2014-2022-ci ilərdə tərcümə işinin vəziyyəti: Azərbaycan Yazıçılar Birliyinin nəşrləri əsasında
Səlim BABULLAOĞLU
Dünya ədəbiyyatı" dərgisinin 2018-ci il üçün ilk sayı (01/2018) Xalq yazıçısı Anarın 80 illiyinə həsr olub və buraxılışda görkəmli ədibin tərcüməsində Platon, Dhammapada, Svami Vive-kananda, Sənai, Bəsrəli Həsən, Əl Qəzali, İbn Həzm, Sey Sonaqon, İhara Saykaku, Covanni Bokkaçço, Mişel Monten, Stendal, Haynrix Hayne, Fridrix Nitsşe, Mark Tven, Anton Çexov, Rabindranat Taqor, Ziqmund Freyd, Marsel Prust, Ceyms Coys, Frans Kafka, Akutaqava Rünoske, Mixail Zoşşenko, Heminquey, Borxes, Alber Kamü, Anna Mariya Matule, Hesiod, Ovidi, Li Bo, Süleyman peyğəmbərin "Nəğmələr nəğməsi", "Qədim yəhudi mətnləri", Du Fu, Hafiz Şirazi, Rudəki, Françeska Petrarka, Vilyam Şekspir, Fransua Viyön, Con Donn, Aleksandr Puşkin, Basö, Bayron, Fedor Tütçev, Mixail Lermantov, Nikolay Nekrasov, Afanasi Fet, Apollon Maykov,Uolt Uitmen, Şarl Bodler, Pol Verlen, Artur Rembo, Reynar Mariya Rilke, Aleksandr Blok, Velimir Xlebnikov, Nikolay Qumilyov, Aleksey Kruçonıx, Anna Axmatova, Boris Pasternak, Osip Mandelştam, Marina Svetayeva, Vladimir Mayakovski, Sergey Yesenin, Robert Frost, Giyom Apolliner, İsikava Takuboku, Pol Elüar, Sen-Jon Pers, Tomas Sternz Eliot, Federiko Qarsia Lorka, Rober Desnos, Sesar Valyexo, Pablo Neruda, Leopold Sedar Senqor, Oktavio Pas, Tadeuş Ru-jeviç, Aleksey Surkov, Aleksandr Tvardovski, Konstantin Simonov, Boris Slutski, David Samoy-lov, Vladimir Sokolov, Yuz Aleşkovski, Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Vladimir Vısotski və İosif Brodski kimi dünya fikir tarixnə və dünya ədəbiyyatı tarixinə təsir etmiş, antik dövrdən çağımıza qədər uzanan bir dövrdəki bu böyük müəlliflərin rus dilindən tərcümə edilmiş çeşidli əsərləri-şeir, hekayə, pyes, traktat, esse və məqalələri yer alıb. Xüsusi saya yazıçı və Anarın bədii irsinin tədqiqatçısı Pərvinin məqaləsi, habelə Xalq yazıçısı Anarın "ön söz yerinə" təqdim olunan "Tərcümələrim haqqında" yazısı daxil edilib. Bu sayın "yubiley nəşri" olmaq kimi özəlliyi ilə yanaşı böyük yazıçımızın həm də tərcüməçilik fəaliyyətini küll halında görmək imkanı verməsindədir.
