Nikos KAZANTZAKİS
(1883-1957)
Osmanlı imperiyasının Girit (Krit) vilayətinin İraklion şəhərində dünyaya göz açıb. XX yüzildə yaşayıb-yaratmış ən məşhur yunan nasirlərindən biridir. Şair, dramaturq, tərcüməçi və jurnalist kimi də tanınıb. "Aleksis Zorbasın həyatı və əməlləri" (1946), "Yunansayağı ehtiraslar" (1948) və "İsanın son çılğınlığı" (1955) romanları ilə adını dünya ədəbiyyatının tarixinə yazdırıb.
Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib.
Sol təmayüllü siyasi baxışlara malik bu yazarın "İsanın son çılğınlığı" romanı Roma Katolik Kilsəsi tərəfindən "Yasaqlanmış kitablar siyahısı"na daxil edilsə də, 1988-ci ildə dünya şöhrətli ABŞ kinorejissoru Martin Skorseze əsərin motivləri əsasında eyniadlı bədii film çəkib.
Kazantsakis Fridrix Nitsşe fəlsəfəsinin təsiri altında yazılan bir neçə pyesin müəllifidir. Gərgin tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Kazantzakis 1932 və 1936-cı illərdə müvafiq olaraq Dante Aligyerinin "İlahi komediya" və İohan Volfqanq Hötenin "Faust" əsərini müasir yunan dilinə çevirib.
Romanları əsasında çəkilən filmlər Kazantzakisə dünya şöhrəti qazandırıb. "Yunansayağı ehtiraslar" romanı əsasında rejissor Jül Dassenin baş roluna məşhur yunan aktrisası və müğənnisi Melina Merkurini çəkdiyi "Ölümə məhkum biri" filmi (1957), soydaşı Mixalis Kakoyannisin çəkdiyi və baş rollarını Entoni Kuin ilə İren Papasa həvalə etdiyi, musiqisini isə yunan bəstəkarı Mikis Teodorakisin yazdığı "Yunan Zorba" (1964) filmləri bunun bariz sübutudur.
Dünya şöhrətli hind mistiki Bhaqvan Şri Rəcniş (OŞO) öz mühazirə və kitablarında etiraf edir ki, onun fəlsəfi dünyagörüşünün formalaşmasında Kazantzakisin "Yunan Zorba" romanındakı baş qəhrəmanın danılmaz rolu olub. Öz təlimini açıqlayarkən, Oşo "Zorba" kod adı altında bəlli bir insan tipini nəzərdə tutur və bu insan "nə cəhənnəmdən qorxur, nə cənnətə can atır, sadəcə ağız dadıyla və ürəyi istəyən kimi bir həyat tərzi sürür, taleyin ona bəxş etdiyi bütün əlyetən nemətlərdən - yemək-içməkdən və qadınlardan həzz alır, iş gününü başa vurduqdan sonra öz çalğı alətini götürməklə, dənizin sahilində saatlarla çalıb-oynayır, gülüb-şənlənir. Oşoya görə, ən ideal insan tipi də məhz Zorba+Buddadır, yəni bu iki əks qütbü öz varlığında birləşdirməyi bacaran kəsdir.
Möcüzə
"Kəndimizin ağası Anaqnostisin evinə xoş gəlib, səfa gətirmisiniz. Buyurub, keçin təamlardan dadın! Bu gün çoşqaları axtalayıblar və xanım Anaqnostina onlardan bizim üçün elə ləziz qovurma bişirəcək ki, vallah, barmaqlarınızı yalayacaqsınız! Ancaq ev sahibinin nəvəsi Minasa cansağlığı və xoşbəxtlik diləməyi də gərək unutmayasınız: axı bu gün oğlanın ad günüdür!".
Krit adasındakı hansısa kənd evinə qədəm basanda adam əbədiyyətin ta özüylə təmas qura bildiyinə görə özünü necə də bəxtəvər sanarmış: ocağın üstündə bir şamdan asılıb, hündür sürahilər yağ və buğda ilə doludur, divardakı taxçada isə ağzı ətirli reyhan yarpaqlarıyla bağlanmaqla, içində bulaq suyu saxlanan şüşə qablar düzülüb. Ətirli və şəfalı otlar sayılan rozmarin (ətotu - A.Y.) və zirədən hörülmüş çələnglər, topa-topa bağlanmış nar və heyvalar sallanır tavanın tirlərindən... Pilləkənlə üç-dörd addım qalxdıqdan sonra artıq otağa girirsən: qədim vaxtlardakına bənzər yüksək yataq - taxt qurulub orada, onun üstündəki mübarək ikonalar isə nöyüt lampasının işığında göz oxşayır. İlk baxışda insana bomboş görünən bu evdə əslinə qalanda insanoğluna gərək olan hər şey tapmaq mümkündür.
