Yasunari Kavabata - 1899-cu ildə 11 iyun tarixində Yaponiyanın Osaka şəhərində anadan olub. Yapon yazıçısı, Fransa incəsənət və ədəbiyyat ordeninin zabiti (1960), ədəbiyyat üzrə Nobel mükafatı laureatı.
1968-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı Yaponiyanın novella ustası Yasunari Kavabataya verilmişdi. Həmin il Nobel mükafatına bir çox ölkələrin yazıçıları təqdim edilmişlər. Onların içərisində Semyuel Bekett, Vitold Qombroviç, Mişel Byutor, Günter Qrass kimi yazıçılar vardı. Mükafat komitəsi üstünlüyü yapon yazıçısına vermişdi.
Y.Kavabataya Nobel mükafatı verilməsi elan edilən gün Münxen şəhərinin "Xanzer" nəşriyyatı onun hekayələrinin bir cildini buraxdı. Altı min kitab bir günün ərzində satılıb qurtardı.
Yasunari Kavabataya Nobel mükafatı verilməsi bir sıra yazıçılar arasında təəccüb doğurmuşdur. Münxendə çıxan "Abendzeitung " qəzeti yazıçılara Y.Kavabatanı tanıyıb-tanımadıqları haqqında sual vermiş, əksər yazıçılar isə onu tanımadıqlarını söyləmişdilər.
Görkəmli İsveçrə yazıçısı Fridrix Dürrenmatt yeni laureat haqqında demişdir ki, mən bu adı eşitməmişdim. Bu salonda oturan dramaturq Maks Frişə də onun adı məlum deyil.
Yasunari Kavabata həkim ailəsində anadan olmuşdur. Uşaqlıqdan yetim qalmış, həyatın çətinliklərini görmüşdür. Bu cəhət onun nəsrində öz bədii əksini tapmışdır. Yazıçı deyirdi ki, mən qüssəli bir avara olduğumu heç zaman unuda bilmirəm.
Kavabata bir zaman yapon yazıçıları Pen- klubunun vitse-prezidenti olmuşdu. O, siyasi baxışları haqqında fikir deməkdən boyun qaçırırdı.
Kavabata 1972-ci ildə Dzusidə evində, zəhərlənməsi səbəbilə vəfat edib. Yazıçının intihar etdiyini də ehtimal edirlər.
Ana dilində dualar
1
Kitani linqvistika barədə kitab oxuyurdu. Növbəti faktları çatdırırdı amerikalı alim Doktor Raş.
Bir italyan var idi, professor Skandila adlı. Dərslərini italyan, fransız və ingilis dillərində keçirdi. Tropik qızdırmadan öldü. Xəstəliyinin birinci günü ingiliscə danışırdı. Xəstəlik gücləndikcə fransızca. Ancaq doğma dilində - italyanca danışmağa başladı ölüm yaxınlaşdıqca. Qızdırma və xəstəliyin digər təsirlərinə görə bunu tamamilə şüursuzca edirdi.
Bir qadın müvəqqəti olaraq yaddaşını itirmişdi. Əvvəlcə qırıq-qırıq italyanca danışırdı. Daha da pisləşdikcə isə fransızca. Bir az yaxşılaşdıqdan sonra keçdi almancaya. Tamamilə sağaldıqdan sonra isə ana dilinə - italyancaya geri döndü. Bir meşəçidən də bəhs edilir kitabda. Uşaqlığını Polşada keçirdikdən sonra Almaniyaya köçüb. Otuz dörd il ərzində polyakca danışmaq bir yana, heç ana dilində bir söz belə eşitməyib. Deyə bilərik ki, o öz uşaqlıq dilini unudub tamamilə. Amma gözəl günlərin birində, narkozun təsirindəykən iki saat polyakca dualar edib, mahnılar oxuyub.
Növbəti əhvalatı Doktor Raşa milliyyətcə alman olan, Filadelfiya şəhərindəki lüteran kilsəsinin keşişi olan tanışı danışıb. Şəhərin cənubunda yaşlı isveçlilər yaşayırdılar. Artıq əlli-altmış il olardı ki, köçmüşdülər Amerikaya və o vaxtdan bəri öz dillərində danışmaq imkanları çox az olmuşdu. Ətrafdakılardan heç kim onların ana dillərində danışa bildiklərini düşünmürdülər. Yaşlılar ölməyə başlayan zaman onların hamsı bir nəfər kimi uşaqlıqda öyrəndikləri duaları oxumağa başladı - sanki uşaqlıq xatirələri canlanırdı.
Belə linqvistik məlumatlar bizə maraqlı nə çatdırdı?
Psixoloq sizə cavab verir: "Bu yaddaş mexanizmindəki dəyişikliklərdi".
Ancaq bu kitabı oxuyan adam daha həssas bir düşüncə tərzinə sahib idi və qocanın ölümündən əvvəl ana dilində bir dua oxumağa məhkum olduğu sualına daha insani bir cavab istəyirdi.