Dünya ədəbiyyatı" dərgisinin 2018-ci il üçün ikinci nəşri (02/2018) serb poeziyasına həsr olunub. Xüsusi buraxılış serb poeziyasının klassiki Stefan Lazareviçin poetik "Eşq məktubu" ilə açılır, daha sonra Laza Kostiç, Voislav İliç, Aleksa Şantiç, İvo Andriç, Momxilo Nastasiyev, Desanka Maksimovic, Duşan Matiç, Rastko Petroviç, Duşan Radoviç, Vasko Popa, Branko B. Radicevic, Miodrak Pavloviç, Slobodan Markoviç, Stevan Racixiç, Milorad Paviç, Dara Sekuliç, İvan Laliç, Tomislav Miyoviç, Dusko Trifunoviç, Yovan Hristiç, Branko Milkoviç, Borislav Radoviç, Milovan Danoylic, Branislav Petroviç, Lazar Vuçkoviç, Lune Levayats,Matya Beçkoviç, Petar Svetkoviç, Qoyko Cogo, Zoran Miliç, Dragan Drailoviç, Milutin Petroviç, Adam Pusloviç, Radomir Andriç, Rayko Petrov Nogo, Mica Svietiç, Miroslav Maksimoviç, Milan Nenadiç, Milosav Teşiç, Ratko Deletiç, Branislav Velkoviç, Dusko M. Petroviç , Duşka Vrxovas, Tomislav Marinkoviç, Bratislav Milanoviç, Tiodor Rosiç, Simon Simonoviç, Ranko R.Radoviç, Selimir Raduloviç, Vekoslav Vukadin, Yovanka Stoyçinoviç-Nikoliç, Milisa Yeftimiyeviç-Liliç, Corce Nesiç, Novitsya Telebak, Dragan Jovanoviç-Danilov, Milan Orlix, Miodraq Yakçiç və Qoyko Bojoviçin, ümumən 62 şairin şeirləri sıralanır. Eyni zamanda xüsusi buraxılışın "Ədəbi söhbətlər" və "Bakı-Belqrad: ədəbi yazılar" bölümlərində Səlim Babullaoğlunun serb ədəbiyyatçıları Selimir Raduloviç və Yasmina Mixayloviç ilə müsahibələri, Nobel mükafatı laureatı, görkəmli serb yazıçısı İvo Andriçin " Bir dəfə Azərbaycanda" məqaləsi və "Nobel nitqi", Serbiya Yazıçılar Assosiasiyasının sədri Radomir Andriçin "Balkanların dostluq körpüsü boyunca" kitabı haqqında "Müstəqil tarixi toplu" adlı məqaləsi, Səlim Babullaoğlu və Fərid Hüseynin "Dünya Yazıçılarının Beynəlxalq Belqrad Görüşləri"ndən "səfər yazıları", eləcə də Yasmina Mixayloviçin "Xəzərin sahilində" kitabından fraqmentləri yer aldı. Mətnləri dilimizə əsasən rus və qismən serb dilindən olmaqla Səlim Babullaoğlu, Günel Şamilqızı, Xatirə Nurgül, Cavanşir Yusifli, Elxan Zal, Rəbiqə Nazimqızı və Aynur Qarayeva (sətri tərcümələr: Katerina Paniç, Aleksandr Bozoviç) tərcümə ediblər. Hazırlanmasında www.artkaspi.az saytı ilə əməkdaşlıq etdiyimiz bu sayın bir özəlliyi də həm "xalqların, dövlətlərin ədəbiyyyatına" aid olması, digər tərəfdən, eyni zamanda "ədəbi janrlar", konkret söyləsək, "poeziya"ya aid olmasındadır.
“Dünya ədəbiyyatı" dərgisinin 2019-cu il üçün ilk nəşri (01/2019) Türkiyə hekayəsi xüsusi sayı olaraq hazırlandı. Əlamətdar cəhətdir ki, "Dünya ədəbiyyatı"nın bu sayı AYB-nin 85, Mərkəzin 30, dərginin isə 15 illiyi ərəfəsində işıq üzü gördü. Özündən əvvəlki buraxılış kimi bu sayın digər bir özəlliyi də həm "xalqların, dövlətlərin ədəbiyyyatına" aid olması, digər tərəfdən, eyni zamanda "ədəbi janrlar", konkret söyləsək, qardaş Türkiyə yazıçılarının "hekayələrinə və hekayəçiliyinə" aid olmasındadır. Dərginin yeni sayının məhz qardaş Türkiyənin ədəbiyyatına həsr olunması isə bir başqa yubileylə - parlaq tarixi hadisə ilə də əlaqədardı. Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün işğalçılara qarşı milli mücadiləni - Qurtuluş Savaşını başlatmaq üçün 1919-cu ilin 19 mayında İstanbuldan Samsuna səfərinin 100 illiyi tamam olurdu. Dərgi kollektivinin fəaliyyəti nəticəsində 55 müəllifin hekayə yaradıcılığından seçmələri əks etdirən "Türkiyə: hekayə" sayına çağdaş Türkiyə hekayəçiliyinin baniləri, klassiklərin və yeni yazıçıların- Ömər Seyfəddin, Məmduh Şövkət Əsəndal, Xalidə Ədib Adıvar, Əhməd Həmdi Tanpınar, Pəyami Səfa, Səbahəddin Əli, Rifat İlqaz, Xəldun Tanər, Tariq Buğra, Rəfiq Xalid Qaray, Səid Faiq Əbasıyanıq, Yaşar Kamal, Oktay Ağbal, Murad Yalçın, Müqəddər Gəmiçi, Mustafa Çiftçi, Sinə Ərgün, Halikarnas Balıqçısı, Yusif Atılqan, Vüsət O.Bənər, Ədalət Ağaoğlu, Bilgə Qarasu, Leyla Ərbil, Füruzan, Təhsin Yücəl, Onat Qutlar, Fərid Edgü, Talib Apaydın, Oğuz Atay, Tomris Uyar, Sevinc Çokum, Mustafa Qutlu, Səlim İləri, Həsən Özqılınc, Hüseyn Su, Nazan Bəkiroğlu, Bahəddin Özkişi, Fəqir Bayqurd, Rasim Özdənörən, Həsən Əli Topdaş, Bəkir Yıldız, Müzəffər İzgü, Adnan Binyazar, Ərcan Kəsal, Cəmil Qovuqçu, Osman Çeviksoy, Rəcəb Seyhan, Ərcan Kəsal, Alim Qəhrəman, Ehsan Oktay Anar, Camal Şakar, Kamil Yaşıl, İmdat Avşar, Məhməd Qəhrəman, Bəxtiyar Aslan və Ömər Küçükməhmədoğlunun hekayələri daxil edilib. Hekayələrin mütləq əksəriyyəti, müəlliflərdən isə bir çoxunun əsəri Azərbaycan dilinə ilk dəfə məhz dərginin bu sayı üçün çevrilib. "Dünya ədəbiyyatı" dərgisinin "Türkiyə: hekayə" sayına AYB sədri, Xalq yazıçısı Anarın, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cahan Özdəmirin "giriş yazıları", Seyfəddin Hüseynlinin "baş redaktordan" yazısı daxil edilib. Hekayələri Azərbaycan dilinə Eyvaz Zeynalov, Əjdər Ol, Azad Yaşar, Şərif Ağayar, Seyfəddin Hüseynli, Gülzar Səfərova, Oktay Hacımusalı, Cəlil Cavanşir, Qan Turalı, Şəfiqə Şəfa, Qismət, İlahə Əkbər, Aygün Ələkbərova, Şəhriyar del Gerani, Cavid Qədir və Ramil Əhməd çevirdib. Nəşrdə Azərbaycan ədəbiyyatşünaslarının Türkiyə hekayəçiliyini təhlil etdikləri 3 nəzəri materiala filologiya üzrə fəlsəfə doktoru, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Sədaqət Qasımlının "Türkiyə ədəbiyyatında yeni hekayəçilik" məqaləsi, ədəbiyyatşünas Qismətin "Dünəndən bu günə Türkiyə hekayəsi" yazısı və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Sima Şəfizadənin "Çağdaş Türkiyə hekayəçiliyinə bir baxış" araşdırmasın da yer verilib.
"Dünya ədəbiyyatı" dərgisinin 2019-cu il üçün növbəti sayı (02/2019) "esse" janrına həsr olundu. "Esse" sayında yer verilmiş müxtəlif ölkələrdən 50-yə yaxın müəllifin əsəri, essesi - son yüz ildən bəri dünyada bu janrın keçdiyi inkişaf yolunu, onun hazırkı mənzərəsini, ifadə imkanlarını və qazandığı sənətkarlıq keyfiyyətlərini geniş şəkildə əks etdirir.
Dərginin bu sayına Adam Kirs, Con Bart, Xorxe Luis Borxes, Tomas Bernhard, Mo Yan, Frans Emil Sillanpyaya, Anatol Frans, Pablo Neruda, Mişel Uelbek, Rolan Bart, Artur Konan Doyl, Bernard Şou, Gilbert Kiyt, Piter Smit, Oden, Zeydi Smit, Antonio Porpetta, Enrike Vile-Matas, Xavyer Marias, Migel de Unamuno, Alessandro Piperno, İtalo Kalvino, Renzo Oliva, Simon Gikandi, Karlos Fuentes, Yanuş Qlovatski, Mario Varqas Lyosa, Dmtiri Merejkovski, İgor Yevdokimov, Corc Feyfer, Renzo Oliva, Larisa Obaniçeva, Mixail Şoloxov, Nikolay Berdyayev, Veronika Şerbinskaya, Yevgeni Zamyatin, Adonis, Əhməd Camal, Çingiz Güləc, Nihat Ziyalan, Orxan Pamuk, Özdəmir İncə, Semih Gümüş, Sərxan Evyapan, Yusif Yaquboğlu və Mario Benedettinin esseleri daxil edilib. Əsərləri dilimizə Adil Mirseyid, Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Qismət, Cavanşir Yusifli və Pərviz Yusif türk, rus, ingilis və fransız dillərindən çeviriblər.
