Gizli duyğu - Ayzek Azimovun hekayəsi

 

 

Yəhudi əsilli Amerika yazıçısı Ayzek Azimov (Isaac Asimov) 2 yanvar 1920-ci ildə Belarusun Petroviçi kəndində anadan olub. Onun atası Yud Azərbaycanın Quba rayonundan, dağ yəhudilərindən idi. O bunu 1987-ci ildə ABŞ-da elmi ezamiyyətdə olan Azərbaycan yazıçısı və tərcüməçisi mərhum Zeydulla Ağayevə etiraf etmişdi. Oktyabr inqilabından əvvəl Yud ailəsi ilə birlikdə Belarusa, 1923-cü ildə isə buradan ABŞ-a, Nyu-York ştatının Bruklin şəhərinə köçür. Özünə şirniyyat dükanı açır. Oğluna yaxşı təhsil verir. Ayzek 1928-ci ildə Amerika vətəndaşı olur. Kolumbiya Universitetinin Biokimya fakültəsini bitirir, Boston Universitetinin Tibb məktəbində biokimyadan dərs deyir. 1979-cu ildən isə bu universitetin professoru olur. Yazıçı biokimya ixtisasına mükəmməl yiyələnir və bu sahəyə aid yüzlərlə elmi və elmi-kütləvi kitab yazır. Ayzek Azimov dünyada yeganə məhsuldar yazıçıdır ki, 467 kitabın müəllifidir və onun bədii, elmi, elmi-kütləvi və elmi-fantastik kitabları dəyərinə görə ensiklopedik əhəmiyyətə malikdir. Ayzek Azimov fantast yazıçı kimi bir sıra populyar ödüllər qazanmışdır. O, ilk elmi-fantastik hekayəsini də universiteti bitirəndə yazır və hekayə "Amazing Stories" jurnalında (1939) çap olunandan sonra yazıçıya diqqət artır. Ayzek Azimovun demək olar ki, bütün əsərləri elmi-fantastikanın ən gözəl nümunələri sayılır, yazıçının fövqəladə elmi biliyi, istedadı və zəkası hələ sağlığında onu dünya məşhurları sırasına çıxarmışdı.

Ayzek Azimovun kitablarında hadisələr gələcəkdə cərəyan edir. Təkcə bu faktı qeyd edim ki, onun yaratdığı robot obrazları heyrətamizdir. O, xalis elmi fantastika yaradıb, burada mistikaya və sehrbazlığa yer yoxdur. Əsərlərində texniki yeniliklər barədə fantastik ideyalar və təsvirlər yer alır, ən mühüm kəşfi isə, fəlsəfi baxımdan yanaşsaq, robotlarla insanların münasibətləri problemlərindən yazması oldu. O, hələ ötən əsrin birinci yarısında robot texnikasının üç məşhur qanununu işləyib hazırlamış və bu da dünyada elmi-texniki tərəqqi üçün yeni-yeni kəşflərə zəmin yaratdı. Bu qanun fəlsəfi baxımdan təsvir edilir. Azimov robotun hardan meydana gəlməsini izah eləmir, sadəcə deyir: heç bir robot üç qanuna riayət olunmadan yaradıla bilməz! Elə bu da robot texnikasının yaradılmasının texniki bazası rolunu oynadı. Ayzek Azimov romanları gözlənilməz hadisələrlə məntiqin heyrətamiz şəkildə birləşməsi aləminin təsviridir. Siz heç vaxt Kainatda hansı gücün hansı güc arxasında dayandığını tapa bilmirsiniz, qəhrəmanların həqiqət axtarışlarına mane olan qüvvə kimdir, kim kömək edir, bilməzsiniz. Azimov romanlarının finalı da gözlənilməz sonluqlarla bitir. Bütün gözlənilməz sonluqların isə motivi və əsası vardır. Azimovda səhv yoxdur və ola da bilməz. Bunu dünyanın bir çox məşhur alim və mütəxəssisləri etiraf etmişdir.

1992-ci ilin 6 aprelində 72 yaşında vəfat edib. Onun adına Nyu-Yorkda çıxan populyar bir jurnal da var - "Asimov's Science Fiction and Fantasy". Aşağıda onun marslılarla Yer adamının əlaqələrindən bəhs edən "Gizli Duyğu" (The Secret Sense) hekayəsini təqdim edirik.

