"Həmən göstərsinlər. Yalınqılınc olub düşməni məhv edərik və kralın taxt-tacını başına uçurub Qızılalmayadək gedərik...".
Qoca Səkbanbaşı
- Qızıl Almaya...
- Qızıl Almaya...
- Qızıl Almayadək gedəcəyik!
Sultan Süleyman qəfil kükrəmiş bir tufan kimi əks-səda verən bu nərələri eşitdi. Dərgahda tək idi. Yarım saat əvvəl dağılan Divanın müharibədə göstəriləcək qəhrəmanlıq arzusu haqqında düşünürdü. Bu gün təkcə vəzirləri deyil, sərəskərləri, katibləri, nişançıları, "ağa, kəndxuda, sərdar, piyadabaşı, bölükbaşı, hesabdar" kimi yeniçəri zabitlərini, hətta solaxayları belə çağırmış, hamısını hüzurunda cəm eləmişdi. Hamısı da "Qafdağına qədər arxanla gəlməyə hazırıq, şahım", - deyə ayaqlarına yıxılmış, gözlərindən sevinc yaşları tökmüşdülər. Elə indi "səfər qərarı" orduya xəbər veriləcəkdi. Saraydan bir az aralıda... kiçik meşənin ətəklərindəki məhşərdə bayaqkı Divanın sevinci böyük bir həyəcan ümmanı kimi qaynayıb coşur, qabarır, qabarır, bu ümmanın görünməz, eşidiləcək dalğaları yaxın üfüqlərin buludlu sahillərinə deyil, sanki bütün cahanın üstünə çırpılırdı.
- Qızıl Almaya...
- Qızıl Almaya...
- Qızıl Almayadək...
- .......
Padşah taxtından yavaşca ayağa qalxdı. Sağ əlini qızıl dirsəkliyə dayadı. Göydən enib, mənası anlaşılmayan bir səsə qulaq verirmiş kimi boynunu bükdü. Ordunun vəlvələsini diqqətlə dinlədi. "Qızıl Alma... Qızıl Alma...". Bu sözü şahzadəliyindən bəri bəlkə də min dəfə eşitmişdi. Sonra təkrar taxta oturdu. Sultan Süleyman gözlərinin üstünə qədər enmiş yusifiyyəsini (çalmasını) geri itələdi. İrəli çıxmış geniş alnını əsmər uzun barmaqları ilə tutdu. Düşündü. Düşündü...
- Qızıl Alma haradır? - deyə təkrarladı.
Şərqdə də olsa, Qərbdə də olsa.., - səfər öncəsi çoşub-çağlayan əsgərlər dayanmadan "Qızıl Almaya..." deyə bağırırdılar. O bu nərəni yeniçəri qışlaqlarında, süvari alaylarında, rəsmi keçidlərdə, hətta İstanbulda - sarayın bağçasında belə duymuşdu. Qızıl Alma haraydı? Quşarmudu rənginə çalan zərli pərdənin arxasında növbə çəkən Mahmudu çağırdı:
- Sədrəzəmə söylə ki, vəzirlərlə bəylərbəyini, sərəskərləri toplasın. Həmən gəlsinlər.
***
Vəzirlər yarım saat əvvəl çıxdıqları Divana yenidən çağırılmalarını böyük intizar və həyəcan içində qarşıladılar. Əhməd Paşa ilə Hadım Əli Paşanın arxasınca sərəskərlər, Sokullu Mehmet Paşa, Heydər Paşa, Ayas Paşa, İskəndər Paşa gözlərini yerə zilləyib içəri daxil oldular. Tək-tək yaxınlaşıb taxtın saçağını öpdülər, əl bağladılar. Padşah bəyaz tülbənd sarıqlı, cüt möhürlü çalmasını yenə də önə əymişdi. Qaşları demək olar ki, görünmürdü, sifəti hər zamankından daha sərt bir şəkil almışdı. Qiymətli daşlarla süslənən dirəklərin üzərində qurulmuş, don vurmuş zümrüd qübbəyə bənzəyən otağın sükutunu:
- Qızıl Alma haradır? İçərinizdə bilən varmı? - sualı pozdu.
- !
- ?
- ...
Heç kim cavab verə bilmədi. Hamı gözünü yerə dikmişdi.
