Honq Konq Elm və Texnologiya Universitetinin Çin mədəniyyəti müəllimi, professor, yazar Yan Lyanke 2020-ci ilin fevralında tələbələrinə verdiyi onlayn mühazirədə hekayə yazarlarının gələcəkdə epidemiya haqqında necə bəhs edəcəklərindən, kollektiv yaddaşdan və koronavirusdan danışıb. Həmin dərsdən seçilmiş hissələri təqdim edirik.
Əziz tələbələrim, bu bizim ilk onlayn dərsimizdir. Başlamazdan əvvəl icazə verin, bir az mövzudan kənarlaşım.
Uşaq olanda eyni səhvi iki-üç dəfə təkrarlayanda valideynlərim məni qarşılarına qoyub, alnıma işarə edərək soruşardılar: "Niyə belə unutqansan?".
Çin dili müəllimimiz nə vaxt hansısa bədii mətni dəfələrlə oxuyub əzbərləyə bilmədiyimi görsə məni ayağa qaldırıb bütün sinfin qarşısında sorğu-suala çəkərdi: "Niyə belə unutqansan?".
Xatırlamaq qabiliyyəti yaddaşın böyüdüyü torpaqdır, xatirələr isə bu torpağın meyvələri. İnsanları heyvanlardan və ya bitkilərdən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də yaddaşa və xatırlama qabiliyyətinə malik olmalarıdır. Bu, böyüyüb, yetkinləşməyimiz üçün əsas ehtiyacımızdır. Düşünürəm ki, bu, yemək yeməkdən, geyinməkdən, nəfəs almaqdan daha vacibdir. Yaddaşımızı itirsək, necə yemək yediyimizi unudarıq, tarla şumlamaq qabiliyyətimizi itirərik. Kralın çılpaqkən daha gözəl göründüyünə inanmağa başlayarıq. Niyə bu gün bunlardan danışıram? Səbəb, COVİD-19-un (milli və qlobal fəlakət olan) təsirlərinin hələ də qarşısının alınmaması, virusun ailələri ayırmağa davam etməsi, Vuhan və başqa şəhərlərdə ürəkağrıdan fəryadların hələ də dinməməsidir. Buna baxmayaraq, statistika getdikcə yaxşılaşır, qələbə mahnıları səslənməyə başlayıb.
Ölülərin cəsədləri hələ soyumayıb, insanlar hələ də yas içindədirlər. Halbuki insanlar zəfər nəğmələri oxumağa (Konfutsiyə işarə edərək), "Necə də müdrik və möhtəşəm!" deməyə hazırdır.
COVİD-19 həyatımıza daxil olandan bəri xəstəxanalarda və ya evdə neçə insanın öldüyünü dəqiq bilmirik. Nə araşdırmaq, nə də kimdənsə soruşmaq imkanımız belə olmadı. Daha da pisi, zaman keçdikcə bu araşdırmalar və suallar üçün çox gec ola bilər və bu məsələlər həmişəlik sirr olaraq qala bilər. Belə davam edərsə gələcək nəsillərə heç kimin xatırlamadığı və içindən çıxmaq mümkün olmayan ölüm-dirim qarmaqarışıqlığı ötürəcəyik.
Nə üçün fərdlər, ailələr, cəmiyyətlər, dövrlər və ya ölkələr faciə və fəlakətlərlə üzləşiblər? Ayrıca niyə tarixdə fəlakətlərin əvəzi on minlərlə adi insan həyatı ilə ödənib? Bilmədiyimiz və ya sorğu-sual etmədiyimiz (razılıqla dinlədiyimiz) çoxlu məsələlər arasında biri diqqət çəkir: Biz insanlar (irq olaraq hamımız, qarışqa kimi əhəmiyyətsizliyimizlə) unutqan varlıqlarıq.
