Türkiyənin İzmit şəhərində doğulub böyüyən yazar, şair Dəniz İnanın "Üzbəüz evin anası" ("Karşı evin annesi") adlı şeiri 2019-cu ildə Avropada ən yaxşı Türk Şeiri mükafatına layiq görülüb.
İngilis dilinə "The Mother Across The Street" adı altında şair Sevim Devrim tərəfindən tərcümə edilərək Rumıniyada təşkil edilən Beynəlxalq Ədəbiyyat Festivalına təqdim olunan şeir 2018-ci ildə Türkiyədə "İsmət Kamal Qaradayı Şeir və Şərəf Mükafatı"nı da qazanıb.
Gənc yazar Dəniz İnan "Eşqin Nü halı", "Qırxyama", "Bənövşəyi zirzəmi" adlı kitabların müəllifidir.
Şeirin dilimizə uyğunlaşdırılmış variantını təqdim edirik.
Sən iki tərs, bir düz incikliklər toxuyarkən beş nömrəli milçəylə
Yumşaq kakaolu kekslər bişirərdi üzbəüz evin anası.
Qısqanardım.
Mətbəxində olmayan qidalardan xəbərsiz
Dişlərimin arasına hirslərimi yığıb sıxardım.
Bilməzdim, ana
Üzbəüz evin atasındaymış məsələ,
Bunu görməzdim.
Həmişə başın ağrardı,
Başın ağrardı həmişə.
Sırf buna görə bəzən
Səni sevməzdim.
Balacaydım, ana
Bilsəydim evində su pulu ödənməyib
Əlüzyuyandan axmayan suya
Üsyan etməzdim.
Sən iki vur ikinin dörd etdiyini çörək hesabından bilərkən
Ətir qoxan paltarlar sərərdi ipə üzbəüz evin anası
Qibtə edirdim.
Əllərindəki yuyucu toz qoxusundan narahat
Uşaqca inciklik qatardım gecələrimə
Halbuki əllərin saçlarımdan ruhuma axarmış
Titrəyən barmaqların həyatımı incələrmiş.
Bilməzdim, ana
Böyümək deyilən xəstəlik qapımı döyənədək
Əllərinin nə möhtəşəm olduğunu bilməzdim.
Balacaydım, ana
Yoxsa
İki gündən bir partlayan sarı lampanı
Şamla yamayacaq qədər böyük ürəyini
əzəcək qədər əzilməzdim.
Sən koldan süpürgəylə süpürərkən qapının ağzını
Təzəcə boyanmış saçlarını yelləyərək gəzərdi üzbəüz evin anası
Ayağında dikdabanlı üsyanla
İndi fikirləşirəm ki,
O dikdabanlar üstündə sən dursaydın necə olardı?
Sənin çatlamış dabanların vardı, ana.
Hacı Şakir qoxardın ən ağından
Namnazik şalınla gizlədərdin
Öləndə hər teli bir ilana çevriləcək sandığın qızılı saçlarını.
Təzəliklə başa düşmüşəm, ana
Ağaran hər saç telindən üstümə düşən payımı.
Uşaqdım, ana
Bir velosipedim olsa, bütün xoşbəxtliklər mənim olardı.
Atam evə sərxoş gəlib, gec gəlib
Səhər mən evdən çıxanda hər şey yaddan çıxardı.
Bilməzdim, ana
Üzbəüz evdən artıq qalan çanta-çanta paltarlar
Üstümüzə biçilmiş kimi olarkən
Ruhuna əzab olub axarmış
Bilməzdim, mənim anam göz yaşlarıyla
Hər bayram ərəfəsində
Vitrinlərə baxarmış.
Sən mənim məktəbə hazırlıq dərslərimi
qardaşımla heca-heca oxuyarkən
Telefonu kəşf etmişdi, üzbəüz evin anası
Bilsən, necə cahil, görməmişdin gözümdə
Yandır desələr yandırardım o dəqiqə dünyanı
Yıx desələr
Nə bu köhnə divan qalardı,
Nə çiçəkli pərdələr.
İndiki ağlımla, ah soruşsalar bircə dəfə məndən
Desəm,
O tərtəmiz günlərim
Hanı, indi hardadılar?
Mən ay sonuna necə çatdıracağam?
Hesablamalar apararkən bir gün
Oğlum təngnəfəs içəri girdi
Yumşaq kakaolu kekslər bişirib, dedi, üzəbüz evin anası.
Çox gec anlayır insan, ana
Öz anasını belə,
Öz anasını belə.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!