Kazuo İşiquro: "Sadəcə başqa ölkələrdəki insanlar üçün yox, başqa dövrlər üçün də yazırsınız" - Müsahibə

 

Kazuo İşiquro 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşı olanda, okeanoloq olan atası Britaniya Milli Okeanoqrafiya İnstitutuna işə dəvət edilib. Həmin il ailəsi ilə birlikdə İngiltərəyə köçən Kazuo təhsilini orada tamamlayıb. Yazar vətənini tərk edəndən sonra düz 29 il Yaponiyaya qayıtmayıb. Kent Universitetində ingilis dili və fəlsəfə təhsili alıb. Məzun olduqdan sonra Londonda sosial işçi kimi fəaliyyətə başlayıb. O, Şərqi Anqili Universitetində Malkolm Bredberinin rəhbərliyi altında yaradıcı yazarlıq təhsili alıb və yazarlıqda ilk müəllimi hesab etdiyi Angela Karterlə tanış olub. 1981-ci ildə üç qısa hekayəsi nəşr olunub və Kazuo İşiquro o vaxtdan bəri təkcə yazarlıqla məşğul olmaqdadır.

İyirmi yeddi yaşında o, hadisələrin əsasən Naqasakidə yaşandığı "Təpələrin solğun mənzərəsi" (1982) adlı ilk romanını nəşr etdirib və bu kitabla "Vinifred Holtbi adına mükafat"ı qazanıb. Bir il sonra, 1983-cü ildə "Qranta" jurnalı tərəfindən ən yaxşı gənc Britaniya yazıçılarından biri seçilib. O, 1986-cı ildə nəşr olunan "Dəyişən dünyanın bir sənətçisi" romanı ilə "İlin Vitbred mükafatı"nı qazanıb və "Buker" mükafatına namizəd olub. 1989-cu ildə nəşr olunan üçüncü romanı "Günün qalıqları" "Beynəlxalq Buker Mükafatı"na layiq görülərək yazarın beynəlxalq nüfuzunu möhürləyib. Bu romanın ingilis dilində bir milyondan çox nüsxəsi satılıb və 1993-cü ildə Rut Praver Cabvalanın ssenarisi əsasında Ceyms Ayvori tərəfindən filmə uyğunlaşdırılıb. Filmdə baş rolu dünyanın məşhur aktyorlarından biri Entoni Hopkins canlandırıb. Daha sonra İşiquro "Britaniya imperiyası ordeninin Böyük Xaç cəngavəri" seçilib və onun portreti bir müddət Londonda, Britaniya Krallığı Baş nazirinin ofisi yerləşən məşhur "Dauninq strit, 10" ünvanında sərgilənib. Yazar bundan sonra yazdığı, əvvəlki romanlarından fərqli olaraq beş yüz səhifədən çox olan növbəti romanı "Təsəllisizlər" ilə oxucularını təəccübləndirib. Bəzi ədəbi tənqidçilər tərəfindən İşiquronun şah əsəri hesab olunan bu roman 1995-ci ildə "Çeltenhem Mükafatı"ını alıb. 2000-ci ildə "Buker" və "Vitbred" mükafatlarına namizəd olan "Biz yetim olanda" romanı nəşr olunub. Növbəti romanı "Məni heç vaxt getməyə qoyma" çap olunduğu il (2005) "Taym" jurnalı tərəfindən ingiliscə yazılmış ən yaxşı 100 roman siyahısında göstərilib. Bu roman "Aleks Mükafatı"na layiq görülüb və "Milli Kitab Tənqidçiləri Birliyi Mükafatı"na namizəd olub. İşiquro 2005-ci ildə "Dünyanın ən kədərli musiqisi" adlı ilk uzunmetrajlı film ssenarisini tamamlayıb. "Gecələr: Musiqiyə və qüruba aid hekayələr" adlı ilk hekayə kitabını 2009-cu ildə çap etdirib. Yazarın 2015-ci ildə nəşr olunan "Dəfn olunmuş nəhəng" əsəri ilin ən böyük ədəbi hadisələrindən biri hesab edilib.

