Cənublu yazarların Qarabağ çabası, ana dilində düşünmək, danışmaq və yazmaq dirənişi - Pərvanə MƏMMƏDLİ

 

Azəbaycanda 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın şanlı Ordusu tərəfindən işğaldan azad edilməsi Güney Azərbaycanda böyük coşqu və sevinclə qarşılandı və şəhidlik xəbəri dərin kədərə səbəb oldu. Cənublular açdıqları Qarabağ Cəbhəsindən bütün cəzalara, təhdidlərə və sanksiyalara meydan oxudular. 44 günlük müharibədə çox fəallıq və canıyananlıq göstərən soydaşlarımız böyük bir təbliğat işi apardılar. İrandan Ermənistana silah daşıyan yük maşınlarını təqib edib rəsmi hökumətin siyasətini tənqid etdilər. O günlərdə plakatlardan birində yazılanlardan:

 

l qardaşım, meydana

Silah gedir İvana

Azərbaycan yan-yana

"Nurduz" k bağlana.

 

Məhsa Mehdilinin Türkiyədə nəşr etdiyi "44 Gün Qarabağ Savaşı Sürəcində Güney Azərbaycan" adlı kitabında Güney Azərbaycanda baş verən hadisələri yaxından izləyən bir jurnalist-tədqiqatçının fikirləri yer alıb.

İkinci Qarabağ savaşından sonra Cənubi Azərbaycanda şairlər ana dilində Qarabağa həsr etdikləri şeirləri bir yerə toplayaraq "Araz şaqqıldayır damarlarımda" adlı kitab çap ediblər. Şair Muxtar Sədrməhəmmədi kitabın ön sözündə yazır: "Qarabağda müsəlman xalqına qarşı törətdiyi cinayətlər İranda olan azərbaycanlı şairlərin ruhunda çox dərin təəssürat yaratdı... Şairlər bu vəziyyətə qarşı laqeyd qalmayıb şeirləri ilə xalqda yaranan hissiyyatı bədii cilvələrlə əbədiləşdirdilər". Qiblə Ərbatanın "Qarabağ" şeirini bu kitabın nəzmlə yazılan proloqu saymaq olar:

 

Qarabağda llə ndə nə,

Üyim dolurdu rə, mə...

And olsun şəfə, qqə, nə,

Dil birdir, din birdir, istəyimiz bir.

 

Vaxtilə İran-İraq savaşında iştirak edib, müharibə fəlakəti yaşayan Nadir Paşa Qarabağ dərdini öz dərdi bilir, qələbə sevincinə şərik çıxıb yazır:

 

Deyirdim s yalnız xatirərdə,

Bir nəğrdə qaldı Qarabağ.

Otuz qarlı-qışdağları aşıb,

Qolun boynumuza saldı Qarabağ...

 

Aral Qaradağlı, İsmayıl Mədədi Osalı şeirlərində Qarabağda baş verən hadisələrin bədii təcəssümünü yaratmışlar:

 

Otuz il bahara srət qaldığım.

Bugünkü yaz lir.

Habilin əlində nurlu bir kaman.

Ədalət qoynunda qara saz gəlir.

 

Qaldır, gözəlim, bayrağımız dalğaya gəlsin!

"Bayraqdarımız" kölgəsi üstdən quşa düşsün!

Yurd əsgəri! Birdir Qarabağ, toy günümüzdə,

Könlüncə sarıl, qoyma üzükdən qaşı düşsün!

 

İsmayıl Mədədi Osalı

 

Xalqın sevimli şairi Huşəng Cəfəri o günlər Cənubi Azərbaycanın  səs bayrağı olmuşdu. Müharibənin başlandığı ilk günlərdə öz səsi ilə sosial şəbəkələrdə söylədiyi şeirində düşmənə meydan oxuyurdu:

 

Ərməninin zülmü başa çatacaq

Bir gün Qarabağa Türklər dolacaq!

Qarabağ bizimdir, bizim olacaq!!!

 

Qarabağ mövzulu bu kimi poetik örnəklər Azərbaycan poeziyasını zənginləşdirmiş, ona yeni çalarlar gətirmişdir.

Qeyd edək ki, Qarabağ həqiqətini obyektiv ifadə etmək imkanları Cənubun qələm əhlində daha çox idi. Şimalda erməni qəsbkarlarının havadarları üstüörtülü xatırlandığı halda, Cənub şairləri M.Ə.Sabir kimi bu misli görünməmiş irticanın "yol göstərənlərini", "ilham verənlərini" açıq, birbaşa deməkdən çəkinmirdilər.