 

 

Gizli   duyğu

 

Marslılar dad bilmirdi, onların eşitmə qabiliyyəti də pis idi, lakin onların özlərinə məxsus gizli bir duyğusu vardı.

 

Otağa Ştraus valsının məftunedici səsləri doldu. Musiqi Linkoln Fildsin zərif barmaqlarına itaət edə-edə gah sürətlə yüksəlir, gah da yavaşıyırdı. Gözləri yarımyumulu vəziyyətdə çalırdı, kirpikləri arasından dəbdəbəli bal zalında rəngi sürtülmüş döşəmədə fırlana-fırlana oynayan cütlüyü demək olar ki, açıqca görürdü...

Musiqi hər zaman onu heyrətləndirmişdi beləcə, beynini zərif gözəlliklərlə doldurur, onun otağını səslərin cənnət məkanına döndərirdi. Barmaqları son dəfə klavişlərdə gəzdi, incə bir passaja da həyat verib könülsüz susdu.

O, içini çəkib bir müddət hərəkətsiz qaldı, sanki ölən əks-sədadan gözəlliyin son şirəsini çəkməyə çalışırdı. Sonra üzünü otaqdakı qonağına döndərib ürəksiz gülümsədi.

Hart Jan da ona təbəssümlə cavab verdi, lakin heç nə demədi. Hartda Linkolna qarşı bağlılıq vardı, amma bir-birlərini anlamaqda çətinlik çəkirdilər. Onlar müxtəlif dünyalara mənsub idilər, özü də bax beləcə: Janın vətəni Marsın nəhəng yeraltı şəhərləriydi, Filds isə Yerdə günü-gündən şişib sürünən Nyu-Yorkun məhsuluydu.

- Hə, Hart, necədi səninçün? - Filds tərəddüdlə soruşdu.

Hart başını yellədi, həmişəki kimi həssas tonla cavab verdi:

- Çox diqqətlə qulaq asdım, qətiyyətlə deyə bilərəm ki, bu məndə pis duyğular oyatmadı. Müəyyən ritm hiss elədim, bir qədər sakitləşdirici təsiri də vardı. Lakin gözəlliyə gəlincə... yox, bunu qətiyyən hiss eləmədim!

Fildsin gözləri təəssüf ifadəsiylə doldu, onu ağrı hissi də bürüdü. Hart onun baxışlarını duydu, anladı, lakin Hartın gözlərində həsəd işartılarından əsər-əlamət belə yox idi; nəhəng, sümüklü bədəni çətinlik çəkmədən onun üçün çox kiçik olan kresloya yayxınmışdı; o, heç nə olmamış kimi bir-birinin üstünə aşırdığı ayaqlarını saymazyana yellədirdi.

Birdən Filds yerindən sıçradı, marslının qolundan tutub royala tərəf dartdı.

- Burda otur! Bax bu stulda...

Hart etiraz etmədi, mehribanlıqla dilləndi:

- Görürəm, sən bir balaca eksperiment aparmaq istəyirsən.

- Düz tapmısan. Mən Yerdə və Marsda yaşayanların duyğu orqanlarının fəaliyyətindəki fərqlərdən bəhs edən elmi tədqiqatlar oxumuşam. Lakin nədənsə, onların mahiyyətini heç vaxt anlaya bilməmişəm.

O, əvvəlcə "Si", sonra da eyni oktavanın "Fa" notunu bildirən klavişi basdı, sualedici nəzərlərini Harta dikdi.

- Bu səslər arasında fərq olsa belə, çox azdı, - Hart dedi. - Mən bu fərqi ona görə tutdum ki, çox diqqətlə qulaq asırdım. Başqa cür olsaydı, deyərdim ki, sən iki eyni notun səsini çıxardın.

Yer adamı təəccüblə başını buladı.

- Bəs belə olanda necə? - deyə o, "Si" və "Do" notlarını səsləndirdi.

- Bu dəfə demək olar ki, fərqi hiss edirəm.

- Həəə, deməli, görünür siz marslılar barədə nə deyirlərsə, düz deyirlər. Bədbəxtlər, təbiət sizlərə necə də pis eşitmə qabiliyyəti verib! Nədən məhrum olduğunuzu təsəvvür belə etməzsiniz!

Marslı inanclı adamlar kimi çiyinlərini çəkdi.

