Baxçasaray fontanı - Aleksandr Sergeyeviç PUŞKİN

 

Qeyd: Ordubadinin bu tərcüməsindən parçalar "Zinətin andı" tərcümələr kitabında (Azərnəşr, 1929) çap olunub. Məmməd Səidin yazdığı ön söz də həmin kitabdandır. Poema bütünlükdə 1931-ci ildə Azərnəşrdə ayrıca kitabça kimi çap olunub, ondan sonra təkrar çapı olmayıb.

 

Rus şairi Puşkinin "Baxçasaray fontanı" namında bir əsəri vardır. Əsər Şərq dərəbəylik həyatının hərəm adətlərini təsvir edir. Qara dəniz sahillərindən Visla və Tuna çayına qədər böyük bir dəhşət saçan Krım xanı Gərayın həyati-siyasiyyəsini və hərəm yaşayışını bildirən bu əsərdə qadınlığın dərəbəylik dövrlərində olan ailə vəziyyəti sənətkaranə bir şəkildə göstərilmişdir. Bütün dərəbəylərdə olduğu kimi Gəray dəxi fəth, zəfər sözünü taladığı, dağıtdığı ölkələrin gözəl qızlarını öz hərəminə doldurmaqdan ibarət bilmişdi. Tökülən qanlar, dağılan ölkələrin son məhsulu özünün şəhvətinə alət qayırdığı yüzlərlə qadından ibarət qalmışdı. Gəray ayda birisini sevir, sevdiyi qadınlar Gərayın öz düşüncəsincə dünyanın bir xoşbəxti hesab olunurdu.

Fəqət onun sevgisi öz son xəyanətləri nəticəsində sevilən qadınların həlaqətini qazanırdı.

Gəray rus ailələrindən Zarima namında bir qadını sevir, onu hərəmin ən xoşbəxt və həsəd ediləcək üzvü sırasına keçirdikdən sonra fəthlərində əsir götürdüyü Marya adlı Polşa zadəganını ona əvəz edir. Gəray bu iki qadını sevdiyi vaxtlar bütün qan tökmələr və axıntıları dayandırır.

Bu vaxt Gəray hərəmxana işrətləriylə məşğul olduğu üçün rus və Polşa kəndliləri müharibə bəlalarını görmədən asudə həyat sürmüşlərdi.

Nəhayət, Gərayın əvvəlki istəklisi Zarima Gərayın Maryanı sevdiyini görüb ona həsəd edir. Gərayın eşqini qazanmaqdan ötrü öz dinini atıb müsəlman olduğuna təəssüf edir. Bu kimi həsədlər Zarimada bir intiqam hissi oyandırdığından gecələrin birində Maryanı xəncərlə qətl edir.

Gəray məsələni bildikdən sonra Zarimanı Qara dənizə atdırır. Maryanın qəbri üzərində isə mərmərdən bir fontan tikdirir. Gərayın hərəm həyatı ilə fəthlərində olan dəhşətləri göstərən bu əsərin oxucularımıza rus ədəbiyyatından bir nümunə olmaq üçün tərcüməsini lazım bildim.

 

Səid

 

 

 

 

Dəhşət saçılarkən Gərayın qaş-qabağından,

Yantar* çubuğun tüstüsü fırlar dodağından.

Həzz almayır artıq o gözəl cariyələrdən,

Asudə deyil, çünki bir an qəlbi kədərdən.

Müdhiş baxışından o sükunətli sarayda,

Qəm saçmada, zülmətli dumanlar belə peyda.

İxlas ilə hər kimsə qılar zatına hörmət,

Alnında oxur hər kəs onun bir yeni dəhşət.

Silkər əlini səbirsiz ol sahibi-fərman,

Qalxar o, düşər torpağa təzim üçün hər yan.

Heyrətlə baxıb səcdə edər cümlə qadın, qız,

Hər kəs gedib artıq buraxarlar xanı yalqız.

Azadə nəfəs çəksə də kaşanədə tənha,

Bir fikirdən azadə deyil varlığı amma.

Sarmış onu başdan-başa coşqun həyəcanlar,

Var canlı cəbinində də ol qüssədən asar.

Sahil boyunun sanki bəyaz şişələrində,

Tufanlı buludlardı salıb əks üzərində.

Məğrur xanın qəlbi nədən qüssələnirmiş?

Ruslarlamı yoxsa yeni bir hərbə gedirmiş?

Yoxsa yenə xan vermədədir Polşaya fərman?

Bir qanlı qisas hissimidir coşmada ondan?

Yaxud yenəmi orduda baş verdi bir üsyan?

Yoxsa bu rəiyyət yenə məmnun deyil ondan?

Bəlkə yenə də cenvəlilər hiylələr etmiş?

Xan hansı böyük hadisənin fikrinə getmiş?

 

***

Yox, xan düşünür indi daha əski səfərdən,

Mazidəki şöhrətdən, ötən fəthi-zəfərdən.

Bax, qalmamış artıq o keçən qüvvət əlində,

Heyhat, olmaz xan daha bir hərb əməlində.

Yapmışdır hərəm olmaya bir gizli xəyanət?