2020-2021-ci illərin çap məhsulları sırasında Babək İslamınin "Yara", Çalğın Məhəmmədin "Mən qadınların tərəfindəyəm", Hüseyn Rəzminin "Evimdən evinə", Əmin Hacılunun "Hər qırmızı bir az qandır", Mehdi Əziminin "Əsgərin döyüşdən dönməməsi", Arəş Sainin "Saat 25", Əziz Səlaminin "Solmayan ulduzlar", Duman Ərdəmin "Sevgiyə fatihə", Hafiz Xiyavinin "Alça gözündən gəlsin", Nasir Davəranın "Şifahi sevgi", Rza Həmrazın tərtib edib çapa hazırladığı "Tağıxan Rüfət Təbrizi", "Şəms xanım Kəsmai", "Cəfər Xamneyi", "Mücahid şair Səid Səlmasi" və başqa şeir toplularının adını çəkə bilərik.

Həsən Muradiyanın "Mən bir kişiyəm", Leyla Kəramətinin "Öpmək zamanı sovuşdu", İsmayıl Xurrəminin "Ayaq üstə ölülər" hekayə topluları, Səid Fevzinin "Qanlı günlər", Rüqəyya Kəbirinin "Mirra ağacının kəhraba gözləri" "Ölüm baratası" romanları ötən son iki ilin ədəbi nümunələrindəndir.

Cənubi Azərbaycanda nəsr poeziyaya nisbətən zəif inkişaf etmiş, ədəbi-bədii dilin ləng inkişafı da Cənubda epik əsərlərin yaranmasını ləngitmişdir. Son illər Rüqəyya Kəbiri Cənubda çətin janr hesab edilən roman və hekayə, onlarca nəsr nümunəsi yarada bilmişdir.

Səid Fevzinin "Qanlı günlər" əsəri yazıçının 10 il müddətində ərsəyə gətirdiyi tarixi mövzuda yazılmış romandır.

Roman Pəhləvilərin İranda hakimiyyətə gəlməsindən sonra 20 il ərzində olan dövrü, yəni 1945-ci ilədək olan dövrü əhatə edir. Romanda o illərdə baş verən, tarixi və ictimai əhəmiyyət daşıyan 50-dən çox hadisə, olay qələmə alınıb. Yazıçı əsərdə müxtəlif yerli əsatirlər və xalq arasında yayılmış nağıllardan da faydalanıb.

Rüqəyya Kəbiri çağdaş Cənubi Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazarlardan biri kimi tanınır. O, Cənubi Azərbaycan ədəbiyyatında roman və səfərnamə janrını qələmə alan ilk qadın yazıçıdır. "Yerdən uca torpaq", "Evim", "Quşlar daha qorxmurlar", "Mirra ağacının kəhrəba gözləri", "Aclıq Baratası" kimi romanların müəllfidir. Yazıçı nəsr əsərlərində insanların keçirdiyi psixoloji durumları, yaşadığı ruhi sarsıntıları bacarıqla qələmə alır. Dərin müşahidə, peşəsindən irəli gələn (Rüqəyya xanım tibb işçisidir) insanın düçar olduğu fiziki və mənəvi ağrı-acılarını duyma, bəlli struktur qurmaq qabiliyyəti, yaratdığı obrazları, eləcə də təsvir etdiyi peyzajları həqiqi və inandırıcı edir.

"Mirra ağacının kəhrəba gözləri" romanında hadisələr totalitar rejimlə idarə olunan Nivak adlı bir ölkədə baş verir. Nivak ölkəsı yalnız müəllifin xəyalında, mətndə yaranan bir ölkədır, amma dünyanın bir çox ölkəsinə də bənzərliyi vardır. Müəllif əsərdə xunta rejiminin despot mahiyyətini açmaqla ictimai mətləblərə toxunmuşdur. Romanda tanınmış yazıçı Anarın "Yaxşı padşahın nağılı" əsərinin müsbət mənada təsiri hiss olunur.

Rüqəyya xanım əsərlərində modernizm ədəbi priyomlarından sayılan "şüur axını"ndan geniş istifadə edir. Monoloqlar vasitəsilə qəhrəmanın iç dünyası, daxili aləmi açılır, düşüncəsinə nüfuz edir.

"Aclıq Baratası" romanında nəql olunur ki, Birinci Dünya müharibəsi zamanı Təbriz Rus ordusu tərəfindən işğal edilən günlərdə minlərlə insan öldürülmüş və aclıq nəticəsində dünyasını dəyişmişdir. Romanda Təbriz ətrafında geniş yayılan Zorxana və güləşçi pəhləvanların yaşam fəlsəfəsi və aclıqla apardığı mücadilələr göstərilir. "Aclıq Baratası" romanı minlərlə insanın öldüyü aclıq fəlakətindən bəhs edir. Roman həm Təbriz, həm də İstanbulda çap olunmuşdur.