İşiquro təsirləndiyi yazarlar arasında Dostoyevski və Prustu xüsusi qeyd edir. Onun əsərləri, həmçinin Salman Rüşdi, Ceyn Ostin və Henri Ceymsin əsərləri ilə müqayisə edilir, baxmayaraq ki, İşiquro özü bu müqayisələri rədd edir.

Yazar 2017-ci ildə İsveç Akademiyası tərəfindən "böyük emosional gücə malik romanlarında, dünyayla əlaqəmiz olduğu illüziyasının altında yatan dibsiz uçurumu üzə çıxaran" yazar hesab edilərək Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülüb. İşiquronun səkkizinci romanı "Klara və Günəş" 2021-ci il martın 2-də nəşr olunub. Elə həmin il "Buker Mükafatı"nın uzun siyahısında yer alıb. Yazar romanda texnoloji inkişafın təhlükələri, dünyamızın gələcəyi və əvvəlki kitablarında da açdığı insan olmağın mənası kimi müxtəlif mövzularından bəhs edir.

2021-ci ildə "Yaşamaq" ("İkiru", 1952) adlı köhnə Yaponiya filminin İngilis remeyki çəkilib, bu filmin uyğunlaşdırılmış ssenarisi İşiquro tərəfindən yazılıb. Ssenarilər və telepyeslər yazan yazar, eyni zamanda caz müğənnisi Steysi Kent üçün sözlər yazır. Onların birgə hazırladığı "Səhər tramvayında səhər yeməyi" CD-si Fransada ən çox satılan caz albom olub.

Romanları otuzdan çox dilə çevrilən Kazuo İşiquro on yeddi yaşlı qızı və 1986-cı ildə ailə qurduğu, keçmiş sosial işçi olan həyat yoldaşı Lorna MakDuqal ilə birlikdə Londonda yaşayır. Yazarın qızı Naomi İşiquro da yazardır, 2020-ci ildə onun "Qaçış yolları" adlı qısa hekayələrdən ibarət debüt kitabı nəşr edilib.

Kazuo İşiquronun "Paris icmalı" jurnalına verdiyi müsahibəni təqdim edirik.

 

- Elə ilk illərdən Ədəbiyyat sahəsində uğur qazandınız. Gənclik illərində yazdığınız, amma çap olunmayan əsərləriniz var?

- Universiteti bitirdikdən sonra Londonun qərbində sosial işçi kimi evsizlərlə işləyərkən yarım saatlıq radio pyesi yazıb BBC-yə göndərdim. İmtina etdilər, amma əslində, bu mənim üçün ümidverici cavab oldu. Bir az səliqəsizdir, amma insanların görməsinə etiraz etmədiyim ilk gənclik əsərim budur. Başlığı "Kartoflar və Aşiqlər" idi. Mətni göndərəndə ingiliscə kartof sözünü səhv yazmışdım, "potatoes" yerinə "potatos" yazmışdım. Söhbət "kartof-balıq" qızartması verən bir kafedə işləyən iki gəncdən gedirdi. Hər ikisində də həddindən artıq çəpgözlük olur və onlar bir-birlərinə aşiq olurlar, lakin heç vaxt çəpgöz olduqları həqiqətini dilə gətirmirlər. Öz aralarında heç vaxt danışmadıqları mövzudur bu. Hekayənin sonunda isə onlar evlənməmək qərarına gəlirlər. Hekayəni nəql edən yuxuda dəniz kənarındakı körpüdə ona yaxınlaşan bir ailə görür. Valideynlər çəpgöz, uşaqları çəpgöz, itləri çəpgöz və danışan deyir ki, yaxşı, yaxşı, biz evlənməyəcəyik.

- Bu hekayəni yazmağa sizi nə vadar etdi?

- Karyeram haqqında düşünməyə başladığım vaxtlar idi. Anladım ki, musiqiçi kimi uğur qazana bilməyəcəm. Bir çox musiqi şirkətləri ilə danışdım. İki saniyə danışan kimi bu iş alınmayacaq deyirdilər. Fikirləşdim ki, özümü radio tamaşası yazmaqda sınayım.

