Fernando Pessoanın axırıncı üç günü - Antonio TABUKKİ

 

 

28 noyabr 1935

 

I

Əvvəlcə üzümü qırxdırmalıyam, dedi, xəstəxanaya üç günlük saqqalla getmək istəmirəm, zəhmət olmasa bərbər Manaseşi çağırın, o, tindəki evdə yaşayır.

Axı vaxtımız yoxdur, cənab Pessoa, qapıçı dedi, taksi gəlib, dostlarınız da sizi qapıda gözləyir. Eybi yox, dedi, həmişə vaxt var.

O, balaca kresloda oturub Sa-Karneyranın şeirlərini oxumağa başladı.

Senyor Manaseş gəlib onunla salamlaşdı. Senyor Pessoa, dedi, səhhətinizin yaxşı olmadığını eşitdim, ümid edirəm ciddi bir şey yoxdur.

Dəsmalı Pessoanın boynuna dolayıb üzünü sabunlamağa başladı.

Mənə nəsə danışın, Pessoa dedi, siz, senyor Manaseş, çoxlu maraqlı hadisələr bilirsiniz, dükanınıza çox maraqlı adamlar gəlir, nəsə danışın...

 

***

Pessoa təzə qara kostyumunu geyinib kəpənəyini bağladı, eynəyini taxdı. Hava soyuq deyildi, amma yağış yağırdı, buna görə sarı plaşını da geyindi, sonra qələmlə bloknot götürüb pilləkanları düşməyə başladı.

Pilləkanda dostları Fransişka Qouvey və Armanda Teyşer Rebel onu gözləyirdi. İkisi də həyəcanlı idi, yaş çətirləri əllərindəydi. Biz də səninlə gedəcəyik, ikisi də eyni vaxtda dedi. Pessoa dalğın halda gülümsədi. Sağ tərəfindəki kəskin ağrı sərbəst davranmağına imkan vermirdi. Dostları ona düşməyə kömək etmək istədilər, amma o etiraz edib məhəccərdən yapışdı. Vestibüldə taksistlə söhbət edən rəisi senyor Moitinyu de Almeydanı gördü. Mən də sizinlə gedəcəyəm, senyor Pessoa, o mehribanlıqla dedi, mən də gedəcəyəm. Sizi tək buraxa bilmərəm.

Narahat olmayın, senyor Moitinyu de Almeyda, Pessoa dedi, iki dostum yanımdadır, onlar mənimlə gedəcəklər, narahat olmayın.

Amma senyor Moitinyu de Almeyda qərarlı şəkildə qabaq qapını açdı, Pessoa sürücünün yanında oturdu, üç dostu isə arxa oturacağa keçdilər.

Getdikcə Pessoa pəncərədən da İştrela bazilikasının günbəzinə baxırdı. Uzun illər əvvəl, bazilikayla üzbəüz bağda, yeganə məhəbbəti olan Ofeliya Keyroşla görüş təyin edirdi. Bağdakı skamyada oturub çəkinə-çəkinə öpüşürdülər və bir-birini əbədi sevəcəklərinə dair söz verirdilər.

Amma mənim həyatım məndən və sevgimdən daha güclü çıxdı, Pessoa pıçıldadı, bağışla məni, Ofeliya, mən yazmalı idim, ancaq yazmalı idim, başqa heç nə edə bilməzdim, indi isə hər şey qurtarıb.

Taksi parlament binasının yanından keçib Kalsada du Kombruya çıxdı. Uzun illər əvvəl burda otaq kirələmişdi. Ev sahibəsinin adı Donya Mariya daş Vertudeş idi. O, hələ də bu altmış yaşlı, saçlarını sarı rəngləyən iri döşlü qadını yaxşı xatırlayırdı. Axşamlar ev sahibəsi onu albalı likörü içməyə və spritik seansda iştirak etməyə çağırırdı. Qadın mərhum əri marşal Pereyrayla kontakta girirdi və onunla Afrika müharibəsindən, bibərin qiymətindən uzun-uzadı danışırdı. Sonra bir stəkan da likör içib albalı yeyirdilər və Pessoa sağollaşıb Donya Mariya daş Vertudeşə şirin yuxu arzulayandan sonra otağına qayıdırdı. Həmin gecələrdə Pessoa Bernardu Soareşlə bir yerdə olurdu və onun adından "Narahatlığın kitabı"nı yazırdı. Səhərlər dan söküləndə durub Lissabon səmasının hansı rəngdə olduğunu müşahidə edirdi və onu anasının Cənubi Afrikadan göndərdiyi dəri üzlüklü balaca blaknotda təsvir edirdi.

Rua Luj Sorianodan keçəndə onları polis saxladı. Burdan keçə bilməyəcəksiniz, dedi, küçəni millətçilər bağlayıb, orkestr da gətiriblər, bu gün bayramdır.

Senyor Moitinyu de Almeyda başını pəncərədən çıxartdı. Mən doktor Moitinyu de Almeydayam, təntənəylə dedi, biz Sao Luiş duş Fransezeş xəstəxanasına getməliyik, xəstəmiz var.

Polis furajkasını çıxartıb başını qaşıdı. Qulaq asın, dövrələmə gedə bilərsiniz, bu küçə bir tərəflidir, amma xəstəniz olduğuna görə sizə fırlanmağa icazə verirəm, burdan sağa dönün, sonra sola, Bayro Altuya çıxacaqsınız. Pessoa gülümsədi, çünki polisi tanımışdı. Bu Koelyo Paşeko idi, Pessoanın nadir heteronimi. Paşeko cəmisi bir dəfə şeir yazmışdı. Görəsən o polis formasında, burda nə edirdi? Bəlkə də onu Ustad göndərmişdi ki, yolu başa salsın. Pessoa əlini qaldırıb ona ezoterik işarə göstərdi. Koelyo Paşeko da ona eyni işarəylə cavab verdi və taksi sağa döndü.

Xəstəxananın qəbul şöbəsində tibb bacısı oturub mürgüləyirdi. Senyor Moitinyu de Almeyda ona yaxınlaşıb növbətçi həkimi soruşdu, dedi ki, bu çox ciddi məsələdir. Pessoa kresloya çöküb mürgüləməyə başladı. Yuxuda uşaqlıq xatirələrini gördü və dəlixanada ölən nənəsi Dionisiyanın səsini eşitdi. Fernando, nənəsi deyirdi, sən də mənim kimi olacaqsan və mən bütün ömrün boyu səni müşayiət edəcəyəm, çünki həyat dəlilikdir və sən də dəlilik içində necə yaşamaq lazım olduğunu biləcəksən.

