Raxel Bluvşteyn
Raxel Bluvşteyn - 1890-cı ildə Saratovda anadan olub. Uşaqlığı və gəncliyi Poltavada keçib. Yəhudi məktəbində oxuyub, həmin vaxtlarda da şeir yazmağa başlayıb. 1909-cu ildə Rusiyanı tərk edərək indiki İsrail dövlətinin Rehovot şəhərinə köçüb. 1913-cü ildə aqronom olmaq məqsədilə Tuluza (Fransa) şəhərinə təhsil almağa gedib. Az keçməmiş Birinci Dünya müharibəsi başlayıb və geri qayıda bilməyib. Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına qulluq edib. Vərəm xəstəliyinə yoluxub. Elə ən yaxşı şeirlərini bu zaman - tənha və ağır xəstə vəziyyətində yaşadığı vaxtlarda yazıb. Bu dövrdə bədii tərcümə ilə də ciddi məşğul olub. Şeirlərinə çoxlu mahnılar qoşulub. İsrailin milli şairəsi olaraq qəbul edilir. 1931-ci ildə Təl-Əvivdə vəfat edib.
***
Titrək əllərinlə sığal çəkəndə
saçıma, istidən üşüdüm, dondum,
çəkilməz dərdlərin məngənəsində
qaldım, qəfil kədər ruhuma qondu.
Bizdən yer üzündə biri-birinə
göydəki ulduzlar daha yaxınmış,
içək badəmizi, enək dibinə -
tale yazısını beləcə yazmış.
***
Nə şirin misralar,
nə xoş kəlmələr
yazmadım adına
gözəl vətənim.
O çay kənarında
o palıd ki var,
mən əkdim,
o izlər mənimdir, mənim.
Bilirəm, ay anam,
yoxdur bir şübhə -
qızının sovqatı
yaman kəmdir, kəm.
Bir azca qəhqəhə -
günəş doğanda,
Bir azca göz yaşı -
bədbəxtliyindən.
Zali Qureviç
Zali Qureviç (1949) - ABŞ-da, Kaliforniyada anadan olub. Hələ uşaq ikən valideynləri ilə bərabər İsrailə köçüblər. Qüds Yəhudi Universitetini bitirib, sosiologiya və antropologiya şöbəsində dərs deyir. İvritdə yazır. Altı kitabın müəllifidir. Xüsusən Con Eşberinin ivritə tərcüməçisi kimi tanınır.
Şeir deyil ki...
Poetik nitqə doğru
uçmaq istəmədim,
sağ qalmaq üçün
təsvirlərin bəsit dilinə
sığındım.
Kənardakı şeir
Dünən tv-də
rok vardı.
Bir də on min tamaşaçı.
Axı şeir hardaydı?
Şeirlər kənardaydı,
səssizdi, dardaydı,
hər dəfə daha uzaqdaydı,
hardasa böyürdə,
paytaxtın bölüşmədiyi
bir zaldaydı.
Yenə də həmin iki-üç tanış gələcəkdi -
bu da belə bir görəcəkdi.
Gələcəkdimi, kim bilir?
Şeirlər kənardaydı,
o tərəfdə,
mən də şeirin tərəfində.
Hərdən mən də öz bədənimdə ikiyə bölünürəm.
Amma onda belə mənim tamaşaçım
nə mızıldanır, nə də tərəddüd edir.
Bilərəkdən
Yazmağa başlayanda
eynəyin şüşəsini bilərəkdən silmədim,
istədim ki, çirkli qalsın şüşələr,
bəzəkli görünsün misralar.
Yağış damcıları...
çoxdandır diqqətsizdim onlara, nədənsə.
Nurit Zarxi
Nurit Zarxi (1941) - tanınmış şairə və nasirdir, eyni zamanda uşaq müəllifi kimi tanınır. Qüdsdə anadan olub. Təl-Əviv Universitetində fəlsəfə və ədəbiyyat təhsili alıb. "Yediot axronot" qəzetində çalışıb. Çoxsaylı milli və beynəlxalq mükafatların sahibi, 20-dən artıq müxtəlif janrlı kitabların müəllifidir.
Barbarlar
Təcili xatirə yaratmaq lazımdır.
Ev qurmaq. Ola bilməz ki,
həyatım yaşanmayıb,
səhrada lampa, balıqqulağı,
yalın döşəməni örtən kilimləri
toplayan quzğunlar kimi; əsnək dolu
və nə qədər ki, o qocalmayıb
gündüzü gizlədən
sevgi dolu gecələri olan həyatım.
Üstündə uşaqların şəkli,
yoxa çıxmış o komod hardadır?
Gözlərini açan əsməçiçəyi içəri boylanır.
İndi hardadır uşaqlar?
Dəyəsən, zaman ciblərini boşaldıb.
Onda da səhər idi, indikitək, yayın əvvəli.
Çardağa çıxmışdıq (nərdivansız,
birlikdə) şəkil çəkdirmək üçün.
o itmiş şəkildən bəllidir ki,
elə də əziyyət çəkməmişdik,
sadəcə yalandan yorulmuşduq.
Ağaclardakı şəffaf sırğalar kimi
mənə aiddir xatirələrin ömrü.
Keçmişin çəyirtkə sürüsü
barbar ordusu keçməsəydi,
talalarımızdakı bar-bəhər oğurlanmasa,
tapdanmasaydı -
görəsən, hardaydı, necə olardı onlar...
Mixal Qovrin
Mixal Qovrin (1950) - şairə, yazıçı, esseist, teatrşünasdır. Təl-Əvivdə və Parisdə ədəbiyyat və teatr təhsili alıb, İsrailin müxtəlif tədris müəssisələrində teatr sənətindən dərs deyib. İki roman, üç şeir, "Dənizdə hərəkət" xronikal şərh, eləcə də Jak Derrida və Devid Şapiro ilə birgə "Üç dua" esse kitabının müəllifidir. Qüdsdə yaşayır.
Hannoverdə dəmir yolu platformasındakı ata və anamın uzaqlaşan obrazı
Eyni çamadanlar və qatarlar...
Siqaretin və sobanın tüstüsü
eyni qaranlığa dalırlar.
Qaranlıq zülmətə düşür durmadan.
Onlar stansiyada elə şəffaf, aydındırlar ki.
Fani uçurum onların sahillərini ağuşuna aldı.
Necə edim ki, o çamadanların
qulpundan yapışa bilim.
***
Uçuş yuxusu həmişə bizimlədir
quyruq rudimenti kimi.
Sirli bir ehtiras şahin lələklərindən doğulan,
hələ görkəm almamış qanadların
pərvazını hərəkətə gətirir qaranlıqda.
Zərif və bərk formalar;
Kim deyir ki, bərkdir bərk
və zərif də zərifdir,
və giriş nədir,
nədir sadaqət,
zərifin əvvəlindəki
cilalanmış bərkliyin nöqtəsi hardadır?
Tərcümələr Səlim Babullaoğlunundur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!