Virciniya VULF (1882-1941) – Əsl adı Adelina Virciniya Stiven olan britaniyalı şairə, romançı, tənqidçi, novella ustası, naşir, esseçi və feministdir.
"Əziz Sessi Millerə". Gilbert Klendon arvadının yataq otağındakı qrim masasının üstündə, bir ovuc üzük və yaxa sancağı arasından götürdüyü mirvari qaşlı yaxa sancağına bağlanmış kartda yazılan cümləyə göz atdı: "Əziz Sessi Millerə. Sevgilərlə".
Böyük diqqət Ancelaya xas olan cəhət idi, hətta öz katibəsi Sessi Milleri də unutmamışdı o. Gilbert Klendonu təkrar fikir götürdü, çünki arvadının bunları bu şəkildə qoyması hər halda ona qəribə gəlirdi: qadın hər rəfiqəsi üçün, kiçik də olsa, xüsusi hədiyyə ayırmışdı.
Sanki əcəlinin yaxınlaşdığı ürəyinə damıbmış. Bundan altı həftə əvvəl evdən çıxanda, Pikkadilli küçəsində səkidən hərəkət zolağına tərəf keçərkən maşının təkərləri altına düşənə qədər qadın tamamilə sağlam idi.
İndi ev sahibi Sessi Millerin gəlişini gözləyirdi. Evlərində uzun illər çalışan bu qadının xüsusi diqqətə layiq olduğunu düşündüyü üçün bu gün onu evlərinə dəvət eləmişdi. Qadının gəlişini gözləyərkən istər-istəməz düşündü: "Hər şeyə rəğmən, Ancelanın bütün əşyaları məhz bu şəkildə qoyub getməsi hər halda qəribədir". Xatirə olsun deyə, bütün rəfiqələrinə nə isə ayırmışdı mərhumə. Bu üzük və sırğaların, Çin mücrülərinin (hər cür mücrü və sandıqçalara bayılırdı axı o) hərəsi onun bir həmdəmi üçün nəzərdə tutulmuşdu. Bu əşyaların hər biriylə bağlı Gilbertin könlündə bir xatirə vardı. Bax, bunu o özü xanımına bağışlamışdı. Bu yaqut gözlü, mina qata malik delfini isə xanımı Venesiyanın dar dalanlarından birində bəyənib, almışdı. Onu görərkən xəzinə tapıbmış kimi üstünə cummuş, hətta o ara sevincdən çığırmışdı da. Şəxsən ərinə isə qadın, əlbəttə, gündəliklərini çıxmaq şərtiylə, heç nəyi miras qoymamışdı. Yaşıl rəngli tumac dəriylə üzlənmiş on beş dəftər indi kişinin arxa tərəfindəki masada üst-üstə yığılmışdı. Evləndikləri vaxtdan bəri arvadı hər il gündəlik tutmuşdu. Hətta bu gündəliklər ucbatından ər-arvad arasında, adına mübahisə deməyək, xəfif incikliklər də yaşanmışdı. Əri otağa girdiyi an yazdığı gündəliyi xanımı adətən ya örtər, ya da əliylə səhifəni qapayaraq deyərdi: "Yox ki yox... Mən öləndən sonra... oxuyarsan bəlkə". Budur, indi də xanımı miras payı kimi ona gündəliklərini qoyub gedib. Halbuki arvadından çox yaşayacağını kişi heç ağlına da gətirməzdi. Əgər o qəza anında arvadı nəyi və niyə etdiyini anlasaydı, çox yəqin, indi həyatda olardı. İstintaq vaxtı sürücü ifadəsində demişdi ki, səkiylə gedən qadın qəfildən özünü maşının altına atdığından... əyləcə basmağa macal tapmayıb...
Dəhlizdə yüksələn səs-küy kişini öz fikir aləmindən ayırdı. Xidmətçi qadın xəbər verdi:
- Miss Miller gəlib, ser.