- Heç vaxt malik olmadığın şeyə görə iztirab çəkmə!

Sonrakı qısa sükutu Hart Jan pozdu.

- Sən anlayırsanmı ki, biz tarixin elə bir unikal dövrünü yaşayırıq ki, ilk dəfə olaraq iki intellektual irq bir-biriylə ünsiyyət qurub? Yer adamlarıyla marslıların duyğu orqanlarının fəaliyyəti çox maraqlıdır; görmürsən ki, bu özü həyatda çoxlu yeni şey bilməyə və onlara daha geniş aspektdən baxmağa imkan yaradır?

- Doğrudur, - Yer adamı razılaşdı. - Amma bizim müqayisə etməkdə daha çox üstünlüyümüz var. Duyum incəliyi məsələsində təbiət bizə daha səxavətlidir. Bilirsən, ötən ay bizim bioloqlardan biri bəyan etmişdi ki, ümumiyyətlə, o, bir şeyi heç cür qəbul edə bilmir: necə olur ki, sizin kimi pis eşitmə və qavrama qabiliyyəti olan varlıqlar belə yüksək inkişaf etmiş sivilizasiya yarada bilib?

- Hər şey nisbidir, Linkoln. Nəyimiz varsa bizim üçün yetərlidir.

Filds qəlbində taleyin marslılarla ədalətsiz rəftarına acıdı.

- Hart, kaş biləydin! Kaş biləydin ki, siz necə şeylər itirmisiz! Siz heç vaxt günəşin qürub etməsinin, yaxud çöllərdə güllərin necə oyandığının gözəlliyini duya bilməzsiniz! Mavi səmanın, tarlanın yaşıllıqlarının füsunkarlığından, ya da sünbüllərin qızılı rənglərindən ləzzət ala bilməzsiniz. Sizin üçün dünya sadəcə işıq və qaranlığın kölgəsidir.

Linkoln bu sözləri deyəndə səsi titrədi.

- Siz çiçəklərin möhtəşəm ətrini duya, ya da qiymətləndirə bilməzsiniz. Siz hətta sadə və sağlam bir yeməyin dadından ləzzət almaqdan belə məhrumsunuz. Dad, iy bilmirsiz, rəngləri belə ayıra bilmirsiz. Sizin necə sönük bir dünyada yaşadığınızı düşünəndə ürəyim kədərdən sıxılır.

- Sənin sadaladığın bütün bu şeylərin mənası yoxdur, Linkoln! Mənə yazığın gəlməsin, mən də sənin kimi xoşbəxtəm.

O, ayağa durdu və Yerdə onsuz gəzə bilmədiyi çox ağır əl ağacını götürdü.

- Bizi mühakimə edib bu cür aşağılaya bilməzsiniz! (Görünür, Fildsin sözləri Harta bərk toxunmuşdu!) Axı biz öz irqimizin üstünlükləri ilə lovğalanmırıq, sizin onlardan xəbəriniz belə yoxdu!

Sonra sanki dediyi sözlərdən çox peşman oldu, üzünü kədərlə bürüşdürüb qapıya sari getdi. Filds bir anlıq fikrə getmişdi, qayğılanmışdı, birdən durub qonağın dalınca yüyürdü və onu geri qaytara bildi.

- İrqinizin üstünlükləri deyəndə nəyi nəzərdə tuturdun? Nə demək istədin bununla, hə?

Marslı üzünü çevirdi, sanki müsahibi ilə göz-gözə gəlmək istəmirdi.

- Unut bunu, Linkoln. Sənin qəfil sualın məni incitdi, ehtiyatsızlıq elədim, ağzımdan söz qaçırtdım.

Filds iti baxışlarını ona zillədi.

- Amma yalan demədin, eləmi? Əlbəttə, sizin duyğularla bizim duyğular fərqlidir, sizdə olan duyğulardan bizdə yoxdur, lakin bircə şeyi anlamıram: axı nəyə görə duyğularınızı bizdən gizlədirsiniz? Bizim üçün sirr olan duyğunuzu gizlətməyin nə mənası var?

- Ola bilsin, sən deyən kimidi, bəlkə də yox... Mən bağışlanmaz bir axmaqlıq elədim, bunu söylədim, sən də məni sözümdən tutdun. Söz ver ki, bunlar bizim aramızda qalacaq.