Sonra, demək olar ki, təsadüfən, Şərqi Anqli Universitetində Malkolm Bredberinin Yaradıcı Yazı İxtisası üzrə magistr proqramının elanına rast gəldim. Hazırda məşhur proqramdır, amma o vaxtlar bu, gülünc və həyəcanverici bir Amerika ideyası idi. Ardınca da öyrəndim ki, keçən il kifayət qədər insan müraciət etmədiyi üçün proqram baş tutmayıb. Kimsə mənə İen Makİvenin ("Buker" mükafatlı ingilis yazar) on il əvvəl bu proqrama qoşulduğunu dedi. O vaxtlar Makİvenin dövrün ən dəlisov gənc yazıçısı olduğunu düşünürdüm. Amma o proqramın əsas cazibədar tərəfi, mənə bir il müddətinə ödənişini bütünlüklə hökumətin üzərinə götürdüyü bir Universitetə qayıtmağa imkan verməsiydi, mənim etməli olduğum tək şey ora 30 səhifəlik ədəbi mətn verməkdi. Yazdığım radio pyesini ərizəmlə birlikdə Malkolm Bredberiyə göndərdim.

Qəbul ediləndə məəttəl qalmışdım, hər şey qəfildən reallığa çevrilmişdi. Düşünürdüm, bu yazıçılar mənim yazdığıma heç baxmazlar, qorxurdum ki, utanverici hadisə yaşanacaq. Tanışlardan kimsə mənə Kornvolda yaxınlığında heç bir obyekt olmayan, əvvəllər narkotik aludəçiləri üçün reabilitasiya yeri kimi istifadə edilən kirayə evdən bəhs etdi. Zəng edib 1 aylıq yer lazım olduğunu dedim, özümə yazmağı öyrətməliydim. 1979-cu ilin yayında bunu etdim. Qısa hekayənin quruluşu haqqında ilk dəfə o vaxt düşündüm. Perspektiv, hekayəni necə izah etmək və s. kimi şeylər haqqında düşünməyə çox vaxt sərf etdim. Nəhayət, adam arasına çıxara biləcəyim iki hekayəm oldu, buna görə də özümü daha arxayın hiss etməyə başladım.

- Yaponiya haqqında ilk dəfə Şərqi Anqlidakı həmin bir ildə yazmısınız?

- Bəli. Dərhal özümçün kəşf etdim ki, mənim təxəyyülüm ətrafımdakı dünyadan uzaqlaşanda canlanır. "Kamden Taun metrosundan çıxdım və MakDonaldza girdim, məktəb vaxtından dostum olan Harrini gördüm" deyə hekayəyə başladığım vaxt ardını gətirə bilmirdim. Bunun əksinə olaraq, hiss edirdim ki, Yaponiya haqqında yazanda, deyəsən, beynimdə nəyinsə kilidi açılırdı. Həmin proqram çərçivəsində siniflə bölüşdüyüm hekayələrdən biri bombardman zamanı Naqasakidə yaşananlardan bəhs edirdi və gənc bir qadının baxış bucağından yazılmışdı. Digər tələbələrin şərhləri sayəsində özümə inamım çox artdı. Hamısı dedilər ki, bu yapon hekayələri çox həyəcanlıdır, bu sahədə gələcək var. Daha sonra Faberdən məktub gəldi ki, "Giriş seriyası" üçün üç hekayə qəbul edəcəklər. Tom Stopard və Ted Hyuzın belə kəşf edildiyini bilirdim. Ona görə bir az da ürəkləndim.

- "Təpələrin solğun mənzərəsi"ni o vaxt yazmağa başlamısınız?

- Bəli. Faberdən Robert Makkrum mənə layihəni bitirmək üçün ilk avansımı verdi. Mən Korniş qəsəbəsində yaşanan və problemli bir uşağı, qeyri-müəyyən keçmişi olan gənc qadın haqqında hekayəyə başladım. Beynimdə bir şey var idi, qadın "özümü bu uşağa həsr edəcəyəm" deməklə, "bu kişiyə aşiq olmuşam, uşaq da yaxamdan əl çəkmir" demək arasında vurnuxub qalacaqdı. Evsizlərlə işləyərkən belə insanlarla çox rastlaşırdım. Amma sinif yoldaşlarımdan Yaponiya hekayəsi ilə bağlı belə inanılmaz reaksiya alanda dönüb Kornvoldakı hekayəyə yenidən nəzər saldım. Başa düşdüm ki, bu hekayəni yapon dilində danışsam, yerli və kiçik görünən hər şey birdən-birə böyüyə və əhatəli ola bilər.

