"İlıq bir su kimidir içimdə yalqızlığım..." - Fazil Hüsnü Dağlarcanın şeirləri

 

 

Yalqızlığım

 

İlıq bir su kimidir içimdə yalqızlığım,

Yalqızlığım, ruhumda uzaq bir səs kimidir.

Hər sabah üfüqlərdən mavi mahnılar gəlir

Və hər sabah ürpəşir içimdə yalqızlığım.

 

Günəşim aydan sarı, sabahım dünəndən çətinsə

Sarsın artıq ömrümü tunç şamdanların hisi.

Üşüyən əllərimdən tutmalıydı birisi,

Əgər mənim gözlərim onları görmürsə.

 

Bir şüşənin arxasında açılır güllərim,

Hovuzum par-par... yuyar baxışlarımı.

İşlər təmiz ziyalar suya naxışlarımı;

Ruhumun dünyasından əsər təxəyyüllərim.

 

Röya rüzgarlarında bir yarpaq yalqızlığım,

Düşüncəm bir neydir ki, ürpərir pərdə-pərdə.

Bəlkə bu misralarım əsəcək könüllərdə,

Fəqət hər kəsdən uzaq qalacaq yalqızlığım.

 

 

Məndən sənə

 

Məndən sənə nə qala bilər.

Düşüncələrim deyil,

O ağılın.

Çiçəklərim deyil,

O təbiətin.

Əsərlərim deyil,

O insanlığın.

Nəfəslərim deyil,

O azadlığın.

 

Məndən sənə

Sevgim qala bilər

O, heç kesin deyil,

O, ancaq sənin.

 

 

Geri verilən

 

Yaxşı, alın, sizin olsun,

Daha istəmirəm.

Bu əl, bu ayaq

Bu duyğu, bu düşüncə

Sizin.

Daha istəmirəm.

 

Budaqlarda göylərdə sularda

Acılarım bir çırtmayla yuxusuz.

Bəlkə, anlarlar məni

Sevindirirlər, ümidləndirirlər, amma

Sizin,

Daha istəmirəm.

 

Ta uşaqlığımdan bəri

Yanımda yeriyən,

Sevəndə, acanda,

Danışanda, yazanda hiss etdiyim sey

Sizin,

Daha istəmirəm.

 

Gecə zil qaranlıqlar böyüyür,

Alır qayğılarımı yollarda.

Alır gözəlliyini dağlardan

Yaxşı, sizin olsun bu doldurduğum boşluq,

Sizin,

Daha istəmirəm.

 

Hamısı: daş, torpaq, orman, dəniz,

İşıqsızlığını yaşadığım varlıq,

Yoxluğunda acılarını çəkdiyim ölülər,

Hamısı, hamısı

Sizin,

Daha istəmirəm.

 

 

İçəridən keçən yol

 

İçəridə günəş doğmaz ki,

Qaranlıqdır sürüb gedən.

Büsbütün sönmüşdür işıq,

Yeni günəş parıldayır keçmişdən.

 

Halbuki gecə Ayla doludur,

Nə üçün qımıldamaz damda?

Gedib-gələn, yeriyən yox,

Yol tək, arzu dar otaqlarda.

 

Tənhasınız, içinizdə bir yüksəliş,

Duyulur, bəlkə, bilirsiniz

Bir ordudur ümidsizlik,

Siz bayraqdar kimisiniz.

 

Yoldur - ürəkdə parlayan,

Yoldur - gerçəklərin izi.

Yoldur - yüzillər keçsə də

Yoldur - yoldaş edən bizi.

 

 

Tənha

 

Mən öləcəm, kimsə seyr etməsin,

Günəş və düşüncələr içində.

Soyunacağam paltarımı və xatirələrimi

Bir səmalar səssizliyində.

 

Və məhzun əllərimlə,

Günəş və düşüncələr içində

Nəsibimi bir kənara qoyub.

Köhnə mahnıları oxuyarkən,

Dağlarda atəşlər yandırıb.

 

Kimsə seyr etməsin, eşq və sonsuzluq,

Qərib məzarlıqlar arasından gedəcəyəm.

