General Vaşinqtonun qaradərili nökəri - Mark TVEN

 

Bu məşhur zəncinin qeyri-adi həyatı, ölümündən sonra, onun bioqrafiyasının ən əlamətdar hadisələri, necə deyərlər, birinci dəfə ölməsindən sonra başladı. Bu hadisəyə qədər o, demək olar ki, tanınmamışdı, lakin sonradan, biz artıq hər dəfə onun barəsində eşidirik; elə hey danışırlar ondan, yorulmadan, usanmadan tərifləyirlər onu. O, heyrətamiz karyera düzəldib özünə və mən də düşündüm ki, onun tarixçəsi bizim bioqrafik ədəbiyyatımız üçün qiymətli xəzinə olar. Bax elə buna görə də mötəbər mənbələrdən topladığım materialları diqqətlə tutuşdurdum və onları ictimaiyyətin diqqətinə çatdırıram. Bütün şübhəli məqamları amansızcasına kəsib-doğradım, beləliklə, mən tədqiqatımı gənclərə bir dərslik olsun deyə, ölkəmizin məktəblərinə təqdim edirəm.

General Vaşinqtonun şöhrətli nökərinin adı Corc idi. O, düz yarım əsr öz böyük ağasına sədaqət və dürüstlüklə xidmət etmişdi; bu müddət ərzində sahibinin etibarını və etimadını qazanmışdı,  nəhayət, öz kədərli borcunu da yerinə yetirdi - sevimli sahibini Potomak sahillərində son mənzilə, sükunətli qəbirə yola saldı. On il sonra, yəni 1809-cu ildə, uzun illərin qayğıları və mükafatlarıyla birgə, zənci nökər özü də öldü, onu tanıyanlar onun üçün göz yaşı tökdülər. Boston "GAZET"i bu barədə belə məlumat vermişdi:

"Cümə axşamı Virciniya ştatının Riçmond şəhərində mərhum Vaşinqtonun sevimli nökəri Corc 95 yaşında vəfat etmişdir. Ömrünün son dəqiqəsinə qədər ağlı və möhkəm yaddaşı itməmişdi. O, Vaşinqtonun ikinci dəfə prezident postuna seçilməsində, habelə sahibinin dəfn mərasimində iştirak etmişdi və bu əlamətdar hadisələri lap xırdalıqlarına qədər xatırlayırdı".

O vaxtdan düz 1825-ci ilin mayınadək general Vaşinqtonun sevimli nökəri barədə heç nə yazmamışdılar; lakin o, ikinci dəfə öləndən sonra Filadelfiyada çıxan qəzet bu kədərli hadisəni belə təsvir elədi:

"Ötən həftə Corciya ştatında, Meykonda general Vaşinqtonun sevimli zənci nökəri Corc yetkin bir yaşda - ömrünün 95-ci ilində vəfat etmişdir. O, ömrünün sonunadək sağlam şüurunu və yaddaşını saxlamış, Vaşinqtonun ikinci dəfə prezident seçilməsini, ölümünü və dəfn mərasimini, Cornwallis məğlubiyyətini, Trenton döyüşlərini, Valley Forge (Forj Dərəsi) müsibətlərini və məhrumiyyətlərini və s. əməlli-başlı xatırlayırdı. Mərhumu son mənzilə bütün Meykon camaatı yola saldı".

Daha sonralar 1830, 1834 və 1836-cı illərdə də 4 İyula həsr edilmiş bayramlarda natiqlərin təntənəli çıxışlarında mənim oçerkimin qəhrəmanının adı çəkildi, lakin 1840-cı ilin noyabrında o, yenidən öldü. St. Louis REPUBLICAN qəzeti bu ayın 25-dəki nömrəsində belə bir xəbər verib:

"Daha bir inqilab veteranı aramızdan getdi.

Dünən şəhərimizdə Mr. John Leavenworth-un evində general Vaşinqtonun sevimli nökəri Corc 95 yaşında vəfat etmişdir. O, ölənə kimi ağlını və şüurunu itirmədi, prezident Vaşinqtonun birinci və ikinci dəfə seçilməsini, həmçinin ölümünü, Cornwallis məğlubiyyətini, Trenton və Monmouth  ətrafındakı döyüşləri, Valley Forge-da vətənpərvər ordunun müsibətlərini, müstəqillik haqqında Deklarasiyanın elan edilməsini, Virciniyada deputatlar Palatasında Patrik Henrinin çıxışını, habelə uzaq keçmişin digər həyəcanlı anlarla dolu hadisələrini dəqiq xatırlaya bilirdi. Bu qoca zəncini belə bir möhtəşəm hüznlə son mənzilə yolasalma mərasimi hər ağdəriliyə nəsib olmur. Onun üçün təntənəli dəfn mərasimi düzəldilmişdi".

Sonrakı on-on bir ildə ölkənin müxtəlif bölgələrində keçirilən 4 İyul bayramlarında bu oçerkin qəhrəmanı barədə dəfələrlə ağızdolusu danışdılar, ona təriflər yağdırmaq üçün natiqlər sıraya düzülürdülər. Lakin 1855-ci ildə o yenə öldü. Kaliforniya qəzetləri bu barədə belə bir xəbər yaydı:

"Daha bir qoca qəhrəmanı itirdik.