Xan böylə xəyanətlər üçün iz tapıb əlbət.

Yoxsa o əsir qız yenə bir fitnə yaratmış?

Xain çıxaraq qəlbini bir kafirə satmış?

Yox, yox, edəməz nazlı qız əsla buna cürət!

Qorxaq qadının sevməz imiş qəlbi xəyanət.

Bir dəstə mühafizləri var dövrü-bərində,

Daim o çiçəklənmədə sakit kədərində.

Şadlıqdan əsər görməsə qəlbində, gözündə,

Qəti və soyuq bir kədər hiss etsə özündə,

Sonra yenə bir dürlü xəyanət çıxa ondan,

Tab eyləyəcək qəmlərə, sapmaz da yolundan.

Dəhşətli mühafizlərinin sayələrində,

Məhv oldu gözəllikləri dəhşətlər içində.

Bu tərzilə istəkli ərəb gülləri onda,

Olduqca həyat hifz olunur şişə dalında.

Gün bunlar üçün hüznilə, möhnətlə keçərkən,

Tutmaz xəbər heç bir nəfər aydan, sənələrdən.

Heç kəs duyamaz gəncliyinin şanlı zamanın,

Görməz, əbədən hiss edəməz sevgi nişanın.

Hər şey burada dərdilə, möhnətlə həmahəng,

Aylar, sənələr, qüssəli günlər belə yekrəng.

Saatlarının bitməz uzun bir cərəyanı,

Çarparsa əgər gözlərə bir zövq, o da ani.

Hər qəlb sükunətdə, həqarətdə, ələmdə,

Tənbəl yaşayış hökm sürür qəmli hərəmdə.

Əylənməyə meyil etsə geyər bir yeni paltar,

Yaxud qılacaq etdiyi söhbətləri təkrar.

Ya həzz alacaqdır suların zümzüməsindən,

Bərraq axının nəşəli, heyrətli səsindən.

Yaxud çinarın kölgəsidir gəzdiyi yerlər,

Ancaq o sərin kölgəyə əyləncə deyərlər.

Əyləncə; fəqət burda da yox onlara rahət,

Var onlar üçün burda da bir canlı nəzarət.

Dəhşətli xanın qorxu saçan xacəsi hər dəm,

Diqqətlə güdür, hər söz onun, hər işə məhrəm.

Yalvarsan eşitməz səni, qandırsan inanmaz,

Daş qəlblidir, göz yaşı səpsən yumşalmaz.

Qısqanc gözü hər bir kəsi təqib edər, izlər.

Min ağlasalar qəlbinə təsir edəməzlər.

Etmiş orada bir əbədi qaidə bərpa,

Qanundur ona xan, nə ki əmr etsə mühəyya.

"Quran" kimi təqdis ediyor əmrini daim,

Bir heykəli-bicandır, ona sevgi nə lazım?

Heykəl kimidir, eyləməz heç şey ona təsir,

Görmüş nə qədər kin, həsəd, məsxərə, təhqir.

Boynunda daşır hər cürə təmkinsiz öcəşmə,

Nəzdində davam etmədə min işvə, girişmə.

İncitmədən, olduqca uzun danlamalardan,

Görmüş, görəcək, bir daha görməkdədir əlan.

Hər şırtılığın, qaş-qabağın, qəmli nikahın,

Məzmununu anlar o sükunətli bir ahın.

Hər sirrilərə, niyyətə, məqsədlərə alim,

Hər bir qadının zövqünə, amalına hakim.

Gizlin və açıq onları təqib eləyirkən,

Daim keçirib onları öz təcrübəsindən.

Əsla ona təsir edəməz nazlı baxışlar,

Etməz onu bir mərhəmətə, şəfqətə vadar.

Min ahi-şərərbar ola gər, qəlbi bulanmaz,

Daş qəlblidir, arvad əgər ölsə, inanmaz.

 

***

Sürdükdə bütün hökmünü şiddətli hərarət,

Göstərməz ikən gənc qadınlar buna taqət.

Bir çeşmə kimi tərlər axar çöhrələrindən,

Rüxsarı parıldar dağınıq tellər içindən.

Yüngül telini boynuna tökdükdə o rəna,

Çimdikdə yenə eyləyəcək xacə tamaşa.

Əyləncəsidir bir sıra çılpaqlara baxmaq,

Yox başqa bir iş, qeydinə qalmış bunun ancaq.

Yatmaz gecələr cümlə hərəm yatdığı dəmdə,

Ahəstə gəzər xalçalar üstündə hərəmdə.

Bağlı qapı açmaq buna hırsız kimi lazım,

Evdən-evə gizlincə dolaşmaqda bu daim.

Daim xanın arvadlarının qeydinə qalmaq,

Təqib edərək hər gecə bir sirr ələ salmaq.

Röyada əgər bir dolaşıq söz desə onlar,

Qeyd eyləyəcək canlı nəfəs alsa yatanlar.

Təqib edəcək onları gər etsə ibadət,

Dəhşətdən əgər titrəsələr qeyd edər əlbət.

Hər hansı qadın yatmış ikən söyləsə bir ad,

Öz xatirəsin yaddaşına eyləsə bir yad,

Hər kəs edə öz fikrini bir kimsəyə izhar,

Filfevr olacaq bir yeni təhqirə giriftar.

