Dino BUTSATİ
(1906-1972)
Tanınmıs italyan nasiri, jurnalisti və rəssamıdır. Adətən onu "İtaliyanın Kafkası" da adlandırırlar.
Yazarın sirri
Bitmiş insan olsam da, bəxtəvər biriyəm mən.
Hərçənd taleyin verdiyi şərbəti hələlik tamamilə nuş etməmişəm. Onun bitməsinə hələ var, bəlkə də çox az var. Ancaq mən onu son damlasına qədər dadmağa niyyətliyəm. Əlbəttə, ömür vəfa etsə əgər: artıq yetərincə ahıl yaşdayam və göründüyü qədəriylə, axırıma lap az qalıb.
Uzun illərdir hamı qət edib ki, yaradıcılığımda böhran hökm sürür, bir yazıçı kimi sözün tam mənasında və ümidsiz bir şəkildə tükənmişəm. Bunu açıq söyləməsələr də, haqqımda belə düşündüklərinə hər hansı şübhə bəsləmirəm. Çapdan çıxan hər əsərim mənim uçurumun kənarına bir az da yanaşdığımı göstərir. Yuvarlana-yuvarlana, gəlib lap son nöqtədə dayanmışam.
Bütün bunların baisi isə ... özüməm. Son otuz il boyu mən ağır-ağır və inamla, həm də şüurlu şəkildə əvvəlcədən planladığım o bəlaya doğru getməkdəyəm.
İndi soruşa bilərsiniz məndən: "Sən niyə bu böhrana könüllü can atırdın ki? Niyə öz-özünə quyu qazırdın axı?".
Bəli, xanımlar və cənablar, vəziyyət məhz bu cürdür. Vaxtilə mən yaradıcılığımda parlaq uğurlara imza atmış, geniş ictimaiyyətin dərin hörmət və rəğbətini qazanmışdım. Başqa sözlə, bir nüfuz sahibiydim. Daha da irəlilərə getmək imkanım vardı. Yetərdi ki, bunu istəyəydim, onda böyük zillətə qatlaşmadan parlaq və danılmaz bir şöhrətə qovuşasıydım.
Ancaq bunu mən özüm istəmədim, çünki tamamilə fərqli yol seçdim. Vaxtilə yetərincə yüksək bir zirvəyə qalxmışdım, onu Himalayın olmasa da, ən azından Monterozanın pik nöqtəsi saymaq olardı. Və sonra mən bulunduğum o zirvədən yavaş-yavaş üzüaşağı enmək qərarına gəldim. Oraya necə güclü sıçrayışlarla dırmaşmışdımsa, əks yöndə, yəni enişdə də, eyni şəkildə davranmağa çalışırdım. Bu görünməmiş eniş əsnasında hansı ağrı-acılara qatlaşacağımı da gözə almışdım, əlbəttə. Ancaq bu eniş ilk baxışda ağrılı idi, əslinə qalanda, aşağılara doğru yavaş-yavaş yuvarlanmam mənə misilsiz həzz verməkdəydi.
Bu axşam bütün olub-bitənləri, uzun müddət içimə gömdüyüm o sirri sizlərlə paylaşacağam. Bununla bağlı etirafı yazdığım vərəqləri bir zərfə qoyacağam ki, mən öləndən sonra başqaları onu açıb oxuya bilsin.
Qırx yaşıma çatana qədər mən özümə hədsiz dərəcədə vurğun idim, öz yelkənli qayığımla uğur dənizində tam sürətlə şütüyürdüm. Günlərin bir günü sanki bəsirət gözüm açıldı - amma nə açıldı! İndiyəcən can atdığım hədəflərin, yəni dünyaya sığmayan şöhrətimin, başıma yağan təriflərin, qazandığım nüfuz və rəğbətin, beynəlxalq aləmdəki etibarımın əslində tamamilə mənasız bir şey olduğu qəflətən mənə əyan oldu.