"Dünya ədəbiyyatı" dərgisinin 2020-cu il üçün ilk sayı (01/2020) "elmi baxış" adıyla nəşr edildi və özündə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlər kollektivinin dünya ədəbiyyatı ilə bağlı son dövrə aid tədqiqatlarını əks etdirdi. Bu buraxılışda 50-dən artıq alim-ədəbiyyatşünasımızın müxtəlif ölkələrin ədəbiyyatına, məşhur yazıçıların yaradıcılığına, onların əsərlərinin Azərbaycan ədəbiyyatı ilə bağlılığına, eləcə də ümumən ədəbi əlaqələr və bədii tərcümə məsələlərinə dair məqalələri, həmçinin bir neçə tərcümə işi toplanıb. Buraxılışda Türkiyə, Amerika, Rusiya, Fransa, İngiltərə, İran, İtaliya, İrlandiya, Yaponiya, Polşa, Gürcüstan, Misir, Hindistan, Monqolustan, Çin, Vyetnam, Meksika, İndoneziya, Koreya, Pakistan, Malaziya yazıçılarının yaradıcılığı, həmçinin qazax, qırğız, özbək, kalmık, türkman, qaraçay ədəbiyyatı nümunələri barədə məqalələr, tərcümələr yer alıb. Məqalə müəllifləri sırasında Aida Feyzullayeva, Almaz Ülvi Binnətova, Aytən Rüstəmzadə, Bədirxan Əhmədli, Bəsirə Əzizəliyeva, Cavidə Məmmədova, Elnarə Akimova, Elnarə Zaynalova, Eşqanə Babayeva, Əlizadə Əsgərli, Fəridə Hicran, Gülər Abdullabəyova, Gülnar Yusifova, Xuraman Hümmətova, İlhamə Sultanova, İmamverdi Həmidov, İradə Yusifova, Könül Hacıyeva, Qəzənfər Paşayev, Lamiyə Nəzirova, Leyla Həsənzadə, Leyla Ramazanova, Leyla Pirimova, Lüdmila Səmədova, Maya Həsənli, Mehman Həsənli, Məmməd Əliyev və Məhmmədhəsən Qəmbərli, Mərcan Sofiyeva, Müşfiq Çobanov, Nərgiz Kərimova, Nərmin Cahangirova, Nizami Tağısoy, Ofelya İsmayılova, Pərvin Nurəliyeva, Samir Səttarov, Sevda Məmmədova, Siracəddin Hacı, Sübhan Məmmədov, Şəhla Qurbanova, Şükufə Yəhyayeva, Turan Teymurov, Ülviyyə Ağayeva, Vüsalə Nəbiyeva, Yaşar Qasımbəyli, Ülkər Hüseynova kimi dəyərli alimlərimizin araşdırma və elmi məqalələri, Fey San-Zadə, Cek London, Oktavio Pas, Tomas Uayer, Şekspir, Robert Henrik, Tomas Hud və İqor Çistyuxinin məqalə və şeirləri də (Ü.Hüseynova, L.Əliyeva və C. Yusiflinin tərcüməsində) dərc edilib.
Xüsusi buraxılış AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Xüsusi saya müqəddimə" adlı geniş yazısı ilə açılıb.