Mənimlə gəlin, həkim bunu deyib onun əlindən tutdu. Həkim onu kabinetinə gətirdi, içəridə balaca çarpayı var idi. Soyunun, həkim dedi. Pessoa soyundu. Uzanın. Pessoa uzandı. Həkim onu müayinə etməyə  başladı, bədənini yoxladı. Qara ciyərinin üstündən vuranda Pessoa zarıldadı. Halınız haçan pisləşib, həkim soruşdu. Nahardan sonra, Pessoa cavab verdi. Əlamətlər nə idi? Şiddətli ağrılar və yaşıl rəngli qusuntu.

Həkim tibb bacısını çağırıb xəstəni dörd nömrəli palataya aparmağı tapşırdı. Sonra jurnalı açıb xəstəlik tarixçəsinə "qara ciyər serrozu" yazdı.

Pessoa dostlarıyla sağollaşdı. Senyor Moitinyu de Almeyda onun yanında qalmaq istədi, amma Pessoa onu mədəni şəkildə başından etdi. O biri dostlarıyla tələsik qucaqlaşıb dedi, məni tək qoyun, əziz dostlarım, yəqin ki, bu gecə və sabah yanıma gələn olacaq, birisigün görüşərik.

Palata balaca idi, içəridə dəmir çarpayı, ağ şkaf və balaca stol var idi. Pessoa uzanıb gecə lampasını yandırdı, başını balışa qoyub əliylə sağ tərəfini sığalladı. İndi ağrısı xeyli azalmışdı. Tibb bacısı həblə bir stəkan su gətirib dedi, bağışlayın, indi sizə iynə vurmalıyam, həkim tapşırıb.

Pessoa yuxu dərmanı istədi. Bernardo Soares olanda tez-tez yata bilmirdi və yuxu dərmanı içirdi. Tibb bacısı dərmanı gətirdi, Pessoa alıb içdi. Mənim adım Kataronadır, tibb bacısı dedi, nəsə lazım olsa zəngi basın, gəlim.

 

II

Saat neçədir, Pessoa soruşdu.

Gecə yarısıdır, Alvaro de Kampuş cavab verdi, səninlə görüşmək üçün ən uyğun vaxt bu vaxtdır, ruhların vaxtı.

Nə üçün gəlmisən, Pessoa soruşdu.

Ona görə ki, əgər getməyə hazırlaşırsansa, onda bir-birimizə deyilməli sözlərimiz var, Alvaro de Kampuş dedi, mən səndən çox yaşamayacağam, səninlə bir yerdə gedəcəyəm və qaranlıqlara qarışmamışdan qabaq, bir-birimizə deyilməli sözlərimiz var.

Pessoa başını balışdan qaldırdı, bir neçə qurtum su içib soruşdu, yenə nə oyun çıxartmısan?

Əzizim, Alvaro de Kampuş dedi, mənə mühəndis demədin və sizlə müraciət etmədin, sən dedin, bunu sevinclə qeyd etməliyəm.

Elədir, Pessoa dedi, sən mənim həyatıma girdin, məni əvəz etdin, Ofeliyayla münasibətimə son qoydun.

Bunu sənin yaxşılığın üçün etdim, Alvaro de Kampuş cavab verdi, o müstəqil qız sənin yaşında bir adama uyğun deyildi, bu uğursuz nikah olacaqdı. Bundan başqa, sənin ona yazdığın məktublar gülməlidir, məncə bütün sevgi məktubları gülməlidir, qısası, mən səni müdafiə etdim, səni gülməli vəziyyətə düşməyə qoymadım, ümid edirəm, buna görə mənə minnətdarsan.

Mən onu sevirdim, Pessoa pıçıldadı.

Gülməli sevgiylə, Alvaro de Kampuş cavab verdi.

Hə, ola bilər, Pessoa dedi, bəs sən?

Mən, Kampuş dedi, bilirsən ki, mən hər şeyə lağ edirəm, bir sonetim var, heç vaxt sənə göstərməmişəm, o sevgi haqdadır, o səni utandırar, çünki onu İngiltərədə sevdiyim cavan oğlana yazmışam, o da məni sevirdi, qısası, bu sonetdən sonra sənin uğursuz sevin haqda əfsanə yaranacaq və bəzi tənqidçilər üçün bu lap göydəndüşmə olacaq.

Sən kimisə həqiqətən sevmisən, Pessoa soruşdu.

Mən həqiqətən kimisə sevmişəm, Kampuş pıçıltıyla cavab verdi.

Onda mən səni bağışlayıram, Pessoa dedi, elə bilirdim sən həyatın boyu ancaq teoriyaları sevmisən.

Yox, Kampuş çarpayıya yaxınlaşıb dedi, mən həm də həyatı sevirdim, hirsli futuristik odalarımda gülsəm də, nihilist şeirlərimlə hər şeyi dağıtsam da, həyatı sevdiyimi də bilirdim, bunu ağrı ilə dərk edirdim.

Pessoa əlini qaldırıb ezoterik işarə etdi. Mən səni bağışlayıram, Alvaro, dedi, əbədi tanrıların yanına get, əgər həyatında sevgi olubsa, lap bircə dənə də sevgi olubsa, onda sən bağışlanırsan, çünki sən insansan, sənin insanlığın səni bağışladır.

Siqaret çəkə bilərəm, Kampuş soruşdu.

Pessoa başını tərpətdi. Kampuş cibindən gümüşü qutu çıxartdı, siqaret götürüb fil sümüyündən hazırlanmış uzun müştüyə taxdı, ağzına qoyub yandırdı.

Fernando, inan ki, şair olduğum, şərq dənizlərində gəmi səyahətinə çıxdığım vaxtlar üçün darıxıram, eh, o vaxtlar, gecə göyərtədə rəqslər təşkil olunanda aya baxıb şeir yaza bilirdim, inan mənə, ay o qədər parlaq olurdu ki... Onu özümünkü hesab edirdim. Amma o vaxtlar mən axmaq idim, həyatı ələ salırdım, mənə verilən həyatdan zövq ala bilmirdim, buna görə də, yaşamaq imkanını əldən buraxdım, həyat məndən qaçdı.

Bəs sonra, deyə Pessoa soruşdu.