Padşah:
- Bunu soruşmaq üçün sizi çağırdım buraya, - dedi. - Sarayımızın ətrafında daim bu nərələri eşidirsiniz. Baxın. Yenə də "Qızıl Almaya... Qızıl Almaya..." deyə bağırırlar. Ora haradır? Min dəfə adını eşitdiyim bu məmləkətin harda olduğunu bilmək istəyirəm.
Temaşvar fatehi Əhməd Paşa kəkələdi:
- Gərək ki, Vyana olsun, şahım!
Padşah o biri vəzirlərə baxdı:
- Elədirmi?
- ...
Gözlərini yerə dikib nə "bəli", nə də "xeyir" deyə bildilər. Padşah, orduya gətirdiyi "qaplan kürklü, qurd başlı, çəyirtkə mahmızlı, polad qalxanlı, təpədən dırnağa dəmirə bürünmüş, əli qamçılı, ağ qızıl bayraqlı" misli görünməmiş mükəmməl alayıyla iki gün əvvəl təvəccüh qazanmış Rumeli bəylərbəyinə üzünü tutdu:
- Sokullu! Sən söylə görək, Qızıl Alma haradır?
- Gərək ki, "Roma" olsun, şahım!
- Hardan bilirsən?
- Elə sanıram.
- Sanmaq hələ bilmək deyil.
Padşah sırası çatanda sərəskərlərdən də soruşdu. Qızıl Alma üçün kimi "Çin" dedi, kimi "Maçin" dedi. Ayas Paşa:
- Hindistandır.
Heydər Paşa:
- Sindistandir.
İskəndər Paşa:
- Gərək ki, Qaf dağının arxası olsun, - dedilər.
Padşah öyrənmək istədiyi şeyi heç kimin bilmədiyini görüncə, daha da hirsləndi. Əlini hirslə taxtın tutacaqlarına çırpdı. Görünməmiş bir hiddətlə sərəskərlərə tərəf çevrildi. Acı-acı gülümsədi:
- Yazıqlar olsun sizin elminizə!
- ...
***
"Hər şeyi bildiklərini sanan" bu Xorasan cübbəli başlar urcah olduqları həqarətin qarşısında büzüşüb qaldılar. Onlar hər şeyi qəbul edərdilər. Lakin cahilliyi, əsla... İçərilərindən qara saqqallı, əyriqıç, şişman bir üləma irəli çıxdı. Bu onların arasında ən bilikli və ən cəsarətlisiydi:
- Şahim! - dedi. - Bu Qızıl Alma deyilən, camaatın uydurduğu bir əfsanədir. Nə əsli var, nə də fəsli... Həqiqi bir məkan deyildir ki, biz də bilək. Camaat da belədir ki, ağzına gələni danışar.
Hakimi-zaman Süleyman qızıl taxta dayadığı əlini qaldırdı:
- Xalqın dediyi! Haqqın dediyi!
- ...
***
Bəstəboy qazı bu sözdən bir şey anlamadı.
Padşah davam etdi:
- Bu bir həqiqətdir. Madam ki, xalq söyləyir; xalqdan gələn səs - Haqqın səsidir! Ona əfsanə demək olmaz. Mütləq ki, bir əsası vardır. Fəqət, siz bilmirsiniz...
- Nə şəriətdə, nə elmdə elə bir isim yoxdur ki, müəmmalı olsun...
- Nə şəriətdə, nə də elmdə belə bir ad yoxdur, - deyirsən.
- Bəli, şahım!
- Bəs ənənədə necə, yoxdurmu?
Üləma düşündü. Gözlərini yerə dikdi. "Yox" deyəcəkdi. Fəqət səfər hazırlığı görən ordunun vəlvələsindən qopan "Qızıl Almaya!" nərələri bir-birinin ardınca şimşək kimi çaxmağa başladı. Əsgərlər yalnız səfərə çıxacağı, müharibəyə girəcəyi zaman deyil, hətta ərköyünlük etdiyi, üsyana qalxdığı vaxtlarda belə bu cür nərə çəkmirdilərmi? Bu, daima coşub-daşan, qabaran bir qüvvənin bilinməyən bir qayəsi idi. Hələ mədrəsədə oxuyarkən süvari, yeniçəri bölüklərinin də belə bir nərə çəkdiklərini eşitmişdi. Bunu lap yaxşı xatırlayırdı. Amma bunun əslinin nə məna daşıdığını maraq göstərib öyrənməmiş, oxuduğu mətnlərdə isə bu ada rast gəlməmişdi. Udqundu. Önündə bağladığı əllərini sıxdı. Artıq "Qızıl Alma ənənədə yoxdur" deyə bilməzdi. Çünki bu səslər qulaqlarında əks-səda verirdi.