- Beş yaşından bəri Yaponiyaya qayıtmamısınız, bəs valideynləriniz nə dərəcədə tipik yaponlardı?

- Anam sözün əsl mənasında öz nəslinin yapon qadınıdır. Onların müəyyən davranış tərzi var - bugünkü standartlara görə pre-feminist yapon adlandırmaq olar. Köhnə yapon filmlərinə baxanda bir çox qadının anam kimi danışdığını və davrandığını görürəm. Ənənəvi olaraq, yapon qadınları kişilərə nisbətən bir qədər fərqli, daha rəsmi dil istifadə edirdilər, hazırda bu fərq tamamilə yoxa çıxıb. Anam 80-ci illərdə Yaponiyaya səfərə gedəndə gənc qızların kişilər kimi danışmasına çox təəccübləndiyini söyləmişdi.

Atom bombası atılanda anam Naqasakidə olub. Gənc qız imiş. Evləri dağılıb, lakin onlar zərərin miqyasını yalnız yağış yağanda anlayıblar. Damın hər tərəfindən su axmağa başlayıb, sanki qasırğa qopub. Əslində, anam ailəsində - valideynlər və dörd qardaş-bacı - partlayış nəticəsində yaralanan yeganə insan olub. Havaya uçan dağıntı parçası ona dəyib. Ailənin qalan hissəsi kömək üçün şəhərin digər hissələrinə gedəndə o, sağalmaq üçün evdə qalıb. Amma müharibə haqqında danışanda deyir ki, onu ən çox qorxudan atom bombası olmayıb. İşlədiyi fabrikin altında yerləşən hava hücumlarından qoruyan sığınacağı xatırlayır. Üstlərinə bomba yağan kimi hamısı qaranlıqda oraya düzülüb öləcəklərini düşünürmüşlər.

Atam isə Şanxayda böyüdüyü üçün qəti tipik yapon deyildi. Məsələn, pis nəsə bir şey olanda gülümsəmək kimi tipik çinli xüsusiyyətə sahib idi.

- Ailəniz niyə İngiltərəyə köçdü?

- Əvvəlcə qısa müddətlik getmişdik. Atam okeanoloq idi və Britaniya Milli Okeanoqrafiya İnstitutunun direktorundan ixtira üzərində işləmək üçün dəvət almışdı. Bunun nə olduğunu heç vaxt başa düşə bilmədim. Milli Okeanoqrafiya İnstitutu soyuq müharibə dövründə yaradılmış, həmişə məxfilik şəraitində işləyirdi. Atam meşənin ortasında harasa gedirdi. Mən onu iş yerində cəmi bir dəfə ziyarət etmişəm.

- İngiltərəyə köçməyə sizin münasibətiniz necə oldu?

- O vaxtlar nələr olduğunu tam anladığımı düşünmürəm. Babamla Naqasakidəki bir dükandan gözəl oyuncaq almışdıq: Bir toyuq şəkli vardı, sən də tüfənglə toyuğa atəş açırdın. Düzgün yerə vursan, yumurta düşürdü. O oyuncağı özümlə aparmağa icazə verməmişdilər. Məni məyus edən əsas şey bu idi. Səfər BOAC (İngiltərə Hava Yollarına aid sərnişin təyyarəsi) təyyarəsi ilə üç gün çəkdi. Kresloda yatmağa çalışdığımı, adamların üzüm yediyini və təyyarə hər dəfə benzin üçün dayananda məni oyandırdıqlarını xatırlayıram. Növbəti dəfə təyyarəyə minəndə on doqquz yaşım vardı.

