Korluq kimi, şöhrət də mənə tədricən gəldi. Onu heç vaxt gözləməmişdim, axtarmamışdım. İlk xeyirxahlarım əllinci illərdə yazılarımı fransızcaya tərcümə etməyə başlayan Nestor İbarra ilə Roje Kayua oldu. Məncə, 1961-ci ildə Samuel Bekketlə Formentor mükafatını paylaşmağım məhz onların zəhməti sayəsində oldu, çünki əsərlərim fransızca çap olunana qədər nəinki xaricdə, həmçinin doğma Buenos-Ayresdə də fərqimə varan yox idi. Bu mükafatdan sonra Qərbdə kitablarım göbələk kimi artmağa başladı.
Elə həmin il, Eduard Larok Tinkerin təşəbbüsüylə Texas Universitetində mühazirə oxumağa dəvət olundum. Bu mənim Amerika ilə ilk fiziki görüşüm idi. Mütaliə sayəsində müəyyən qədər də olsa, Amerikada olduğumu hiss edirdim, amma Ostində torpaq qazanların ingiliscə danışdığını eşidəndə çox təəccübləndim, çünki mən ingilis dilinin cəmiyyətin bu təbəqəsi üçün əlçatmaz olduğunu fikirləşirdim. Hə, Amerika mənim ağlımda elə mistik dona bürünmüşdü ki, burdakı buğda zəmilərini, palçığı, gölməçələri, çirkli yolları, milçəkləri və küçə itlərini görəndə həqiqətən təəccüblənirdim. Arada nostalgiyaya qapılsam da, indi dəqiq bilirəm ki, mən də, məni müşayiət edən anam da o vaxt Texasa vurulmuşduq. Universitetdə Argentina ədəbiyyatı haqda dərsimi qurtarandan sonra tələbə kimi doktor Rudolf Uilyardın auditoriyasına gedib sakson şeiri haqda mühazirələrə qulaq asırdım. Tezliklə başa düşdüm ki, Argentina tələbələrindən fərqli olaraq, Amerika tələbələri diplom almaqdan çox, dərslə maraqlanır. Mən tələbələrin diqqətini Askasubi və Luqones yaradıcılığına yönləndirməyə çalışırdım, onlarsa inadla mənim öz yaradıcılığımla maraqlanırdılar. Vaxtımın çoxunu filoloq Rayon Martines Lopeslə keçirməyə çalışırdım, o da mənim kimi etimologiyayla maraqlanırdı və mənə çox şey öyrətmişdi. Ştatlarda qaldığımız altı ay ərzində çox səfər etdim, müxtəlif şəhərlərdə mühazirə oxudum. Nyu-Mexikoda, San-Fransiskoda, Nyu-Yorkda, Yeni İngiltərədə, Vaşinqtonda oldum. Amerikanların indiyəcən gördüyüm ən qonaqpərvər, ən dostcanlı millət olduğunu gördüm. Biz latınamerikalılar hər şeydə xeyir güdürük, amma Birləşmiş Ştatlarda adamlar hər şeyə etik cəhətdən yaxınlaşır. Məni hər şeydən çox bu cəhət heyran edirdi. Bu, hətta göydələnləri, kağız torbaları, televiziyanı, plastması və texniki avadanlıqları görməməyimə kömək edirdi.
Amerikaya ikinci dəfə 1967-ci ildə, Çarlz Eliot Nortonun təsis etdiyi poeziya kafedrasına rəhbərlik etdiyim və könüllü dinləyicilərə "Şeirin qüdrəti" mövzusunda mühazirə oxuduğum vaxt getdim. Yeddi ay Kembricdə qalıb Argentina yazıçıları haqda mühazirə oxudum, həmçinin Yeni İngiltərəni səyahət etdim. Xeyli ədəbi səfər da yaşadım, Salemdə Hotornun, Konkordda Emersonun, Nyu-Bedfordda Melvillin, Amherstdə Emili Dikinsonun xatirə yerlərini ziyarət etdim. Kembricdə çox adamla dostluq qurdum: Xorxe Qilyen, Con Meçison, Xuan Mariçal, Raymundo Lida, Ektor İnqrao və İran fiziki Fərid Quşfar. Orda Robert Fitscerald, Con Apdayk, mərhum Dadli Fitts kimi yazıçılarla da görüşdüm. Təzə yerlər görmək imkanından bacardığım qədər istifadə etdim: Ayovaya gedib doğma pampamı gördüm, mənə Karl Sendberqi xatırladan Çikaqoya, Missuriyə, Merilendə, Virciniyaya səfər etdim. Qayıtmağıma az qalmış böyük şərəfə nail oldum: şeirlərimi Nyu-York Poeziya mərkəzində oxudular; şeirləri tərcüməçilər özləri oxuyurdu, zalda da xeyli şair vardı. Birləşmiş Ştatlara üçüncü dəfə 1969-cu ilin noyabrında getdim, bu səfərim üçünsə Oklahom Universitetindəki hamilərim Louell Danemlə İvar İvaskuya borcluyam, onlar məni söhbət aparmağa dəvət etdilər və yaradıcılığımı müzakirə etmək üçün bir qrup alim çağırdılar, bu müzakirə məni çox zənginləşdirdi.