"Dünya ədəbiyyatı" dərgisinin 2020-cu il üçün ikinci sayı (02/2020) "Söhbətlər" adlanırdı. Bu buraxılışda İosif Brodskinin Derek Uolkottla, Lyosanın Markeslə, Donjelina Barossonun Saramaqo ilə, Xuan Qabriel Vaskesin Xose Serkas və Lyosa ilə söhbətləri, Borxeslə söhbətlər, eləcə də İskəndər Pala, Edqar Keret, Trumen Kapote, Qrem Qrin, Rebekka Vest, Luiza Qlük, Con Eşbern, Haynrix Böll, Qare Vidal və Amin Maalufla müsahibələr Səlim Babullaoğlu, Seyfəddin Hüseynli, Qismət, İlahə Əkbər, Cavanşir Yusifli, G.Məmmədova, Elcan Salmanqızı və N.Bəşirzadənin tərcüməsində təqdim edilib. Həmçinin Səlim Babullaoğlunun Aqneşka Koşinska ilə Çeslav Miloş, Silviya Zimmermann Del Kastillo ilə Xorxe Luis Borxes, eləcə də Mustafa Məsturla ( Fərid Hüseynlə birgə), Laura Qaravaglia ilə söhbətləri; Fərid Hüseynin Tuğrul Tanyol, Adnan Özər, Cenk Gündoğdu, Danil Salihov və Heydər Ərgülənlə, Xanım Aydının Olena Matuşek və Natalya Yevstayeva ilə söhbətləri buraxılışın orijinal mətnləri sırasındadı.
Həm "Elmi baxış", həm də "Söhbətlər" xüsusi buraxılışları dərginin "janrlar" üzrə dəyərli saylarıdır.
"Dünya ədəbiyyatı" dərgisinin 2021-ci il üçün olan sayları dərginin nəşri dövründə xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, dalbadal nəşr olunan hər iki say 44 günlük şanlı Zəfər savaşımızda ölkəmizin haqlı savaşında yanımızda olan iki dövlətin və xalqın ədəbiyyatına həsr olunub. Söhbət Pakistan və İsrail ədəbiyyatı xüsusi saylarından gedir.
220 səhifəlik "Pakistan sayı"nda Pakistan ədəbiyyatı tarixində xüsusi yeri olan 44 ədibin yaradıcılığından nümunələr təqdim edilib. Həmin buraxılışda Pakistanın və ümumən islam dünyasının böyük mütəfəkkiri Əllamə Məhəmməd İqbal, şəxsiyyətinin miqyası, yaradıcılığının mənəvi-tarixi müstəsnalığı nəzərə alınaraq, həm proza, həm də poeziya bölümündə ilk imza kimi öz yerini tutub. Nəşrdəki bədii materialların sırası Pakistanın Milli Himninin - "Qövmi Təranə"nin şair Hafiz Calandəriyə məxsus mətninin orijinalı, transliterasiyası və tərcüməsi ilə başlanib. "Proza" bölümündə Məhəmməd İqbalın "Mistik təcrübənin əsas xüsusiyyətləri" essesi, Sədat Həsən Mantonun "Qorxaq", Əhməd Nadim Qasminin "Fəryad", Şer Məhəmməd Mərrinin "Dəli", Cəmaləddin Abronun "Pirani", Məhəmməd Nəvaz Tairin "Kimdir müqəssir?", Murad Sahirin "Başçı", Şövkət Siddiqinin "Qaraltı", Xədicə Məsturun "Adaxlıya vida", Banu Qüdsiyənin "Gerçəyin min bir üzü", Cəmilə Haşminin "Doğma torpaq", Rifatın "Zahid", Raziyə Fasih Əhmədin "Kağız - puldur", Ənvər Səccadın "Zövq bağçası", Məsud Müftinin "Rahibə", Məsud Əşarın "Ağaclar və qapılar", Raşid Əmcadın "Rəsmdəki detallar", Zahidə Hinanın "Olum, ya ölüm", Qələndər Momandın "Qajra", Fərxəndə Lodhinin "Yazıq", Dur Məhəmməd Kasinin "Caqqal", Pərvin Malikin "Kim olduğumu bilmirəm", Yasmin Mərrinin "Mavi qızılgülün zəhəri" hekayələrinin tərcüməsi təqdim edilib. "Poeziya" bölümündə Məhəmməd İqbal, Faiz Əhməd Faiz, Habba Xatun, Coş Məlihabadi, Şeyx Ayaz, Məcid Əmcad, Əxtər Hüseyn Cəfəri, Əmir Həmzə Xan Şinvari, Nasir Kazımi, Munir Niyazi, Əhməd Fəraz, Vəzir Ağa, Həbib Calib, Əbdül Qəni Xan, Fəxar Zaman, Layiq Babri, Fəhmidə Riyaz, Zəfər İqbal, Zəhra Nigah, Pərvin Şakir və Ənis Nağının şeirlərinin tərcüməsi təqdim olunub. Mətnləri əsasən ingilis dilindən Cavanşir Yusifli, Səlim Babullaoğlu, Kamran Nəzirli, Qismət, İlahə Əkbər, istedadlı gənc tərcüməçilər Sona Səlimli, Günay Rəsulova və Qorxmaz Səfərov çeviriblər.
