Patrik Meloninin qətli - Britaniya nasiri və şairi Roald Dalın hekayəsi

 

Roald DAL (1916-1990) tanınmış Britaniya nasiri, şairi və ssenaristidir. Onun mistika, fəntezi və uşaq ədəbiyyatı janrlarındakı əsərlərində qara yumor və gözlənilməz sonluq effektlərinə xeyli sıx rastlanmaqdadır.

Məhsuldar ədəbi fəaliyyətinə görə o, iki dəfə (1954 və 1960-cı illərdə) Edqar Allan Po ödülünə, Ümumdünya Fəntezi (1983) və "Gümüş stilos" (1979) mükafatlarına, 3 kərə (1989, 1991 və 1993-cü illərdə) isə Niderland Uşaq ədəbiyyatı ödülünə layiq görülübdür.

2013-2020-ci illər ərzində "Mərhumlar arasında dünyanın ən çox qazanan məşhurları" reytinqinə başçılıq edən pop kralı Maykl Cekson ötən il bu birinciliyi Roald Dala təhvil verib, çünki popçunun illik qazancı cəmi 75 milyon dollar ikən, 74 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən bu məşhur yazarın eyniadlı göstəricisi tam 513 milyon dollar təşkil edib.

 

 

Patrik Meloninin qətli

 

Otaq isidilmiş, tər-təmiz yığışdırılmış, pərdələr isə çəkilmişdi, masanın üstündə yanan iki lampadan birini qadın öz yanına, digərini isə o biri başa qoymuşdu. Onun arxa tərəfindəki bufetin üstündə sodalı su qatılmış bir cüt uzun viski stəkanı dururdu. Kiçicik qovada isə kub biçimli buzlar vardı.

Meri Meloni ərinin işdən dönməsini gözləyirdi. Elə hey saata göz atsa da, baxışlarında hər hansı narahatlıq sezilmirdi, sadəcə ötən hər dəqiqənin onu ərinin evə dönüşünə yaxınlaşdırdığından əmin olmaq istəyirdi. Hərəkətlərində bir tələskənlik yox idi, hətta adama elə gəlirdi ki, bunları edərkən üzündə bir təbəssüm də dolaşır. Öz tikməsinə davam edərkən onun çöhrəsindən heyrətamiz bir dinclik yağırdı. Hamiləliyinin altıncı ayında olan bu qadının dərisi mirvari çaları qazanmış, dodaqlarının ucları hamarlanmışdı, təmkin ifadə edən gözləri isə əvvəlki vaxtlarla müqayisədə daha yuvarlaq və tünd görünürdü.

Saat beşə on dəqiqə qalmış o, kənar hənirtilərə qulaq kəsildi. Bundan bir neçə dəqiqə sonra, yəni həmişəki vaxtda isə çaqıl daşları maşının təkərləri altında qıcırdadı, sonra gələn o miniyin qapısı çırpıldı, pəncərənin o üzündən gələn addım səslərinin ardınca kilidə taxılan açar buruldu. Qadın tikməsini bir kənara qoyub, içəri girən ərinə tərəf yönəldi ki, onu öpsün:

- Salam, əzizim, - dedi.

Ərindən: "Salam", - cavabı gəldi.

Şineli ərindən alan qadın onu şkafdakı asılqana keçirtdi. Sonra bufetə yanaşdı, ərinə tünd, özünə isə yüngülvarı olmaqla içki hazırladı. İşini bitirəndən sonra keçib, öz stulunda, ərinin qarşısında əyləşdi və tikməsinə davam elədi. Əri hər iki əliylə tutduğu uzun stəkanı necə o yan, bu yana əyirdisə, qabın divarlarına çırpılan buz parçaları şaqqıltı qoparırdı.