***

Qəm-qüssə nədəndir Gərayın ağlını sarmış,

Parlaq çubuğun tüstüsü dəstində qararmış.

Tutmuş qapı ağzında duran xacəni heyrət,

Dörd gözlə durub bəklər o xandan bir işarət.

Bir fikr ilə, heyrətlə yerindən duraraq xan,

Sürətlə çıxar taybatay olmuş qapılardan.

Qalxıb o gedər gizli məhəbbətlə nəhayət,

Eylər yeni sakit qadının vəslinə sürət.

 

***

Fontanlar atır göylərə bir mərmər hovuzdan,

Ətrafa döşənmişdir ipək xalçalar əlvan.

Əylənmədədir şövq ilə bir dəstə cavan qız,

Məsrurdur onlar hamı möhnətsiz, ələmsiz.

Fontanla çocuqlar kimi şadlanmadadırlar,

Oynar, buraxar hovuza qızıl sırğasın onlar.

Qızlar sevinər, cariyələr işrət içində,

Hovuzun görünür rəngli balıqlar da dibində.

Görcək xanı bərpa edər hər kimsə bir işrət,

Əllərdə tutar cariyələr ətirli şərbət.

Parlar yeni şadlıq hərəmin mənzərəsindən,

Fontanlara əks eyləyəcək türkü səsindən.

 

 

Tatar türküsü

 

I

 

Dünyada məişət keçirən şanlı bir insan,

Zülmətlərə, möhnətlərə sövq olmada hər an.

Xoşbəxt ona derlər qoca vaxtında nəhayət,

Bəthayə gedib Kəbədə qılsın bir ibadət.

 

II

 

Yaxud Tuna sahillərini pak qanından,

Təqdis edərək ölsə bu məqsədlə hər insan,

Qılman gəzinər, huri durar dövrü-bərində,

Minlərlə mələk səcdə qılar rehgüzərində.

 

III

 

Dünyada səadət ona derlər ki, bir adəm,

Rəhmətlə gülüb yapmadı möhnətlərə matəm.

Yalnız onu əyləndiriyor bu yeni sevda,

Ancaq o da gül, o mələk üzlü Zarima.

 

Nərdə bu hərəmxanaya zinət verən aya,

Bir nəcm-məhəbbət sayılan şanlı Zarima?

Qəmgindir, onun nəşə saçan çöhrəsi solmuş,

Tərifin eşitməz, gözü həsrətlə tutulmuş.

Bir sərv kimi gənc ikən afətlə vurulmuş,

Boynun qoyaraq çiyninə bir gül kimi solmuş.

Həp baxdığı heyrət, işi qəm, fikri müsabət,

Bir ahı sevər, etməz o bir işrətə rəğbət.

Bir an ürəyi qüssədən asudə deyildir,

Sönmüş o məhəbbət, Gəray artıq onu sevmir.

 

***

Sən sevmə, Gəray! Etmə məhəbbət mənə əsla,

Bax bir bu gözəllikdə mənə varmıdır həmta?

Alnımda sarılmış ikiqat türreyi-təkrar,

Bir bax, mənə bax, söylə görüm kimdə bu göz var?

Var kimdə bu atəşli baxış, dadlı öpüşlər?

Bu xariqə cilvəmdəki ali görünüşlər?

Çöhrəmdə günəş parlasa baxtım gecədən tar,

Mən burda əsirəmsə də, sərgəştələrim var.

Fayiq gələməzkən mənə bir şux pərivəş,

Söylə, kimi sevdin, nərədən səndə bu atəş?

Dəhşətli soyuq qəlbiniz etməz mənə rəğbət,

Göstər mənə ol sevdiyini kimdir o löbət?

Dönmüş ürəyin polşalı knyajna gələndən,

Atdın məni, yoxdur bir əsər sevgilərindən.

 

***

Marya bir az əvvəl keçirib başqa bir aləm,

Bir başqa göy altında sürüb eyş dəmadəm.

Öz doğmaca yurdunda çiçəkləndi o yıldız,

Qəm-qüssə nədir bilməz idi əsla o gənc qız.

Min naz görərdi o qız əvvəl pədərindən,

Qoymazdı qızı ol qoca bir an nəzərindən.

Fəxr eylər idi evdə, ziyafətdə onunla,

Rədd etməz idi nazlı qızın əmrini əsla.

Ev xalqına qanun idi istəkləri daim,

Vaxtında müyəssərdi qıza hər nə ki lazım.

Gündüz-gecə bir şey düşünürdü qoca ancaq,

Nazın çəkib istəkli qızın qeydinə qalmaq!

Qəm çəkməyə bir ləhzə ona verməsin imkan,

İfaya çalışsın onun istəklərin hər an.

İstər elə bir xatirə xəlq eyləsin onda,

Yad eyləyə qızlıq gününü ərdə olanda.

Daim keçə ol dadlı zaman didələrindən,

Röya kimi ani keçə qızlıq nəzərindən.

Yad eyləyə qızlıqdan ölüncə qala razı,

Daim düşünərkən onu məftun edə mazi.