- Əlbəttə, söz verirəm! Bunu özümlə qəbrə aparacam! Vallah, açığı, sənin bu eyhamlarından azca da olsa bir şey anladımsa Allah mənə lənət eləsin! De görüm, sizin o gizli duyğunuz nədir belə? Necə olur o?

Hart Jan süstləşmişdi, çiyinlərini çəkib dedi:

- Bunu necə izah edə bilərəm axı? Sən mənə, misal üçün, ömründə rəng nədir bilməyən bir varlığa, rəngin nə olduğunu anlada bilərsənmi, ya da ona tərif verə bilərsənmi?

- Mən səndən o duyğunun tərifini soruşmadım ki?! Sadəcə, de görüm bu gizli duyğu hansı imkanlara malikdir, necə işləyir, ondan necə istifadə edirsiz? Bunu de mənə, xahiş edirəm... - Filds müsahibinin çiyinlərini inadla sıxdı. - Sən bunu deyə bilərsən axı… mən də söz verirəm ki, bu sirr aramızda qalacaq.

Marslı ağır-ağır nəfəs aldı.

- Çətin bundan xeyir tapasan. Tutaq ki, sən mənə şəffaf məhlulla dolu iki qab göstərdin, mən də dərhal hansında zəhər olduğunu duyub desəm, bu səni qane edəcək? Ya da tutaq ki, mənə mis məftil göstərdin, mən də ondan cərəyən keçdiyini ya keçmədiyini dedim... qoy lap çox zəif tok olsun, amma bunu dərhal müəyyən edərəm. Ya da elə beş kilometr radiusda hər hansı bir predmetin temperaturunu söyləyə bilərəm - ola bilsin iki-üç dərəcə səhv edim... Bunları anlayacaqsan? Ya da elə... nə isə... çox şey dedim, deyəsən.

- Elə bu? - Filds dilxor oldu.

- Bəs daha nə eşitmək istəyirdin ki?

- Sənin sadaladıqların, əlbəttə, faydalıdır, axı gözəlliyin onlara nə aidiyyəti? Bəli, sizin o qəribə duyğunuz xeyir gətirir, lakin o, ruha qida verir bəyəm? Ya cana, qəlbə həzz verir?

Hart Jan narahat-narahat yerində qurcalandı.

- Linkoln, vallah sən özünü axmaq yerinə qoymusan. Bu yalnız sənin verdiyin sualın cavabıydı; axı sən bizim gizli duyğunun imkanlarını soruşdun?! Onun əsl təbiətini isə təsvir etməyə dəyməz. Götürək sənin rəngləri fərqləndirmək qabiliyyətini. Mənim anlaya biləcəyim qədər, deyə bilərəm ki, ondakı yeganə fayda hansısa incə nüansları sənə hiss etdirməsindədir; mənə bunlar çatmır, o qabiliyyət məndə yoxdur! Sizin rəng dediyiniz şeyə əsaslansaq, misal üçün, sən ani olaraq bir neçə kimyəvi maddəni və ya cismi müəyyən edə bilərsən, mən isə bunu kimyəvi analiz etməli olaram. Burda gözəllik var məgər?

Filds ağzını açmaq istəyirdi ki, Hart işarəylə onun susmasını bildirdi, davam etdi:

- Bilirəm, yenə mənə günəşin batması və sair kimi sarsaq şeyləri söyləyəcəksən. Sən axı gözəl şeylər barədə nə bilirsən? Məgər sənin cərəyanı özündən keçirən adi mis məftilinin gözəlliyindən xəbərin var? Məgər sən maqniti yaxınlaşdıran zaman induksiya çarxının zərif cazibəsini görmüsən? Sən heç ömründə Marsın portvemini eşitmisən?

Hart Janın gözləri dumanlandı, elə bil sehrbazlar kimi beynində nələrisə yerbəyer edirdi; Fildsin gözləri bərəlmişdi, heyrət içindəydi. İçindəki üstünlük duyğusu qəfil yox oldu.

- Hər irqin öz əlamətləri var, - etiraf etdi, içindəki xırda həsəd hissini boğmağa çalışdı. - Amma bir şeyi anlamıram: bu qabiliyyətinizi axı niyə gizli saxlamısınız? Bu hoqqa nəyə lazımdır? Bizim Yer sakinlərinin sizin irqdən heç bir gizli sirri yoxdur.