Şöhrətimin gətirdiyi maddi fayda daha məni zərrəcə maraqlandırmırdı. O yaşa qədər yetərincə zəngin birinə çevrilmişdim çünki. Bəs qalan məqamlar?.. O alqışlar, o şöhrət ilğımı, zəfərin gətirdiyi o sərməstlik və xumar xatirinə indiyədək nə qədər kişi-qadın öz ruhunu şeytana satıbdır, görəsən? Ancaq hər dəfə əlçatmaz göylərin mənə bəxş etdiyi o nemətdən azacıq dadan kimi, dilim-ağzım əsl zəqquma dönürdü.
Elədə özümdən xəbər alırdım: "Axı, bu şöhrətin ən bariz ifadəsi nədədir, görəsən?". Cavab çox bəsit idi: "Küçədə getdiyin zaman başqaları geri qanrılıb, bir-birlərinə pıçıldayırlar: "Bax, bax, o gedən filankəsdir!". Vəssalam, şüttamam! Həm də nəzərə alın ki, bu şan, bu şərəf sadəcə görkəmli siyasi xadimlərin və ya ən parlaq kinoulduzların bəxtinə yazılıb. Bizim dövrdə hansısa yazara kiminsə bu cür diqqət göstərməsinin mümkünlüyünü, düzü, mən heç təsəvvürümə də gətirmirəm.
Bu arada məsələnin bir digər cəhətini də unutmayaq. Məşhur bir yazarın gündəlik həyatının necə bir işgəncəyə çevrildiyini heç ağlınıza gətirirsinizmi? O, daim ictimaiyyət arasındadır, sadiq oxucularının məktub və zənglərini cavabsız buraxmır, müsahibələr verir, görüşlərə, mətbuat konfranslarına və radio verilişlərinə qatılır. Ancaq bütün bunlar şəxsən məni zərrəcə hürkütmürdü. Başqa bir məqamdan isə mən daha betər ehtiyatlanır və təlaş duyurdum. Fərqinə varmışdım ki, mənə dərin mənəvi zövq verməyən növbəti uğurum onlarca insana dərin iztirablar da bəxş eləyir. Yaradıcı həyatımın ən parlaq məqamlarında ətrafıma toplaşan dostların və qələm yoldaşlarımın üzündə donan o paxıl ifadə gözümdən yayına bilməzdi axı! Onların hamısı can-ciyərim idi, çalışqan idilər, uzun illərdən bəri səmimi dostluq telləri və ortaq maraqlar ilə mənə bağlıydılar. Onların bunca əzab çəkməsinə axı mən necə göz yuma bilərdim?!
Elə buna görə də oturub, özümün hər şeydə və nəyin bahasına olur-olsun, uğura can atmamın çevrəmdəkilərə necə ağır zərbələr vurduğunu hərtərəfli götür-qoy elədim. Onu da etiraf etməliyəm ki, indiyəcən bu barədə heç vaxt düşünməmişdim. Odur ki, vicdan əzabı bütün varlığıma hakim kəsildi.
Bir məqamı da anlamışdım: əgər zirvəyə aparan bu yolla gedərəmsə, yeni-yeni uğurlara imza atacağım şəksiz idi. Elədə bir gör, nə qədər məsum insanın ürəyi həsəddən, qibtədən sıxılacaqdı? Bəyəm onlar bunu haqq ediblərmi?! Onsuz da bu fani dünya insana hər cür iztirabı böyük səxavətlə verir, paxıllığın ürəkdə açdığı yara isə hədsiz dərəcədə dərindir, durmadan qanadığı üçün o, çətinliklə qaysaq bağlayır və buna görə də mütləq mərhəmətə, anlayışa möhtacdır.
Bu səbəbdən də öz günahımı yumağa məcbur qalıb, qəti bir qərara gəldim. Allaha şükürlər olsun ki, ömrüm boyu xeyli xeyirxah əməl işləmişəm. Əgər indiyədək taleyin ərköyün uşağı olmaqla, insan övladlarına acı iztirablar bəxş eləmişdimsə, bundan belə hamıya sadəcə təskinlik verəcək, əzabları qarşılığında hər kəsə min bir sevinc bəxş edəcəkdim. Bəyəm kiminsə iztirablarına son qoymaq onu sevindirməyə bərabər deyilmi?! Yoxsa belə bir sevinc o çəkilən iztirabların qarşılığı sayılmır?!