Sonra həqiqətə çatmaq istədim, həqiqət əlçatan şey deyil, ümidsizliyə qapıldım. Ümidsizliklə bir yerdə nihilizm gəldi, hər şeyə inamımı itirdim, hətta özümə də. İndi isə burdayam, sənin çarpayının baş tərəfində, özümü lazımsız əski kimi hiss edirəm, heç yerə gütməmək üçün çamadanımı yığmışam, ürəyim boş vedrə kimidir.

Kampuş balaca stola yaxınlaşıb siqareti farfor qabda söndürdü.

Yaxşı, Fernando, dedi, bunları sənə demək üçün gəlmişdim, çox güman ayrılacağıq, getməliyəm, o birilər də gələcək, vaxtına az qalıb. Əlvida.

Kampuş plaşını çiyninə saldı, monoklu sağ gözünə taxdı, əl hərəkətiylə tələsik sağollaşıb qapını açdı. Kandarda bir anlıq ayaq saxlayıb təkrar etdi, Fernando, əlvida. Bəlkə də sevgi məktublarının hamısı gülməli deyilmiş, deyə pıçıldadı. Və dalınca qapını örtdü.

 

III

Saat neçə idi? Pessoa bilmirdi. Gecə idi, yoxsa səhər açılmışdı? Tibb bacısı gəlib bir dənə də iynə vurdu. Pessoa daha sağ tərəfində ağrı hiss etmirdi. İndi o, özünü qəribə rahatlıqda hiss edirdi, elə bil duman içində üzürdü.

Qalanları da, deyə fikirləşdi, gəlməlidir. Əlbəttə, o getməmişdən qabaq hamı ilə sağollaşmaq istəyirdi. Amma Kaeyro ilə görüş onu narahat edirdi. Çünki Kaeyro Ribatejudan gəlməliydi, amma səhhəti uzun yola imkan vermir. Görəsən Lissabona necə gələcək? Kaeyro artıq ölmüşdü, amma yaşamağa davam edirdi, o həmişə Ribatejuda, illərin bir-birini əvəz etməyinə, qış yağışlarına və yay günəşinə tamaşa etdiyi ağ evdə yaşamağa davam edəcək.

Qapının döyüldüyünü eşidib dedi, buyurun.

Alberto Kaeyro xəz yaxalıqlı gödəkçə geyinmişdi. Geyimindən də kənddə yaşadığı bilinirdi.

Ustad, xoş gəlmisiniz, Pessoa dedi.

Kaeyro çarpayının yanına gəlib əllərini sinəsində çarpazladı. Əzizim Pessoa, dedi, bir şeyi sizə deməyə gəlmişəm, icazə verin etiraf edim.

Buyurun, Pessoa dedi.

Bilin ki, Kaeyro dedi, gecələr sizi yuxudan oyadıb şeirlərini diqtə edən, sizinlə candan danışan sirrli Ustad mən idim, sizinlə Məkansızlıqdan əlaqəyə girirdim.

Bunu təxmin edirdim, Pessoa dedi, təxmin edirdim ki, bu sizsiniz, əziz Ustad.

Amma yuxusuz keçirtdiyiniz bütün gecələrə görə sizdən üzr istəməliyəm, Kaeyro dedi, trans vəziyyətinə düşüb şeir yazdığınız gecələr üçün, sizin ruhunuza girdiyim üçün, sizə bu qədər narahatlıq yaşatdığım üçün vicdanım sızıldayır.

Siz mənim işimi asanlaşdırırdınız, Pessoa dedi, mənim əlimi hərəkət etdirirdiniz, məni yuxudan məhrum etdiyiniz doğrudur, amma o gecələr məhsuldar gecələr idi, mənim ədəbi əməyim gecələr doğulurdu, mənim əməyim gecə əməyi idi.

Kaeyro gödəkçəsini çıxartıb çarpayının baş tərəfindən asdı.

Amma bu da hamısı deyil, deyə pıçıldadı, ulduzlu yollar bizi ayırmamışdan qabaq, sizə açmaq istədiyim daha bir sirr var, amma bilmirəm necə deyim.

Elə-belə deyin, Pessoa dedi, elə bilin ki, başqa şeydən danışırsınız.

Yaxşı, Kaeyro dedi, mən sizin atanızam. Bir az pauza verib seyrək saçlarını sığalladı, sonra davam etdi. Mən sizin atanızı əvəz etdim. Siz hələ uşaq olanda vərəmdən ölən əsil atanız Joakim de Seabra Pessoanın yerini mən tutdum.

Pessoa gülümsədi. Bilirdim, dedi, həmişə sizi öz atam hesab eləmişəm, hətta yuxularımda da həmişə mənə atalıq etmisiniz, özünüzü qınamayın, Ustad, sizin atalıq qayğınız mənim daxili dünyamı zənginləşdirib.

Amma mənim həyatım olduqca sadə keçdi, Kaeyro dedi, qısa ömrümü xalamın kənddəki evində keçirtdim, ancaq keçən zamandan, fəsillərdən, bir də sürülərdən danışdım.

Hə, Pessoa təsdiqlədi, amma siz mənim üçün göz və səs oldunuz, hər şeyi görən göz və Sokrat və ya Milarepa kimi tələbələrini istiqamətləndirən səs.

Mən savadsız adamam, Kaeyro dedi, bir də təkrar edim ki, olduqca sadə ömür sürmüşəm. Amma sizin ömrünüz, əksinə, olduqca məhsuldar keçib, Avropa avanqardını araşdırmısınız, ədəbiyyatda təzə cığırlar açmısınız, axşamlar mən kerosin lampasının işığında kart falına baxanda, siz paytaxtın ədəbi kafelərinə getmisiniz, necə olur ki, sizin atanız və Ustadınız oluram?

Həyat anlaşılmaz şeydir, Pessoa dedi, heç nə soruşma və heç nəyə inanma, çünki hər şey sirr içindədir.

Elədir, Kaeyro dedi, amma bir də soruşuram, necə olur ki, sizin atanız və Ustadınız oluram?

Pessoa yerində dikəldi. O, çətinliklə nəfəs alırdı, otaq gözlərində ilğımlanırdı. İndi deyərəm, əziz Kaeyro, Pessoa cavab verdi, iş burasındadır ki, mənə əlavə təsir lazım idi, əks halda ömrüm parçalana bilərdi, məhz sizin sayənizdə birləşdirici maddəni tapdım, əslində sizi ata və Ustad olaraq mən seçmişəm.