Əcəb xoş hava var bu gün! Günəş işığına qərq olmuş mülayim payız havası Tanrının bizlərə bir lütfüdür, vallah! Evin qarşısındakı bağçada budaqları pıtraq kimi gətirən zeytun ağacının altında süfrə açılıb bizə. O ağacın gümüşüyə çalan yarpaqlarının ardında, xeyli uzaqlarda isə dəniz sakitcə ləpələnir. Başımızın çox-çox üstündən uçan buludlar bizi gah günəşdən gizləyir, gah ona göstərir; sanki bu yolla asiman gah sevinərək, gah da kədərlə köksünü ötürür.
Bağın o biri başındakı kiçik tövlədən o axtalanan çoşqanın ətürpədici ciyiltisi gəlir hələ də: evin qapıları açıq qaldığı üçün köz üstə qızardılan çoşqa xayalarının bihuşedici ətri burnumuzun pərələrini durmadan qıcıqlandırır.
Hərtərəfli bələd olduğumuz və dəyişməz sayılan mövzulardan söz salırıq: əkinlərdən, üzüm bağlarından və yağışlardan. Kənd ağası ağır eşitdiyindən hamımız uca səslə danışmağa məcburuq. Anaqnostis ağa özündən arxayın tərzdə və təmkinlə danışır, belə görünür ki, onun nəzərində həyat - kimsəsiz vadidə tənha ağac kimi öz varlığını sürdürməyə bənzər bir şeydir. Doğulub-böyüyüb, evlənməklə, dünyaya övladlar gətirib o, sonra nəvə sahibi olub, daha sonra bunlardan kimlərsə ölüb, kimlərsə hələ də həyatdadır, sağdır və bu qocaman nəsli məhz odur ayaqda tutan, yaşadan.
Kritli bu qoca keçmişləri, öz atasını, köhnə əyyamlarda yaşanan möcüzələri də yada salır; axı keçmişdəki insanlar daha mömin idilər, ən azı Tanrıdan qorxub-çəkinirdilər.
- Elə bax, məni götürək! Dünyaya gəlməmə əsl möcüzə səbəb olub. Hə, hə, əsl möcüzə! İstəyirsiniz, bu barədə sizə də danışım, onda görəcəksiniz ki, buna ancaq heyrətlənmək və Uca Tanrıya şükür eləmək qalar bizə! Sonra siz də mütləq monastıra gedib, müqəddəs Məryəmin ikonası önündə bir şam yandırarsınız.
Xaç vurandan sonra qoca özünün təmkinli və qulaq oxşayan səsiylə sözünə davam elədi:
- Deməli, bizim kənddə varlı-hallı bir türk qadını yaşayırdı... Bir gün onun doğum sancıları başladı. Zavallı, eynilə inək kimi, üç gün, üç gecə böyürüb, dursa da, bundan heç bir nəticə hasil olmadı ki olmadı! Qonşu qadınlardan biri ona məsləhət gördü ki, Cəfərxanım, yaxşısı budur, sən Məryəm anamızdan mədət istə. Türklər də o mərhəməti bol olan müqəddəs Məryəmi belə adlandırırlar axı!.. Ancaq o qancıq Cəfərxanım ciyildəyərək demişdi: "Ol-ma-z! Bunu etməz, ölməyi bundan üstün tutaram!".
Ancaq ağrıları da səngimək bilmirdi. Aradan daha bir gün, bir gecə keçdi, qadın yükünü heç cür yerə qoya bilmədi. Əlindən nə gələrdi axı?! Axırda dözməyib: "Məryəm ana! Məryəm ana!" - deyə acı fəryadlar qopardı. Ah-naləsi göyə bülənd oldu, amma yenə də bir şey alınmadı!
Qonşusu ona dedi: "O sənin fəryadını eşitmir. Bəlkə ona biz yunanlar kimi səslənəsən?". Odur ki, hamilə qadın: "Müqəddəs Məryəm! Müqəddəs Məryəm!" - deyə çığırmağa başladı. Ancaq bunun ardınca sancıları güclənsə də, yenə heç bir yüngülləşmə olmadı...
