Tonino QUERRA (1920-2012) görkəmli italyan şairi, nasiri, ssenaristi və kinorejissorudur
Peretti ailəsinə məxsus kiçik sirk öz çadırını kəndin kənarında qursa da, hələlik tamaşalar göstərməyə başlamamışdı. Artistlər kimi, yırtıcı heyvanlar da hədsiz dərəcədə ac idilər, bir də ki, bu kənddə tamaşalardan yığılacaq pulun mövcud sıxıntılı vəziyyəti düzəldəcəyinə hər hansı ümid bəslənmirdi.
Sirkin rəhbəri və sahibi sinyor Peretti təkcə İtaliyada yox, Avstriyada da tanınan bir minici idi və yerli merdən borc pul qopartmaq məqsədilə hər gün bələdiyyənin qapısını kəsdirirdi. Mümkün çıxış yolunu tapmaqdan ötrü təkcə o yox, bütün sirk artistləri vurnuxur, bu müşkülü çözmək üçün baş sındırırdılar. Bu xüsusla bağlı təmkinini heç pozmayan birisi vardısa, o da saqqalı rahib saqqalına bənzəyən ahıl şir idi.
Qəfəsində dayanıb, yorğun baxışlarını qəfəsin barmaqlığı arasından kənd üzərində asılıb duran buluda dikirdi o. Artıq bir il idi ki, gözlərini günlərcə naməlum bir nöqtəyə zilləyib dururdu; belədə heyvan həm az yorulurdu, həm də beyninə hər cür zəhlətökən fikirlər dolmurdu. Onun qıvraq və əzəmətli bir yırtıcı sayıldığı əyyamlar artıq uzaq keçmişlərdə qalmışdı. Çılğın samuray nərəsi çəkməklə, dörd yanan halqanın içindən hoppanıb keçməkdən ibarət məşhur nömrəsini də o, vaxtilə Belqrad şəhərində ikən göstərmişdi. O vaxt öz təlimçisi olan türkün əlini dartıb qopartdığı üçün bütün qəzetlər bu şirə ayrıca məqalələr həsr eləmişdilər. Daha əvvəl, bu əhvalatdan bir neçə il öncə isə o, caynaqları ilə sirk göstəricisini cırmaqlamış, tamaşalar əsnasında bu şiri közərmiş dəmir çubuqlarla döyən ilk təlimçisinin onurğa sütununa isə ciddi xəsarət yetirmişdi.
Bu qocalıq deyilən şey onun başının üstünü qəflətən kəsdirdi, indi onun nümayiş etdirəcəyi yeganə nömrə - bu yırtıcının hələ də qorxunc bir varlıq olduğunu tamaşaçılara göstərməkdən ötrü sinyor Perettinin öz qırmancını diksindirici bir şaqqıltıyla yerə çırpdığı zaman onun böyrünə düşüb, üzüyola halda ora-bura var-gəl eləməkdən ibarət idi.
Ancaq bir dəfə qoca şir arxa pəncələri üstə yatıb qaldı və tamaşaçıların fit səsləri altında sinyor Peretti naəlac qalıb, şiri yerdən qaldırmağa məcbur oldu. Həmin vaxtdan bəri bu şir səhnəyə heç çıxmadı və indi onun rolu tamaşadan öncəki mərhələ ilə yekunlaşırdı: bir neçə lirə qarşılığı giriş bileti alan uşaqlar onun bəmbəyaz saqqalının sinyor Peretti tərəfindən daranmasına tamaşa eləməyə bayılırdılar və həmin saqqalı bunca uzatmaq da elə müdirin ideyası idi. Elə bu səbəbdən şir bütün günü qarşısındakı hansısa uzaq nöqtəyə gözlərini zilləyərək, hərəkətsiz durar, öz balaca pərəstişkarlarının gəlişini intizarla gözləyərdi. Ətrafında nələrin olub-bitdiyi ilə əsla maraqlanmazdı. Gözlərinin önündəki tək mənzərə - hündür və qupquru otların bitdiyi, doğma Keniya savannası idi; özünü isə o, hələ də güllə kimi qaçaraq, antilopları qovan canısulu bir şir cildində görürdü.
Buna görə də sirkin fəaliyyətinin dayanması, sirk artistlərinin isə buradan baş götürüb getmələri onun diqqətini heç çəkməmişdi. Qənnadı fabriki direktorunun onlara iş yeri tapmaq barədəki vədinə inanan yuqoslav əsilli iki balerina bilet alıb, qatarla Paduya şəhərinə yola düzəlmişdi. Atını yel kimi çapan və qarşısına çıxan lövhədə qılıncıyla ürək formasında dəlik açan şərqli süvari isə, eynilə orta əsr cəngavərləri kimi, öz atının belinə minməklə, çox-çox uzaqlara üz tutmuşdu.
Özünü çinli kimi qələmə verən, əslində isə heç Hind-çinli də olmayan, Neapol şəhərində böyümüş iki jonqlyor isə Milana yollanmışdı; daha öncə onlar həmin şəhərdəki bir restoranın sahibinə sübut edibmişlər ki, yana açdıqları əllərində, burunlarının üstündə və çəkmələrinin ucunda içi yeməklə dolu ən azı on üç nimçə saxlaya bilirlər. Su ilə dolu vedrəyə baş vurmağı bacaran akrobat isə sinyor Perettinin öz taxta mücrüsündə saxladığı sonuncu qəpik-quruşu da oğurlayıb, aradan çıxmışdı. Xəstəxanada işə düzələn klounlar oranın rəhbərlərini inandırmışdılar ki, sağalmaz xəstəliklərə düçar olan pasiyentləri onlar məhz güldürərək... öldürəcəklər. Sirkin liliputu da çəkisi iki sentner olan bir kinoteatr sahibəsi ilə evlənmişdi.