 

***

Didarına bir çoxlarını eylədi həsrət,

Əyanları da damına salmışdı məhəbbət.

Sarsıtmış idi varlıların tabu-tavanın,

İqbalını tar eylədi yüzlərlə cavanın.

İnlərdi bütün xalq nihan eşqi yolunda,

Lakin yox idi zərrə əsər sevgidən onda.

Mavi gözü vermişdi onun hüsnünə zinət,

Bu gözləri qılmışdı ona hədyə təbiət.

Olmuşdu bu sənətlə evin işrəti bərpa,

Baxdıqca o bir sehrinuma "arf"* idi zira.

Xalq etmiş idi ailədə canlı bir işrət,

Müstəqbəli fikr etməz idi gənc qız əlbət.

Bəslərdi onu naz ilə yüz bəxtəvər əllər,

Qəsrində onun dövrəsin almışdı gözəllər.

 

***

Çoxdanmı tatarlar yürüdür Polşada fərman?

Qanlar saçaraq Vislada açmış yeni tufan.

Hər səmtə tatarlar ölüm atəşləri saçmış,

Yaxmış bu gözəl ölkədə hərb öylə bir atəş,

Hökm etmədə sürətli və dəhşətli kəşa-kəş.

Atəş yaxılıb sanki bütün tarlalarında,

Ol əski gözəllikdən əsər qalmamış onda.

Gül soldu, çiçəklər quruyub qönçə qaraldı,

Bir gülşən ikən sısqa yetim halına qaldı.

Yox dinc bir əyləncə, nişan qalmadı ondan,

Göylər qəmə aludə, batıb matəmə orman.

Kaşanə pozulmuş, yox əsər təntənəsindən,

Sakit oda, yox bir əsər əyləncə səsindən.

Marya susub, ondan eşidilməz daha bir səs,

Naz etdiyi kaşanələr olmuş ona məhbəs.

Ev məbədinin hər yanı bir qəmli sükunət,

Qüvvətli soyuq bir yuxu vermiş ona rahət.

Knyazlara məxsus nişanlar, ölü taclar,

Məbəddəki məqbərlərin üstündə durarlar.

Son vaxtlar orda yeni bir məqbərə peyda,

Yatmış ata məqbərdə, o istəkli qız amma -

Ömr etmədədir qəmli əsarətlər içində,

Məhv olmada bir şəhvətin ac pəncələrində.

Varislərə gəldikdə o şöhrətli xəsislər,

Qəsrində yenə eyşə davam eyləmək istər.

Boynunda ağır yük daşıyan, qarət olan bir -

Canlar çəkişən ölkəni soymaqdadır hazır.

 

***

Minlərlə həzər Baxçasaray qəsri əlindən,

Qoynunda sənin bir kölətək gizlədilirkən -

Knyajnanın azadlığı məhv olmuş, əzilmiş,

Gənc qız solaraq bir qara mənfaya çəkilmiş.

Zindanı kəsilmişdir onun qəsri-zərəfşan,

Ağlar, saralar, qüssələnər, gülməz o bir an.

Ol baxtsızın həmdəmi bir qəmli sükunət,

Yox bir kəsi, göz yaşlarına bağlamış ülfət.

Qəm-qüssə, kədər, inləmələr, ahu-fəğanlar,

Təsir edərək xanda yaratmış həyəcanlar.

Artıq bu fəğanlar xanı qoymuş yuxusundan,

Rəhm etmiş, azaltmış hərəmin siqlətin ondan.

Dəhşətli mühafiz də çəkilmiş nəzərindən,

Gündüz-gecə təqib edəməz dövrü-bərindən.

Dəhşət saçan əllər qalamaz qeydinə hərgiz,

Qorxutmaz onun qəlbini dəhşətli mühafiz.

Peydər-pey onun gəzməz o kabus otağında,

Cürət bulamaz qəlb sıxan qaşqabağında.

Mənfur üzün göstərəməz xacə nəhayət,

Etməz üzünə baxmağa bir an belə cürət.

Tənha yaşayır, çimsə də görməz onu bir kəs,

Zira ki, uzaq guşədə durmuşdur o məhbəs.

Xan da o əsirin, o bəlakeş qızın hala,

Qəsd eyləməyir rahətini pozmağa əsla.

Rəhm eyləyərək vermiş ona bir yeni məskən,

Bir öylə məkandır ki, bütün ayrı hərəmdən.

Bir öylə dərin guşə ki, hər səmti qaranlıq,

Qərq olmuş o qız zülmətə, tənha yaşar artıq.

Gündüz-gecə yanmaqdadır ol yerdə çıraqlar,

Ancaq o çıraqlarla qızın çöhrəsi parlar.

Bir şadlıq ümidindədir ol qəlbi-mükəddər,

Bir qəmli sükunətdə səadət izi bəklər.

Çırpınmadadır qəlbi həqarətlər içində,

Acizdir, arar qəlbi təsəllisini dində.

Daim ediyor qəlbi yaxın keçmişi dəryad,

Məsud günün yad ilə, mazidən olur şad.