Xatirələrimiz redaktə olunur, dəyişdirilir, silinir. Başqalarının bizə xatırlamalı olduğumuzu söylədiklərini xatırlayırıq, unutmağımızı söylədiklərini unuduruq. Kimsə bizə deyəndə susur, əmr gələndə mahnılar oxuyuruq. Yaddaş, dövrümüzün bir alətinə çevrilib, unutmağımız və ya yadda saxlamağımız tələb olunan şeylər haqqında kollektiv və milli xatirələr yaratmaq üçün istifadə olunur.
Keçmişə çevrilmiş tozlu kitab üzlərini unudun, son 20 ildə baş verənləri xatırlayaq. Gəlin sizə 1980-ci və 1990-cı illərdə doğulan uşaqların yaşadıqları və xatırladıqları şeylərdən danışaq. Məsələn, QİÇS, SARS və COVİD-19 insan əliylə gələn fəlakətlərdir, yoxsa Tanşan və Vençuan zəlzələləri kimi insanları çarəsiz qoyan təbii fəlakətlər? Bəs niyə belə təbii fəlakətlərdə insan faktoru həmişə eyni olur? Xüsusilə, 17 il əvvəl SARS epidemiyası və indiki COVİD-19 epidemiyası sanki eyni teatr rejissorunun əlindən çıxıb. Eyni faciə gözümüzün qabağında yenidən canlanır. Biz toz zərrəsindən başqa bir şey olmayan insanlar olaraq bu rejissorun kim olduğunu öyrənə bilmirik, bir yerə yığışıb ssenaristin düşüncələrini, ideyalarını, yaradıcılığını ortaya çıxaracaq təcrübəmiz də yoxdur. Yaxşı, bu "ölüm oyunu" yenidən canlandırılarkən, heç olmasa, əvvəlki oyun haqqında nə xatırlayırıq deyə özümüzə sual verməli deyilikmi?
Yaddaşımızı kim sildi, kim keçmişimizə süngər çəkdi?
Unutqan insanlar onlara həyat verən ağacla əlaqəsi kəsilən taxta, taxta parçaları kimidirlər. Gələcəkdə nə olacaqlarına mişarlar və baltalar qərar verirlər.
Yazmaq həvəsi ilə həyatına məna qatanlara, həyatı hərflərə güvənərək yaşayanlara səslənirəm. Biz də tökülən qana və həyata dair yaddaşımızdan əl çəkəcəyiksə yazmağın nə mənası var? Ədəbiyyatın dəyəri nədir? Cəmiyyətin niyə yazarlara ehtiyacı var? Uzun-uzadı yazılarınızın, zəhmətinizin, yazdığınız çoxlu kitabların başqalarının idarə etdiyi kukladan fərqi nədir? Jurnalistlər şahidlik etdiklərini xəbərə çevirməzsə, yazarlar öz xatirələrini və hisslərini yazmazsa, cəmiyyətin danışa bilən, danışmağı bilən insanları saf və coşqulu siyasi düzgünlük naminə eşitdiklərini çatdırmaqla kifayətlənərsə, Yer üzündə insan kimi yaşamağın nə demək olduğunu bizə kim izah edəcək?
Dövrün böyük partlayışları arasında insanların yaddaşı, yox edilən və ya diqqətsizliklə kənara atılan, sanki heç olmamış kimi səslərlə və sözlərlə gizlədilən lazımsız köpük, axıntı və ya səs-küy kimi görünür. Təəssüf ki, dövr keçdikcə hər şey unudulmağa başlayır. Ət və sümük, bədən və ruh yox olmuş vəziyyətdədir. Hər şey yaxşıdır, dünyanı qaldıracaq həqiqətin lövbəri yoxa çıxıb. Tarix də əfsanələrin, əsassız, itmiş, uydurulmuş hekayələrin toplusuna çevrilib. Belə baxanda xatırlamaq, redaktə edilməmiş, silinməmiş xatirələrə sahib olmaq bizim üçün nə qədər vacibdir. Çoxumuzun taleyində həyatımızı yazmağa həsr etmək var, həqiqəti axtarır və insan olaraq xatirələrimiz vasitəsilə yaşayırıq. Bizim kimi insanların belə pafoslu orijinallığını və yaddaşını itirdiyi bir gün gəlsə, dünyada şəxsi və tarixi həqiqətdən danışa biləcəyikmi?