- Bizi nankorluqda suçlama, - Hart bir qədər qızdı. Marslıların etik kodekslərinə görə nankorluq ən pis günah sayılırdı, hətta bu barədə xırda bir eyham Hartın ehtiyatlı olmaq qabiliyyətini yox elədi.

- Biz heç vaxt heç nəyi səbəbsiz-filansız etmirik. Biz Marslıyıq! Əlbəttə, öz parlaq duyğumuzu da təkəbbürlü olmağımıza görə gizlətmirik.

Yer adamı istehzayla gülümsədi. O, hiss edirdi ki, çox maraqlı bir şeyin izinə düşüb, bunu aşkara çıxarmaq üçün yeganə yol Hartın zəhləsini töküb sirri qoparmaqdır.

- Şübhəsiz, siz o gizli duyğunu ali məqsədlərdən ötrü yaratmısız. Siz hər zaman öz altruist hərəkətlərinizə də bəraət qazandırırsınız. Sizin irqin qəribə xüsusiyyətləri var.

Hart hirsli-hirsli dodaqlarını çeynədi.

- Sənin belə deməyə haqqın yoxdu!

Bir anlıq Fildsi bağışlamaq istədi və susdu; lakin Fildsin istehzalı sözləri, xüsusilə "altruist" sözü qonağı haldan çıxartdı. Hart incidi və hirsləndi, qətiyyətlə danışmağa başladı, səsində soyuqluq və sərtlik vardı.

- Mən indi analoji izah edəcəm.

Marslı yarıyumulu gözlərini Fildsin düz üzünə tuşladı.

- Bayaq sən dedin ki, mən demək olar ki, işıq və qaranlığın kölgələri üstündə yaşayıram. Sən öz dünyanı mənim üçün təsvir etməyə çalışırsan, o dünyanı ki, əlvanlıq və gözəllik üstündə qurulub. Mən səni dinlədim, lakin sənin sözlərinin heç biri mənə təsir eləmədi. Mən heç vaxt rəng nədir bilməmişəm və heç bilməyəcəyəm də. O şey ki sənin deyil və ona malik deyilsən, onun üçün ağlamağa dəyməz. Bir anlıq təsəvvür et ki, sən rəngləri duymaq qabiliyyətini beşcə dəqiqəliyə mənə verdin, nə olar? Birdən mən özüm də heç yuxuda belə görmədiyim möcüzəni beşcə dəqiqəliyə duydum, nə baş verər? Birdən bu beş dəqiqəlik duyğudan sonra onu əbədi özümdə saxlamaq istədim, onda necə? Məgər bu beş dəqiqəlik cənnət həzzi sonrakı illərdə bütün ömrün boyu çəkəcəyin peşmançılıq hissinə dəyərmi? Yaxşı olmazmı ki, elə mənə rəngdən aldığın duyğular barədə heç vaxt danışmayasan? Yaxşı olmazmı ki, bu həzzi duymaq qabiliyyətiylə məni yoldan çıxartmağa çalışmayasan?

Marslının son sözləri Fildsi həyəcanlandırdı, gözlərini bərəldib ayağa durdu, sanki kələfin ucunu tapmışdı.

- Demək istəyirsən ki, Yer adamı istəsə, sizin o gizli duyğunuzu yaşaya bilər?

- Yalnız beşcə dəqiqəliyə!

Hartın gözləri daha da dumanlandı, - və bu beş dəqiqə ərzində yaşadığınız hiss...

O, qəflətən susdu, müsahibinə hirsli-hirsli baxdı.

- Sən lazım olduğundan da çox bildin; indi görək, sirr saxlaya biləcəksənmi?

Hart Jan tələsik ayağa durdu, əl ağacına ağır-ağır söykənib axsaya-axsaya çıxıb getdi. Linkoln Filds onu saxlamağa cəhd də eləmədi; o, fikrə getmişdi.

- Nəhəng hündür mağaranın damı duman içində itmişdi; bir-birindən eyni məsafədə durmuş işıq saçan şarların şüaları duman arasından nəhəng mağaranın damına düşürdü. Üzünə havanın vulkanik istisindən qızmış xəfif cərəyan toxunurdu. Linkoln Fildsin qarşısında Marsın baş yeraltı şəhərinin geniş prospekti uzanmışdı.