Sizə hədiyyə gətirmişəm, kaeyro dedi, öz yazdığım mənsur şeirdi, onu heç vaxt çap etdirməyəcəyəm, çünki məni qoyub gedirsiniz, amma özüm onu sizin üçün oxumaq istəyirəm, bu şeir, sizə sadiqliyimin sübutudur. Kaeyro zəif görürdü, cibindən çıxartdığı kağızı gözlərinin qabağına tutub oxumağa başladı. Bu uzun illər ərzində Aya baxırdım, amma nəzərlərim oğlumun və tələbəmin üstündə idi, çalışırdım mənim nəzərim onun nəzəri olsun, mənim üfüqümü təyin edən təpə, onun da sadə və gözəl üfüqü olsun.

Çox gözəl şeirdir, Pessoa dedi, təşəkkür edirəm, Ustad Kaeyro, bu şeiri özümlə Ora aparacağam.

Mənim adımdan çox şeir yazmısınız, Kaeyro dedi, istədim insan kimi borcumu yerinə yetirim, sizə necə heyran olduğumu bildirim.

Pessoa bir anlıq gözlərini yumdu, gözlərini açanda otaqda artıq heç kim yox idi. Tibb bacısını çağırmaq üçün zəngi basdı. Bu gün neçənci gündür, deyə soruşdu.

Min doqquz yüz otuz beşinci ilin iyirmi səkkiz noyabr gecəsidi, tibb bacısı cavab verdi, sizə nəsə lazımdır?

Yox, çox sağ olun, Pessoa dedi, dincəlmək istəyirəm.

 

29 noyabr 1935

I

Pessoa qapının döyüldüyünü eşitdi, buyurun, dedi. Qapı açıldı, amma içəri heç kim girmədi.

Gəlmək olar, kimsə titrək səslə soruşdu.

Əlbəttə, Pessoa dedi, buyurun.

Bir nəfər içəri girib ehtiyatla qapını bağladı. Pessoa gələni tanımadı.

Kimsiniz?

Mən Rikardo Reyşəm, adam Pessoaya tərəf gələ-gələ dedi, Braziliyaya xəyali səfərimdən qayıtmışam.

Neçə ildir görüşmürük, Pessoa dedi, çox vaxt keçib, xeyli dəyişilmisiniz, tanıya bilmədim.

Rikardo Reyş stulu çarpayının yanına çəkdi. Oturduğum üçün üzr istəyirəm, dedi, gəmiylə gəlmişəm, məni dəniz tutub, ürəyim bulanır, özümü yaxşı hiss etmirəm.

Harda gizlənmişdiniz, Pessoa soruşdu, sizinlə əlaqə qura bilməyim deyə, Braziliyanın hansı guşəsinə çəkilmişdiniz?

Rikardo Reyş boğazını arıtladı. Bir şeyi etiraf etməliyəm, əziz Pessoa, deyə məzəldandı, Braziliyaya getməmişdim, hamı elə bilirdi getmişəm, amma mən burda, Portuqaliyanın kəndlərindən birindəydim.

Hansı kənddə idiniz, Pessoa balışa dirsəklənib soruşdu.

Rikardo Reyş elə bil kiminsə eşidəcəyindən qorxurdu. Səsini qısıb, Azeytaoda idim, dedi.

Azeytao... Azeytao... Pessoa fikirləşməyə başladı. Bu ad qulağıma tanış gəlir, hansısa pendir adına oxşayır elə bil.

Düzdür, Rikardo Reyş dedi, Azeytao pendiri məşhurdur, kənd özü də çox uzaq sayılmaz, Lissabondan bir az aralıdır. Reyş yenə boğazını arıtlayıb burnunu çəkdi, sonra öskürdü. Orda gizlənmişdim, sözünə davam etdi, dostumun fermasında idim, bütün bu illər ərzində orda yaşadım. Evin qabağında yüz yaşlı tut ağacı vardı, Pindar ruhunda olan odalarımı, Horatsiy ruhunda olan şeirlərimi o ağacın altında yazmışam.

Bəs nə ilə dolanırdınız, Pessoa soruşdu, harda işləyirdiniz?

Həkim üçün dolanmaq asandır, Rikardo Reyş dedi, təki işi tərk etməyəsən, ətraf kəndlərin hamısı müayinə üçün yanıma gəlirdi.

Xəstələri öz adınızla qəbul edirdiniz?

Əlbəttə, Reyş cavab verdi, qapıdan "həkim Rikardo Reyş" yazılan lövhə asmışdım, bütün kənd camaatı da adımı bilirdi.

Axı siz cümhuriyyətə qarşı olduğunuz üçün Braziliyaya mühacirət etdiyinizi demişdiniz, Pessoa qeyd etdi.

Rikardo Reyş utana-utana gülümsədi. O zarafat idi, dedi, amma neoklassik şair olaraq cümhuriyyətçiləri sevməməyim təbii olardı. Şeirlərimi qiymətləndirmək üçün Sezar, Mark Avreliy kimi imperatorlar lazım idi, cümhuriyyətçilər arasında o səviyyədə adam yox idi, onlar Oqüst Kont oxuyub hər şeyi bildiklərini zənn edən avaralardı hamısı. Horatsi və Pindar üslubuna necə başa düşəcəkdilər?

Sizi başa düşürəm, Pessoa köks ötürüb dedi.

Dəhlizdən ayaq səsi gəldi, kimsə qapının qabağından keçib getdi, amma otağa girən olmadı.

Sonra nə oldu, Pessoa soruşdu.

Sonra heç nə, Rikardo Reyş dedi. Güllərdən çələng toxuyurdum.

Bu nə deməkdir, Pessoa soruşdu.

Bütün şeirlərimdə Neera və Lidiya üçün çələng hörmüşəm, Rikardo Reyş dedi, indi də sizin səfəriniz üçün, buz kimi soyuq Stiksi keçəndən sonra görüşəcəyimiz an üçün çələng hörürəm.

Çələnginizi qəbul edirəm, əziz Rikardo Reyş, Pessoa dedi, xahiş edirəm, kənddə yaşamağa və oda yazmağa davam edin, sirrinizi mənə açdığınız üçün çox şad oldum, amma inanın ki, bunu əvvəldən bilirdim.

Doğrudan, Rikardo Reyş təəccüblə soruşdu.

Hə, doğrudan, Pessoa cavab verdi, Azeytaoda sizi görməyə gəlmədim amma, Lissabondan getmək, səfərə çıxmaq istəmirdim, amma lap yaxında yaşadığınızı bilirdim.

Rikardo Reyş ayağa durdu. İcazənizlə mən gedim, dedi.

Gəldiyiniz üçün təşəkkür edirəm, Pessoa dedi, amma mən gedəndən sonra da yazmağa davam edin.