Amma İngiltərədə bədbəxt olduğumu da xatırlamıram. Düşünürəm ki, daha böyük olsaydım, onda daha çətin olardı. Heç bir dərs keçməsəm də dil mövzusunda çətinlik çəkdiyimi xatırlamıram. Kovboy filmlərini və serialları sevirdim, ingilis dilini bunlardan öyrəndim. Ən çox sevdiyim Robert Fuler və Con Smitin oynadığı "Larami" serialıydı. Yaponiyada da məşhur olan "Yalnız gözətçi" (The Lone Ranger) teleserialını izləyirdim. Bu kovboylara pərəstiş edirdim. "Bəli" əvəzinə "olar" deyərdilər. Müəllimə də belə deyirdim, o da "Kazuo, nə demək istəyirsən?" soruşardı. Serialdakı danışıq tərzi ilə kilsədəki xormeysterin danışıq tərzinin eyni olmadığını anlamağım üçün bir az vaxt lazım oldu.

- Qildfordu necə yer idi?

- Biz gələndə Pasxa bayramı idi və yadımdadır, anam çarmıxa çəkilmiş, yaralı adamın qanlı, sadist mənzərəsindən rahatsız olmuşdu. Bu görüntüləri uşaqlara da göstərirdilər! Yapon nöqteyi-nəzərindən, hətta Mars nöqteyi-nəzərindən də baxsanız, bütün hallarda adama vəhşilik kimi görünür. Valideynlərim xristian deyildilər. Onlar İsanın tanrı olduğuna inanmırdılar. Ancaq, təbii ki, nəzakətlərini həmişə qoruyub saxladılar, qonağı olduğunuz qəribə qəbilənin adətlərinə hörmət etmək kimi bir şeydi bu.

- Uşaqlıqda çox oxumusunuz?

- Mən Yaponiyanı tərk etməmişdən əvvəl Gekko Kamen adlı çox məşhur super qəhrəman var idi. Kitab dükanlarının qabağında dayanıb şəkilli uşaq kitablarındakı sərgüzəştlərinin təsvirlərini əzbərləməyə çalışır, sonra evə gedib özüm onları çəkərdim. Anama kağızlarımı tikdirərdim ki, onlar əsl kitab kimi görünsünlər.

Qildfordda böyüyən uşaq kimi ingilis dilində oxuduğum yeganə şey "Bax və Öyrən" komiksləri idi. İngiltərədə uşaqlar üçün nəşr olunan kitablar maarfiləndirici kitablar olur, elektrik enerjisi necə əldə edilir və s. mövzulu cansıxıcı məqalələrlə dolu olan kitablar. Çox da sevmirdim. Yaponiyadakı babamın göndərdiyi əşyalarla müqayisədə onlar olduqca solğun qalırdı.

- Məktəbdə oxuyanda da yazırdınız?

- Bəli. Yaşadığımız yerdə dövlət məktəbində oxuyurdum, o vaxt müasir tədris metodları sınaqdan keçirilirdi. Altmışıncı illərin ortaları idi və getdiyim məktəbdə dərslər bir-birilə əlaqəsiz şəkildə müəyyənləşmişdi. Siz kalkulyatorda oynaya, gildən inək düzəldə və ya hekayə yaza bilirdiniz. Bu sonuncu mənim ən çox sevdiyim fəaliyyət idi, çünki bu mənə sosiallaşmağa imkan verirdi. Sizə nələrsə yazır, sonra bir-birinizin yazdıqlarına baxır, sonra da ucadan oxuyurdunuz.

Cənab Senior adlı bir personaj yaratmışdım, dostumun skautmasterinin adı idi. Bunun super casus adı olduğunu düşünürdüm. O vaxtlar Şerlok Holmsla çox maraqlanırdım. Müştərinin gəlib uzun-uzadı hekayə danışması ilə başlayan Viktoriya dövrü detektiv hekayələri yazırdım. Amma enerjimizin çoxu kitablarımızı bəzəməyə gedərdi, kitab dükanlarında gördüyümüz sərt üzlü kitablara bənzəsin deyə, üz qapağında deşiklər açıb tikər, arxa qapağına qəzetlərdən sitatlar yazardıq. Məsələn, bu cür yazılar: "Dahiyanə, soyuqqanlı triller". - Daily Mirror.