Qadının aləmində məhz bu dəqiqələr günün ən bəxtəvər vaxtı idi. Bilirdi ki, bəlli bir miqdarı içməyənə qədər ərinin ağzını heç bıçaqla da aça bilməz, ancaq yenə də təkbaşına keçirdiyi onca saatdan sonra əriylə bu cür, yəni susaraq oturmaq, onunla təkrar baş-başa qalmaq da ürəyincə idi. Onun yanında özünü rahat hiss edirdi, çünki belə dəqiqələrdə qadın ərinin bədən hərarətini aşkarca sezirdi - günəşlənən birisi qızmar şüaların bədəniylə təmasını da eyni şəkildə duyur.

Ərinin otağa necə iri və ağır addımlarla daxil olması da, stulda qayğısız bir tərzdə, az qala yayxanaraq oturması da qadının könlünü oxşayırdı. Ərinin baxışlarından yağan dərin diqqət və dalğınlıq ifadəsinə heyran idi o, yorğunluğu barədə bircə kəlmə demədən onun sadəcə dodaqlarını büzməsi də qadına məzəli gəlirdi, viski onu həyatın axarına ta qaytarana qədər kişi adətən bu cür səssiz-səmirsiz otururdu.

- Yorğunsan, əzizim?

- Hə, - dedi kişi. - Yorğunam.

Sözünü bitirən kimi o, indiyədək heç eləmədiyi hərəkəti elədi: yarıyacan, hə, hə, yarıyacan dolu olan stəkanı birdəfəyə başına çəkdi. Həmin an qadın gözlərini ona dikməsə də, ərinin məhz belə etdiyini təxmin elədi, çünki kişinin əli aşağı enərkən buz parçaları stəkanın dibinə düşərək şaqqıldadı. Önə tərəf əyilən kişi bir qədər döyükdü, sonra isə yerindən qalxıb, təmkinli addımlarla bufetə yanaşdı ki, özünə yenə içki süzsün.

Yerindən sıçrayan qadın səsləndi:

- Mən süzərdim də!

Kişi dedi:

- Otur görüm!

Əri keçib, yerində əyləşəndə qadın diqqət yetirdi ki, kişi viskini həmişəkindən çox süzüb, buna görə də stəkandakı içki tünd kəhrəba rənginə çalır.

- Çəkələklərini gətirimmi, əzizim?

- Gərək yoxdur.

Kişinin tünd içkini necə sümürdüyünə göz qoyan qadın stəkanda üzən kiçicik yağ damlalarını da seçə bilirdi. O, dedi:

- Hə-ə, sənin rütbəndəki bir polisin bütün günü ora-bura qovulması da tamamilə çəkilməz bir dərddir.

Kişi buna bir cavab vermədi deyə, qadın yenidən öz tikməsiylə məşğul oldu, ancaq əri hər dəfə stəkanı dodaqlarına tərəf aparanda stəkandakı buz parçalarının çıxartdığı o şaqqıltıya qulaq kəsilirdi. Qadın təklif elədi:

- Əzizim, bəlkə sənə bir az pendir də gətirim? Bu gün cümə axşamı olduğundan şam yeməyinə heç nə hazırlamamışam.

Kişi ağızucu:

- İstəmirəm, - dedi.

- Hədsiz yorulubsansa və şam etmək üçün heç hara getmək istəmirsənsə, durub yeməyə nə isə hazırlaya bilərəm. Buzxanada xeyli ətimiz var, evdən çıxmayacaqsansa, durub şam yeməyi bişirim.

İntizarla cavab gözləyən qadın təbəssümlə ərini süzdü, səbrinin daraldığını başının hərəkətiylə ifadə eləsə də, kişi yerindən heç qımıldanmadı da. Qadın dedi:

- Özün bilən məsləhətdir, amma mən yenə də gedib sənə pendir və peçenye gətirim.

Kişidən sərt cavab gəldi:

- Mən heç nə istəmirəm.

İri gözlərini ərinə zilləyən qadın narahat halda yerində qurcalandı.

- Ancaq sən nə isə yeməlisən axı. Gedim, nə isə bişirim. Bunu böyük həvəslə edəcəyəm. Qoyun, ya da donuz ətindən döyməlik ət qızartması hazırlaya bilərəm. Hansından istəyərdin? Buzxanada hər ikisindən var.

