındakı dəhşəti
acgözlüklə, ən xırda detalınacan qeyd edirsən.
Tərcümə: Fərid Hüseyn
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!