İvask mənə balıq formasında düzəldilmiş fin bıçağı hədiyyə etdi, bıçağın forması uşaqlığımın Palermosunun ənənələrinə uyğun gəlmirdi.
Axırıncı onilliyə nəzər salanda, bu illər ərzində sərgərdan yaşadığımın fərqinə varıram. 1963-cü ildə, Buenos-Ayresdəki Britaniya Şurasının üzvü Neyl Mak-Keyin sayəsində İngiltərəyə və Şotlandiyaya səfər etdim. Ora anamla getmişdim, bir yerdə xeyli yer gəzdik: Londonda ədəbi xatirələri olan yerlərə, doktor Consonun yaşadığı Liçfildə, De Kuinsinin yaşadığı Mançesterə, Henri Ceymsin yaşadığı Raya, Edinburqda Göl kənarına getdik. Nənəmin doğulduğu Henli şəhərində də oldum. Məncə, Şotlandiya və Yorkşir dünyada ən gözəl yerlərdəndir. Şotlandiya təpələrinin arasında əvvəllər yaşadığım tənhalıq və köməksizlik duyğularını bir də yaşadım, bu hissi mənə Pataqoniyanın ucsuz-bucaqsız səhraları aşılayırmış, bunu hələm-hələm başa düşmədim. Bir neçə il sonra, bu dəfə Mariya Ester Vaskesin müşayiətilə yenə Avropaya yollandım. İngiltərədə mərhum Herbert Ridin bataqlıq yanındakı gözəl evində yaşadıq. O bizi York-Minsterə apardı, bizə yerli muzeyin Yorkşir vikinqləri zalında saxlanılan qədim Danimarka qılınclarını göstərdi. Nəticədə o qılınclardan birinə sonet həsr etdim, sonetin adı "Yorkdakı tiyə" idi, ser Herbert ölümündən bir az əvvəl sonetin adını dəyişdirib "York-Minsterdəki tiyə" qoymağı məsləhət gördü, belə daha yaxşı səslənirdi. Sonra isveçli naşir Bonnierin və Argentina səfirinin dəvətilə Stokholma getdik. San-Fransisko, Nyu-York, Edinburq, Santyaqo-de-Kompostela və Cenevrə kimi, Stokholmla Kopenhagen də mənim üçün unudulmaz şəhərlər sırasına daxil oldu.
1969-cu ilin əvvəlində Tel-Əvivlə Yerusəlimdə həyəcanlı günlər keçirdim. Evə qayıdanda dünyanın ən qədim və ən cavan xalqının yanından qayıtdığıma əmin idim, həyat və gümrahlıq yağan ölkədən yarıyuxulu, yorğun qayıtmışdım. Hələ Cenevrədə olanda yəhudi mədəniyyəti ilə maraqlanırdım, o mədəniyyətdə Qərb sivilizasiyasının canlı elementini görürdüm, yəhudi-ərəb müharibəsi başlayan kimi kimin tərəfində olduğumu yəqin etmişdim. Hələ müharibənin müqəddəratı həll olunmayan vaxtlarda, bu döyüş haqda şeir yazmışdım. Bir həftə sonra daha bir şeir yazdım - bu dəfə qələbə haqda. Mənim səfər etdiyim vaxt İsrail, təbii ki, hələ də silahlı lager idi. Orda, Qalileyin sahilində Şekspirin bu misralarını xatırladım:
...on dörd əsr qabaq bu torpaqlarda xaça mıxlanmış adamın ayaq izləri düşmüş müqəddəs torpaqlar.
Yaşımın çoxluğuna baxmayaraq, hələ də üzünü çevirə bilmədiyim və bir daha çevirmək istədiyim daşlar haqda fikirləşirəm. Hələ də Yuta ştatını görməyə ümidim var. Başqa bir arzum İslandiyaya səfər etməkdir, bir arzum da var - Texasla Şotlandiyaya bir də getmək.
