Şəxsiyyət vəsiqəsi
Yaz!
Ərəbəm.
Kartımın nömrəsi əlli min,
Uşaqlarımın sayı səkkiz,
Doqquzuncu da yoldadır
Yayın axırında yanımızda olacaq!
Hirslənirsən?
Yaz!
Ərəbəm.
Karxanada işləyirəm fəhlə yoldaşlarımla
Uşaqlarımın sayı səkkiz
Paltarlarını, dəftərlərini
Daşdan çıxarıram
Çörəklərini!
Sədəqə gözləməyəcəyəm sənin qapında
Malikanənin qabağında
Alçalan deyiləm
Hirslənirsən?
Yaz!
Ərəbəm.
Adım var, ancaq soyadım yoxdur.
Bu ölkədə
Qəzəb tiyanında yaşayan
Ən səbirli adamam
Zamanın yaranışından
Daha qədimə
Tarixin hesablanmasından
Söyüdlərdən, zeytunlardan
Daha qədimə uzanır köklərim
Yer şumlayan ailədən çıxıb atam
Şanlı əsilzadələrdən deyil!
Babam əkinçi idi
Nə əsli bəlli idi, nə nəsli.
Kitab oxumağı bacarmadığım vaxtlarda
Günəşin doğmağını öyrədirdi mənə!
Evim
Sadə komadır,
Budaqlardan və qamışlardan.
Xoşuna gəldi
Vəziyyətim?
Adım var, ancaq soyadım yoxdur.
Yaz!
Ərəbəm.
Saçlarım: kömür kimi qara
Gözlərim: qəhvəyi
Çalmamın üstündən halqa qoyuram
Əllərim sərtdir daş kimi,
Əzər nəyi tutsa.
Ünvanım:
Küçələri adsız,
Unudulmuş bir kənddənəm, silahsız.
Karxanadadır, tarladadır bütün kişiləri
Bu kəndin
Hirslənirsən?
Yaz!
Ərəbəm.
Sən talan etdin ata-baba bağlarımızı
Şumladığım,
Uşaqlarımla şumladığım torpağı
Sən talan etdin.
Qoymadın nəsə qalsın
Mənimlə nəvələrim üçün
Bu qayalıqlardan başqa!
Və deyirlər ki, hökumətiniz
Bunları da alacaq, hə?
Elədirsə!
Yaz!
Yaz birinci səhifənin başından!
Nifrətim yoxdur insanlara
Heç kimə hücum etmirəm.
Amma ac qalanda
Torpağımı əlimdən alanın ətini didərəm!
Özünü gözlə, qorx mənim aclığımdan!
Qorx mənim qəzəbimdən!
Özünü gözlə!
Sürgündən məktublar
I
Salamlarım, öpüşlərim sonsuzdur,
Diqqətəlayiq heç nə olmayıb hələ.
Hardan başlayım? Nəyi danışım?
Zaman axıb gedir
Qürbətdə tək və tənha
Bir torbam var
İçində quru çörək və məhəbbət
Bir də dəftərim
Bəzi xəyallarımı yazdığım
Səhifələrində məni hirsləndirən
Məni boğaza yığan hər şeyə tüpürdüyüm
Dəftərim.
Hardan başlayım?
Danışılanlar
Və sabah danışılacaqlar
Bitib-tükənmir
Bir əlin toxunuşuyla nöqtələnmir
Mühacir qayıtmır evinə
İtkin yaralı quşun qanadlarında
Lələk bitmir
Hardan başlayım?
Salamlarım, öpüşlərim sonsuzdur
İndi...
II
Ona de ki, deyirəm radioya,
Ona de ki, yaxşıyam
Ona rast gəlsəniz, deyirəm quşlara
Məni unutmayasınız ha.
Ona deyin ki, yaxşıyam
Yaxşıyam,
Mən yaxşıyam.
Hələ görür gözlərim
Ay hələ də göy üzündədi!