- Sizcə, bu təcrübə yazarlığınıza təsir etdi?

- Olduqca əyləncəli idi və bu mənə hekayə yazmağın zəhmətsiz bir iş olduğunu düşünməyə kömək etdi. Bu hissi sonralar da itirmədim. Hekayə uydurmaq mənə heç vaxt çətin gəlməyib, həmişə asan bir iş kimi görünüb.

- Detektiv hekayələrdən sonra növbəti vərdişiniz nə oldu?

- Rok musiqi. Şerlok Holmsdan sonra iyirmi yaşımın əvvəllərinə qədər oxumağı dayandırdım. Amma beş yaşımdan bəri pianoda ifa edirəm. On beş yaşımda gitara çalmağa başladım və on bir yaşımda pop albomları - olduqca pis pop albomları - dinləməyə başladım. Mənə heyrətamiz gəlirdilər. Ən çox bəyəndiyim ilk mahnı Tom Consun "Evin yaşıl, yaşıl otu" mahnısı oldu. Tom Cons uelslidir, lakin bu mahnı kovboy mahnısıdır. Oxuduğu mahnılar mənə televiziyadan tanış olan kovboy dünyası haqqında idi. Daha sonra Bob Dilan və Leonard Koheni kəşf etdim. Kohenin mahnı sözləri ədəbiydi, onun iki romanı, bir neçə şeir kitabı çap olunub. Kohenin timsalında bir musiqiçinin özünü tam təmin edə bilməsi fikri xoşuma gəldi. Mahnıları özün yazırsan, özün çalırsan, özün oxuyursan. Bu yanaşma xoşuma gəldi və mahnılar yazmağa başladım.

- İlk mahnınız hansı olub?

- Bu, Leonard Kohen üslubunda bir mahnı idi. Onun ilk cümləsi, məncə, belə idi: "Gözlərin bir də açılmayacaq, bir vaxtlar yaşayıb oynadığımız sahildə?!".

- On doqquz yaşında nəhayət, yenidən təyyarəyə minəndə hara gedirdiniz?

- Amerikaya gedirdim. Bu mənim çoxdankı məqsədim idi. Mən Amerika mədəniyyətinə bağlı idim. Uşaq məhsulları satan bir şirkətdə işləyib pul toplamışdım. 1974-cü ilin aprelində Kanadaya uçdum, bu, o vaxt Amerikaya uçmağın ən ucuz yolu idi. Vankuverə endim və gecə yarısı avtobusla sərhədi keçdim. Gündə bir dollara gəzərək ABŞ-da üç ay səyahət etdim. O vaxtlar hamı belə şeylərə romantik yanaşırdı. Hər gecə harada yatacağınızı təyin etməli idiniz. Qərb sahili boyunca avtostopla gedən böyük yeniyetmə şəbəkəsi vardı.

- Siz hippi idiniz?

- Hippiydim hər halda, ən azı vizual olaraq hippi idim. Uzun saç, bığ, gitara, bel çantası və s. Qəribədir ki, hamımız çox fərqli, xüsusi olduğumuzu düşünürdük. Los-Anceles və San-Fransiskodan keçərək Kaliforniyanın bütün şimalını avtostopla gəzdim və Sakit okean sahili boyunca yuxarı qalxdım.

- Bu səfər haqqında nəsə yazmısınız?

- Gündəlik tuturdum. Hər gün o gün baş verənləri yazırdım. Həmin gün kiminlə tanış olduğumu, nələr etdiyimi və s. yazırdım.

- Universitet illəriniz necə keçib?

- Kent Universitetində İngilis Ədəbiyyatı və Fəlsəfəsi üzrə təhsil almışam. Müxtəlif yerlərdə işləyirdim deyə, universitet həyatı maraqsız gəldi, bir il oxuyandan sonra bir il ara vermək qərarına gəldim. O vaxtlar adamlar kitablardan çox da danışmırdılar. Əsas mövzuları televiziya proqramları idi. Həmin vaxtlar bir roman da yazırdım, yarımçıq saxladım. Çox pis idi. Evdə saxlayıram. İngiltərədə yay boyu ora-bura qaçan gənc tələbələr haqqındaydı, pablarda söhbətlər, sevgililər haqqında.