Qadın otağa daxil oldu. İndiyədək ev sahibi bu qadınla nə təkbətək görüşmüşdü, nə də onu belə, yəni göz yaşları içində görmüşdü. Qadının bu cür yasa batması başa düşülən idi, çünki Anjela sayəsində özünə təkcə çörəkpulu qazanmırdı, həm də onunla dostlaşmışdı. Otursun deyə, qadın üçün kreslo çəkən Gilbert Klendon düşündü ki, əslində bu xanım arvadının qalan rəfiqələrindən heç nə ilə fərqlənmir. Bu Sessi Miller kimi, yəni qarapaltarlı, qaraqabaq və portfel daşıyan qısaboylu qadınlar minlərlədir. Ancaq hədsiz dərəcədə həssas olan Ancela Sessi Millerdə misilsiz özəlliklər kəşf eləmişdi: axı o, həmişə öz yerini bilirdi, nəzakətliydi, ona inanıb, ürəyini aça bilərdi və sair və ilaxır.
Bir müddət miss Miller kəlmə kəsəcək halda olmadı. Eləcə oturub, dəsmalla gözlərini qapadı. Sonra birtəhər özünü ələ aldı və dedi:
- Üzr istəyirəm sizdən, mister Klendon.
Kişi də bu məzmunda nələrsə mızıldandı: "Düşdüyünüz durumu anlamaq çətin deyil. Çünki xanımımın sizinlə necə səmimi olduğunun fərqində idim".
Otağa göz gəzdirən qadın dilləndi:
- Bu evə elə öyrəşmişdim ki.
Sonra onun baxışları ev sahibinin arxa tərəfindəki masaya dikildi. Bu masa arxasında o, Ancela ilə baş-başa verib, işləyərdi. Tanınmış siyasi xadimin xanımı olduğu üçün Ancelanın çiyinlərinə bəlli bir yük düşməkdəydi və ərinin karyerada yüksəlişi zamanı onun başlıca köməkçisi məhz arxasındakı qadın idi. Gilbert bu iki qadını həmişə bir arada görərdi: Sessi yazı makinası arxasında əyləşib, ev sahibəsinin diktə etdiyi mətni yazardı. Yəqin, elə indi miss Miller də istər-istəməz o anları xatırlayır. İndi artıq arvadının miras qoyduğu yaxa sancağını ona təqdim eləmək qalır. Əlbəttə, sən deyən də yerinə düşən bir hədiyyə sayılmaz bu. Bəlkə də onun əvəzinə qadına bir miqdar pul və ya yazı makinasını hədiyyə eləmək daha uyğun sayılardı. Ancaq neyləmək olar, mərhumə özü karta belə yazmışdı: "Əziz Sessi Millerə, sevgilərlə".
Sancağı qadına təqdim eləməzdən öncə kişi əvvəlcədən hazırladığı qısa nitqi də dilə gətirib vurğulayır ki, qadının bu hədiyyəni layiqincə dəyərləndirəcəyindən əmindir, çünki xanımı onu böyük şövqlə yaxasına taxardı...
Sancağı alan miss Miller də əvvəlcədən cavab nitqi hazırlayıbmış kimi bildirir: rəfiqəsinin hədiyyəsi onun üçün əvəzsiz bir yadigar olacaq...
O ara ev sahibi düşünür ki, yəqin, qarşısındakı qadının geyimləri arasında hər halda bu yaxa sancağına uyğun bir qiyafə tapılar. İndi qadının əynində qapqara paltar var idi və bu, bir növ eyni işdə çalışanların xidməti geyimi sayılırdı. Sonra isə düşündüm ki, qadın yas saxladığından belə geyinib, çünki bu yaxınlarda onun da başına müsibət gəlib: əziz-girami qardaşı Anceladan bir, ya da iki həftə əvvəl həlak olub. Deyəsən, hansısa qəzada. İndi dəqiq xatırlamır, ancaq Ancela bununla bağlı ona nələrsə demişdi. Son dərəcə həssas biri olan Ancela da o ara hədsiz dərdə-qəmə batmışdı.