Baxdıqca uzaqdan həsəd eylər ona qızlar,

Çəkməz onu ol gizli həsədlərlə, sızıldar.

Dəhşətli saray onlar üçün olsa da məhbəs,

Lakin yenə qərq olmadadır işrətə hər kəs.

Hər kimsə xilas olmaq üçün qəmli bucaqdan,

Qəlbində müqəddəs əməlin tutmada pünhan.

Qəlb olsa da azğın və fəna şəhvətə qurban,

Dönməz yenə bir hissi-müqəddəs daşımaqdan.

 

***

Axşam yetişir, artır üfüqlərdəki zülmət,

Bülbül səsi ancaq məni səslər, deyər heyhat.

Ormanlara nurun saçaraq mahi-ziyadar,

Axdıqda bizim yurda düşər sabiti-səyyar.

Adi tatar arvadları ağ şərfə bürünmüş,

Gəzməkdə sokaklarda, bir ağ kölgəyə dönmüş.

Hər bir qadın axşamlar edər çöldə səyahət,

Qəm-qüssədən azad ediyor qəlbini əlbət.

Hər kəs dolaşır, zövq ilə yatmış hərəm amma,

Dəhşətli saray uyxuda, gəlməz səsi əsla.

İsyan edəməz kimsə, onun hər yanı xamuş,

Etmiş onu üsyansız olan sevgi dər ağuş.

Heç kimsədə yox cınqırını çəkməyə cürət,

Durduqca davam etmədə zülmətli sükunət.

Artıq uyumuşdur o sədaqətli mühafiz,

Yatmışsa da dəhşətləri məhv olmamış hərgiz.

Hökm etmədədir yatsa da dəhşətləri daim,

Ol dəhşəti yatmış uyumuş ruha da hakim.

Gözlənmədədir hər gün üçün bircə xəyanət,

Verməz bu xəyanətlər onun fikrinə rahət.

Aya, bu nədir? Bu nə səda, bu nə xışıltı?

Bilməm nə bağırtı və nə səsdir, nə pıçıltı?

Bunlar hamısı qoymaz ola xacəni rahət,

Narahat olar şayiələrdən də nihayət.

Titrər bədəni, ürkər, o qalxar yuxusundan,

Tez göz yetirər hər kəsə, artar yenə həycan.

Şişlər qulağın dinlər, o ancaq duyamaz səs,

Hər səmti dalıb uyxuya, zira yatıb hər kəs.

Yalnız o qaranlıqda gəlir mərmər hovuzdan,

Fəvvarələrin nəğməsi bir müğri-xoş-əlhan.

Fəryad ediyor öz gülünün şən budağında,

Məşuqəsinin sevməli, munis qucağında.

Bir az yenə də xacəni məşğul edər onlar,

Dinlər, o sədalarla gedər uyxuya təkrar.

İnsan nə qədər ləzzət alır diqqət edərkən,

Şərqin şəvə rəngindəki yəlda gecəsindən.

Peyğəmbərin ümmətlərinin gör nə qədər bir,

Saatları xoş, kefləri kök, zövqü gözəldir.

Hala yenə evlərdə davam etmədədir naz,

Bağ-bağçasının nəşəsi bir xariqəpərdaz.

Vardır nə qədər nəşəsi sakit hərəmində,

Min sirri-nihan vardır ayın kölgələrində.

Hər guşədə fərman yürüdür bircə sükunət,

Bir ruhi-rəvan bəxş ediyor onlara şəhvət.

 

***

Yatmış hamı arvadlar, ayıqdır biri amma,

Ahəstə nəfəslər çəkərək qalxar o tənha.

Qalxır yatağından o qaranlıq gecə xəlvət,

Heyrətlidir ahəstə qədəmlərdəki sürət.

Açmış qapıdan çıxmış o ahəstə və heyran,

Sarsır bədənin az qala qəlbindəki həycan.

Yatmış qocaman xacə, çəkir xorna dəmadəm,

Rəhm anlamayan qəlbi dəmirdən daha möhkəm.

Aldatsa da rahatlanır insan yuxusundan,

Bir ruh kimi süzdü qadın, keçdi yanından.

Birdən-birə titrək əlinə dəydi anahtar,

Gircək evə bir qorxu onun qəlbini sarsar.

Bu dəhşət onun qəlbini sarsıtsa da gizlin,

Bir lampa görür nuru sönük, şöləsi qəmgin.

Gördü uyumuşdur yumuşaq çöhrəli bir qız,

Parlatmadadır bir xaç onun köksünü yalnız.

Köksündəki xaç onda müqəddəs bir əlamət,

Gürcü qızı yad eylədi mazisin o saət.

Bir səs ona anlatdı keçən günləri guya,

Etdirdi ona doğmaca bir duyğu təcəlla.

Knyajna davam etmədədir öz yuxusunda,

Var qızlığa məxsus şirin bir yuxu onda.

Göz yaşları peyda yenə məxmur gözündə,

Ol yaşların hala izi var canlı üzündə.

Bir tünd təbəssümlə baxır çöhrəsi hərdəm,

Güldür, deyəsən, üstünə düşmüş yeni şəbnəm.