Amma mənim təkbaşına yazdıqlarım səfsətə olar, Rikardo Reyş dedi.

Eybi yox, Pessoa vurğuladı, səfsətə şeirə ziyan verməz, əsərim o qədər genişdir ki, içində səfsətəyə də yer var. Salamat qalın, əziz Rikardo Reyş, haçansa yenə görüşəcəyik.

Pessoa başını balışa qoyub yuxuya getdi. Amma bir saniyə, yoxsa saatlar uzun yatdığını bilmədi.

 

II

Pessoa oyandı, gecə lampasını yandırdı, balaca masanın üstündən saatını götürdü. Saat üçü göstərirdi, amma yatmışdı, əqrəbləri tərpənmirdi. Pessoa zaman anlayışını itirdiyini başa düşdü. Zəngi basmaq istədi, amma qapı döyüldüyü üçün basmadı.

Gəlmək olar, cənab Pessoa, kimsə soruşdu.

Buyurun, Pessoa dedi.

Qapı açıldı, bir nəfər içəri girdi, əlində sini vardı. Adam kandarda dayandı, Pessoa eynəyini taxmamışdı deyə alaqaranlıqda gələnin kim olduğunu seçə bilmədi.

Kimsiniz, Pessoa soruşdu.

Dostunuz Bernardo Soaresəm, xəstəxanada olduğunuzu eşidib gəldim.

Bernardo Soareş çarpayının yanına gəlib sinini stolun üstünə qoydu. Şam yeməyinizi gətirmişəm, dedi, həmişə görüşəndə oturduğumuz kafedən almışam, fikirləşdim ki, etiraz etməzsiniz, yeməyi də özüm seçmişəm.

Əslində, çox da ac deyiləm, Pessoa dedi, amma sizin xətrinizə bir az yeyərəm, nə gətirmisiniz?

Yerinizi rahatlayın, sinini qabağınıza qoyacağam, Bernardo Soares dedi, xoşladığınız yeməklərdir.

Pessoa yerində dikəldi, Bernardo Soaresin uzatdığı tərtəmiz salfeti boynuna bağladı, yeməklərin üstündəki dəmir qapaqları götürdü.

Bu ən sevdiyiniz şorbadır, Bernardo Soares dedi, bu da içalat, yadınızdadırsa, bir dəfə içalat soyuq idi, siz də şeirlərinizdən birində, soyuq eşq kimi, deyə yazmışdınız, amma bu istidir, isti-isti dadına baxın.

Pessoa gülümsədi. Qara ciyərim xəstədir, dedi, bəlkə də içalat yeməyim düz olmaz, amma sizin xətrinizə, bir-iki tikə yeyərəm. Yeməyi soyuq gətirdikləri gün yadımdadır, amma bilirsiniz, əziz Soares, o gün mən yox idim, yerimi Alvaro de Kampuş tutmuşdu.

Pessoa şorbanı içib qurtardı, içalatdan bir tikə yedi. Çox gözəldir, dedi, xahiş edirəm, siz də yeyin, günorta heç nə yemədiyinizə əminəm.

Düzdür, yeməmişəm, Soares dedi, pulum ancaq bir nəfərlik yeməyə çatdı, məmnuniyyətlə yeyərəm.

Bernardo Soares sinini qabağına çəkib qalan yeməyi iştahla yedi. Bilirsiniz, dedi, yeyə-yeyə Pessoa kafesində keçirtdiyimiz axşamları xatırlayıram, mərcə girərəm ki, sizin adınızı daşıdığı üçün oranı seçmişdiniz, amma qətiyyən sizin kimi adamların gəlmədiyi, ucuz kafe idi.

Elə deyil, pessoa dedi, həmişə elə sadə yerləri xoşlamışam, bütün ömrümü təvazökar şəkildə yaşamışam, amma indi bunu bir qırağa qoyaq, deyin görüm, hələ də Səmərqəndə getmək istəyirsiniz?

Bir az özbək dilini öyrənmişəm, Bernardo Soares dedi, elə-belə, əylənmək üçün, heç vaxt Səmərqəndə getməyəcəyimi bilirəm, amma ömrüm boyu həsrətini çəkdiyim ölkənin dilini az da olsa bilmək, özümü ora yaxın hiss etdirir.

Bəs müdiriniz cənab Vaskes necədir, Pessoa soruşdu.

Yaxşıdır, Soares cavab verdi, özü də yaxşı adamdır, sizin dediyiniz kimi, "metafizikası olmayan" adamlardandır, amma xasiyyəti yaxşıdır, hətta arada bir həftəlik villasını mənə vermişdi ki, gedim dincəlim.

Villası hardadır, Pessoa soruşdu.

Kaşkaşda, Soares dedi, Quinçoya gedən yolun üstündə.

Kaşkaş, Pessoa dedi, Kaşkaş yaxşı yerdir, mən də bir neçə gün olmuşam orda, ən çoxu iki həftə, özü də yaxın dostum olduğunuz üçün sizə bir etiraf edim, Kaşkaşda psixiatrik xəstəxanada müayinədən keçmişəm, panteist filosof Antonio Mora ilə orda tanış olduq, ömrümün ən gözəl günlərini o şəhərcikdə keçirtdim, bilirsiniz, o vaxtlar ancaq ölməyi arzulayırdım, amma Antonio Mora ilə tanış oldum, I mənə təbiətə güvənməyi öyrətdi.

Antonio Mora, Bernardo Soares soruşdu, onun haqqında mənə heç nə deməmisiniz, eşitmək istəyərdim.

Danışım, Pessoa dedi, Antonio Mora dəlidir, ən azı kağızlarda elə yazırlar. Amma çoxtanrılıq və xristianlıq mövzusunda çox fikirləşən, ağlı başında dəlidir. Romalılar kimi uzun ağ paltarda gəzir, ayağına da romalıların səndəllərinə oxşayan başmaq geyinir, çox az danışır, amma mənimlə çox danışdı.

Sizə nə dedi, Bernardo Soares soruşdu.

Ən əvvəl tanrıların qayıdacağını dedi, dedi ki, bir ruh və bir tanrı hekayəsi keçicidir, qısamüddətlidir, tezliklə axıra çatacaq. Tanrılar qayıdanda isə, bir ruhumuz olduğu nağılı sona çatacaq və təbiətin buyurduğu kimi, ruhumuz yenə çoxalacaq.