Addımlarını çətinliklə atan Filds axsaya-axsaya Hart Janın evinə yaxınlaşdı. Ayaqqabılarının altına altı düym qalınlığında qurğuşun pərçimlənmişdi. Tamam xoşagəlməz bir məcburiyyət olsa da, vacib idi, çünki Yer adamının öyrəşməmiş əzələləri Marsın zəif cazibə qüvvəsinə tab gətirə bilməzdi və bu, bədbəxtliyə səbəb ola bilərdi.

Marslı düz yarım ildən bəri görmədiyi dostunun gəlişinə təəccübləndi, heç də sevinmədi. Filds bunu elə ilk baxışdan sezdi, sadəcə içində təşəxxüslə güldü. Nəzakət xətrinə onlar bir-birilə salamlaşıb işarələrlə danışdılar.

Filds siqaretini külqabıya basıb söndürdü, onunla qabaq-qabağa əyləşdi, ciddi və işgüzar tonla dedi:

- Gəlmişəm səndən xahiş edim ki, o dediyin beş dəqiqə vaxtı mənə verəsən. Mümkündü?

- Ritorik sualdı? Onun cavaba ehtiyacı yoxdu.

Hart açaq-aşkar həqarət nümayiş etdirdi.

Yer adamı müsahibini sınayıcı nəzərlərlə süzdü.

- Etiraz etmirsənsə, mən öz istəyimi bir neçə kəlmə ilə anladım?

Qart soyuqqanlıqla gülümsədi.

- Bu heç nəyi dəyişməyəcək.

- Hər halda, çalışaram cəhd edəm. Məsələ bundadır ki, mən yağ-bal içində doğulub böyümüşəm, nəticədə çox şıltaq olmuşam. Mənimlə elə bir hal olmayıb ki, nəsə istəyim və istədiyimə də nail olmayım. Mənə sadəcə məlum deyil ki, həyata keçməmiş arzu nə olan şeydir. Nə dediyimi başa düşürsənmi?

Cavab gəlmədi, Linkoln davam etdi:

- Mən öz xoşbəxtliyimi gözəl mənzərələrdə, gözəl sözlərdə, gözəl səslərdə tapmışam. Gözəllik mənim kumirim olub. Bir sözlə, mən estetik adamam.

- Çox maraqlıdır, - Marslının daş sifəti azca da olsa yumşalmadı. - Bütün bunların bizim işimizə nə aidiyyəti var?

- Sən mənə gözəlliyin yeni forması barədə söyləmişdin, yəni mənə məlum olmayan gözəllik duyumu barədə, mən onu heç təsəvvür də edə bilmirəm. Və mənə dedin ki, əgər çox istəsəm, onu mənə göstərə bilərsən. İdeya mənim xoşuma gəlir, nəinki xoşuma gəlir, hətta məni daha çox cəlb edir. Mən onu görmək və duymaq istəyirəm, özü də lap çox. Dediyim kimi, mən ki bir şeyi istədim, gərək ona nail olam, mən hər zaman yoldan çıxa bilirəm, hər zaman nəfsimə məğlub oluram.

- İndiki halda sən hələ bununçün yetişməmisən, - Hart etiraz elədi. - Kal söhbətdi, lakin sənə xatırladıram ki, məni buna məcbur edə bilməzsən. Əslində, sənin söylədiklərin hardasa mənə təhqir kimi görünür.

- Şadam ki, birinci sən özünü kobud apardın, bu da mənə imkan verir ki, vicdan əzabı çəkmədən səninlə eyni cür davranım.

Bu dəfə Hart Jan heç nə demədi, sadəcə Yer adamına həqarətlə baxdı.

- Tələb edirəm ki, mənə o beş dəqiqə vaxt verəsən, - Filds yavaşca dedi, - təşəkkür naminə!

- Təşəkkür? - Hart dingildəndi.

Filds istehzayla güldü.

- Hamıya məlumdur ki, özünə hörmət edən heç bir Marslı sizdə qəbul edilmiş etik qaydaları pozmaz. Sənin mənə təşəkkür borcun var; çünki mən sənə kömək elədim, Yerin ən böyük və hörmətli adamlarının evinə getməyin mənim vasitəmlə baş tutub.