Xüsusi buraxılışda Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylinin "Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri: tarixi ənənələr, müasir inkişaf və perspektivlər" adlı əhatəli giriş məqaləsi, Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, fəxri professor Məhəmməd Yusuf Xuşkun "Pakistan ədəbiyyatının tarixinə yığcam baxış" sərlövhəli icmal-məqaləsi, "Dünya ədəbiyyatı"nın "Pakistan" sayının hazırlanmasında fəal və fədakar məsləhətçi kimi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Azərbaycanın Pakistandakı keçmiş səfiri Eynulla Mədətlinin "Azərbaycan-Pakistan əlaqələrinin tarixinə bir nəzər" kimi mühüm məqaləsi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəlinin "Məhəmməd İqbal: müsəlman Şərqinin haqq səsi" və "Sultan Bahunun yaradıcılığında Mövlana Cəlaləddin Rumi təsirinin izləri" adlı iki məqaləsi də dərc olunub. Xüsusi sayın hazırlanmasında görkəmli Pakistan ədibi və alimi Fəxar Zamanın tərtib etdiyi "Pakistani literature" (1995. № 1) antologiyasından istifadə olunub.
Dediyim kimi "Dünya ədəbiyyatı" dərgisinin "İsrail" xüsusi sayı da hazırlandı və buraxılışda bütövlükdə 43 müəllifin yaradıcılığı-həm İsraildə və başqa ölkələrdə yaşayıb-yaradan yəhudi ədiblərin, həm də Azərbaycana bioqrafik cəhətdən birbaşa bağlı, mənşəcə dağ yəhudisi olan ədiblərin bədii mətnlərinə yer verilib. Müəlliflər sırasında Benyamin Tammuz, Moşe Şmilyanski, Yakov Xurgin, Moşe Şamir, Savyon Librext, Yehudit Hendel, Aaron Apelfeld, Yishak Orpaz, Amos Oz, Miriam Bernşteyn-Kohen, Yehoşua Bar-İosef, Yishak Avi-David, Nissim Aloni, Atalla Mansur, Hanoh Bartov, İehuda Yaari, Mordehay Avi-Şaul, İsaak Başevits-Zinger, Albert Beni, Etqar Keret, Rahel Bluvşteyn, Qali-Dana Singer, Zali Qureviç, Nurit Zarxi, Haim-Nahman Bialik, Arye Sivan, Pyotr Davıdov, Aqi Mişol, Amir Or, Meir Vizelter, Ronni Somek, Rami Meir, Natan Zax, Daliya Ravikoviç, Aşer Rayx, Maya Bejerano, Avraham Şlonski, Lea Qoldberq, Şaul Çernixovski, Yehuda Amiçai, Aron Vergelis və Moşe Dor kimi sanballı ədəbi imzalar var. Dərgidəki nəsr əsərləri - hekayələr Xalq yazıçısı Anar, Elçin Hüseynbəyli, Ayna Əlixanova, Cavanşir Yusifli, Məqsəd Nur, Dürdanə İbrahimova-Hüseynbəyli, Natiq Səfərov, Məhərrəm Qasımlı, Azad Yaşar və İlahə Əkbərin tərcüməsində təqdim olunub. Ədəbiyyatşünas Aron Vergelisin "İsrail ədəbiyyatının qaynaqları" məqaləsini Seyfəddin Hüseynli çevirib. Poeziya nümunələri - şeirlər isə Səlim Babullaoğlu, Əkbər Qoşalı, Afaq Şıxlı, Qismət Rüstəmov, Fərid Hüseyn və Giya Paçxataşvilinin tərcüməsində verilib. Əsərlər qismən ivrit, əsasən ingilis və rus dillərindən tərcümə edilib.