- Var, şahım, - dedi.
- Elədirsə, izahı da var.
- ...
***
Üləma susdu. Qızardı. Bir addım geri getdi. Yenə gözlərini yerə dikdi. Ənənədən gələn həqiqəti şəriət də təsdiq etmirdimi? Padşah bunu bilən fəzilətlilərdəndi. Qarşısında boş sözlər danışmağın yeri yoxdu. O biri sərəskərlər dostlarının məğlubiyyətini görüb, ağızlarını açmadıqlarına sevinirdilər. "Susmaq qızıldır!" deyimini xatırlayırdılar. Padşah yenə acı-acı güldü:
- Dünya nə qəribədir! - dedi. - Sizlər bu xalqın başında durursunuz. Bu xalqı idarə edirsiniz. Halbuki onun istədiyi şeyin nə olduğunu bilmirsiniz.
- !
- ...
- ...
- ...
Lakin sahibi-ixtiyar olan padşah qəhrəman, arif, fazil, şair olduğu qədər də insaflıydı. Hər şeyi əvvəlcə öz nəfsində mühakimə edər, hər hökmü, hər qərarı verməzdən əvvəl bir daha öz vicdan süzgəcindən keçirərdi. Hüzurundakı qulların onun sualına cavab verə bilmədiklərindən qıvrıldıqlarını görüb o da sıxıldı. Dəruni lisanla öz-özündən soruşdu:
- Ey Süleyman! Bunlardan sorduğun şeyin nə olduğunu heç özün bilirsənmi?
- Bilmirəm, amma...
- ...Sezirəm.
Azacıq da olsa fərəhləndi. Sezdiyini düşünməyə başladı. Bu... təbiətin, elmin, irfanın ötəsində bir həqiqətdir. Bəli, sanki "Qızıl Alma"nın nə olduğunu bilir, fəqət söyləmirdi. Halbuki bu vəzirlər, sərəskərlər, bəylərbəyi... Xeyr, heç bir şey sezmirdilər. Birinin söylədiyi o birinin söylədiyi ilə uyğun gəlmirdi. Kimisi Çin, kimisi Hind, kimisi Sind, kimisi Vyana, kimisi də Roma deyirdi. Qızıl Alma bunlardan heç biri deyildi. İçində:
- Bəlkə də bunların hamısından qiymətli bir yerdir! - dedi.
Sonra utandıqlarından qızarmış qullarından soruşdu:
- Qızıl Almanın hara olduğunu kimdən öyrənə bilərsiniz?
- ...
Hamının baxışları yerə dikilmişdi, yanlış bir şey söyləməmək üçün kimsə ağzını açmırdı.
Yalnız İskəndər Paşa:
- Şahım! - dedi, - sərəskər qullarınızın elmləri kitabdandır. Vəzir qullarınla biz kölələrinə gəlincə... elə də dərin alimlər deyilik. Budur, nə qədər biliksiz biri olduğumuz sualı -humayınınızla meydana çıxdı. Deyirlər: "Min alimin bilmədiyini bir arif bilər". İzin verin. Bir arif adam tapaq. Ondan soruşun.
- Arif kimdir?
- Bilməyib sezən, şahım...
***
Sonra İskəndər Paşa saf bir əsgərin bəsit məntiqi ilə "Qızıl Alma, Qızıl Alma..." deyən xalqın mütləq bir şey murad etdiyini, quşların ötməsində belə öz dillərində bir məna olduğunu söylədi. Qısa boylu, inadcıl sərəskər xalqın nə söylədiyini, nə istədiyini əsla bilə bilməyəcəyini təkrar iddia etdi. Padşah, İskəndər Paşaya çıxıb gizlicə ordunun içinə getməyi, nümayiş alayında rastına çıxan iki-üç nəfəri tutub hüzuruna gətirməyi əmr etdi. İskəndər Paşa çıxan kimi padşah sərəskərlərə ərəb dilində "ənənələrə dair" suallar verməyə başladı. Vəzirlərlə bəylərbəyi bir şey anlamadan dinləyirdilər.
***
İskəndər Paşa bir az keçmiş hüzura gəldi:
- Üç nəfər tutub gətirdim, şahım! - dedi.