Bu vaxt Sessi Miller yerindən qalxır. Əlcəklərini taxmağa başlayır. Yəqin, burada çox ləngiməyə gərək duymur. Ancaq gələcək planları barədə bir-iki kəlmə kəsmədən kişi onu buraxa bilməz axı. Nə düşünür? Bir köməyə-filan ehtiyacı varmı?
Qadın dalğın halda arxasında saatlarla oturduğu o masanı, onun üstündəki yazı makinasını, gündəlikləri süzməkdəydi. Ancela ilə bağlı xatirələrə daldığından o, kişinin verdiyi sualları cavabsız buraxdı, sanki onların məğzini heç anlamamışdı.
Kişi sualını təkrarladı:
- Miss Miller, gələcəklə bağlı hansı planlarınız var?
Qadın narahat və uca səslə:
- Planlar? O-o, mister Klendon, hər şey yolundadır! - dedi. - Məndən dolayı he-e-ç narahat olmayın.
Qadının sözlərindən belə məlum oldu ki, hər hansı maddi sıxıntı çəkmir. Kişi bununla bağlı məqamları bir məktubla öyrənməyin daha doğru olacağını düşündü. Odur ki, indi, qadının əlini sıxarkən sadəcə:
- Miss Miller, nə vaxt sizə bir köməyim dəyə bilərsə, buna həmişə hazır olduğumu əsla unutmayın... - deməklə kifayətləndi və qapını açdı. Bir saniyəliyinə qadın duruxdu, sanki qəflətən nəyi isə xatırlamışdı.
Bayaqdan bəri ilk dəfə kişinin düz gözlərinin içinə baxan qadının baxışlarındakı canıyananlıq qarışıq maraq hissi mister Klendonun nəzərindən yayınmadı. Qadın sözünün ardını gətirdi:
- İndi və ya gələcəkdə hər hansı məsələdə bir köməyimə ehtiyac duysanız, unutmayın ki, sırf xanımınızın xatirinə bunu yerinə yetirməkdən elə mən də məmnunluq duyaram...
Bunu deyib, qadın evdən çıxdı. Ayrılarkən dediyi sözlər və baxışlarındakı ifadə kişini xeyli heyrətləndirdi, sanki o, bu köməyə gərək duyulacağını bəri başdan bilirdi. Kişi otağa qayıtdığı vaxt ağlında məzəli, bəlkə də fantastik sayılacaq bir fikir doğdu. Bəlkə o romanlarda yazıldığı kimi, bu qadın da ötən illər uzunu ona gizli rəğbət və bağlılıq hissi bəsləyirmiş?
Aynanın önündən keçərkən baxışları öz əksinə sataşdı. Yaşı əllini aşsa da, güzgünün şahidliyinə əsasən, onun hələ də yetərincə gözəgəlimli bir kişi olduğunu danmaq haqsızlıq olardı. Odur ki, məzələnərək dedi:
- Zavallı Sessi Miller!
Kaş indi arvadı sağ olaydı, bax, onda bu zarafata hər ikisi uğunub, gülərdi. İxtiyarsız olaraq kişi əlini arvadından miras qalan gündəliyə uzatdı. Təsadüfən açdığı bir səhifədə yazılmışdı: "Gilbert hədsiz cazibədar görünürdü". Sanki bu cümlə ilə arvadı onun bayaqkı sualını cavablandırmış və demişdi ki: "Hə, hə, sən həqiqətən cazibədar bir kişisən". Əlbəttə ki, bayaq Sessi Miller də bunun fərqindəydi.
Sonrakı sətirləri oxudu:
"Onun arvadı olmağımla necə də öyünürəm". Əri də həmişə elə bir arvadı olmasıyla fəxr edərdi. Qonaqlıqlar zamanı masanın o biri cinahında oturan xanımını süzərkən adətən öz-özünə etiraf edirdi ki, onun arvadının bu məclisdə tayı-bərabəri tapılmaz!