Martın 7-də Dutch Flat-də 95 yaşlı Corc öldü (o, bir zamanlar general Vaşinqtonun etibarlı nökəri olmuşdu). Ömrünün son anınadək mərhumun yaddaş xəzinəsi ona sadiq qaldı, orda çox maraqlı hadisələr qorunub saxlanırdı. O, prezident Vaşinqtonun birinci və ikinci dəfə seçilməsini, ölümünü, Cornwallis məğlubiyyətini, Trenton, Monmaut, Bunker Hill döyüşlərini, Müstəqillik haqqında Bəyannamənin elan edilməsini, Braddock-un darmadağın edilməsini çox yaxşı xatırlayırdı. Corcun  Dutch Flat-də çox böyük hörməti vardı, təxmini hesablamalara görə dəfn mərasimində on minə yaxın adam iştirak etmişdi".

Sonuncu dəfə bizim qəhrəman 1864-cü ilin iyununda öldü və təzə xəbərlər gəlməmiş güman etmək olar ki, bu dəfə o, həmişəlik ölüb. Miçiqan qəzetləri bu kədərli hadisəni belə yayıblar:

"Daha bir unudulmaz inqilab veteranı həyatla vidalaşdı.

Ötən həftə Detroytda 95 yaşında patriarx, haçansa general Vaşinqtonun sevimli nökəri olmuş zənci Corc öldü. O, ölənədək ağlını itirmədi, Vaşinqtonun birinci və ikinci prezidentliyini, ölümünü, Cornwallis məğlubiyyətini, Trenton, Monmaut, Bunker Hill döyüşlərini, Müstəqillik Deklarasiyasının bəyan edilməsini, Braddock-un darmadağın edilməsini, "Boston çay mərasimi"ni və ingilis müstəmləkiçilərinin gəlməsini xatırlayırdı. O, böyük nüfuza və hörmətə malik idi, onu basdırmağa minlərlə adam gəlmişdi".

Bəli, sədaqətli nökər aramızdan getdi! Biz onu bir daha görməyəcəyik; hər halda, yenidən dirilib gələnədək heç vaxt görməyəcəyik! Bu dəfə onun ölümdən sonrakı parlaq karyerası bitdi; o, rahatca uyuyur, yalnız dincəlməyə layiq olan adamlar beləcə rahat yata bilərlər. O, bütün mənalarda şəxsiyyət idi. Tarix beləsini görməyib; tarix haçansa illərin yükünü çiynində asanca daşıyan belə bir məşhur adamın nümunəsini görməyib; nə qədər çox uzun ömür sürdüsə, bir o qədər də xatirəsi daha möhkəm və daha uzun oldu. Əgər o, yenidən ölmək üçün dirilsəydi, Amerikanın kəşfini də dəqiq xatırlaya bilərdi.

Güman edirəm ki, bu yazıda Corcun təqdim edilmiş qısa bioqrafiyası əsasən səhihdir, hərçənd o, iki dəfə xəlvəti yerlərdə də ölüb, lakin bu hadisə qəzetlərin diqqətindən yayınıb. Fəqət mən onun ölümü barədə yayılan xəbərlərdə bircə səhv aşkar etdim, onu düzəltmək lazımdır. Bu xəbərlərdə o, daim 95 yaşında ölür. Belə şey ola bilməz. Bu yaşda adam bir dəfə ölə bilər, ən yaxşı halda isə iki dəfə, adam həmişə ölə bilməz axı! Əgər o, birinci dəfə 95 yaşında ölmüşdüsə, onda 1854-cü ildə sonuncu dəfə öləndə onun 151 yaşı olmalıydı. Və bu yaş da Corcun xatirələri ilə üst-üstə düşmür. Sonuncu ölümündən qabaq o, 1620-ci ildə baş vermiş hadisəni, müstəmləkəçiləri dəqiq xatırlayır. Onun bu hadisələr zamanı gərək iyirmi yaşı olaydı, nəticədə hesab etmək olardı ki, general Vaşinqtonun nökəri ona qədər artıq həyatdan həmişəlik getmişdi, onun təxminən 260-270 yaşı olmalıydı.

Mən xeyli gözlədim ki, oçerkimin qəhrəmanının bizi əbədi və birdəfəlik tərk etməsinə əmin olum. İndi cəsarətlə onun bioqrafiyasını tirajlayıb yas içində yaşayan millətə ehtiramla təqdim edirəm. 

P.S. İndicə qəzetlərdən oxudum ki, bu vicdansız qoca dələduz Arkanzasda yenidən ölüb. Beləliklə, o, artıq altıncı dəfə ölür və yenə təzə bir məkanda. Artıq general Vaşinqtonun nökərinin ölümü təzə xəbər deyil, onun cazibəsi itib; biz bundan doymuşuq, yetər artıq! Bu xeyirxah niyyətlərlə dolu, lakin saxta yolda olan zənci altı şəhərin əhalisini ona təntənəli dəfn mərasimi düzəltməyə vadar etmiş, onu son mənzilə yola salan on minlərlə adamı aldatmışdır; həmin adamlar isə yüz faiz inanıblar ki, ona yas tutmaq onların şərəf borcudur. Gəlin indi onu həmişəlik basdıraq və həmin zəncinin, general Vaşinqtonun sevimli nökərinin daha bir ölümü barədə haçansa dünyaya xəbər yayacaq qəzeti də kəskin mühakimə edək.

 

İngiliscədən tərcümə: Kamran NƏZİRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!