Kişi dedi:

- Gəl, indilik bu söhbəti bir kənara qoyaq.

- Ancaq, əzizim, sən mütləq nə isə yeməlisən. Mən hər ehtimala qarşı yemək bişirəcəyəm, istəyərsən - yeyərsən, istəməzsən - yox.

Yerindən qalxan qadın tikməsini masanın üstünə, lampanın böyrünə qoydu.

Kişi dedi:

- Otur. Bir dəqiqəliyə otur, görüm.

Həmin andan etibarən qadının içindəki təlaş lap artmağa başladı. Kişi:

- Haydı, otur, - dedi.

Qadın ağır-ağır stula çökdü, o ara gözlərini ərindən əsla ayırmadı. İkinci stəkanı da boşaldan kişi dilxor halda qabın dibini süzməyə başladı və dilləndi:

- Qulaq as, sənə deyəcək sözüm var.

- Nə olub axı, əzizim? Nəsə baş verib?

Kişi qımıldanmadan oturmuşdu və başını necə aşağı əymişdisə, lampanın işığı onun üzünün ancaq üst qismini işıqlandırırdı, çənəsi ilə ağzı isə dərin bir qaranlığa gömülmüşdü. Onun sol göz qapağının necə səyridiyi qadının nəzərindən yayınmadı. Kişi sözə başladı:

- Qorxuram ki, bu, səni sarsıdacaq. Bu barədə dönə-dönə fikirləşdim və axırda belə qərara gəldim ki, hər şeyi açıb, sənə deyim. İnanıram ki, məni çox da sərt mühakimə eləməzsən.

Sonra o, hər şeyi açıb, xanımına söylədi. Bunu etməsi isə elə də çox zaman almadı: uzaqbaşı dörd-beş dəqiqə. Qadın dəhşət içində ərini dinlədi, həm də ərinin dilindən çıxan hər sözlə bu sarsıntı hissi daha da güclənir, onların arasındakı məsafəni artırırdı. Nəhayət, o dedi:

- Deyəcəklərim bitdi. Mən də anlayıram ki, bütün bunları sənə daha öncə etiraf etməliydim, ancaq başqa yolum da yox idi. Əlbəttə, mən səni pulla təmin edəcək və heç bir sıxıntı çəkməyəsən deyə, əlimdən gələni əsirgəməyəcəm. Ancaq, gəl, bundan qalmaqal yaratmayaq. Məni anlayacağına ümidvaram, çünki bizim idarədə qalmaqallara pis baxırlar.

Əvvəlcə qadının bütün bu danışılanlara inanmağı gəlmədi və onları bir uydurma hesab elədi. Düşündü ki, bəlkə də bunu əri ona etiraf eləməyib və bütün bunlar qadının öz xəyalının məhsuludur. Bəlkə də ən yaxşısı - öz gündəlik işləri ilə məşğul olması və eşitdiklərini bir şayiə sayması olardı, daha sonra, yəni özünə gəldikdən sonra isə qadın özünü inandıra bilərdi ki, yerli-dibli bu şeylər baş verməyib. Özünü:

- Gedib şam yeməyi hazırlayım, - deməyə məcbur elədi.

Bu dəfə əri daha ona mane olmadı.

Otaqda yeridiyi zaman qadın ayaqlarının varlığını hiss eləmirdi. O, ümumiyyətlə heç nə hiss eləmirdi. Sadəcə ürəyi bulanır və qusmağı gəlirdi. O, hər şeyi mexaniki şəkildə edirdi artıq: əvvəlcə zirzəmiyə enib, əl havasına işığı yandırdı, buzxananı açıb, əlinə ilk keçən şeyi götürdü. Əlindəki bağlamaya baxdıqdan sonra üstündəki kağızı açdı.

Hə, qoyun budu idi bu.