Dərgidə giriş yazıları kimi millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın " İsrail sayı" mədəni əlaqələrimizdə önəmli addımdır" məqaləsi, AYB sədri, Xalq yazıçısı Anarın "Qədim xalqın yeni ədəbiyyatı" məqaləsi və AYB katibi, şair Səlim Babullaoğlunun "İsrail sayı üçün" essesi yer alıb.
Hər iki sayın Pakistan və İsrailin ölkəmizdəki səfirlərinin, habelə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın iştirakı ilə müxtəlif vaxtlarda təqdimatları keçirilib.
İndiyədək haqqında danışdığım saylardan məlum olduğu kimi 2014-cü ildən üzü bu yana, dərginin Ukrayna, Rusiya, Oman, İran, İngiltərə, Serbiya, Moldova, Türkiyə, Pakistan və İsrail kimi dövlətlərin ədəbiyyatlarına həsr olunmuş xüsusi buraxılışları, eyni zamanda hər biri oxucular, ədəbiyyatşünaslar və ədəbiyyat tarixçiləri üçün tutarlı mənbə rolunu oynaya biləcək, həm adıçəkilən xalqların ədəbiyyatlarının böyük dövrünə, həm də "dramaturgiya", "esse", "ədəbi söhbətlər", "elmi baxış" kimi ədəbi janrlar, bölgülər çərçivəsindən bütövlükdə dünya xalqları ədəbiyyatlarını süzgəcdən keçirmək imkanı verən xeyli sayları nəşr edilib. İndi isə hələlik sonuncu say: Rumıniya xüsusi buraxılışı, 2022-ci ilin ilk nəşri. Rumıniya ədəbiyyatı xüsusi sayı ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə təsadüf etdiyi üçün xüsusən əlamətdardır. Dərginin bu sayında rumın ədəbiyyatının Mihay Eminesku, Ejen İonesko, Ana Blandiana, Nikolae Labiş, Qabriela Melinesku, Marin Soresku, Dan Soçiu, Nikita Stanesku, Ruksandra Novak, Nikita Danilov, Adi Kristi, Daniel Korbu, İoana Diakonesku, Matey Vişnek, Vasile Andru, Matey Vişnek, Arnold Hauzer, Radu Kocasu, Tibor Balint, Ştefan Benulesku, Ejen Urikaru, Hans Liyebhardt, Nevzat Yusuf Sarıgöl, İsmail Ziyaəddin və Mircea Kartaresku kimi həm klassiklərinin, həm də yeni yazarlarının bir-birindən maraqlı əsərləri- şeir, hekayə, pyes və esseləri, həmçinin dəyərli alim və tərcüməçilərimiz Jalə İsmayıl və Güllü Yoloğlunun "Rumın ədəbiyyatı XIX-XX yüzilliklərdə: faktlar və mülahizələr", "Azərbaycan-Rumıniya ədəbi əlaqələrinə bir nəzər", "Mihay Eminesku: tarixin və ədəbiyyatın güzgüsündə" adlı dəyərli məqalələri yer alıb. Təqdim olunan materialları dilimizə rumın, rus və ingilis dillərindən Vaqif Əlixanlı, Həmid Priyev, Qismət Rüstəmov, Məqsəd Nur, Cavanşir Yusifli, Dürdanə İbrahimova-Hüseynbəyli, Güllü Yoloğlu, Jalə İsmayıl və Səlim Babullaoğlu çeviriblər.
Xüsusi buraxılışa Rumıniyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Vasile Soare, eləcə də Səlim Babullaoğlu "ön söz" yazıblar.
Bu uzun sadalamaların sonunda biz jurnalın baş redaktoru, tanınmış ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynliyə minnətdarlıq ifadə etmək istərdik. Məhz onun və formalaşdırdığı tərcüməçi komandasının sayəsində bu illər ərzində "Dünya ədəbiyyatı" dərgisi özünün yeni və daha məzmunlu mərhələsinə qədəm qoydu.
"Dünya ədəbiyyatı" dərgisinin bu illərdəki nəşri zamanı əməkdaşlıq etdiyimiz "Mütərcim" nəşriyyatına və nəşriyyata rəhbərlik etmiş həmkarlarımız Telman Vəlixanlıya, Əliş Mirzalıya, eləcə də Rita Müslümova və Rüfət Vahidova, dərginin zövqlə hazırlanmasında zəhmətini əsirgəməyən Emil Camalova da təşəkkür etmək yerinə düşərdi.