Yaxşı, bəs buradakı heyvanların taleyi necə olacaqdı? Fili, dəvəni və bir cüt atı sinyor Peretti Romadakı zooparka vermiş, meymunları isə şose ilə qonşu Bolonya şəhərinə yola düzələn səyyar "Orfey" sirkinə hədiyyə eləmişdi. Sinyora Peretti və şahmat oynamağı bacaran erkək pişik isə karabinerlərin komandiri çavuşun evində özünə daimi sığınacaq tapdı. Dal ayaqları üstə durmağı bacaran və tamaşaçıların alqışlarına uca qəhqəhələrlə qarşılıq verən bir cüt iti əslən sardiniyalı bir çoban özüylə alıb apardı. Aydın məsələdir, sirkdə bircə taxtabitilərə sinyor Peretti söz keçirə bilmirdi, elə buna görə də onlar səfil itlərin xəzində və sirk tamaşalarına baxmağa, həm də buradan öz bağçalarındakı çiçəklər üçün peyin aparmağa gələn avaragor insanların üstündə özlərinə məskən tapdılar. Bu cür minlərlə taxtabiti bizim rahib saqqallı şirin də xəzinə daraşdı. Ancaq bu durum heç kəsi zərrəcə narahat eləmirdi.
Şiri pulsuz-pənəsiz zooparklara təklif edən sinyor Perettinin uzun-uzadı telefon danışıqları da hədər olub getdi. O, bununla bağlı xeyli köhnə tanışının yaşadığı Marsel şəhəriylə əlaqə saxladı. Yenə bir şey çıxmadı. Metal əşyaları, cihazları, mismar və vintləri sinyor Peretti çəki hesabından yerli təsərrüfat mağazalarına, taxta dirəkləri və çadırı isə tikintidə işləyən bir iş icraçısına satdı. Bu satışlardan əldə olunan pul və bələdiyyənin ayırdığı vəsait üst-üstə yığılmış borcların böyük qismini ödəməyə yetdi. Öz nazənin xanımı və artıq qılınc udma nömrələrində püxtələşən qızı ilə vaxtilə sirk çadırının qurulduğu ərazidə dolaşarkən sinyor Peretti artıq samanlı-tozlu havanı təlaş içində öz ciyərlərinə çəkmirdi. Pəncərələrdən boylanan uşaqlar o çəmənlikdə qalan yeganə, toza bulaşmış və qismən Ayı xatırladan bəmbəyaz ləkəni qüssə ilə süzürdülər.
Geriyə bircə o ağ saqqallı şir üçün uyğun bir yer tapmaq qalırdı. Uşaq bağçasında özünə qarovulçu işi tapan sinyor Peretti Byankavalla şəhərinə getməzdən öncə bir neçə könüllü insanın köməyi ilə şirin saxlandığı qəfəsi çayın sahilinə qədər çəkib gətirdi və qapını açdı ki, bəlkə şir gedib özünə yem tapa. Beləcə, şir də azadlığa çıxdı, ancaq indi də heyvancığaz bilmirdi ki, haraya üz tutsun. Onun ön dişləri artıq laxlayırdı, köpək dişləri də düşmək üçün elə bircə himə bənd idi.
İki gün sürən axtarışlar nəticəsində o, bir toyuq və bir dovşan yaxalayıb, qarnını doyurdu: bunların onun cənginə keçməsinin isə tək səbəbi o idi ki, hər iki heyvanın diqqəti qoca şirin ağappaq saqqalına cəmlənmişdi və onlar bu məxluqu yerli əhalidən yardım toplayan rahibə bənzətmişdilər.
Sonra o, rastına çıxan ilk təpəyə dırmaşmağa başladı. Artıq yaşayış evlərindən və səs-küyçü insanlardan çox-çox uzaqda idi. Bir qədər sonra fərqinə vardı ki, arxasınca bir sürü qoyun gəlir. Onların sayı-hesabı yox idi və hamısı da özünü elə aparırdı ki, guya ot qırpışdırırlar, halbuki əsl niyyətləri şirə qəfil hücum çəkmək idi. Təpənin bütün ətəklərinə yayılan qoyun sürüsü artıq şiri mühasirəyə aldı. Canına vahimə düşdü. Təpənin ən yüksək zirvəsinə qalxaraq, özünə tərəf gələn qoyunlara göz qoyunca, onu dəhşət hissi bürüdü. Odur ki, kolluqda gizlənmək fikrinə düşdü. Orada oturub, nəfəsini içinə qısdı - axı sinədolusu nəfəs alsaydı, qoyunlar həmin dəqiqə onun qoxusunu alardılar.
Əvvəlcə qulağına bir səs dəydi, sanki bu səs yerin dərin qatlarından gəlirdi. Ancaq bu, böyük bir qoyun sürüsünün ayaqlarından qopan səs idi və təpəni xəfif də olsa, lərzəyə gətirirdi. Sonra şir öz ətrafında qəribə bir şaqqıltı eşitdi. Həmin an anladı ki, qoyunlar onun arasında gizləndiyi kolun yarpaqlarına daraşıblar. Budaqların yarpaqları get-gedə azaldığından şirin başı və gövdəsi daha aşkar şəkildə seçilib-görünməyə başlamışdı, həm də aclıqdan mələşən qoyunlar başlarını artıq ona sarı uzadırdılar. O dəm canına çökən qorxu necə böyük oldusa, qoca şirin gözlərindəki dünya işığı sönməyə başladı: beləcə, o, sonsuz və ulduzsuz bir gecəyə qərq oldu.
Tərcümə: Azad Yaşar
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!