Oxumağa davam elədi. Birinci gündəlik onun parlamentə ilk dəfə seçildiyi ili əhatə edirdi. O vaxt bu ər-arvad birlikdə bütün əyaləti dolaşmışdı: "Gilbert yerinə keçib əyləşəndə gurultulu alqışlar qopdu. Bütün iştirakçılar yerlərindən qalxmaqla, ayaq üstə: "Əcəb qiyamət oğlandır" mahnısını oxudular. Mən bundan tamamən sarsılmışdım". Hə, o səhnəni kişi də unutmamışdı. Xanımı səhnədə, onun böyründə əyləşmişdi. Arvadının ona dikilən heyranlıq dolu baxışları, yaşaran gözləri hələ də kişinin xatirindəydi. Bəs sonra?
Bir neçə səhifəni də çevirdi. Venesiyaya səfərləri barədə qeydlərə çatdı. Seçkilərdən sonrakı bu səfərləri xeyli unudulmaz olmuşdu: "Florianın dükanında dondurma yedik". Kişinin üzünə təbəssüm qondu - xanımı lap uşaq qədər saf idi, çünki dondurma yeməyə bayılırdı. "Gilbert Venesiyanın tarixiylə bağlı mənə maraqlı hekayətlər danışdı. Öyrəndim ki, dojlar..." Beləcə, qadın bütün təəssüratlarını məktəbli xəttiylə gündəliyin səhifələrinə köçürmüşdü. Ancela ilə səyahətlər bir də ona görə maraqlıydı ki, həmişə yeni şeylər öyrənməyə can atırdı. Özünün inanılmaz dərəcədə avam, cahil olduğunu dönə-dönə etiraf etməsinə baxmayaraq, adama həmişə xeyli cazibədar təsir bağışlayardı o.
Açdığı sonrakı gündəlikdə ərlə-arvadın Londona dönüşündən bəhs olunurdu. "Xoş təəssürat yaratmaq həvəsindəydim. Odur ki, əynimə gəlinlik paltarımı geyinmişdim". Hə, o vaxt Ancela ərinin rəisi, son dərəcə zəhmli bir adam sayılan, ahıl yaşlı ser Edvardı sözün əsl mənasında tilsimləmişdi. Artıq Gilbert qeydləri tələm-tələsik oxumaqla, ayrı-ayrı ifadələr hesabına müxtəlif səhnələri xəyalında canlandırırdı.
"İcmalar Palatasında nahar elədik... Lavqrovzların rautuna (kübarlar üçün təşkil olunan təntənəli ziyafətə - A.Y.) qatıldıq. Ledi L. məndən soruşdu ki, Gilbertin xanımı olmağın məsuliyyətini nə dərəcədə dərk edirəm?".
Kişi digər illərə keçmək üçün sonrakı gündəliklərə nəzər saldı. Qeydlərə əsasən Gilbert iş-gücünə möhkəm bağlandığından xanımı vaxtının böyük qismini evdə keçirməyə başladı... Övladlarının olmaması qadından ötrü bir ara çəkilməz dərdə çevrilibmiş. Gündəlikdə deyilirdi: "Gilbert üçün bir oğul doğmağı elə arzulayırdım ki!". Halbuki kişi övladsız olmalarını heç vaxt özünə dərd eləməmişdi, çünki həyatı onsuz da gərgin və maraqlıydı. Həmin il o, hökumətin tərkibində ilk dəfə alababat bir vəzifəyə təyin edilmişdi. Vəzifəsi babat olsa da, arvadı gündəliyində yazırdı: "Onun baş nazir seçiləcəyinə zərrəcə şübhə bəsləmirəm!". Nə bilmək olar, olaylar fərqli axara düşsəydi, o, elə baş nazir postunu da tuta bilərdi. Mümkün variantlar barədə xəyala daldığı üçün o, qiraətinə ara verdi. Düşündü ki, bu siyasət - elə lotereya kimi, qumar kimi bir şeydir, hələlik cəmi-cümlətanı əlli yaşı olduğundan onun oyundan kənar biri sayılması yolverilməzdir!
Sonrakı səhifələrdə o, xanımının həyatı üçün əhəmiyyətli sayılacaq, əslində isə xırda-xuruş hadisələr, bəxtəvər olaylar barədə daha nələrəsə rast gəldi.