Bir öylə ziyapaşdur ol çöhreyi-purxab,

Baxdıqca deyirsən gülə düşmüş yeni məhtab.

Göydən yerə uçmuş, deyəsən, zadeyi-adəm,

Bir huri yatıb, sanki tökür əşgi-dəmadəm.

Məzlum qadındır ki, aparmış bunu uyxu,

Müdhiş hərəmin bircə əsarətkəşidir bu.

"Artıq sənə nolmuşdur, aman, söylə Zarima!"

Qəmdən daralır sinəsi tab eyləmir əsla.

Ağlar da gözündən tökülür yerlərə yaşlar,

Tez diz çökərək əczilə yalvarmağa başlar.

"Rədd etmə məni, yalvarıram, dinlə nəhayət!".

Hər bir sözü bir inləmədən, qəmdən ibarət.

 

***

Qız diksinərək qalxdı nəhayət yuxusundan,

Knyajna böyük bir xətər hiss eylədi ondan.

Biganə qızın şübhəli rüxsarını görcək,

Heyrətlə bəyan etdi bütün varlığı titrək.

- Kimsən, nəçisən, söylə nədir burda muradın?

Gəldin nə üçün? Durma da, həm gizləmə adın.

 

***

- Mən qüssəmi izhar üçün oldum bura daxil,

Mümkünsə əgər qıl məni amalıma nail.

Rədd eyləmə! Əcz eyləyirəm, al məni qəmdən,

Ümmid araram, rəhm elə, bıqdım bu sitəmdən.

Maziyə səadətlə gülüb ömür sürərkən,

Dinlə məni, hala burada məhv oluram mən.

Sevdimsə, sevildimsə də axırda yoruldum,

Rəhm et mənə, zira çox uzaqlarda doğuldum.

Mən həp unudulsam da, o mazi unudulmaz,

Fikrim ulu mazini düşünməklə yorulmaz.

Doymam gecələr mən o uzaq xatirələrdən,

Məhv olmamış hala vətənim pişi-nəzərdən.

Qarşımda durur indi də yalçın uca dağlar,

Əşgimlə onun zirvələrindən su şarıldar.

Batdıqda sirişgi-ələmə bir sıra müjgan,

Qarşımda durur hər gecə şəbnəmli bir orman.

Kipriklərin altından axan əşg sərapa,

Çeşmində qılar çimdiyim irmaqları bərpa.

Lakin məni atmış oradan taleyi-mənhus,

Doğma vətənim yox, yaşaram quş kimi məhbus.

Mən qafil ikən qəlbimə yol tapmadı adam,

İndisə qəza vermiş işə başqa sərəncam.

Görməkdəyəm əşgin acı təsirini hala,

Fikrimdə düşündüklərim indimdə mühəyya.

Hərbə Gəray asayiş üçün etmədi rəğbət,

Eşqimlə bütün vəhşətə vermişdi nəhayət.

Rahət yaşayırdım bu hərəmxanədə xəndan,

Nə fitnəyə meydan, nə də bir hiyləyə imkan.

Lakin səni sevməklə mənə qıldı xəyanət,

Əylənməyir eşqimlə, sönübdür keçən ülfət.

Yoxdur bu xəyanətdə sənin zərrə qüsurun,

Ancaq mənə bir nifrət oyandırmış hüzurun.

Bu hüsn ilə bir kimsə deyildi mənə həmta,

Yıxdın məni bu hüsnü-vəcahətlə sən amma.

Eşq olduğunu sən mənim hərgiz biləməzsən,

Sən yaxşı sevilsən də mənimtək sevəməzsən.

İnkar edəməm, səndə də var hüsnü vəcahət,

Qaytar Gərayı, ver mənə, bitsin bu rəqabət.

Zira o mənimdir, mənə ver, qəlbimi yıxma!

Bir sadə gözəlliklə mənim qarşıma çıxma!

Qarşında çöküb ağlayıram, yalvarıram mən,

Qaytar Gərayı, istəyirəm əcz ilə səndən.

Olmuşsa Gəray hüsnünə gər valehi-heyran,

Hər nəhv ilə olsa, mənə tərk et, çəkil ondan.

"Quran"a itaətlə onun dinini tutdum,

Bir eşq ilə mən Məryəmi, İsanı unutdum.

Dinlə, var əgər səndə sükut etməyə rəğbət,

Var məndə də ancaq qılınc işlətməyə qeyrət.

Ahımdan həzər qıl, məni rədd eyləmə, haşa,

Rədd etmə, yaxındır vətənim Qafqaza zira!"

Öz sözlərini söylədi, qeyb oldu o saət,

Knyajna onun qılmadı təqibinə cürət.

Bilməzdi nə söylər o əziyyətli lisanlar,

Artırmada alamını mübhəm bu fəqanlar.

Hər gün yeni bir göz yaşı, hərdəm yeni fəryad,

Etməz onu bir xariqə təhqirdən azad.

Gənc ömrünə min zərbə vurarkən qara zindan,

Təhqirinə zindan veriyor get-gedə meydan.

Bilməm onu təqib ediyor hansı bəlalər?

Yaxud nə kimi dərdi-müsibət onu bəklər?