Bilirsiniz, əziz Pessoa, Bernardo Soares mövzunu dəyişdirdi, keçən il yuxusuzluqdan əziyyət çəkirdim, hər səhər dan söküləndə pəncərə qırağında oturub işığın göyüzündə rəng dəyişdirməyinə baxırdım, Lissabonun göyüzündə dan sökülməyinin rənglərini bir neçə dəfə yazmışam, buna görə fəxr edirəm, işığın çalarlarını təsvir etmək çətindir, amma məncə bunu bacarmışam, sözlərlə tablo çəkmişəm. Qısası, sözləri fırça kimi işlətmişəm, tablolarım isə Lissabonun sübhləri və qürubları idi.

Kaşkaşdakı qürub çağları da gözəldir, Pessoa dedi.

Sözü elə buna gətirirdim, Bernardo Soares dedi, Kaşkaşda bəzi müşahidələr aparmışdım, hamısı "Narahatlığın kitabı"nda yazmışam.

Onları mənim üçün danışın, Pessoa dedi.

Bildiyiniz kimi, Bernardo Soares dedi, müdirim Vaskas comərdlik göstərib dəniz sahilindəki villasında bir neçə gün qalmağıma imkan yaratdı, hətta məni ora öz maşınıyla göndərdi, otuz dənə otağı olan böyük villada bir həftə tək yaşadım, çox möhtəşəm idi.

Yavaş-yavaş hər şeyi danışın, Pessoa dedi.

Yola düşəndə hava tərtəmizdi, Bernardo Soares sözünə davam etdi, bir az soyuq idi, amma çox gözəl gün idi. Bizim tində kömür satanı tanıyırsınız, onun tutuquşusu Sebastianı da özümlə aparmışdım, bu tutuquşu bir neçə söz, hətta bir neçə cümlə deyə bilir, mənə yoldaşlıq edər deyə fikirləşmişdim. Evin okeana baxan terrası var, Sebastianın qəfəsini ora qoydum, amma zəncirini də açdım ki, rahat uça bilsin. O, gündüzlər parkdakı ağaclıqda uçurdu, axşamlar isə terrasa qayıdırdı, o gələn vaxt terrasda oturub sözlərlə rəsm çəkirdim, eyni zamanda da onunla danışırdım, ona bəzi şeirlərimi, "Tütün dükanı"nın əvvəlini öyrətmişdim. "Heç nə deyiləm mən, heç vaxt heç nə olmayacağam, heç nə də olmaq istəmirəm". O saat öyrəndi, beləcə danışırdıq. Mən qayalarda və okeanda batan günəşin şüalarını izləyirdim, Sebastiano, başla, deyirdim. Mən çəhrayı şüaları, üfüqdəki bənövşəyi buludları izləyəndə, o da "Tütün dükanı"nı əzbər deyirdi.

Nə qəribədir, Pessoa dedi, adamlar üçün yazdığım şeirləri təkcə bir tutuquşu əzbərləyə bilir.

Elə deməyin, Bernardo Soares etiraz etdi, vaxt gələcək, şeirləriniz dünyanın bütün dillərinə tərcümə olunacaq, hər yerdə sizin şeirlərinizi əzbər biləcəklər, bir də ki, Sebastiano sadəcə bir tutuquşu deyil, onda kahin ruhu var, onun gələcəyi hiss etdiyinə əminəm.

Bəs sonra, Pessoa soruşdu.

Sonra çox gözəl vaxt keçirtdiyimi deməliyəm. Villada çox da rahat deyildi, qızdırıcı yox idi, qaz da gəlmirdi, xüsusən axşamlar melanxoliyaya qapılırdım. Amma çox gözəl bir insanla, Kaşkaşlı bank müdiri cənab Pedro ilə tanış oldum. Subay adamdı, onunla hər mövzuda danışa bilərdim, bir dəfə məni Portuqaliya öküz yarışına da apardı, əvvəlcə getmək istəmirdim, qanlı tamaşaya baxmağı arzulamırdım, sonra fikrim dəyişdi. Özü də bilirsiniz, cənab Pessoa, heç də qanlı deyilmiş, öküzü öldürmürdülər, moteador öküzü qırmızı parçayla dəli edəndən sonra işarə edirdi, arenaya bir sürü inək buraxırdılar, öküz də o sürüyə qoşulub arenadan çıxırdı. On səkkizinci əsr stilində geyinən süvarilərin görünüşü, atların qaçmaqları, öküzlərin ətrafında göstərdikləri oyun baxmağa dəyərdi, açığı, unudulmaz tamaşa idi. Amma sizi sıxmaq istəmirəm.

Yenə nəsə danışın, Pessoa dedi.

Yaxşı, Bernardo Soares cavab verdi, bir dəfə axşam cənab Pedro məni yeməyə dəvət etdi. Öz maşınıyla dalımca gəldi. Alvaro de Kampuşun maşınına oxşayan qara Şevroleti var. O axşam külək əsirdi, parkdakı ağaclar zümzümə edirdi elə bil, mən ən yaxşı paltarımı geyinmişdim. Cənab Pedro da ingilis stilində tikilmiş pencək geyinmişdi, sizi Kaşkaşın ən yaxşı restoranına aparıram, dedi, restoranın terrasından bütün kənd ovuc içi kimi görünür, bütün işıqları və bütün balıqçı qayıqlarını görə bilərsiniz. İnanın, əziz Pessoa, indiyə qədər heç vaxt elə restoranda olmamışdım, bizi çox gözəl qarşıladılar, köhnə fransız şərabıyla istiridyəyə qonaq etdilər, bilirsiniz, ona qədər heç vaxt istiridyə yeməmişdim, amma siz yemiş olarsınız yəqin, çox gözəl idi, elə bil dənizi udursan, mən ancaq mənzərə haqda mətnlər yazıram, bir anlıq istiridyənin dadı və qoxusu haqda da kiçik bir şey yazmaq gəldi ağlıma. Sonra cənab Pedro xərçəng sifariş verdi, fransız üsulu ilə bişirmişdilər, cənab Pedrodan necə bişirildiyini soruşmuşam, sizə də deyərəm, sağalanda bacınıza deyərsiniz, bişirər. Deməliyəm ki, o vaxta qədər elə dadlı yemək yeməmişdim. Sonra cənab Pedro şərab sifariş verdi, terrasa çıxıb oturduq, Kaşkaşın parıldayan işıqlarına baxmağa başladıq. Ah! Əziz Pessoa, bilmirəm necə təsvir edim, çox gözəl axşam keçirtdik, cənab Pedro Sevilyaya səfərlərindən danışdı, mən də ona həmişə görməyi arzuladığım Səmərqənddən danışdım, özbək dili kitabını ona verə biləcəyimi dedim. Gülümsəyib dedi ki, burdan harasa getməyə niyyəti yoxdur, bir az ispanca bilir, bir az da ingiliscə, ingilis dostları gələndə onlarla bilyard oynamağa kifayət edər. Sonra sahil boyu uzanan yol boyunca işıqlar sönməyə başladı, elə bil kimsə bilərəkdən hamısını söndürdü, bircə uzaqda balıqçı qayıqlarından gələn zəif işıqlar qaldı. Cənab Pedro məni evə qədər ötürməyi təklif etdi. Yolda sübhdən və qürubdan danışdım, elə həvəslənmişdim ki, gündəliyimə coşqulu bir hissə yazmaq qərarına gəlmişdim. Cənab Pedro qətiyyən sözümü kəsmədi, axıracan mənə qulaq asdı. Parkdakı ağaclığın qabağında düşüb ona təşəkkür etdim, cənab Pedro, dedim, həyatımın ən gözəl axşamlarından birini keçirtdim, çox sağ olun. Mən təşəkkür edirəm, əziz Bernardo Soares, dedi, gündəliyinizin ilk oxucularından olsam, qürur duyaram, bundan başqa, Fernando Pessoanın heyranı olduğumu da yaddan çıxartmayın, zəhmət olmasa, mənim salam və ehtiramımı ona çatdırarsınız, adam arasına çıxmadığı üçün, özüm deyə bilməyəcəyəm. Əziz Fernando Pessoa, sizə cənab Pedronun salam və ehtiramını gətirmişəm.