Əslində, yadda saxlamaq qabiliyyətimiz və xatirələrimiz dünyanı və ya reallığı dəyişdirə bilməsə də, heç olmasa mərkəzi, təşkil edilmiş "həqiqətlərlə" qarşılaşdığımız zaman nəyinsə yanlış olduğunu dərk edə bilər. İçimizdəki kiçik səs "Bu doğru deyil!" deyər. Heç olmasa, epidemiyanın bitmə vaxtı həqiqətən gəlməzdən əvvəl, şən zəfər nəğmələri arasında, biz insanların, ailələrin matəm və fəryadını eşidə və xatırlaya bilərik.
Xatirələr dünyanı dəyişdirə bilməz, amma bizə əsl vicdan verə bilər.
Xatirələr bizə reallığı dəyişdirmək gücü verməsə də, heç olmasa o istiqamətə doğru bir yalan gələndə içimizdə şübhə yarada bilər.
Əziz tələbələrim, biz hamımız həyatını yəqin ki, dil vasitəsilə reallıq və xatirələrlə məşğul olmaqla keçirəcək sənət tələbələriyik. Gəlin kollektiv yaddaşdan, milli yaddaşdan, etnik yaddaşdan yox, öz yaddaşımızdan danışaq. Əslində, tarix boyu milli və kollektiv yaddaşın bulandırdığı və dəyişdirdiyi də həmişə fərdi yaddaşımız olub. Nəhayət, COVİD-19 da bir gün xatirəyə çevriləcək. Ümid edirəm ki, sizin kimi COVİD-19 fəlakətini yaşayan hər kəs xatirələrdən nəticə çıxaran, yaşananları unutmayan insanlara çevriləcək.
Yaxın gələcəkdə xalqımız COVİD-19 üzərində qələbəni zəfər mahnıları, xalq mahnıları ilə qeyd edərkən, ümid edirəm ki, biz bu səslərə qoşulan boş və dayaz yazarlar deyil, öz xatirələri ilə orijinal həyatlar yaşayan insanlar olacağıq. Böyük tamaşa səhnəyə qoyulanda ümid edirəm ki, biz səhnədəki aktyorlar və ya tamaşaya daxil olmaq üçün alqışlayanların deyil, səhnənin ən ucqarında sakitcə dayanıb, gözündə yaşlarla baxan, içinə qapanıq, tənha qalanların arasında olacağıq. Əgər mahnılar arasında sakitlik və bərəkət günləri yavaş-yavaş geri qayıdarkən COVİD-19-un mənbəyini və necə yayıldığını yüksək səslə sorğu-sual edə bilmiriksə, bunu səssizcə mırıldanaq, çünki bu, vicdanımızın və cəsarətimizin göstəricisidir. Auşvitz həbs düşərgəsində baş verənlərdən sonra orda olanlar haqqında şeir yazmaq həqiqətən də barbarlıq idi, amma o dövrü sözlərimizdə və xatirələrimizdə unutmağı seçmək daha böyük barbarlıqdır.
Li Venlian (çinli həkim, bəzi məlumatlara görə COVID-19 koronavirus pandemiyası haqda ilk məlumat verən adam - tərc.) kimi baş verənlər haqqında məlumat verə bilmiriksə, heç olmasa o məlumatlara yaxşı qulaq asaq.
Ucadan danışa bilmiriksə, pıçıldayaq. Pıçıldaya bilmiriksə, yaddaşa sahib, səssiz insanlar olaq. COVİD-19-un başlanğıcını, şiddətlənməsini və yayılmasını yaşayan bizlər, müharibədə qalib olandan sonra zəfər nəğmələri söyləyən izdiham gələndə sakitcə geri çəkilən, xatirələrini qəlblərində saxlayan məzarları ürəklərində daşıyan, yad edən və bir gün bu xatirələri gələcək nəsillərə ötürən insanlar olaq.
Hazırladı: Nilufər HACILI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!