- Əvvəlcə birini gətir baxaq hələ.
***
İskəndər Paşa dərgahın zəhmindən hürküb sapsarı saralmış, başındakı çalması sürüşmüş, qorxudan tir-tir tirəyən bir adamı içəri saldı. Bu, uzun boylu, pələbığlı, qüvvətli bir füqara idi. Orduda ayaqqabı yamamaqla məşğul olan bir sərsəriydi. Dərgahın qapısındakı adamların öyrətdikləri kimi taxta doğru getdi. Yeri öpdü. Ayağa durmadı. Qollarını köksündə çarpazlayıb, düzləri üstə durdu. Padşah soruşdu:
- Qızıl Alma, Qızıl Alma deyirsiniz, ora haradı?
- ...
Adam işlətdiyi cinayətdən bəraət almaq üçün:
- Şahım, hamı bağırır. Mən də onlara qoşulub bağırdım, - dedi.
- Niyə bağırdığını soruşmuram. Qızıl Alma haradır? Mənə bunu söylə.
Adam tərəddüd etmədən:
- Padşahımızın bizi aparacağı yer! - dedi.
- Ora haradır?
- Padşahımız bilir.
***
Padşah İskəndər Paşaya tərəf döndü:
- İkincini gətir, baxaq! - dedi.
Dizləri üstə duran füqara vəzirlərin işarəsilə qalxdı. Geri-geri getdi. Pərdənin yanında dayandı. Bu dəfə hüzura gətirilən arıq, qarayanız, keçəl, çoxbilmiş bir yeniçəriydi. Sərbəstcə irəli getdi. Taxtın saçağını öpdü. Qalxıb əl bağladı. Padşahın "Qızıl Alma haradır?" sualına düşünmədən:
- Önümüzdə gedib bizi aparacağın yer... Şahım! - deyə cavab verdi.
- Ora haradır?
- Sən bilərsən, şahım!
...
İskəndər Paşa üçüncünü də hüzura gətirdi. Bu... mühafizəçi başlığının saçaqları çiyinlərinə düşən bir gənc saray bostançısıydı.
- Qızıl Alma haradır?
- Atınızın getdiyi yer, şahım!
- Ora haradır?
- Hara olduğunu ancaq padşahımız bilir...
Bəli... Ora nə Hind, nə Sind, nə Çin, nə Maçin, nə Vyana, nə də Roma idi.
Padşah hüzurundakılara:
- Gördünüzmü? - dedi. - Üçünün də cavabında bir fərq yoxdur. Həqiqət birdir: "Qızıl Alma" mənim getmək istədiyim yerdir. Budur... Haqqın məni göndərəcəyi yer!
***
Doğrunu söyləyən bu üç nəfərin hər birinə yüz kisə axça bağışlandı. Artıq "Qızıl Almaya, Qızıl Almaya" nərələri get-gedə çoxalır, coşub-daşır, daha da yaxınlaşırdı. Padşah birdən-birə Haqqın onu göndərəcəyi yeri düşündü. Sonu bilinməyən Haqq yolunun, həqiqət yolunun getdiyi "Qızıl Alma" deyilən bu cənnət qapısında Vyana, Roma, Hind, Sind, Çin, Maçin fani xarabalardan başqa bir şey deyildi. Başını aşağı salladı. Arxaya söykəndi. İri qara gözlərini qıydı. İlahi, mənəvi bir zövqə varmış kimiydi. Tədbirli vəzirlərinin, alim sərəskərlərinin, qəhrəman bəylərbəylərinin təkrar saçaq öpüb çıxdıqlarını belə görmədi... Dərgahın qapısında onlar da indiyə qədər ülviyyətinin, məhəbbətinin fərqində olmadıqları möhtəşəm bir mənzərə qarşısında donub qaldılar; səfər hazırlığı görən yüz minlərlə əsgər qol-qola tutmuş, mızraq oynada-oynada qaynaşaraq sarayın ətrafında geniş bir dairə vurmuşdular:
- Qızıl Almaya...
- Qızıl Almaya... nərələriylə sanki xəyalın belə gedib çatmayacağı dərəcədə yüksək, lap yüksək bir ərşə doğru... qalxan qanadlarıyla uçmağa hazırlaşırdılar.
29 noyabr 1917-ci il
Dilimizə uyğunlaşdıran: İbrahim İLYASLI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!