Qonşusu yenə ona ağıl verdi: "Sən düzgün müraciət eləmirsən deyə, o da sənin imdadına yetişmir!". Belə olunca, o qancıq qadın təkrar: "Ey Müqəddəs Məryəm!" - deyə yalvardı və bətnindəki çağa bir quş xəfifliyi ilə bu işıqlı dünyamıza təşrif buyurdu.
Bu hadisə baş verəndə bazar günü imiş, aradan bir həftə ötür və mənim anamın da doğum sancıları tutur. Ancaq o da Müqəddəs Məryəmə durmadan yalvarmasına rəğmən, öz övladını dünyaya gətirə bilmir ki bilmir. Atam isə həyətimizin ortasında oturubmuş, boğazından nə bir tikə çörək keçirmiş, nə də bircə qurtum su - əzabdan lap başını itiribmiş! Həm də Müqəddəs Məryəmə acığı tutubmuş kişinin, hey deyirmiş: "No-ol-du, o qancıq Cəfərxanım səndən imdad istəyəndə nə tez onun köməyinə çatdın, bizə gələndə isə... Eh-h!..".
Sancıların dördüncü günü atamın səbri daşır, düyünlü çoban çomağını da əlinə alıb, düppədüz Müqəddəs Məryəm (onun himayəsi başımızın üstündən bir an əskik olmasın!) monastırına üz tutur. Kilsəyə qədəm qoyarkən adam necə hikkəli imişsə, heç xaç-zad da vurmur, qapını ardınca örtmədən düz gedib ikonanın qabağını kəsdirərək bağırır: "Hə, Müqəddəs ana! Sənə də yaxşı bəllidir ki, arvadım Marulya hər şənbə günü axşam çağı evdəki ikonanın qarşısındakı lampaya yağ tökür, ancaq indi o, düz üç gün, üç gecədir ki, ağrınır, səndən imdad diləyir, yəni heçmi o ah-naləni eşitmirsən?! Yəqin, qulaqların tamam tutulub sənin! Ancaq o Cəfərxanım kimi hansısa qancıq dara düşəndə onun köməyinə əlüstü yetişməyə əcəb hazırmışsan! Ancaq bir xristian qadın üçün, mənim Marulyam üçün isə əlini ağdan-qaraya vurmağa da ərinirsən! Özünü karlığa qoyursan! Eh, əgər Müqəddəs ana yox, adi arvad olsaydın, bax, onda bu dəyənəklə sənin aşının duzunu yaxşıca verərdim!".
Ürəyini boşaltdıqdan sonra o, ikonaya təzim-filan eləmədən oradan uzaqlaşmağa tələsib. Arxasını Müqəddəs Məryəm ikonasına çevirdiyi an - şükür o Uca Tanrının kəramətinə! - qəribə bir cırıltı səsi qopub, sanki ikona ortadan çatlayıb. Deyilənlərə görə, bir möcüzə göstərəndən-göstərənə ikonalar bu cür səs çıxarırmışlar! Atam nə baş verdiyini anladığı üçün tez Müqəddəs Məryəm ikonası önündə diz çökür və xaç çəkərək: "Qarşında günah işlətdim, məni əfv elə, ey Müqəddəs ana! Bu səfərlik keç günahımdan! Az əvvəl burada çərənlədiklərimi də unut, getsin!" - deyə bağışlanmasını diləyir.
Elə kəndə çatmağını görür, yetən-yetən onu: "Gözün aydın, ay Kostandis! Arvadın oğlan doğub!" - deyə muştuluqlayır. Həmin oğlan isə mən imişəm - Anaqnostis. Anadangəlmə bu şoğərib qulaqlarım ağır eşidir və bunda qəribə heç nə yoxdur: axı atam dilinə küfr gətirməklə, Müqəddəs Məryəmi kar adlandırmışdı! Yəqin, o da qəzəblənərək, kişidən hayıf alıbmış: "Deməli, belə oldu, hə? Onda sənin də övladın qoy kar doğulsun ki, bir daha kafircə davranıb, məni aşağılamağı bilmərrə tərgidəsən!..".
Anaqnostis təkrar xaç vurub, sözünə davam elədi:
- Şükürlər olsun uca Tanrıya! Axı Müqəddəs anamız məni kor da, dəli də, qozbel də eləyə bilərdi, ya da - Tanrı qorusun! - qadın kimi də doğula bilərdim! Eh, Tanrının mərhəməti nə bir hədd tanıyır, nə də hüdud!
Bunu deyib, o, stəkanlara şərab süzdü:
- Müqəddəs ana qoy həmişə bizlərin həyanı olsun!