Təşəkkür edirəm, Pessoa yorğun halda gülümsəyib dedi.

Bernardo Soares Pessoanın üstünü örtəndə, qorxuram çox danışıb sizi yordum, dedi, üzrlü sayın.

Qətiyyən elə deyil, Pessoa yavaş səslə dedi, sizinlə söhbət etmək çox xoş idi, amma deyəsən bir nəfər də gələcək, axır vaxtlar onu nəzərdən qaçırtmışam. Təşəkkür edirəm, əziz Soares, "Narahatlığın kitabı" münasibətilə sizi təbrik edirəm.

 

30 noyabr 1935

İçəri girən adam alicənab görkəmli, uzun ağ saqqalı qoca idi, əynində ayaqlarına qədər uzanan, ağ rəngdə paltar vardı.

Ave, qardaş, qoca dedi, sənin yuxularına girməyə cürət etdim.

Pessoa masanın üstündəki lampanı yandırdı. Qocaya nəzər saldı və Antonio Moranı tanıdı.  Əli ilə işarə elədi ki, yaxın gəlsin.

Mora əlini qaldırıb dedi. Ey, böyük Fernando, on beş gün qabaq dünyasını dəyişmiş  finikiyalı Flebas mənə sənin taleyin barədə söz açmaqdan ötrü qağayıların səsini və dənizin burulğanlarını unutdu. Bilirəm ki, səni Axeronun suları, sonra isə hər şeyin çevrildiyi və yeni yaranış tapdığı atomların şiddətli qasırğası  gözləyir və olsun ki, sən Lissabon bağçalarına apreldə açan bir gül kimi, ya da Portuqaliyanın göl və körfəzləri üzərinə yağan yağışlar kimi qayıdacaqsan və mən, gəzişərkən, sənin küləkləri dələn səsini eşidəcəyəm.

Pessoa dirsəklənib qalxdı. Sağ böyründəki ağrı kəsmişdi və indi o, yalnız bərk yorğunluq hiss edirdi. Bəs Tanrıların qayıdışı, o soruşdu.

Kitab demək olar ki, tamamlanıb, Antonio Mora cavab verdi, ancaq bilmirəm çap etdirə biləcəyəm, ya yox, çünki heç kim hansısa bir dəlinin kitablarını çap etməyə cürət etmir.

Qulaq asın, Pessoa dedi, deyin görüm Kaşkaşın psixiatriya klinikasında işlər neə gedir, biz sizinlə elə nadir hallarda görüşürdük ki.

Artıq bildiyiniz kimi, Antonio Mora cavab verdi, mənə qoyulan diaqnoz fasiləli psixonevrozlu paranoyadır, ancaq xoşbəxtlikdən, orada məni dinləməyi sevən həkim Qama var, çox səmimi insandır, o da Tanrıların qayıdışına inanır və iddia edir ki, dəlilik, cəmiyyəti narahat edənləri  təcrid etmək üçün insanlar tərəfindən düşünülmüş bir vəziyyətdir. Mən də katolik cəmiyyəti, Kilsəni narahat edirəm, çünki tanrıların qayıdacağını əvvəlcədən xəbər verirəm, ey böyük Pessoa, mənə yalnız siz kömək edə bilərdiniz, ancaq indi siz də Axeronu adlamaqdasınız və mən  yenidən bu dəli yığıncağında tənha qalacağam, heç kim də mənim kitablarımı çap etdirə bilməyəcək.

Pessoa gülümsədi, başını balışa qoydu və sakitləşdirici bir jest elədi. Əzizim Antonio Mora, o dedi, o gün Kaşkaşın psixiatriya klinikasında görüşəndə mənə verdiyiniz bütün əlyazmaları sandıqda saxlamışam. Bu sandıq həm də müxtəlif insanlarla doludur, çünki personajlar içəriyə güclə sığırlar, ancaq sizin Tanrıların qayıdışı  itib-batmayacaq, bir gün bizim ardıcıllarımız onu yenidən  açacaqlar və mən bu gün ilahi vergiyə malik olduğumdan deyə bilərəm ki, sizi Koelyo adında dahi tənqidçi, duyarlı və savadlı bir insan kəşf edəcək.

Koelyo Paşeko kimi biri, deyə Antonio Mora soruşdu.

Başqası, Pessoa cavab verdi, tamamilə başqası. Şeir yazmayan, ancaq özünü tədqiqatlara həsr etmiş, mənim də, sizin də xəttlərimizi deşifrə edə biləcək, bizi bütün dünyada tanıdacaq çox dəyərli bir insan.

Dünyanın harasında, Antonio Mora soruşdu.

Bütün  dünyada, Pessoa cavab verdi.