Öz yazı tempimi əsla azaltmadan yazmağa davam etməliydim ki, bu məşğuliyyətdən könüllü imtina etdiyim heç kəsin ağlına gəlməsin, yoxsa bu, qələm dostlarım üçün zəif bir təsəlli rolu oynayardı. Yox, yox, mən hamını barmağıma dolamalı və çaşdırmalıydım, istedadımın ən çiçəklənən vaxtında getdikcə və bilərəkdən daha zəif yazmalıydım, guya ki, ilhamım sönmək, öləzimək üzrədir artıq. Məndən yeni uğurlar gözləyən insanları özümün tükənmişliyim və iflasımla sarsıtmağa niyyətliydim.
Seçdiyim hədəfə nail olmaq - ilk baxışda mənə asan gəlirdi, axı əmin idim ki, boz ədəbiyyat, sıradan əsərlər yaratmaq adamdan sən deyən enerji-filan tələb eləməz. Əslində isə hər şey son dərəcə qəliz imiş və bunun da öz səbəbləri varmış.
Əvvəla, məni sırf tərifləmək üçün hazır dayanan tənqidçiləri möhkəmcə silkələməliydim, çünki onlar məni ədəbi aləmin yüksək nüfuzlu, bəlli yerə və qiymətə malik yazarları sırasına aid edirdilər. Bundan dolayı, yazdığım hər mətnə yüksək dəyər biçməyi bu həriflər özlərinə vazkeçilməz borc sayırdılar. Bir məqam da aydındır: sözügedən tənqidçilər ədəbi mühitin təsnifatını bir kərə aparırlar və ondan sonra nə illah eləsən də, mövcud düzəni dəyişmək mümkün olmur ki olmur!
Maraqlıdır: görəsən, onlar mənim səviyyəsiz yazdığımın fərqinə varacaqdılar, yoxsa yenə də yaltaq tərifləri gözüyumulu halda ünvanıma döşəməyə davam edəcəkdilər?
İkinci məqama keçək. Qanı yəqin, adi su sanmazsınız hər halda. Coşub-daşdığı zaman onu cilovlamaq, şahə qalxan dəli-dolu ilhama yön vermək asan məsələ deyildir. Hər nə qədər adi və səviyyəsiz yazmağa çalışsam da, güclü istedadımın işartıları, nuru sətirlərin arasından özünü onsuz da büruzə verir, gözləri qamaşdırırdı. Ona görə də həqiqi sənətkarın özünü olduğundan daha zəif göstərməyə can atması, sən demə, xeyli müşkül və əziyyətli bir iş imiş.
Ancaq hər şeyə rəğmən, mən buna nail oldum. İllər uzunu öz çılğın ilhamımı ram eləməyə çalışdım. Hətta istedadsızlığı elə dəqiqliklə və ustalıqla yamsıladım ki, nəhəng istedadımın varlığı bu işdə bir daha ortaya çıxdı. Bitirdiyim hər kitab əvvəlkindən daha sönük, daha zəif alınırdı. Bu ölgün, həyatdan uzaq, ifadə gücündən yoxsul mətnlərin mənim qələmimdən çıxdığına, görəsən, bir kimsə inanırdımı? Bu seçim məni ağır-ağır da olsa, ədəbi intihara sürüklədi.
O arada qələm əhlinin və dostlarımın vaxtilə dərddən-qüssədən qırışan üzləri get-gedə gülürdü, şümal olurdu. Bilmirdilər ki, onları düçar olduqları o çəkilməz qibtədən, həm də hiss olunmadan xilas edən elə... mən özüməm. Özünəinamı artan bu insanlar həyatdan dördəlli yapışmışdılar artıq və məni də həqiqi mənada sevməyə başlamışdılar. Bir sözlə, çiçəklənirdilər zavallılar. Məni həzm edə bilməmələri, kim bilir, nə qədər uzun çəkmişdi! Mən isə vaxtilə onlara vurduğum yaraları ehtiyatla, qayğıkeşcəsinə sağaldır, öz xəstələrimə görünməmiş yüngüllük bəxş edirdim.