Ol gənc həyatın gələcək günləri yoxsa

Məhv olmalı mənfur əsarətdəmi tənha?

Zülmətlər içində yaşayan bəxti-zəbundan,

Dönməklə Gəray daim unutsaydı yadından,

Tez keçsə idi bir belə qəm günləri yarəb,

Gənc Maryanın olmazdı gözəl qəlbi müəzzəb.

Dünyaları şadlıqla atardı, buraxardı,

Qəmdən qurtarıb bir əbədi sülhə varardı.

Keçmiş daha gəlməz ələ, qiymətli keçən gün,

Çoxdan keçib onlar, olamaz ricəti mümkün.

Dünyada nə tapsın, daha boşdur ona dünya,

Gördükləri zillət ona yetməzmidir, aya?

Bir sülh ilə göylər açıb ağuşi-məhəbbət,

Bir doğma təbəssümlə qılar Maryanı dəvət.

 

***

Dəhşətli hərəm susmadadır, lal olub əyyam,

Zillətlərə təqdiri-qəza verdi sərəncam.

Marya daha yox: getdi bu möhnətli cahandan,

Artıq çəkilib bir əbədi rahətə ondan.

Çoxdan bəri etmişkən əməllərlə təkapu,

Uçmuş o mələk bir işıq aləmlərə doğru.

Kim qapdı həyatından o məhrumu, yetimi?

Qəmlərmi, əsarətmi, qəzalarmı, əcəlmi?

Bir xəstəliyinmi o zəbun oldu əlində?

Qısqanclığınmı əzilib pəncələrində.

Bir kəs bunu bilməzsə də yox Marya nəhayət,

Yoxdur o gözəl qızdan əsər, solmuş o afət.

Yoxdur əsər ondan daha zülmətli sarayda,

Olmuş yeni dəhşətlər o viranədə peyda.

Hər səmtə tatarlar ölüm atəşləri saçmış,

Köylər dağıdıb, cəbhə yarıb, qələlər açmış.

Çapqınları hər yerdə yaratmış yeni tufan,

Kəsməkdədir, hərb etmədədir, içmədədir qan.

Lakin xan əzilməkdədir öz qüssələrində,

Qəlbi yenə qovrulmadadır öz kədərində.

Birdən-birə saxlar əlini hərbdə bəzən,

Şəmşirini bir fikrilə saxlar hərəkətdən.

Ətrafı süzər daim ağılsızca nikahı,

Kəndisinə baxdıqca şərar yağdırar ahı.

Bir şey onu təhdid ediyor sanki dəmadəm,

Bir qorxu duyurkən ağarır çöhrəsi hərdəm.

Söz söyləməz, ancaq düşünər, sanki pıçıldar,

Ağlar, tökülər göz yaşı rüxsarına, parlar.

Daim keçirər vaxtını qəmlərdə, ələmdə,

Görməz üzünü kimsə onun sadiq hərəmdə.

Bədbəxt qadınlar yenə öz dərdi-qəmində,

Məhv olmadadır, xacənin onlar sitəmində.

Yoxdur bir əsər orda fəqət gürcü qızından,

Bir söz deməz ondan daha, susmuşdur o zindan.

Gürcü qızı yoxdur, onu məhv eylədi dərya,

Qısqanc qız öldürmüş idi Maryanı zira.

Dəryaya atılmışdır o qız, bitmiş əziyyət,

Dəhşətli cəzadır bu, müqəssirsə də əlbət.

 

***

Qafqazda, yaxın ölkədə hərb atəşi sönmüş,

Rusiyyə yanıb köyləri viranəyə dönmüş.

Çoxdan bəridir xan verəcək hərbə nihayət,

Etmiş yenidən Baxçasaray şəhrinə evdət.

Təkid ilə əmr etdi verib xacəyə fərman,

Tikdirsin o qəmgin qadının namına fontan.

Fəvvarə vurub qətrələr atsın da, səs etsin,

Zəmzəmlərin altında yatan Marya eşitsin.

Üstündə müqəddəs xaçı nəsb etməyərəkdən,

Bir aypara asmışlar o qəbrin üzərindən.

Ol aypara məzluma təcavüzdən əlamət,

Acizləri incitmədən, əzməkdən ibarət.

Keçmişsə uzun illər axır üstünə əlan,

Ol qəmli sular gözyaşıtək mərmər hovuzdan.

Sakit duramaz daim o fontan coşar, ağlar,

Övladı ölən bir anadır sanki sızıldar.

Məhv oldu o qız, gördü fəqət bircə həqiqət,

Məhv olduğu bu ölkədə var əski sədaqət.

Məsum qızın namına bir fontan ucalmış,

Yüksəlmiş adı, "Göz yaşının çeşməsi" qalmış.

 

***

İşrətlərə axırda fəramuş elədim mən,

Ayrıldım uzun vaxt şimal ölkələrindən.

Etdikdə səyahət uyumuş Baxçasarayda,

Gəzdim o susan, mürgüləyən qəmli sarayda.

Durmuşdu nəzarəmdə sükunətli keçidlər,

Dəhşətli tatar qamçısı eyş etdiyi yerlər.