Antonio Mora bir addım qabağa gəlib təzim etdi. Əzizim Pessoa, bəs özünüz barədə mənə nə danışacaqsınız? Kaşkaşın psixiatriya klinikasında qalmağınız necə keçdi? Sizi orda bir də görməməyimə çox təəccüb etdim,  sizi ayrı saxlayırdılar? Pessoa ah çəkdi. Mən orda qalmadım, dedi, sizə etiraf edirəm ki, mən orada qalmadım. Mən bir neçə həftəni Rua da Saudadedəki buxtaya baxan evdə, mənim qayğılarımı öz üzərinə götürmüş bir senyoranın yanında  keçirməyə üstünlük verdim, o, dul senyoradır, iki qızı ilə, çox nəcib qızlarla birlikdə yaşayır, o, mənə nahar və şam hazırlayırdı, onları sizə təsvir etməyəcəyəm, ancaq əzizim Antonio Mora, niyə də yox, edərəm, təsəvvür edirsiniz, həmişə nahara ya sobada bişirilmiş, ya da yağda qızardılmış balıq, yanında da ağ Kolareş şərabı olurdu, axşamlar isə, doğrusu, axşamlar əsil ziyafət idi, müxtəlif nəfis təamlar yeyirdim, mənə buxtaya açılan bir otaq vermişdilər, bu lazım olanda yataq otağına çevrilən, buxarısı və digər təchizatı olan  köhnə  qonaq otağı idi, axşamlar terrasda oturub Kaşkaş buxtasını, Eştorili seyr edir, rəqs havalarını və köhnə Koimbra nəğmələrini dinləyirdim və xoşbəxt idim.

Bəs o senyoranın adı nə idi, Antonio Mora soruşdu.

Adının heç bir mənası yoxdur, Pessoa dedi.

Sizə qibtə edirəm, Antonio Mora dedi, həqiqətən qibtə edirəm, xoşbəxt anlar yaşamısınız, deyin görüm, sağalmısınız?

Düzü, Pessoa dedi, o anlar qara bir dalğa başımın üstünü kəsdirib məni boğurdu, bilirsiniz, nə edəcəyimi tamamliə anlamırdım, bilmirdim dəli olduğumu boynuma alım, yoxsa özümü Tejuya atım, mənim ailəyə, mənə qulluq edəcək, məni sevib, şəfqət göstərəcək birinə ehtiyacım vardı və mən bu ailədə ocaq tapdım, sonra isə, tək qalanda, çünki bəzən evdə yalnız  qalırdım, orada Co adında gözəl qara bir it vardı,  ezoterik şeirlərimi oxuduğum ağllı  küçə iti, mən əminəm ki, o it hansısa Qədim Misir tanrısının reinkarnasiyası idi, o, döşəməni cırmaqlayaraq mənə şeirin ölçüsünü diktə edirdi və mən bu heyvan və Tanrı ritmi  ilə şeirlərimin vəznini səsləndirərək, onları musiqiyə çevirirdim. Sonra gedib terrasda oturur, buxtaya baxır, axşam toranında sahilə qayıdan balıqçı qayıqlarını seyr edirdim, nəşə ilə öz aralarında bir-birini  çağıran balıqçıların səsini eşidir, qətranın, balıqçı torlarının qoxusunu içimə çəkirdim, bu çox gözəl idi, beləcə sağaldım və ölümü unudub yaşamağa başladım.

Mən də ölümü unutdum, Antonio Mora dedi, çünki "Əşyaların təbiəti"ndə həyatın qayıdacağını öyrədən atamız Lukresiyi oxudum və anladım ki, bizi təşkil edən bütün atomlar, hal-hazırda cisimlərimizdə olan bu infinitezimal hissəciklər sonradan əbədi dövrə qayıdaraq, suya, torpağa, münbit güllərə, bitkilərə, bizə görməyi bəxş etmiş işığa, bizi isladan yağışa, bizi sarsıdan yellərə, qışda bizi bürüyən bəyaz qara çevriləcəklər. Ey Böyük Pessoa, biz hamımız, təbiətin istədiyi kimi saysız formalarda bura, yer üzünə yenidən qayıdacağıq və bəlkə biz Co adlı bir it, bir çimdik ot və ya, Lissabonun  meydanlarından birinə heyrətlə baxan gənc ingilis xanımının topuğu olacağıq. Ancaq sizdən xahiş edirəm, getmək üçün hələ çox tezdir, bizimlə bir az da qalın, Fernando Pessoa kimi yanımızda olun.

Pessoa yanağını yastığa söykəyib yorğun-yorğun gülümsədi. Əzizim Antonio Mora, dedi, Prozerpina öz səltənətində məni  gözləyir, yola düzəlməyin, həyat adlandırdığımız bu obrazlar  teatrını tərk etməyin zamanı  çatıb, əgər ruhumun gözlükləri ilə nələr gördüyümü bilsəydiniz, mən orda, yuxarıdakı intəhasız fəzalarda Orionun kontrforslarını gördüm, bu ayaqlarımla Cənub Xaçı ilə yeridim, parlaq bir kometa kimi sonsuz gecələri, təxəyyülün, zövq və qorxunun  ulduzlararası fəzalarını adladım, mən kişi, qadın, qoca, balaca qız oldum, Qərb paytaxtlarının bulvarlarındakı camaat oldum, sakitliyinə və müdrikliyinə bu qədər qibtə etdiyimiz Şərqin Buddası oldum, özüm də oldum, başqaları da, bütün ola biləcəklərim oldum, mən şöhrət və rüsvayçılıq, şövq və zəiflik yaşadım, çaylar keçdim, keçilməz dağlar aşdım, dinc sürülər gördüm, günəşi və yağışı dərk etdim, yolda oynayan bir pişik oldum, günəş və ay oldum, hər şey oldum, çünki həyat yetərli deyildir. Əzizim Antonio Mora, indi isə kifayətdir, mənim həyatımı yaşamaq min həyat yaşamaq olub, yorulmuşam, şamım yanıb tükənib, xahiş edirəm, eynəyimi verin.

Antonio Mora paltarını düzəltdi. İçində bir Prometey oyanırdı. Ehey, o qışqırdı, ilahi göylər, quş qanadlı küləklər, çay suları, dəniz dalğalarının saysız təbəssümləri, yer üzü,  ana kainat, sizi səsləyirəm, və səni, ey, hər şeyi görən günəş, dərdimin şahidi olun...

Pessoa dərindən ah çəkdi. Antonio Mora masanın üstündəki gözlüyü götürüb onun gözünə taxdı. Pessoa gözlərini geniş açdı, sonra əlləri əlacsız halda döşəkağının üstünə düşdü. Axşam saat düz səkkiz otuz idi.

Son

 

Tərcümə: Həmid PİRİYEV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!