Eybi yox, bugünkü şam yeməyinə qoyun budu yeyərlər. Hər iki əliylə bir ucundan yapışdığı budu yuxarıya apardı. Qonaq otağından keçərkən ərinin pəncərə önündə və arxası ona dayandığını görüncə, qadın ani ayaq saxladı. Onun ayaq səslərini eşidən kişi geri qanrılmadan dedi:

- Allah xətrinə, mənim üçün yemək bişirməyinə bir gərək yoxdur.

Həmin an arxadan ərinə yanaşan Meri Meloni heç nə düşünmədən əlindəki buzlu qoyun budunu başı üstə qaldırdı və var gücüylə ərinin boynunun ardına endirdi.

Bu, onu dəyənəklə vurmağa bərabər idi. Qadın bir addım geri çəkilib, gözlədi, ərinin dörd, bəlkə də beş saniyə ayaq üstə qalması ona təəccüblü gəlsə də, sonra kişi möhkəmcə ləngər vurmaqla, xalının üstünə sərildi.

Yıxıldığı zaman o, kiçik masaya toxunmaqla, onu da aşırtdı, məhz qopan bu gurultu sayəsində qadın çaşqınlıqdan qurtuldu. Bədəni soyuduğu üçün qadın ağır-ağır özünü ələ aldı və yarıörtülü kirpiklərinin arasından yerə sərələnən kişiyə baxdı. O, hələ də əllərini qoyun budundan ayırmamışdı.

Öz-özünə dedi: "Belə çıxır ki, onu gəbərtdim!". Qadının beyni heç gözlənilmədən sürətlə işləməyə başladı və bu durum onun özünü də bir xeyli heyrətləndirdi. Tezliklə əsəblərinə hakim oldu. Bir xəfiyyə arvadı olduğu üçün özünə kəsiləcək cəzanı indidən təsəvvürünə gətirdi. Bu barədə ona hər şey məlum idi. Amma heç nə də vecinə deyildi. Nə olacaqsa, qoy olsun. Digər tərəfdən isə, bəs bu uşaq necə olacaq? Məcəllədə hamilə qadınlar barədə xüsusi bənd vardımı görən? Yoxsa onların hər ikisinə - həm anaya, həm də çağaya birdən ölüm hökmü kəsiləcəkdi? Yoxsa onuncu ayın girməsini gözləyirmişlər? Bənzər durumlarda, görəsən, necə davranırlar axı?

Bax, burasını Meri Meloni bilmirdi. Ancaq öz taleyini zərbə altında qoymaq da istəməzdi.

Qadın budu mətbəxə aparıb, qızartma lövhəsinin üzərinə yerləşdirdi, sobanı yandırandan sonra əti qızarmağa qoydu. Sonra əllərini yuyub, tələsik yataq otağına qalxdı. Ayna qarşısına keçib, üzünü pudraladı, dodaqlarını boyadı. Öz-özünə gülümsəməyə cəhd göstərdi. Ancaq təbəssümü, nədənsə, qəribə alındı. Daha bir cəhd elədi.

Uca səslə və ruh yüksəkliyi ilə dedi:

- Salam, Sem.

İndi səsi də belə bir cür çıxırdı:

- Mən sizdən kartof alacaqdım, Sem. Həm də bir banka yaşıl noxud.

Bax, bu oldu başqa məsələ! Bu səfər həm təbəssümü şux alınmışdı, həm də səsində müəyyən qətiyyət sezilirdi. O, eyni cümlələri bir neçə dəfə təkrarladı. Sonra aşağı enib, paltosunu geyindi, arxa qapıdan eşiyə, bağdan keçməklə isə küçəyə çıxdı.

Hələ saat altı olmamışdı deyə, baqqal dükanının işığı yanırdı. Qadın qayğısız bir təbəssümlə piştaxta arxasında duran kişi ilə salamlaşdı:

- Salam, Sem.

- A-a, axşamınız xeyir, missis Meloni. Nə diləyirdiniz?

- Kartof almaq istəyirdim, Sem. E-e, həm də bir banka yaşıl noxud.