Dəhşətli hücumun, zəfərin şanlı sonunda,

Məhrulərin ağuşuna qərq oldular onda.

Min zövqü-səfa var yenə sakit çəmənində,

Göllər yenə öz əski dərin nəşələrində.

Bağlar yenə qeyd eyləməmiş ləzzətin hala,

Hər guşədən eylər yenə bir nəşə təcəlla.

Bağ-bağçası vermiş yenə afaqına rövnəq,

Ənhar axıyor sayeyi-əşcarına mütləq.

Sallanmış üzümlər saralır şaxələrində,

Baxdıqca bir əlvan çiçək açmış çəpərində.

Ənzarı qılar indi də cəzb ol dəru-divar,

Altın yazılar indi də parlar, gözə çarpar.

Mən seyr edərək əski məhəccər dalısında,

Təsbeh çevirən kəsləri mən görmüşəm orda.

Gördüm nə qədər qız, qadın öz inləyişində,

İnlər yenə bir ahi-sükunpərvər içində.

Mən xan qəbiristanını gördükdə o yerdə,

Dəhşət saçan əllər çıxaraq durdu nəzərdə.

Son xalqın həyatın gəmirib hökm sürənlər,

Yatmış, durur üstündə onun bir ulu məqbər.

Gördüm uyumuş, torpağa çəkmiş başın onlar,

Var məqbərin üstündə də mərmərli sütunlar.

Bir səs orada sanki məni səslədi filhal,

Məndən bunu aydınca sual eylədi iqbal:

Bir söylə görüm harda hərəm? Harda qalıb xan?

Biruh olaraq qəmli sükunətdədir hər yan.

Hər şey dəyişib, heyrətim ancaq deyil ondan,

Gül nəşəsi, fontan səsi zira belə pünhan.

Hər şey o əsir ilə zəbun oldu, gömüldü,

Gənc qızla fəramuş edilib qəbrə qoyuldu.

Cəlb etdi mənim fikrimi gizlin həyəcanlar,

Məcbur olaraq pür-həyəcan keçdi o anlar.

Gəzdim mən o viranənin hər səmtini tənha,

Gördüm uçuşur qarşıda bir kölgə mühəyya.

Əks etdi mənim fikrimə pür dəhşət o mənzər,

Qarşımda uçan kölgə əvət, bir qıza bənzər.

 

***

Bilməm ki, kimin kölgəsidir gördüyüm, amma

Ol şəkil kimin şəkli, kimindir belə sima?

Təqib ediyormuş məni ol yerdə nə qüvvət?

Qarşımda duran kölgəsidir Maryanın əlbət.

Yox, bəlkə Zarima dolaşır bomboş hərəmdə,

Qısqanc baxıyormuş mənə həp varlığı qəmdə.

 

***

Xatırlayıram mən nə qədər dilbərti-ziba,

Çeşmimdə təcəssüm qılır ol sevməli sima.

Qəlbim dolanır, daim onunla deyiləm şad,

Mənfada da ol qüssə buraxmaz məni azad.

Həsrətlə kədərlənmə! Yetər, sakit ol! Hərgiz,

Olmaz sənə bir fayda, kədərlənmə, əqilsiz!

Yetməzmi bu taleysiz olan sevgiyə daldın,

Üsyanına uydun, uyudun, min kədər aldın.

Dəryad elə röyadakı fəryadını artıq,

Röyadan ayıl, ol qara zindanları yax, yıx!

Söylə, yenəmi oxşayacaq ruhumu zindan?

Ol kirli buxovlar öpəcəkdir səni hər an.

Çoxmu bu ağılsızca rübabın səni hər an,

Eylər yenə bu tərz ilə dünyalara elan.

Sevdanı atıb sülhə pərəstişlər edərkən,

Mən zövq alıram sənətimin alihəsindən.

Qəlbimdən uzaqlaşmış ikən sevgi, məhəbbət,

Atdım, məni məşğul edəməz bir daha şöhrət.

Görrəm səni, qarşımda durarmı yenidən bir

Ol xariqə sahillərin ey nəşəli Salqır?

Tezmi görərəm mən səni sahil boyu dağlar?

Ol nəşəli qoynunda nihan xatirələr var!

Görsəm yenidən Tavridin ol dalğaların mən,

Zövqündən olar çeşmi-hərisin dəxi rövşən.

Ol sehrinüma məmləkət, ol çeşmi-məsərrət,

Hər şey orada canlıdır, hər işdə bir ibrət.

Var orda üzüm bağları, vardır qoca orman,

Vardır sarı, yantarlı çubuq, nargilə, qəlyan.

Vadilərinin qoynu gözəllikdən ibarət,

Heyranı qalır hisslər etdikdə səyahət.

İqlimi ilıq, dağları üsyansız, ələmsiz,

Sahil boyu olduqca müzəyyən fərəhəngiz.

Hər gün abı, dağ-daşlarının dövrü-bərində,

Atlar yürüyər dalğaların kölgələrində.

Parlaq şəfəq hər gün abı rəngində sularda

Əks etmədədir dalğası yalçın qayalarda.

 

Tərcümə: Məmməd Səid Ordubadi

Transliterasiya: Həmid Piriyev


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!