Söz nədi? Bu təkcə işarə sistemidi. Bəs ana dili nədi?
"Fərqli dillərin yaranması bir qəbilənin digər qəbilədən öz sirlərini qoruma istəyi ilə əlaqədardı".
Bunu təsdiqləyən kitablar da var. Onda nə olur? İnsanın əli və ayağı qədimi ixtiralara bağlıdı. Və o buna qarşı çıxmaq istəmir, əksinə, insan bu üsullar sayəsində yaşayıb. İnsan ibtidai təəssübkeşliyi ilə tarixin gövdəsinə o qədər möhkəm bağlanıb ki, ondan ancaq sümüklər qalıb. Əgər düyünü açsaq, necə deyərlər, bu skelet yerə dəyəcək. Qocaların duaları da bunu təsdiqləyir.
Kitani kitab oxuyarkən, daha doğrusu, bu kitabı oxuyarkən Kayokonu xatırladı. "Digər insanlar üçün ana dili nədisə, Kayoko mənim üçün odu".
2
"Sinəsi göyərçininki kimi qabarıq deyil, amma qanadlarının açılması eynidi". Çəyirtkədən danışırdı. Kitani gözlərini açıb belə dedi eynilə. Böyük çəyirtkə görmüşdü yuxusunda. Yuxunun əvvəlində nə gördüyünü isə xatırlaya bilmirdi heç cür. İri qanadlarını çırparaq qulağına sarı uçan çəyirtkə. Hətta qulağına yox, yanağına toxunan. Kitani başa düşürdü ki, o bura Kayokodan necə ayrılmaq lazım olduğunu öyrətmək üçün uçub. Bir neçə saniyədən sonra o, doğma kəndinə gedən yolda irəliləyirdi. Kitani bilirdi ki, bu məhz ona işarədi. Yol boyu adda-budda ağaclar əkilmişdi. Göyərçinə bənzəyən çəyirtkə qanadıyla toxundu Kitaninin üzünə. Amma heç bir səs gəlmədi. Qəribədir ki, Kitani bu toxunuşu böyük müdriklik üçün başlanğıc nöqtəsi kimi hiss etdi. Sanki hansısa dini Həqiqətə toxuna bilmişdi. Bu Həqiqətlərin tərəfindən baxdıqda o, artıq Kayokodan ayrılmalı idi. Məhz bu barədə xəbər verirdi göyərçinə oxşayan çəyirtkə. Bunu anlayan Kitani süd kimi bəyaz yolda addımlayır və sanki kimsə də onu izləyirdi. Çəyirtkə yox olan kimi açdı gözlərini.
"Sinəsi göyərçininki kimi qabarıq deyil, amma qanadlarının açılması eynidi".
Başda dayanan tuberozalar bəyaz qoxuyurdular. İyul çiçəyi - çəyirtkənin oxuması üçün hələ tezdi. Yuxusunda niyə məhz çəyirtkə görmüşdü? Yoxsa keçmişdi çəyirtkə və Kayoko ilə bağlı nəsə yaşanmışdı?
Kayoko ilə şəhər kənarında yaşadıqları vaxt sözsüz ki, çəyirtkələrin cırıldamasını eşidə bilmişdilər. Gəzinti zamanında çəmənlikdə necə sıçradıqlarını da görmüşdülər yəqin ki. Amma nə üçün çəyirtkənin Həqiqətlə əlaqələndirilməsini anlamırdı.
Belə bir yuxudu. Amma Kitani ağlının dərinliklərində hansısa bir çəyirtkə tapa bilmirdi heç cür.
Kənd evində böyük otaq. Pəncərədən yuxarıda qaranquş yuvası. Kitani yuvaya dırmaşır və titrəyir orada. Anlaşılmayan bir qorxu onu sığınacaqdan qovur. Birdən hardan gəldiyi bilinməyən bambukdan dirək çıxır qarşısına. Ondan yapışıb bağçaya düşür. Bir kişi arxasıyca qaçır onun. Kitani həyətin arxa darvazasından qaçaraq çıxır. Bura onun babasının evidir.
Darvazanın arxasında monax paltarı geyinmiş balaca uşaq çıxır qarşısına. Özü kimi balaca süpürgəsi ilə onun anbara sarı getməsinə mane olur.
- Bura olmaz, burada gizlənmə, olmaz!
- Bəs harda gizlənim?
- Hamam otağına qaç, hamam otağına!
- Niyə?
- Çünki başqa bir yerdə gizlənə bilməzsən!
Oğlan onun paltarlarını soyundurur. Kitani kişinin paltarı tapıb, nəfəslikdən hamam otağına girəcəyindən qorxur. Vannanın içinə qısılır, buxar bütün bədənini sarıb dərisini yandırır. Kiməsə toxunur - bu Kayokodu. O, burada daha əvvəldən gizlənib. İkisi vannaya sığışa bilmir.