Geri qanrılan satıcı rəfdən bir noxud bankası götürdü.

Qadın dedi:

- Patrik yorulduğu üçün şam yeməyinə harayasa getmək istəmədi. Adətən cümə axşamları şam yeməyini biz evdən kənarda yeyirik, tərs kimi mənim də əlimin altda uyğun tərəvəzlər yox idi.

- Bəlkə onda ət də alasınız, missis Meloni?

- Yox, sag olun, ətimiz var. Bayaq buzxanadan əla bir qoyun budu çıxartdım.

- Belə de-e!

- Adətən mən dondurulmuş ətdən yemək bişirmirəm, Sem, ancaq bu gün bunu da sınayacağam. Səncə, ondan ləziz bir şey bişirmək olar?

Baqqal dilləndi:

- Şəxsən mənim üçün dondurulmuş və ya təzə ətin elə bir fərqi yoxdur. Bu kartoflar işinizə yarayar?

- Hə, əlbəttə ki. İki dənə olsa, yetərlidir.

Başını yana əyərək, qadını rəğbətlə süzən baqqal soruşdu:

- Başqa nəsə istəyərdiniz? Məsələn, desert üçün? Desertdə nəyə üstünlük verirsiniz?

- Siz mənə nə məsləhət görərdiniz, Sem?

Satıcı dükandakı rəfi gözdən keçirdi:

- Kəsmikli pudinqin iri bir tikəsi könlünüzə yatar görəsən? Ərinizin bunu sevdiyini axı mən dəqiq bilirəm.

Qadın razılaşdı:

- Əla. O, həqiqətən də bunu sevir.

Alınan mallar paketə qoyulandan sonra hesabı ödəyən qadın şux bir təbəssümlə satıcıya dedi:

- Sağ ol, Sem. Gecən xeyrə qalsın.

- Sizin də gecəniz xeyrə qalsın, missis Meloni. Siz də sağ olun.

Öz-özünə deyirdi ki, hə, indi mən evimə tələsirəm, çünki ərim şam yeməyini intizarla gözləyir, mən isə bacardıqca ləziz bir təam bişirməliyəm - axı zavallı ərim möhkəm yorulub, əgər indi evə girərkən qeyri-adi, ağlasığmaz və ya dəhşətli bir durumla qarşılaşsam, onda, aydın məsələdir ki, görünməmiş bir sarsıntı keçirəcəyəm, qapıldığım dəhşət və müsibətdən havalanacağam. Axı mən hələlik nə bilim ki, evdə məni nə gözləyir?! Mən sadəcə dükandan tərəvəz alıb, evə qayıdıram da. Bu gün cümə axşamıdır və missis Patrik Meloni əri üçün şam yeməyi bişirməkdən ötrü tərəvəz alıb evinə dönür.

Öz-özünə onu da deyirdi ki, hər barədə həmişəki kimi davran. Qoy hər şey təbii görünsün, onda rola girməyə də bir hacət qalmaz. Elə bu səbəbdən evin arxa qapısından keçib, mətbəxə girdiyi zaman qadın pəsdən bir mahnı mızıldayır və gülümsünürdü. Sonra ərini səslədi:

- Patrik! Hardasan belə, əzizim?

Paketi masanın üstünə qoyub, qonaq otağına keçdi, ərinin yerə sərilərkən bədəninin bütün ağırlığı altında qalaraq burxulan qolunu gördüyü an qadın həqiqətən də sarsıldı. Qəlbində bu kişiyə bəslədiyi sevgi hissi yenidən və şiddətlə alovlandı, cəsədə tərəf qaçan qadın dizləri üstə düşərək, hönkürməyə başladı. Bunu etmək sən deyən çətin olmadı və rola girməyə də bir ehtiyac duyulmadı.

Bir neçə dəqiqə sonra yerindən qalxan qadın telefona yanaşdı. Polis bölməsinin nömrəsini əzbər bilirdi. Xəttin o başından cavab gələn kimi acı bir nalə çəkdi:

- Cəld olun! Tez bura gəlin! Patriki öldürüblər!