- Yaradıcı yazı proqramının yazar olmağınıza təsir etdiyini deyə bilərsiniz?

- Malkolm Bredberidən sonra digər əsas mentorum Angela Karterdi, o mənə yazmağın biznes hissəsi haqqında çox şey öyrədib, məni bu gün təmsil edən Deborah Rocerslə tanış edib. Mənə xəbər vermədən yazılarımı "Bill Buford"a və "Qranta"ya göndərib. Qazandığım uğurlarda Yaradı yazı proqramının çox payı var.

- "Günün qalıqları" "Buker Mükafatı"nı qazandı. Uğur sizin üçün nəyisə dəyişdi?

- "Dəyişən dünyanın bir sənətçisi" nəşr olunanda mən hələ naməlum bir yazıçının həyatını yaşayırdım. Hər şey bir gecədə dəyişdi, romanın nəşrindən təxminən altı ay sonra Bukerə namizəd oldu, sonra da Vitbred mükafatını qazandı. Birdən-birə, demək olar ki, tanımadığım insanlar bizi şam yeməyinə dəvət etməyə başladılar. Hər şeyə "hə" deməli olmadığımı başa düşməyim bir qədər vaxt aldı. Əks halda həyatınıza nəzarəti itirirsiniz. Üç il sonra "Buker Mükafatı"nı qazananda insanları nəzakətlə rədd etməyi öyrənmişdim.

- Yazarkən tərcüməçilərin qarşılaşa biləcəyi problemlər barədə düşünürsünüz?

- Adam dünyanın müxtəlif ölkələrini gəzəndə mədəniyyət baxımdan tərcümə oluna bilməyəcək şeylərin olduğunun utanaraq fərqinə varır. Bəzən bir kitabı danimarkalılara izah etmək dörd gün çəkir. Məsələn, mən şəxsən brend adları çəkməyi və ya digər mədəniyyət fərqini göstərən işarələrdən yazmağı sevmirəm, təkcə coğrafi baxımdan çatdırmaq çətin olduğu üçün deyil, zaman baxımından da çox vaxt uyğun gəlmədiyi üçün istifadə etməməyə çalışıram. Otuz il sonra bunların heç birinin mənası olmayacaq. Siz, sadəcə başqa ölkələrdəki insanlar üçün yox, başqa dövrlər üçün də yazırsınız.

- Rutininiz var?

- Adətən səhər saat ondan axşam altıya kimi yazıram. Təxminən dördə qədər e-poçtlara və ya telefonlara baxmamağa çalışıram.

- Kompüterdə işləyirsiniz?

- Mənim iki yazı masam var. Birində əl yazısı üçün əyri səth var, digərində isə kompüter. Kompüter 1996-cı ildən qalmadır. İnternet bağlantısı yoxdur. İlkin qaralamalar üçün maili masamda qələmlə yazmağa üstünlük verirəm. Özümdən başqa heç kimin oxuya bilməcəyi bir şey olsun istəyirəm. İlkin variant qarmaqarışıq bir şey olur. Üslub və ya ardıcıllığa fikir vermirəm. Etməli olduğum tək şey hər şeyi kağız üzərində qeyd etməkdir. Ağlıma qəfil yeni fikir gəlirsə və bu fikir yazdıqlarımla uyğun gəlmirsə belə, onu yenə də yazıram. Sonradan geri qayıdıb hər şeyi qaydasına salmaq üçün qeyd götürürəm sadəcə. Sonra hər şeyi planlaşdırıram. Fəsilləri nömrələyirəm və yerlərini dəqiqləşdirirəm. Növbəti dəfə işləyəndə artıq nə yöndə işlər aparacağım haqqında daha aydın təsəvvürüm olur. Bu dəfə daha diqqətli yazıram.

- Romanlarınızın adlarını necə seçirsiniz?