Yenidən Mərkəzin bu illər ərzindəki bəzi işlərinə geri dönmək, bu dövrdə müxtəli kitab seriyalarından, həm də ayrıca və ya ortaq nəşrlər olaraq çap etdirdiyi kitabları, işıq üzü görən bəzi dünya müəlliflərinin adını sadalamaq istərdim: Fermin Maksans ("Qar" romanı; Cavanşir Yusiflinin tərcüməsində), Marqaret Etvud ("Yanmış evdə səhər yeməyi", seirlər, bilinqva; Cavanşir Yusiflinin tərcüməsində), Tomas Sternz Eliot ("Bəhrəsiz torpaq", şeirlər və məqalə ; Cavanşir Yusfilinin tərcüməsində və təqdimatında), Luici Pirandello ("Bəzi öhdəliklər", hekayələr; Seyfəddin Hüseynlinin tərcüməsində), Nizar Qəbbani ("Sən dəniz çəkə bilmirsən, ata?", şeirlər, Kamil Şərifov və Səlim Babullaoğlunun tərcüməsində), Luiza Qlük ("Odisseyin qərarı", şeirlər ; Qismət, Fərid Hüseyn və Səlim Babullaoğlunun tərcüməsində), Gərus Əbdülməlikan ("Sonuncu quş", şeirlər ; Məsiağa Məhəmmədi, Ümid Nəccari və Səlim Babullaoğlunun tərcüməsində), Arkadi Suçevyanu ("Qağayı ilə göndərilən məktub", şeirlər ; Səlim Babullaoğlu və Qismətin tərcüməsində), Nikolae Spetaru ("Qiyamət təxirə salınıb", şeirlər; Səlim Babullaoğlunun tərcüməsində), Tumas Tranströmer ("Xatirələr mənə baxır", şeirlər, nəsr, müsahibə ; Səlim Babullaoğlunun tərcüməsində), Jorj Polti ("36 dramatik situasiya", tədqiqat ; Səlim Babullaoğlunun tərcüməsində), Leo Butnaru ("Çətir götürməyi unutmayın", şeirlər, Səlim Babullaoğlunnun tərcüməsində), Radomir Andriç ("Yazı masasının o biri üzündə", şeirlər ; Səlim Babullaoğlunun tərcüməsində), Mustafa Məstur (" Tanrının ay üzündən öp", roman; Ariz Tarverdiyevin tərcüməsində), İqor Volnitski ("Mənə ölməyi öyrət", roman ; Azad Yaşarın tərcüməsində), Filipp Rot ("Əlvida, Kolumbus" povest və hekayələr ; Mahir Qarayevin tərcüməsində), Avqust Strindberq ("Tənha", roman, Rəbiqə Nazimqızının tərcüməsində), "Yapon şeiri antologiyası" ( haykular və tankalar; Cəmşid Bəxtiyarın tərcüməsində), "Dostun evi hardadır" ( Modern İran şeiri antologiyası ; Məsiağa Məhəmmədi, Məhəmməd Nuri, Ariz Tarverdiyev və Səlim Babullaoğlunun tərcüməsində), Xaqani Şirvani (ərəbcə şeirləri, İmamverdi Həmidovun tərcüməsində), Enrike Vila-Matas ("Bartlbi və çevrəsi", roman; Qismət və Nicat Məmmədovun tərcüməsində), "Vüqarlı Dneprin suları axsın" ("Ukrayna şeiri antologiyası"; Ə.Cavad, M.Müşfiq, R.Rza, S.Məmmədzadə, E.Zal, S.Babullaoğlu, Qismət, G.Mövlud, G.Şamilqızı, K.Həsənqulu və Ş.Şəfanın tərcüməsində) və Mihay Eminesku (şeirlər, Səlim Babullaoğlu və Jalə İsmayılın tərcüməsində).
Gerçəkləşdirilən layihələr çərçivəsində (Rusiya Yazıçılar Birliyi ilə imzalanan "Əməkdaşlıq Memorandumu" və Monteneqro yazıçıları ilə razılaşma əsasında) Mərkəz "Ədəbiyyat qəzeti" və "Ulduz" jurnalında "Rusiya" "Moldoca" və "Monteneqro" xüsusi buraxılışlarını hazırlayıb.
Davamı gələn sayımızda
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!