- Bunu deyən kimdir?

- Missis Meloni. Missis Meloni.

- Siz demək istəyirsiniz ki, Patrik Meloni qətlə yetirilib?

Hıçqırıqdan boğulan qadın dedi:

- Mənə elə gəlir. O, döşəməyə sərilib və deyəsən, keçinibdir.

Dəstəkdən cavab gəldi:

- Təcili ora gəlirik.

Az sonra maşın gəldi və qadın qapını açan kimi bir cüt polis məmuru evə girdi. Qadın bölmənin bütün əməkdaşları kimi, bunları da tanıyırdı, odur ki, vay-şüvən qopararaq, özünü Cek Nunanın qucağına atdı. Polis qadını nəvazişlə stulda oturtdu. Sonra isə soyadı O'Melli olan və artıq döşəmədə uzanan cəsədə tərəf əyilən yoldaşına yanaşdı. Göz yaşları tökən qadın soruşdu:

- O keçinib?

- Deyəsən, hə. Hadisə nə vaxt baş verib?

Qadın baqqal dükanına necə getdiyini və qayıdarkən Patriki döşəməyə sərilmiş halda tapdığını baş-ayaq tərzdə ona nağıl elədi. Qadın bir ara susub hıçqırdı, təkrar danışmağa başladığı anlarda Nunan cəsədin başında artıq laxtalanmış bir qan ləkəsi tapdı. O, bu yaranı Melliyə göstərən kimi yoldaşı cəld yerdən qalxmaqla, dərhal telefona tərəf getdi.

Az keçmədən evə başqa adamlar da gəlməyə başladı. Əvvəlcə həkim, onun ardınca daha iki polis gəldi, ancaq bunlardan birinin adını-soyadını qadın bilmirdi. Nisbətən gec saatda isə hadisə yerinə polis bölməsinin fotoqrafı gəlib fotolar çəkdi. Onun ardınca daktiloskopiya mütəxəssisi ora təşrif buyurdu. Cəsədin ətrafına yığışan polislər öz aralarında nələrsə pıçıldaşırdılar, həmin anlarda detektivlər qadını əməlli-başlı sorğu-suala çəkmişdilər. Ancaq bu zaman onlar qadına münasibətdə aşkar şəkildə nəzakətli davranırdılar. Qadın da hər şeyi onlara təkrarən danışmalı oldu, ancaq bu dəfə lap başdan başladı:

- Patrik evə gələndə mən əlimdə tikiş tikirdim, o, şam yeməyindən ötrü harasa getməyəcəyini bildirdi, yorğun düşmüşdü. Mən də əti sobanın gözünə qoydum, o, hələ də oradadır və bişir. Sonra isə baqqal dükanına qaçdım ki, tərəvəz alım, evə döndüyüm zaman isə o, döşəmədə sərələnib qalmışdı.

Detektivlərdən biri dəqiqləşdirdi:

- Hansı baqqal dükanına?

Qadın izah elədi, sualı verən adam dönüb, yanındakına nə pıçıldadısa, o adam durub evdən çıxdı.

On beş dəqiqədən sonra həmin detektiv qeydlərlə doldurduğu bir vərəqlə geri qayıtdı və təkrar pıçıldaşmalar başlandı, öz hıçqırıqları arasından qadın onların pəsdən dedikləri bu ifadələri yaxalaya bildi: "təmkinli davranırmış... hətta şən imiş... ləziz şam yeməyi bişirmək niyyətində olub... yaşıl noxud... kəsmikli pudinq... bu qadının belə suç işləməsi ağlasığmazdır axı...".

Bir dəqiqə sonra fotoqraf və həkim evi tərk elədi, gələn iki kişi isə cəsədi xərəyə qoyub apardı. Sonra daktiloskopiya mütəxəssisi də evdən çıxıb getdi. İki detektiv və iki nəfər də polis qaldı geriyə. Onlar ev sahibəsiylə xeyli sayqılı davranırdılar, Cek Nunan isə hətta təklif elədi ki, bəlkə o, müvəqqəti harasa, məsələn, bacısıgilə-filan getsin və ya gecəni onun öz xanımıyla keçirsin ki, təkbaşına qalmasın.