Mənə ünvanlanan alqışlar səngimişdi. Üsulluca kölgəyə çəkilsəm də, özümdən və bəxtimdən razı idim. Artıq ətrafımda heyrət və həsəd dolu uğultu, pıçıltılar eşitmirdim, sıcaqlıq, rəğbət və səmimiyyət dalğası dörd yanımı bürüyür, məni öz ağuşuna alırdı. O əski vaxtlarda olduğu kimi, mən dostlarımın səsində saxtalıqdan uzaq, duru və birmənalı etiraflar eşitməyə başlamışdım. Bunlar hələ gənc və sütül vaxtlarımızda, həyatın hansı yöndə axacağından bixəbər çağlarımızda adi şey sayılırdı bəlkə. İndi soruşacaqsınız ki, necə yəni, yoxsa sən artıq bir ovuc qələm dostunun xətrinə yazmağa başlamısan? Bəs yazarlıq qayən necoldu? Bəs oxucu kütləsi? Yoxsa sən hazırda həyatda olan və zamanla onları əvəz edəcək gələcək nəsillərin ruhunu, könlünü oxşamaqdan biryolluq imtina eləmisən? Sənin sənətə verdiyin bütün dəyər, qiymət buydu ki? Yoxsa istedadın bunca cılız imiş sənin?
Cavab verirəm: bəli, bəşəriyyət qarşısında daşıdığım məsuliyyətlə müqayisədə mənim dostlarım və məsləkdaşlarım qarşısında daşıdığım cavabdehlik hədsiz dərəcədə azdır. Ancaq əslində, heç bələd olmasam belə, mən özümə daha əziz saydığım və planetimizin müxtəlif guşələrində ikinci minillikdə yaşayacaq oxucular nəslini də öz gerçək ədəbi irsimdən məhrum qoymamışam. Bütün bu illər ərzində uca Tanrının mənə həvalə etdiyi işi gizli şəkildə yerinə yetirmişəm: İlahinin verdiyi ilhamın diktəsiylə, mənim gerçək mahiyyətimi əks etdirən elə kitablar yazmışam ki, onlar məni şöhrətin və göylərin ən uca qatlarına qaldıracaq özəlliklərə sahibdirlər. Bəli, onların hamısı artıq tamamlanıb və yataq otağımdakı iri sandığın içindədir. Düz on iki cildə sığıb həmin əsərlər. Yalnız mən öləndən sonra siz onları oxuya biləcəksiniz. O şərtlərdə dostlarımın mənə həsədi üçün bütün səbəblər artıq ortadan qalxmış sayılacaq. Axı, ölənlərə hər şeyi, hətta ölümsüz əsərlər yaratmalarını da asanlıqla bağışlayırlar. Yəqin, onda qələm dostlarım başlarını yırğalayacaq, zorla gülümsəyib, deyəcəklər: "Ay səni yaramaz! Hamımızı dolayıbmış ha! Biz də elə sanırdıq ki, o, tamam-kamal tükənib".
Elə və ya belə, siz...
Yazının bundan sonrası yox idi.
Ölüm mələyi sinəsinə çökdüyü üçün qocaman yazar mətni tamamlaya bilməyibmiş. Yazı masası arxasında tapıldığı zaman o, çoxdan keçinmişdi. Bəmbəyaz saçlarla örtülü başı yazdığı bu son vərəqdən bir azca aralıda tamamilə hərəkətsiz və rahat şəkildə uyuyurdu, yazdığı qələm isə... qırılmışdı.
Bu vəsiyyətnaməni oxuyan yaxınları mərhumun yataq otağına yollanıb, o sandığı açanda orada on iki qalın cild gördülər. Hər cild yüz səhifədən ibarət idi. Bəmbəyaz vərəqlərdə isə bircə işarət də gözə dəymirdi.
Tərcümə: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!