Yetmiş bir yaşında hələ də mütəmadi işləyirəm, ağlımda çoxlu ideya var. Keçən il "Elogio de la sombra" ("Zülmətə tərif") şeir kitabımı hazırladım. Bu, bütünlükdə 1960-cı ildən sonra yazdığım birinci kitab idi, həm də 1929-cu ildən bu yana birinci kitab idi ki, içindəki şeirlər məhz bu kitabda toplanmaq üçün yazılmışdı. Toplunun əsas ideyası etik xüsusiyyətli olmasıdı, burda heç bir dini və ya antidini ehtirasdan söhbət getmir. Addakı "Zülmət" eyni zamanda həm korluğu, həm də ölümü bildirir. Bu kitabı bitirmək üçün hər səhər Milli kitabxanada işləyir, şeirləri diktə edib yazdırırdım. Bu işim yekunlaşanda diktə etmək vərdişim qaldı, bu vərdiş elə çox xoşuma gəldi ki, hekayələri də diktə etməyə başladım. Həmin hekayələri bu il çap etdirdim. Toplu "El informe de Brodie" ("Doktor Broudinin məlumatı") adlanır. Ordakı hekayələr sadə nəqletmənin təcrübəsidir, bu, son beş ildə haqqında tez-tez danışdığım kitabdır. Bu yaxınlarda "Los otros" ("Başqaları") adlı ssenarini yazıb yekunlaşdırdım. Süjet mənə aiddir, ssenarinin özünü isə Adolfo Bioy Kasares və gənc Argentina rejissoru Uqo Santyaqo ilə bir yerdə yazmışam. Artıq nahardan sonrakı vaxtımı ürəyimcə olan bir məşğələyə həsr edirəm: artıq üç ildir ki, mənim öz tərcüməçim var və biz bir yerdə əsərlərimin on və ya on iki cildini ingiliscəyə tərcümə edirik.
Təzə kitaba başlamaq istəyirəm, Dante, Ariosto və orta əsr Skandinaviya mətnləri haqda sırf şəxsi - qeyri-elmi - esselər yazmaq fikrindəyəm. Həmçinin qərarlar, fikirlər və şəxsi kafir düşüncələrim toplusunu hazırlamaq istəyərəm. Sonra isə - nə bilmək olar? Ehtiyatımda eşitdiyim və uydurduğum xeyli əhvalat var, onları da danışmaq istəyərəm. Hazırda "Konqress" adlı uzun hekayəni tamamlamaq üzrəyəm. Kafkavari adına baxmayaraq, hekayənin Çesterton üslubunda olacağını güman edirəm. Hekayə Argentina və Uruqvayda cərəyan edir. İyirmi il ərzində onun süjetini danışmaqla dostlarımı təngə gətirmişəm. Axırda başa düşdüm ki, ona heç bir əlavə düzəliş lazım deyil. Başqa fikrim də var, atamın uzun illər qabaq etdiyi xahişi yerinə yetirib "Kaudilyo" romanını redaktə etmək, bəlkə də təzədən yazmaq istəyirəm. O vaxt atamla bir çox şeyi müzakirə etmişdik; bu iş haqda atamla dialoqumuzun və əməkdaşlığımızın davamı kimi fikirləşmək mənim xoşuma gəlir.
Adamlar həmişə mənə qarşı olduqca mehriban olub. Mənim düşmənim yoxdur və əgər haçansa mənə düşməncə yaxınlaşmaq istəyən olubsa da, o qədər geniş ürəkli olublar ki, mənə ziyan yetirməyiblər. Haqqımda yazılan tənqidi məqalələri oxuyanda nəinki onlarla razılaşıram, hətta fikirləşirəm ki, özüm bundan daha yaxşı tənqid edərdim. Bəlkə də gələcək düşmənlərimə indidən deyim ki, mənə qarşı iddialarını əvvəlcədən özümə göndərsinlər, çatışmazlıqlarını düzəldim, bu barədə mənə arxayın ola bilərlər. Hətta arada fikirləşirdim ki, başqa adla özümü amansız surətdə tənqid edim.
Mənim yaşda olan adamlar imkanlarının həddini bilməlidir, bu bilik onlar üçün sevinci əvəz edə bilər. Cavanlıqda ədəbiyyat mənə uydurma və heyrətamiz variasiyalarla oyun kimi görünürdü, indi, artıq öz yolumu tapandan sonra isə fikirləşirəm ki, yamaqlar və düzəlişlər yazılarıma xüsusi təsir göstərə bilməz. Əlbəttə, əsrimizin əsas ədəbi tendensiyalarından biri olan boşboğazlığa şöhrətpərəst meyillilik nöqteyi-nəzərindən belə fikirləşmək düzgün deyil, məhz bu tendensiya Coys kimi adamı məcbur etmişdi ki, qeyri-adi fraqmentlərini gurultulu "Yarımçıq əsər" adıyla çap etdirsin. Məncə, ən yaxşı əsərlərim artıq yazılıb. Bu fikir mənə həzz və yüngüllük verir. Amma hər halda artıq sıradan çıxdığımı hiss etmirəm. Müəyyən mənada gəncliyə xas çılğınlığı indi daha yaxşı başa düşürəm. Əvvəllər belə hesab edirdim ki, xoşbəxtliyi əldə etmək mümkün deyil, indi daha belə düşünmürəm. İndi düşünürəm ki, xoşbəxtlik istənilən anda gələ bilər, amma heç bir halda onun dalınca qaçmaq lazım deyil. Uğursuzluğa və ya şöhrətə qalanda isə, onlara tamamilə laqeyidəm və heç vaxt onlara görə narahat olmamışam. İndi bircə sakit yaşamaq, düşüncənin və dostluğun bəxş etdiyi sevinc, sevmək və sevimli olmaq istəyirəm.
Tərcümə: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!