- Bu, bir az uşağa ad qoymağa bənzəyir. Uzun mübahisələr gedir. Bəzilərini heç mən qoymamışam, məsələn, "Günün qalıqları" romanının adını. Mən Avstraliyada yazıçılar festivalında idim, Maykl Ondatje, Viktoriya Qlendininq, Robert MakKram və Yudit Herzberq adlı holland yazıçı ilə çimərlikdə oturmuşdum. Tezliklə tamamlanacaq romanıma ad vermək üçün yarıciddi, yarızarafat oyun oynayırdıq. Maykl Ondatje "Bifşteks: Şirəli hekayə" (Sirloin: A Juicy Tale) adını təklif etdi, o səviyyədə idi. Mən hekayənin bir ev xidmətçisi ilə əlaqəli olduğunu danışırdım elə. Sonra Yudit Herzberq Freydin yuxular haqqında danışdığı bir ifadəni xatırlatdı, "Tagesreste" - "günün israfı" kimi bir şey deməkdir. O anda bunu dərhal beynində "günün qalıqları" kimi tərcümə etdi. Atmosfer baxımdan bu ifadə mənə düzgün göründü.

Növbəti roman üçün "Təsəllisizlər" və "Piano xəyallar" arasında qalmışdım. Həyat yoldaşımı və məni qızımızın adını Naomi seçməyə inandıran bir dostum var. Biz Asami ilə Naomi arasında qalmışdıq, "Asami Səddam və Əsədin qarışığı kimi" səslənir demişdi. Həmin dostum dedi ki, Dostoyevski "Təsəllisizlər"i, Elton Con "Piano xəyallar"ı seçərdi. Ona görə də birinci adda qərarlaşdıq.

- Axı siz Dostoyevski pərəstişkarısınız.

- Bəli, eləcə də Dikkens, Ostin, Corc Eliot, Şarlotta Bronte, Vilki Kollinz kimi müəllifləri, ilk dəfə Universitetdə tanış olduğum XIX əsrin güclü ədəbiyyatını çox sevirəm.

- Nəyi sevirsiniz?

- Bədii ədəbiyyatda yaradılan dünyanın az-çox yaşadığımız dünyaya bənzəməsi baxımdan daha real olan işləri sevirəm. Bundan əlavə, onun içində itə biləsiniz. Süjet, quruluş və xarakter baxımından ənənəvi vasitələrdən istifadə edən povestdə özünə inam var. Uşaq vaxtı çox oxumadığım üçün mənə möhkəm təməl lazım idi. "Villete" və "Ceyn Eyr"in Şarlotta Brontesi; dörd böyük romanın Dostoyevskisi; Çexovun qısa hekayələri; Tolstoyun "Hərb və Sülh"ü; Çarlz Dikkensin "Qaranlıq ev"i; ən az beş Ceyn Ostin romanı; əgər bunları oxumusunuzsa çox möhkəm təməliniz olar. Bir də Platonu sevirəm.

- Niyə?

- Platonla Sokratın dialoqlarının əksəriyyətində bu baş verir; hər şeyi bildiyini zənn edən bir adam küçədə gedir, Sokrat onun qarşısına keçir və adamı məhv edir. Bu, ilk baxışda dağıdıcı görünə bilər, amma əsas fikir odur ki, yaxşı görünən şey dəyişə bilər. Bəzən adamlar bütün həyatlarını yanlış ola biləcək bir fikirdən yapışaraq keçirirlər. İlk kitablarımın mövzusu budur: bildiyini zənn edən insanlar. Amma Sokratın fiquru yoxdur. Bu personajlar özləri özlərinin Sokratlarıdırlar.

Platonla Sokratın dialoqlarından birində belə bir hissə var; Sokrat idealist insanların iki-üç dəfə məyus olduqdan sonra mizantrop olduğunu söyləyir. Platon isə yaxşılığın mənasını axtararkən də eyni şeyin baş verdiyini müdafiə edir. Uğursuzluqlar qarşısında ümidinizi itirməməlisiniz. Axtarışın çətinliklərlə dolu olduğunu anladığınızda belə, axtarışa davam etməlisiniz, bu sizin borcunuzdur.

 

Hazırladı: Nilufər HACILI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!