Qadın buna etiraz elədi, çünki hətta yerindən tərpənməyə də canında taqət qalmamışdı: "Yaxşısı budur, mən evdə qalıb, bir az özümə gəlim, çünki halım həqiqətən də yaxşı deyil".

Cek Nunan soruşdu: "Elə isə yatağa uzanmanız daha məsləhətli olmazdımı?".

Qadın dedi: "Yox, mən eləcə stulda oturmaqla da özümə gələ bilərəm. Bəlkə bu sayədə özümü nisbətən yaxşı hiss edər və yerimdən tərpənmək üçün canımda bir taqət taparam".

Polislər onu rahat buraxıb, evə göz gəzdirməyə başladılar. Ara-sıra detektivlərdən kim isə qadına bəzi suallar verdi. Hər dəfə yanından keçəndə Meriyə xoş sözlər deyən Cek Nunan hətta onu da sözlərinə əlavə eləmişdi ki, ev sahibi boynunun ardına ağır və küt əşya ilə, çox yəqin metal əşya ilə endirilən zərbədən dünyasını dəyişib. Hazırda onlar həmin o silahı axtarırlar. Ola bilsin, qatil onu özüylə aparıb, ancaq silahı evdə atıb-getmək və ya haradasa gizlətmək ehtimalı da istisna olunmur. Sonra o dedi:

- Bu, bəsit bir məsələdir. Əgər cinayət alətini tapdınsa, hesab elə ki, cani də artıq sənin ovcunun içindədir.

Daha sonra detektivlərdən biri qadına yanaşıb, onun yanında əyləşdi. Evdə elə bir əşya varmı ki, ondan cinayət aləti kimi istifadə olunaydı? Bəlkə qadın evdəki mövcud alətlər arasından iri qayka açarı və ya hansısa vazanın yoxa çıxıb-çıxmadığını dəqiqləşdirsin?

Qadın bildirdi ki, bizdə heç vaxt metal vaza olmayıb.

- Bəs iri qayka açarı necə?

Yox, heç iri qayka açarı da yox imiş. Bənzər şeyləri sadəcə qarajda axtarıb-tapmaq mümkünmüş.

Axtarışlar yenə davam etdirildi. Qadın bilirdi ki, polislər bağda və evin həndəvərində də dolaşırlar. Bayırdakı qıcırdayan çaqıl daşları onların ayaq səslərini ələ verirdi, pərdələr arasındakı boşluqdan isə əl fənərlərinin şüası hərdənbir içəri süzülürdü. Artıq gec idi - buxarının üstündəki saat on tamamı göstərirdi. Otaqlara göz gəzdirən dörd polis nəfəri hələ yorulmaq bir yana, deyəsən, həm də məyus idi.

Növbəti dəfə serjant Nunan yanından ötəndə qadın dedi:

- Cek, mənə içməyə bir şey verə bilərsiniz?

- Əlbəttə ki. Bu viskidən süzümmü?

- Hə, əgər zəhmət deyilsə. Ancaq bir azca. Bəlkə əhvalım düzələ.

Stəkanı uzatdığı zaman qadın ondan soruşdu:

- Bəs siz niyə içmirsiniz? Yəqin, siz də tamam əldən düşübsünüz. Xahiş edirəm, siz də için. Bu axşam mənə qarşı elə nəvazişli davranırdınız ki.

Kişi razılaşdı:

- Niyə də olmasın?! Əslində iş saatlarında buna icazə verilmir, amma sırf yorğunluq çıxsın deyə, üç-beş qurtum içmək olar.