- Sənin sağlığına, cənab Anaqnostis! Tanrı sənə qoy yüz il ömür versin, hələ kötücə görməyi də qismət eləsin!
Stəkanı birnəfəsə başına çəkən qoca bığlarına tumar çəkdi:
- Bu qədər ki yaşamışam, elə o da bəsimdir! Nəvələrimi gördüm, yetər! Hər şey əndazədə gözəldir! Mənim möhlətim daralıb artıq, canım da təpərdən düşüb, hər şeydən gözümü-könlümü, əl-əyəyimi çəkmişəm. Əgər əkin-biçinə də heyim qalmayıbsa, daha niyə yaşayım ki?!
Stəkanlara təkrar şərab süzdükdən sonra bizi dəfnə yarpaqlarına bükülmüş qoz-fındıq və xurma kimi çərəzlərə qonaq elədi:
- Varım-yoxum sayılan hər şeyi mən övladlarım arasında ədalətlə bölüşdürmüşəm. İndi heçcə nəyim qalmasa da, bu, zərrəcə vecimə deyil! Çünki Tanrının da xeyirxahlığı hər hansı hədd-hüdud tanımır!
Zorbas ağzını qocanın qulağına tutub, bağırdı:
- Tanrı xeyirxah olmağına xeyirxahdır ey, ancaq biz, bəndələr, o cür deyilik! Görünür, o bizim də onun qədər xeyirxah olmamızı arzulamır!
Qoca qaşlarını çatdı:
- Ehey, quda, bax ha, sənə belə sözlər yaraşmır! Əsla küfr danışma! Bəyəm İsa biz bəndələrindən ötrü azmı məhrumiyyətlərə qatlaşıb?!
Ev sahibinin üzüyola və lal-dinməz davranan xanımı Anaqnostina köz üstə yaxşıca qovurduğu çoşqa yumurtaları yığılan saxsı boşqabı və şərabla dolu mis sürahini gətirib süfrəyə qoydu. Bunları masanın üstünə düzdükdən sonra o, əlini sinəsində çarpazladı, qəddini dikəldib, gözlərini yerə dikməklə, bir az aralıda dayanıb gözlədi.
Nə gizlədim, mən bu süfrəyə gətirilən o nemətdən bir az çiyrinirdim, hərçənd ondan boyun qaçırmam da ayıb sayılardı. Məni qıyğacı baxışlarla süzən Zorbas gülümsünərək dedi:
- Bütün dünyanı gəzsən, bundan daha ləziz bir təam tapmazsan ha!
Anaqnostis də qımışdı:
- Düz deyir o! Bir dadına bax! Vaxtilə şahzadə Georgius da - Tanrı onun ömrünü uzun eləsin! - buralara gəlmişdi. Monastırın ziyarətindən sonra, adətimiz üzrə, onun şərəfinə süfrə açılır və qarşısına, baxın, bu boyda şorba dolu kasa qoyulur. O da qaşığı götürüb, şorbanın içində bir az gəzdirəndən sonra heyrət içində xəbər alır: "Paxladır bunlar?" Qocaman rahib deyir: "Sən hələ bunların bir dadına bax, sonra o barədə danışarıq!".
Xörəkdən əvvəlcə bir, sonra iki, daha sonra üç qaşıq alan şahzadə az sonra boşqabı tamamən boşaldır, ləzzətdən hələ ağzını da yalayaraq soruşur: "Bu nə möcüzədir belə? Əcəb ləziz paxlalarınız varmış, vallah!".
Qocaman rahib isə qəhqəhə çəkərək deyir ki: "Bunlar paxla deyil, canım, yox, yox, paxla deyil bunlar! Zati-alilərinizə layiqli təam hazırlamaqdan ötrü kilsəmizin xidmət göstərdiyi bütün bu yaxın bölgədəki xoruzları tutub, axtalamışıq!".
Danışdığı əhvalata özü də qəhqəhə çəkən Anaqnostis ləziz bir tikəni çəngələ taxıb mənə uzatdı:
- Vazkeçilməz təamdır bu! Haydı, ağzını açsana!
Azca aralayan kimi o, həmin tikəni ağzıma qoydu. Təzədən stəkanlarımız şərabla doldu və bu dəfə biz onun nəvəsinin sağlığına qədəh qaldırdıq. Qocanın gözlərinə işıq gəldi sanki. Soruşdum:
- Cənab Anaqnostis, nəvənizin necə biri olmasını istərdiniz? Siz hər nə desəniz, biz də o uşağa məhz bunları arzulayacağıq!