Hələ cırılmayıb köhnə paltarım
Balaqları didilib, amma salamatdı hələ
Artıq iyirmi yaşlı cavan oğlanam
Gör ha, düz iyirmi yaşındayam
Artıq cavan oğlanam ee
Həyatla əlləşirəm,
Kişi kimi cavabdehəm,
Çalışıram,
Kafedə qab yuyuram,
Qəhvə dəmləyirəm müştərilər üçün
Onlar xoşbəxt olsun deyə,
Gülümsəmə yapışdırıram
Kədərli simama.
III
Yaxşıyam,
İyirmi yaşındayam,
Cavan oğlanam artıq
Siqaret çəkirəm,
Divara söykənib fit çalıram,
Söz atıram fahişələrə.
Eynən başqaları kimi "Dostlar" deyirəm
"Nə qəşəng şeydi bunlar
Onlar olmasa bu həyata necə dözərdik
Onlarsız yaşamaq olmaz bu həyatı".
Bir dostum soruşdu
"Çörəyiniz var, a dostlar,
Hər gecə ac yatanlar varsa, soruşuram
Nədir qiyməti insanın?".
Yaxşıyam
Yaxşıyam mən.
Qara çörəyim
Bir qab da tərəvəzim var.
IV
Mühacirlər salam göndərir mühacirlərə
Radioda
Hamımız yaxşıyıq deyir hamı,
Pisəm deyən yoxdu!
Doğrudan, nə edir atam?
Yenə Tanrını zikr edir əvvəlki kimi?
Uşaqlar, torpaq və zeytunluq necədi?
Bəs qardaşlarım?
Hamısı işə girə bildi?
"Hamısı müəllim olacaq"
Deyirdi atam
"Ac qalaram,
amma onları kitabsız qoymaram"
Demişdi bir gün.
Məktubları aça bilən
heç kim yoxdu kəndimdə
Bəs bacım necədi?
Böyüyüb? Elçiləri gəlib?
Bəs nənəm nə edir?
Yenə çıxıb qapının ağzında oturur?
Yaxşılığımız üçün,
cavanlar üçün, bərəkət üçün
Dua edir hələ də?
Bəs evimiz?
Hə, evimiz necədi?
Köhnə kandarımız,
ocağımız, qapımız necədi?
Radioda
Mühacirlərin mühacirlərə
salamlarına qulaq asıram
Yaxşıdı hamısı?
Mənsə kədərliyəm
Parça-parçadı hüznlü ürəyim
Kədərli olsa da
Ah, kədərli olsa da
Sizdən bir xəbər demirlər
Radioda.
V
Gecə canavar kimidi
Mühaciri harda olsa sıxışdıran,
Qanına susayan,
Sübhü qaranlıqlara açan
Ac canavar!
Küləklə qol-boyundur söyüd ağacları
De
Nədir günahımız?
Həm də yaşaya-yaşaya ölürük
Həm də həyatımız ölümlü
De,
Nə üçün iki dəfə ölürük?
Bilirsən məni ağladan nədi?
Tez gəl
Bir gecə xəstələndim
Dərmanlar yıxdı məni!
Axşamüstünə soruşsaq
Bilmirəm xatırlayar, ya yox
Buralara gələn, yurduna qayıtmayan qaçqını
Axşamüstünə soruşsaq
Bilmirəm xatırlayar, ya yox
Kəfənsiz ölən qaçqını
Ey söyüdlük, bilmirəm fərqindəsən, ya yox
Adi bir meyit kimi kölgənə atdıqları
İnsandır, insan!
Fərqindəsən, ya yox?
Mən də insanam, insan!
Cəsədimi bayquşlardan qoruya bilərsən?
Birdənəm, ürəyim!
Bu sətirləri kimə yazdım?
Hansı qasid çatdırar bu məktubu?
Quruda, dənizdə, üfüqdə
Bağlayıblar bütün yolları...
Və sən, ürəyim!
Atam, qardaşlarım, yaxınlarım, dostlarım!
Bəlkə sağsınız,
Bəlkə də yox,
Bəlkə mənim kimisiniz. Ünvansız!
Yurdu yoxdursa,
Bayrağı yoxdursa,
Nədir qiyməti insanın?
Hə, nədir qiyməti insanın
Ünvanı yoxdursa?
Tərcümə: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!