Bir-birinin ardınca həmin otağa baş çəkən digər polislər də azacıq xahiş-minnətdən sonra adama bir qədəh viski içdilər. Əllərindəki stəkanlarla ev sahibəsinin başına yığılan bu kişilər özlərini bir qədər naqolay hiss edir və ona təsəlli mahiyyətli nələrsə söyləməyə çalışırdılar. Mətbəxə baş çəkən serjant Nunan tələsik oradan çıxaraq bildirdi:

- Qulaq asın, missis Meloni, sobanız hələ də yanır və oraya qoyduğunuz ət yəqin, bişmək üzrədir.

Qadın uca səslə dedi:

- Doğrudan ha! Aman, İlahi!

- Bəlkə altını söndürüm?

- Hə, Cek, əgər zəhmət deyilsə. Sizə hədsiz dərəcədə minnətdaram.

Serjant təkrar geri qayıdanda qadın öz iri, qara və yaşla dolu gözlərini ona dikərək dedi:

- Cek Nunan.

- Hə?

- Həm siz, həm də yoldaşlarınız mənə daha bir iltifat göstərə bilərsiniz?

- Çalışarıq, missis Meloni.

Qadın dedi:

- Bilirsiniz, burada toplaşanların hamısı əzizimiz Patrikin dostlarıdır, həm də bu insanlar hər vəchlə onun qatilinin izinə düşməyə çalışırlar. Çox yəqin, indi hamınız möhkəm acıbsınız, şam yeməyinin vaxtı isə çoxdan ötüb. Tanrı Patrikin ruhunu şad eləsin, əgər indi süfrə açmadan sizi bu evdən göndərsəm, bunu ərim mənə heç vaxt bağışlamazdı. O ocaqda bişən qoyun budunu bəlkə elə siz yeyəsiniz? İndiyə o, bişmiş olar.

Serjant Nunan dedi:

- Bunu heç ağlınıza da gətirməyin.

Qadın yalvarış dolu bir səslə dilləndi:

- Xahiş edirəm sizdən. Zəhmət olmasa, o təamı yeyib-bitirin. Şəxsən mən bundan belə evimdə heç nəyə, ən azından onun sağlığında var olan heç nəyə toxunmağa qıymayacağam. Sizin üçün isə durum daha fərqlidir. Əgər indi o təamı yesəniz, mənim də könlüm xoş olar. Sonra isə yenə öz iş-gücünüzə davam edərsiniz.

O dörd polis əvvəlcə nəm-nüm elədilər, ancaq həm də yamanca acmışdılar: ən nəhayət, qadın onları mətbəxdəki yeməyi dadmağa birtəhər razı sala bildi. Özü isə yerindən tərpənmədi, yarıaçıq qapıdan onların arasında gedən söhbətə qulaq verdi: əti gəvələyən polislər qısa cümlələrlə bunları deyirdilər:

- Yesənə, Çarli?

- Yox, qadına da saxla.

- Qadın özü dedi ki, yeyib-bitirin. Hə, o, özü belə dedi. Onu da əlavə elədi ki, bunu ona edəcəyimiz bir iltifat sayacaq.

- Yaxşı, əgər elədirsə, onda mənə bir tikə də ver.

Onlardan hansısa dedi:

- Həkimin dediyinə görə, zavallı Patriki o dünyaya göndərən hərif çox yəqin, yekəpər biriymiş. Mərhumun qafatasını o zalım sanki daş çəkiciylə vurub-dağıdıb.

- Onda onu tapmaq çətin olmaz.

- Elə mən də bunu deyirəm də.

- Qətli kimin törətməsindən asılı olmayaraq, cani o aləti də yanında uzun-uzadı gəzdirə bilməz axı.

Polislərdən biri gəyirdi.

- Mənə elə gəlir ki, o alət haradasa buralarda, yəni elə evin içindədir.

- Ola bilər, bəlkə də düz burnumuzun lap ucundadır o. Sən necə düşünürsən, Cek?

Otaqda oturub, bu sözləri dinləyən missis Meloni hırıltısını tuta bilmədi.

 

Tərcümə: Azad Yaşar


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!