XX əsr fransız poeziyasının ən məşhur isimlərindən biri, yüzə yaxın şeir kitabının müəllifi Pol Elüar (1895-1952) "Azadlıq" şeirini 1942-ci ildə, Fransa nasist Almaniyası tərəfindən işğalda olduğu vaxt yazmışdı. Zirzəmilərdə surəti çoxaldılan şeiri ingilis təyyarələri Fransa səmasından səpirdi. Müharibə zamanı "Şeir və həqiqət", "Müharibə dövründə yeddi eşq şeiri" kitablarını çap etdirən şair Müqavimət Hərəkatının iştirakçılarına dəstəyini bu cür göstərirdi.
Azadlıq
Məktəb dəftərlərimə
Ağac gövdələrinə
Torpağın üstünə qarın üstünə
Sənin adını yazıram
Oxuduğum səhifələrə
Ağ vərəqlərə
Daşa qana və külə
Sənin adını yazıram
Qızılı rəsmlərə
Cəngavər yaraqlarına
Kralların tacına
Sənin adını yazıram
Meşələrə və səhralara
Ağaclardakı quş yuvalarına
Uşaqlıq xatirələrimə
Sənin adını yazıram
Gecənin möcüzələrinə
Gündüzün ağ çörəyinə
Nikah sabahlarına
Sənin adını yazıram
Göyüzünün maviliyinə
Ayın əks etdiyi gölə
Günəşli su hövzələrinə
Sənin adını yazıram
Hüdudsuz çöllərə
Uçaq quşların qanadlarına
Dəyirman pərlərinə
Sənin adını yazıram
Sübhün şəfəqlərinə
Dənizdəki gəmilərə
Dağların zirvəsinə
Sənin adını yazıram
Ağappaq bulud topalarına
Fırtınanın tərli üzünə
Yağışın damcılarına
Sənin adını yazıram
Keçib gedən siluetlərə
Çiçəklərin qönçələrinə
İnkaredilməz həqiqətə
Sənin adını yazıram
Mürgülü cığırlara
Dümdüz yollara
Küçə səkilərinə
Sənin adını yazıram
Gecələr yanan lampalara
Səhərlər sönən lampalara
Yaşadığım bütün evlərə
Sənin adını yazıram
İki yerə böldüyüm almaya
Yataq otağımdakı güzgüyə
Yatdığım çarpayıya
Sənin adını yazıram
İtimin hamar tüklərinə
Dik qulaqlarına
Əyri pəncələrinə
Sənin adını yazıram
Evimizin kandarına
Tanış əşyalara
Alovun müqəddəs dillərinə
Sənin adını yazıram
Bütün tanıdığım bədənlərə
Dostlarımın üzünə
Əl verib salamlaşmalara
Sənin adını yazıram
Pəncərə şüşələrinə
Sükutu pozan
Diqqətli dodaqlara
Sənin adını yazıram
Gizləndiyim xarabalıqlara
Dağılmış mayaklara
Qüssəmin divarlarına
Sənin adını yazıram
Ümidsiz ayrılıqlara
Çılpaq tənhalığıma
Ölüm nərdivanının pillələrinə
Sənin adını yazıram
Bərpa olunmuş sağlamlığa
Keçib getmiş təhlükəyə
Kor-koranə ümidə
Sənin adını yazıram
Və o bircə sözün hökmüylə
Yaşamağa başlayıram yenidən
Doğulmuşam ki səni tanıyım
Sənin adını deyim
Azadlıq.
Tərcümə: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!