Ətirli sularla yuyularaq

Qaranlıqlarda zövq alacağam.

 

 

Yer üzü sayqısı

 

Atalarıma min sayqı,

Min təbrik.

Çatmışam Budapeştə, İrəvana, Misirə mən.

Sevmişəm ancaq.

 

Atalarıma min sayqı,

Min təbrik.

Ayırmamışam

Qaradərilini qızıl saçlıdan.

 

Atalarıma min sayqı,

Min təbrik.

Mən də ölkələr almışam Şərqdən Qərbdən,

Amma sömürməmişəm.

 

 

Mənim heç rəsmim olmasa

 

Mənim heç rəsmim olmasa,

Olmasa və görünsəm

Yalnız düşüncələrdə,

Yazılarda yalnız.

 

Tutmasa məni qaralar, ağlar,

Dağın, daşın ulu yoxluğunda.

Dönüb dursam sadəcə

Günəşlə bir.

 

Bir gecə yarısı

Yatarkən

Diksinir uşaqlar, ölülər, qızlar -

Yeməsin məni işıq.

 

Mənim heç rəsmim olmasa

Yerisəm,

Yerisəm,

Son yaşayanlaradək.

 

 

Özümə

 

Yatırtma məni,

Kainat kimsənin deyil,

Qoy,

Parıltımda qalım.

 

Uçurtma məni

Gözləri balaca sərçələrdən kənara,

Qoy,

Ağaclarla qalım.

 

Salma məni

Daş binalarına düşüncələrin,

Qoy,

Sevgitək qalım.

 

Gəzdirmə məni,

Yazı deyilən bu əyi-üyrü cızma-qaralarda,

Qoy,

Yazılmamış qalım.

 

 

"Haydi" kitabından:

 

Söz oğrusu

 

Şeir yazarkən

Elə bil oğurlayıram

Aydınlığı

Böyük bir qaranlıqdan.

Qara sevda

 

Bu gecəmdir

Qaranlıqda

Səni

Gözləyən.

 

 

Bölünmə

 

Təbiət ikiyə bölmüş bizi

Qadın-kişi

Biz ikiyə ayırırıq özümüzü günün sonunda

Aldadanlar - aldadılmışlar.

 

 

Qaranlığın hərəkəti

 

Mənə bənzəyir

Mənim səssizliyimə

Bu Qatar, bu uçaq, bu gəmi

Gecə içində irəliləyən.

 

 

İkinci həqiqət

 

Ağıl

Daxili

Gözümüzdür

Kirpiksiz.

 

 

Uzaqda

 

Gələr gedər

Səhərədək

Mənim yuxusuzluğum

Sənin gözəlliyinə.

 

 

Bakıda oyanmaq

 

Türkcə səslər gəlir yollardan

Qaranlığı yox edir Türkcə işığı.

Bir az İzmirə bənzər,

Bir az İstanbula,

Dənizlə dağ qarışığı.

            Daha mavi, daha ağ

            Bakıda oyanmaq.

 

Kimisi gedər sənə doğru,

Kimisi gedər çörəyinə,

Onlar sənin doğma qardaşlarındır

Yaratmaqdadırlar gözəlliyini günün

Tanımadınmı yenə.

            Böyüyən, böyüyən bir budaq,

            Bakıda oyanmaq.

 

Səslənir radiodan mahnılar,

Bir budaqdan axar dilin.

Qovaqlarla, çinarlarla, ardıclarla,

Təbiətin eşiyinə

Daşar yaşılın.

            Ta içindəki yarpaq

            Bakıda oyanmaq.

 

 

İki olursan burda, iki vətənin olur,

İlk dəfə, ilk kəz,

Çağların söylədiyi nağıllardan uzaqlaşırsan,

Ölümdən sonrakı diriliş var ha,

Artıq sənə gərəkməz.

            Həm yaxın, həm uzaq

            Bakıda oyanmaq.

 

 

***

Yox edilməz

Nə qədər ki, dünyada türk var,

O qədər də var olacaq

Tük Dil Qurumu.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!