Növbəti gündəliyi əlinə aldı. Bəxtə-bəxt bir səhifəni açdı: "Əcəb ağciyərmişəm! Yenə fürsəti əldən qaçırtdım. Ərim son dərəcə məşğul olduğu bir vaxtda öz qayğılarımla onu yükləməyi, nədənsə, mən aşkar xudbinlik kimi dəyərləndirirəm. Nadir hallarda axşamları onunla baş-başa keçirirəm".
Nəyi nəzərdə tuturmuş o? Hə-ə, bu da açıqlama qismi, söhbət onun İst-Enddə işlədiyi dövrdən gedir.
"Cəsarətlənib, ötəri də olsa, Gilbertlə danışdım. O mənə dərin maraq və səmimiyyət göstərdi".
O da bu söhbəti xatırlayırdı. Xanımı şikayətlənmişdi ki, həyatda özünü gərəksiz, işsiz-gücsüz biri sanır. O da bir işin qulpundan yapışmaq, insanlara yardım etmək istəyir. Bunları dilinə gətirərkən, bax, burada, bu kresloda əyləşmişdi və yanaqları da allanmışdı. Əri isə məzələnərək soruşmuşdu ki, bəyəm həyat yoldaşının qulluğunda durmaq, qayğısını çəkmək az işdir ki?! Əgər xanımı özünə əlavə bir məşğuliyyət axtarırsa, eybi yox, əri buna da etiraz eləməz. Yetər ki, nə istədiyini dəqiq desin: xeyriyyəçiliklə məşğul olacaq, yoxsa bir komitə-zad quracaq? Hər nə istəyir, eləsin, təki özünü çox da əldən salmasın. O vaxtdan etibarən arvadı hər çərşənbə günü Uaytçepelə getməyə başladı. Hər dəfə oraya yollanarkən əyninə taxdığı paltarlar kişini lap hövsələdən çıxarırdı. Ancaq deyəsən, arvadı bu işə ciddi şəkildə girişmişdi. Bununla bağlı gündəliyində də xeyli qeyd vardı: "Missis Consgilə baş çəkdim... on övladı var... bədbəxt hadisə nəticəsində əri əlindən xəsarət alıb. Liliyə bir iş tapmaqdan ötrü əlimdən gələni əsirgəmədim". Və sair və ilaxır.
Qeydlərdə ərinin adına artıq adda-budda rastlanırdı. Qiraət ona çox da ləzzət vermirdi daha. Bəzi qeydlər isə ümumiyyətlə anlaşılmırdı. Məsələn, bu: "B.M. ilə sosializm barədə mübahisə elədik". Kim idi bu B.M.? Adamın inisialları ona heç tanış gəlmirdi: görünür, xanımı bu qadınla eyni komitənin iclaslarına qatılırmış. "B.M. iqtidardakı sinifləri amansızcasına söyürdü... İclasdan çıxıb, birlikdə evə dönərkən onu mövqeyindən daşındırmağa çalışdım. Ancaq elə tərsin biridir ki!".
Deməli, bu B.M. - kişi imiş, həm də o özünü "intelligent" sayanlardan biriymiş, çünki adətən Ancela belələrini yolagəlməz və tərs adamlar hesab edirdi. Belə çıxırdı ki, arvadı həmin kişini evinə də dəvət edibmiş? "Nahar yeməyinə B.M.də qatıldı. O, Minni ilə əl görüşdü!".
Cümlənin sonundakı bu nida işarəsi Gilbertin xəyalında canlandırdığı portretə daha bir cizgi əlavə elədi: belə məlum olurdu ki, bu B.M. qaravaşla özü arasında bir fərq, məsafə qoymadığından onunla əl görüşməyi də rəva görürmüş! Bəlkə də o, kübarların verdiyi ziyafətlərdə öz düşüncələrini açıqlamaq üçün xüsusi öyrədilmiş fəhlələrdən biridir. Bu tip insanlara Gilbert yetərincə bələd idi və onlara hər hansı rəğbət-filan da duymurdu.