R.Kəbiri bir hadisənin, faktın quru tarixini deyil, duyğuların tarixini yazır. Onu İrandakı qadınların səsi, dili adlandırmaq olar. Müəllifin yazdıqları əsərlərin hər biri kiçik bir insan taleyinin hekayəsidir.

R.Kəbiri çağdaş dünya ədəbi cərəyanlarına yiyələnmiş və əsərlərində bu baxımdan bədii eksperimentlər aparmaqdan çəkinməmişdir. Rüqəyya Kəbirinin yazdıqları ilə Qilamhüseyn Saidi, Vircinia Vulf, Ceyms Coys, Uilyam Fokner, Svetlana Alexieviç və Anarın yazdığı əsərlər arasında bir oxşarlıq vardır.

"Solmayan ulduzlar" şeir toplusunda Almaniyada yaşayan şair, yazıçı, mütərcim Əziz Səlamı Amerikanın köklü sakinləri - qırmızı dərili şairlərin yüzdən çox şeirlərini toplayıb dilimizə çevirmişdir. O, "Yol üstündə ağac", "Susmaz mahnı", "Öldürməyin bu daşı", "Uçanlar", "Anamın yurdu uzaqlardan", "Torpaq duyur addımın" adlı şeirlər, "Axar kitab" və "Bahara yazdıqlarım" adlı nəsr kitablarının müəllifidir.

Mühacirətdə yaşayan tanınmış güneyli şair Hadi Qaraçaya görə, "Güney Azərbaycanın yaradıcı gəncliyinin özünə görə dərgisi, qəzeti yoxdur, kitabxanası, kültür evi, filmi, kinosu, tamaşası yoxdur. Dili yoxdur, vətəni yoxdur, sevəcək, masasına qoyacaq bayrağı yoxdur. Kərəm kimi yanıb yaxılmalıdır..." Onun yazdıqlarına misal olaraq Mehdi Əziminin bir şeirindəki kimi:

 

Bizim, kim olduğumuz belə bəlli deyil!

Gecələr

yataqda danılar varlığımız

gündüzlər öz başımıza fırlanarıq

biz, üstü örtülmüş bazarıq

başqa yerlər titrəyər

biz uçarıq...

 

"Mən, saçlarımda sazaq yellərindən bıçaq yontayan əllərin həsrətini daşıdım" söyləyən Əmin Hacılunun "Hər qırmızı bir az qandır" kitabındakı bir şeirinin timsalında modern şeirin özəlliklərini ustalıqla sərgiləməsinin şahidi oluruq:

 

O döngə son dönüm

xəzəllər artist

addımlar yönətmən

yaşam ekran olur bölüm-bölüm.

"O döngə son dönüm" - adlı bir bölüm:

mən ekrandayam

ürəyim xəzəl qoxusu...

 

Rəhim Həqqi ənənəvi sevgi şeirlərinin təptəzə, yeni poetik çalarlarını yarada bilir:

 

Yuxuma gələndə səssiz gəl, gözəl

Ulduzun yuxusu çox yüngül olur.

O gündən gözləri sataşıb sənə

Hələ də gecələr mənə göz vurur.

 

Çalğın Məhəmməd də məhəbbət şeirlərinə ayrı bir naxış gətirir:

 

Hey!..

Gözləri uzaqlara bənzəyən xanım

Sən, uçuşuna davam et

Mən, qanadlarımdan küsmüşəm.

 

Yağışa həsr edilmiş şeirlər çoxdur. Aydın Baxışın bu silsilədən olan şeiri isə özəl deyim tərzi ilə seçilir:

 

Bilmir vaxtı, saatı

Doğum günü, vəfatı

Hər yağışın həyatı -

Göydən yerə gəlincə.

 

Tanınmış şair və tənqidçi Hümmət Şahbazi iki cildlik "Azərbaycan şeirində modernizm" kitabında ədəbiyyatımızın 200 illik dövrünə işıq salıb araşdırmaya cəlb edir. Bundan öncə o, "Çağdaş Azərbaycan şeirinin tənqidi" kimi ciddi araşdırma məhsulunu ortaya qoymuşdur.

Ötən 2020-2021-ci ilin mənzərəsi fonunda Güney Azərbaycanda olan ədəbi proseslə bağlı imkan daxilində təəssürat və fikir yaratmağa səy göstərdik. Daha çox sayılıb-seçilən yazarların əsərlərindən örnəklər verib, təhlil etməyə çalışdıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!