- Nə deyə bilərəm ey, ay oğul?! Qoy o, nəcib bir insan kimi böyüsün, ev-eşiyinə sahib çıxsın, layiqli arvad və oğul-uşaq sahibi olsun! Qoy onun övladlarından hansısa mənə bənzəsin, məni tanıyan qocalar onu görəndə desinlər: "Bu balaca oğlan eynən o qoca Anaqnostisdir ha durub! Tanrı özü onun ruhunu şad eləsin, rəhmətlik əcəb də xeyirxah insan idi!".
Arvadı tərəfə üz tutmadan qoca ona səsləndi:
- Anazinyo! Bizə yenə şərab gətir, Anazinyo!
Qəflətən tövlənin qapısı zərblə çırpıldı və qatlaşdığı ağrılardan ağlını lap itirdiyi üçün şikayət dolu ciyilti qoparan çoşqa düppədüz bizə tərəf qaçmağa başladı. Onun xayalarından bişirilən qovurmanı yeyib, söhbətləşən bu üç nəfərin qarşısında o zavallı heyvan durmadan ora-bura vurnuxurdu. Zorbas canıyananlıqla dilləndi:
- Canı ağrıyır da yazığın!
Qoca ev sahibi qımışdı:
- Əlbəttə ki, ağrıyar! Əgər eyni müsibət sənin başına gətirilsəydi, bəyəm canın ağrımazdı ki?!
Zorbas tez taxta masanı taqqıldatdı. Sonra isə təlaşla donquldandı:
- Ağzından yel alsın, qoca karcalı!
Xırda addımlarla ora-bura qaçan çoşqa hələ də acıqla bizi süzürdü.
Artıq qismən keflənən, xumarlanan qoca Anaqnostis uca səslə dedi:
- Vay səni! Sanki o, bizim məhz onun ətini yediyimizdən həqiqətən də agahdır ha!
Beləcə, biz, yəni özünü qarınqulu kimi aparan üç kişi, qarşımızdakı ləziz təamı arın-arxayın dadır, üstündən şərab gillədirdik, kefimiz kəllə-çarxa vurmuşdu. Həm də zeytun ağacının gümüşü yarpaqlarının ardından ara-sıra görünməklə, qüruba enən günəşin pənbə rəngə boyadığı o gözəl dəniz mənzərəsinin həzzinə dalırdıq.
Kənd ağasının evini tərk etdiyimiz vaxt hava artıq qaralmağa başlamışdı. Keflənmişdi deyə, Zorbas da ürəyini mənə boşaltmağa dərin ehtiyac duyurdu. Təmkinlə sözə başladı:
- Səninlə əvvəlki söhbətlər heç yadındadır? Xatirinə gəlir, deyirdin ki, bu sadə xalqı maarifləndirmək, onun gözünü açmaq vacibdir? Buyur indi, aç gözlərini bu qoca Anaqnostisin! Yoxsa görmədin arvadı azca aralıda: "Başqa bir istəyiniz varmı?" deyərcəsinə necə qaxılıb-durmuşdu? Bütün bunlardan sonra axı onlara necə aşılayasan ki, kişi ilə qadın bərabərdir, qarşında dayanıb ağrıdan vurnuxan, ciyildəyən çoşqanın ağ ətini yemək - əsl qəddarlıqdır?! Hətta qarnın aclıqdan quruldasa belə, Tanrının lütfündən, xeyirxahlığından dəm vurmaq aşkar axmaqlıqdır! Sənin o maarifləndirici söhbətlərin bu qoca kötüyü xatırladan Anaqnostisə bəyəm təsir göstərər?! Hələ onun arvadı Anaqnostinanı demirəm! Sən deyən kimi davransalar, ərlə arvad davaya çıxar, toyuq xoruz kimi banlamaq həvəsinə düşər, nəticədə bir-birinin lələklərini yolub-tökərdilər... Sən, gəl, bu insanlara baş qoşma, onları rahat burax, gözlərini də açıb-eləmə! Guya gözləri açılsa, nə görəcək axı bunlar?! Öz yoxsulluqlarınımı? Qoy onlar yenə elə bu cür, yəni açıq gözlə röya görməyə davam eləsinlər!
O susdu və fikirli halda başını qaşıdı.
- Bax, əgər sadəcə... Hə, əgər sadəcə...
- Desənə, nə deyəcəksən!
- Əgər sadəcə gözləri açılsaydı, onda sən onlara başqa, yəni daha yaxşı bir dünyanı göstərə bilərdin!.. Ancaq buna necə nail olasan axı?!
Tərcümə: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!