"Bura olmaz. Əgər dayı bizi tapsa ona nə deyəcəyik? O bizə nə deyəcək?".
Dərisinə Kayokonun və qorxunun toxunmasıyla Kitani yuxudan ayılır.
Həyat yoldaşının qızılı saplarla tikilmiş balışı parıldayırdı. Səhər günəşi ora qədər çatmışdı. Arvadı uzun yuxu köynəyində idi. Heç bir əlaqəsi yox idi onun yuxuyla.
Onları öldürmək üçün arxalarınca düşən kişi kim idi? Bu, Kayokunun sevgilisi, ya da əri idi yəqin ki. Lakin onun Kitaniyə qədər həyatında heç kim olmamışdı. Belə olan halda bu kişi onun Kitanidən sonra tanış olduğu biridi. Kayokonun sevgilisi yox idi onlar ayrılarkən. Buna görə də Kitani onu görməmişdi, tanımırdı. Və yenə də fikirləşməyə başladı - bu kişi niyə arxalarınca qaçırdı?
Özünü sevdiyi qədər onu qısqanmağı da sevirdi. Ancaq indi o bəxtsiz çəyirtkənin nə olduğunu anladı: ayrılıq. "Kayoko mənim üçün digər insanlara görə ana dili nədisə ona bərabərdi".
3
"Girmək olar?".
Kayokonun dayısının Kitaninin yanına gəlməsi təəccüblüdü. "Kayoko belə qəribə məktub göndərib və mən də onunla danışmaq üçün gəlmişəm".
Kayokonun dayısı şübhəli baxışlarla Kitaninin arvadına baxırdı. Qadın çay süzürdü onlara.
- Əgər o evdədisə çağıra bilərsiz onunla danışım?
- Kimi, Kayokonu?
- Bəli.
- Heç bilmirəm hardadı o.
- Başa düşə bilmirəm ki, nələr baş verir. Ona görə də heç nəyi gizlətmədən bura gəlməyə qərar verdim.
Kişi qoynundan məktubu çıxartdı. Məktub Kaqava prefekturasına ünvanlanıb. Elə buna görə məktub kişini bura hardasa Tokioya gətirib uzaq Sikokodan, Kayokonun doğulduğu yerdən. Məktubun möhürünə baxdı həqiqətən də onun yaşadığı yerdən, Atamidən göndərilib.
- O nə yazır məktubda?
- Baxın.
"Əziz dayım! Özüm barədə hər şeyi Kitaniyə vəsiyyət edirəm. Özümü və dəfnimi. Doğma kəndimə heç nə verə bilmədiyim üçün bağışlayın. Lazım olsa Kitani ilə görüşüb ondan soruşun. O sizə bir şeyi danışacaq. Kitani Kayoko".
Absurddu. Kayoko onun harda yaşadığını necə öyrəndi. O, qəsdən göndərib məktubu ki...
Qonağın gəldiyi ikinci gün bir balıqçı sahilin yaxınlığında iki cəsəd tapdı. O çox uzaqdan görmüşdü boğulanları, sanki akvariumın dibində ölmüş iki balıq kimi görünürdülər. Yay gəldiyi üçün dəniz heyrətamiz dərəcədə şəffaf idi.
Boğulanlar barədə eşidən kimi Kitani Kayoko barədə düşündü. Haqlı idi.
Kayokonu məhz buranı seçmişdi intihar etmək üçün.
Kişinin üzündə heç bir ifadə yox idi, ifadəsiz və donuq idi balıq kimi. Məhz bu kişi qısqanırdı onu. Hətta ölümündən əvvəl belə.
Ölüm yaxınlaşdıqca insanın yaddaşı zəifləyir. Yaddaşın dağılması yaxın xatirələrlə başlayır. Yaddaş pozğunluğu bir həddə çatdıqdan sonra nəsə alovlanmağa hazırlaşır. Sonuncu dua. Ölümün astanasındaykən Kayoko yanındakı sevgilisini deyil, onu - ilk sevgisini xatırlamışdı. Yəni yaddaşının dağıntıları arasında sonuncu alovlanan üz Kitaninin idi. Yəqin ki, belə olub. Yəqin ki, bu onun sonuncu gördüyü xəyal olub. Axmaq. Qəzəbdən gülməyi gəlirdi. Kitani hətta tüpürmək istəyirdi onun cəsədinə. "Ölümünə qədər bu qədim xəyala bağlı idi. Cəmi iki il onunla bir yerdə olduq, amma yenə də xilas ola bilmədi məndən. Özü özünü qul elədi. Qul elədi sonuncu duasına".
Kayokonun dayısına deyirdi bunları, ya da öz-özünə.
Tərcümə: Malik ATİLAY
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!