Budur, yenə də ona aid qeyd: "B.M. ilə Tauerdə oldum... İddia edir ki, inqilab qaçılmazdır... Bizim hələ də xəyali bir dünyada yaşadığımızı sanır". Hə də, bu B.M. kimisi ancaq bu cür həqiqətlər püskürə bilər. Gilbert sanki o adamın səsini də eşidə bilirdi artıq. Onun görkəmini aşkar şəkildə xəyalında canlandırırdı: pırtlaşıq saqqala malik bu yontanmamış tip tvid kostyum geyinib, qırmızı qalstuk taxır və durmadan çalışıb-vuruşur. Necə ola bilər ki, Ancela onun kimliyini anlamasın?
Qeydlərə göz atdı: "...haqda B.M. çox yüksək fikirdədir". Sözügedən adamın adı xüsusi ciddi-cəhdlə qaralanmışdı. "Ona söylədim ki, ... ilə bağlı heç bir təhqir eşitmək istəmirəm". Yenə də ad qaralanıbdır. Bəlkə bu, Gilbertin öz adıydı və həmin sətirləri yazdığı vaxt əri otağa girdiyindən Ancela yazını əliylə örtməyə məcbur qalıbmış? Bunu düşününcə, onun B.M.-ə qarşı duyduğu hiddət daha da artdı. Burada, bu otaqda oturub, ev sahibinin arxasınca danışmağa onun nə həddi varmış?! Bəs Ancela niyə ərinə heç nə deməyib? Əriylə həmişə hədsiz səmimi olan qadın niyə bu məqamı ondan gizli tutub?!".
O, gündəliyi sürətlə vərəqləməklə, sadəcə B.M. ilə bağlı qeydləri oxumağa başladı. "B.M. mənə öz uşaqlığı barədə danışdı. Anası xalqın qapılarında günəmuzd işlərdə çalışırmış... Bunu xəyalımda canlandıranda, bu cür dəbdəbə içində yaşamamdan az qalıram lap çiyrinim... Bir şlyapa üçün ona üç gineya (61 şillinq) ödəyirmişlər!..".
Kaş arvadı bu cür müşkül məsələlərə baş-beyin yormaqdansa, onlar barədə birbaşa əriylə dərdləşəydi! B.M. qadına mütaliə üçün kitablar da verirmiş. Karl Marks. "Gələcək inqilab". Bu B.M-in inisialları necə sıx təkrarlanırdısa, kişinin gözlərinin önü qaralırdı. Bəs niyə bircə kərə də onun adı tam yazılmayıb, axı? Bunun ardında nə isə Ancelaya xas olmayan, rəsmi və intim bir məqam yatırdı, əlbət. Bəlkə arvadı o adama elə "B.M." deyə müraciət edirmiş? Davam elədi. "Nahardan sonra, qəflətən B.M. mənə baş çəkdi. Xoşbəxtlikdən mən yalqız idim". Bu qeyd bir il əvvələ aid idi. "Xoşbəxtlikdən - bəs niyə xoşbəxtlikdən?! - mən yalqız idim". Bəs Gilbert, görəsən, həmin axşam harada imiş? Tarixi əsas götürüb, öz rəsmi görüş və tədbirlərini qeyd elədiyi dəftərə göz atdı. Həmin axşam o, lord-merin verdiyi ziyafətə qatılıbmış. B.M. ilə Ancela isə o axşamı baş-başa keçiriblər!
Hər şeyi xatirində canlandırmağa çalışdı. Həmin axşam evə döndüyündə xanımı oturub, onun yolunu gözləmişdi, yoxsa yatağına girmişdi artıq? Bəs otaqda necə, hər şey həmişəki yerindəydi, ya yox? Masada qədəhlər var idi, ya yox? Stullar öz yerindəydi, ya tərpədilmişdi? Lord-merin verdiyi ziyafətdə söylədiyi nitqdən başqa o, indi heç nəyi xatırlamırdı. Qarşılaşdığı bu durumu o, heç cür izah edə bilmirdi: necə olub ki, onun xanımı evdə tək qalan kimi yad bir kişini evə gətirib? Bəlkə bu sualın cavabını o, sonrakı cildə tapacaqdı?
Arvadı öldüyündən əlinə aldığı sonuncu cild yarımçıq qalmışdı. Budur, elə ilk səhifədəcə yenə də o lənətəgəlmişin adına rast gəldi: "B.M. ilə baş-başa nahar elədim. Hədsiz çılğın idi... deyirdi ki, artıq bir-birimizin olmalıyıq... Başına ağıl qoymağa çalışsam da, məni əsla dinləmədi. Təhdid edərək söylədi ki, əgər mən...".
Sonrakı sətirlər yenə ciddi-cəhdlə qaralanmışdı. Bütün səhifə boyu bir söz yazılmışdı: "Misir, Misir, Misir". Qaralamadan heç nə anlamaq olmurdu, ancaq o yaramazın evli qadını xəyanətə çəkmək istədiyi şübhəsizdi. Onlar bu otaqda baş-başa imişlər!
Hiddətdən Gilbert Klendonun üzü pörtdü. O, tələm-tələsik gündəliyi vərəqlədi. Görəsən, qadın ona nə cavab veribmiş? İnisiallarla bağlı qeydlər bitdi. Sonrakı qeydlərdə sadəcə "o" var idi. "Yenə o gəlmişdi. Bir qərara gəlmədiyimi söylədim ona... yalvardım ki, çıxıb getsin". Gör ha, bu əclaf onun arvadına evin içindəcə göz verib, işıq vermirmiş. Bəs yaxşı, arvadı niyə lap əvvəldən ona kəskin cavab verməyibmiş, axı?! Niyə bu qədər tərəddüdə qapılıbmış ki?!
Hə-ə, bu da cavab: "Ona məktub yazdım". Bir neçə boş səhifədən sonra yazılıb: "O, dediyi təhdidi gerçəkləşdirdi". Bəs sonra, axı sonra nə olub? Səhifələri sürətlə çevirməyə girişdi. Heç bir qeyd yoxdur. Hə, budur, öz ölümü ərəfəsində qadın bu qeydi edibmiş: "Eyni hərəkəti etməyə bəs mənim necə, cürətim çatacaqmı?". Qeydlər bununla bitdi.
Gilbert Klendonun barmaqları açıldığı üçün gündəlik döşəməyə düşdü. Gözləri önündə Ancelanın xəyalı canlandı. Budur, o, Pikkadillidə, səkinin kənarında dayanıbdır. Gözləri geniş açılıb, yumruqları isə düyünlənib. Bir maşın sürətlə ona yaxınlaşmaqdadır...
Bu, dözülməzdir. Gilbert mütləq əsl gerçəyi öyrənməliydi. İkicə addım atmaqla, o, telefonu əlinə aldı:
- Miss Miller?
Sükut. Sonra dəstəkdə bir hənirti duyuldu. Ən nəhayət, qadının səsi eşidildi xətdə.
- Sessi Miller sizi eşidir.
Gilbert nərə çəkərmiş kimi soruşdu:
- Kimdir bu B.M.?
Qadının otağında, buxarının üstündəki ucuzvarı saatın taqqıltısı duyuldu telefonun dəstəyində. Sonra qadın köks ötürdü. Nəhayət, cavab gəldi:
- O adam mənim qardaşım idi.
Doğrudan ha, deməli, bu adam onun qardaşı imiş. Öz canına qəsd edən qardaşı.
Bunun ardınca Sessi Millerin sualı gəldi qulağına:
- Sizə nəyi isə izah etməmə gərək var?
Kişi ona çımxırdı:
- Yox! Heçcə nəyə gərək yoxdur!
Bəli, Gilbert mirasdan öz payını almışdı. Qadın həqiqəti deyirdi. Arvadı bilərəkdən özünü yolun hərəkət qisminə atıbmış ki, bu sayədə öz sevgilisinə qovuşa bilsin. Elə özünü oraya atmaqla da, ərindən həmişəlik ayrılıbmış.
Tərcümə: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!