- Bilirəm! - Hart Jan acıqla cavab verdi. - Bunu xatırlatmaq nəzakətsizlikdi.

- Axı sən mənə seçim qoymadın! Yerdə olarkən özün etiraf elədin ki, özünü mənə borclu hesab edirsən. İndi də tələb edirəm ki, sən mənə həmin o borcu qaytarasan, mənə şans verəsən ki, Marslının nə kimi duyğular yaşadığını beşcə dəqiqəliyə mən də yaşayım. Sən hələ də imtina etmək fikrindəsən?

- Sən ki bilirsən, mən imtina edə bilmirəm, - Hart qaşqabağını sallayıb qəmləndi. - Mən ona görə razı olmurdum ki, bunu bilmək sənə heç də yaxşı şey vəd etmir.

Marslı ayağa durdu, əlini təntənəylə Yer adamına uzatdı.

- Məni dalana dirədin, Linkoln. Qoy sən deyən olsun. Amma xahişini yerinə yetirəndən sonra hesab bərabərləşir, bununla da təşəkkür borcunu qaytarmış olacam. Danışdıq?

- Danışdıq!

Onlar bir-birlərinin əlini sıxdılar, Linkoln Filds səsinin tonunu tamam dəyişib sözünə davam elədi.

- Biz elə dost olaraq qalırıq, eləmi? Xırda mübahisələr bizim münasibətlərimizi korlaya bilməz, elə deyil?

- Ümid edirəm ki, elədir. Gedək. Mən səni axşam yeməyinə dəvət edirəm. Süfrə arxasında biz sənin alacağın o beş dəqiqənin yerini və vaxtını təyin edərik.

- Linkoln Filds Hartın şəxsi "konsert" otağında oturmuşdu, var gücüylə çalışırdı ki, səbəbsiz həyəcanlardan qurtulsun. O, ürəyində düşünürdü ki, özünü sanki diş həkiminin qəbul otağındakı kimi hiss edir, çətinliklə də olsa əsəbi gülüşünü boğmağa çalışırdı. Artıq onuncu siqaretini çəkirdi, iki qullabdan sonra siqareti tulladı.

- Hart, sən məsələyə çox ciddi yanaşmısan, - dedi, - belə hazırlıq... özü də əməlli-başlı və ölçülü-biçili hazırlıq...

Marslı çiyinlərini çəkdi.

- Sənin cəmi beş dəqiqə vaxtın var, buna görə də mən bütün mümkün olan şeyləri etdim ki, onlardan maksimum fayda götürəsən. Bir azdan sən portvemdən bir parçaya qulaq asacaqsan, çox gözəldi, bəlkə də simfoniyaların ən gözəli və möhtəşəmidir. Məncə, siz onu belə adlandırırsız, hə? İnsanın eşitmə qabiliyyəti üçün çox gözəl bir şeydi.

- Çox gözləyəcəyik? Suala görə bağışla, amma məchulluq əzablı bir şeydi.

- Biz Novi Lonu gözləyirik. Portvemi o ifa edəcək. Və mənim şəxsi həkimim Don Volu da gözləyirik. Hər ikisi indicə gələcək.

Filds otağın ortasındakı çox da hündür olmayan kafedraya yaxınlaşdı, burda qurulmuş qəribə mexanizmə maraqla baxmağa başladı. Mexanizmin qabağı bütünlüklə alüminium paneldən ibarət idi, panelin üstündə yeddi qara düyməcik görünürdü, aşağısında isə yalnız beş iri ağ düyməcik vardı. Mexanizmin gövdəsi açıq idi, orda çox mürəkkəb formada dolaşmış qəşəng nazik mis məftilləri görmək olurdu.

- Nə maraqlı şeydir! - Filds dedi.

Hart Filds kafedranın dalından çıxıb mexanizmə yaxınlaşdı.

- Bu çox bahalı alətdir. O mənə on min Mars valyutasına başa gəlib.

- Necə işləyir?

- Prinsip eynilə sizdəki piano kimidir. Yuxarıdakı düyməciklər elektrik cərəyanını tənzimləyir - xətlərə buraxır, ya da qapadır. Bunların köməyi ilə usta sənətkar alətdə elektrik impulslarıyla hər hansı mümkün səslər çıxara bilir. Aşağıdakı pedallar cərəyanın gücünü tənzimləyir.

Filds fikrə getdi, sonra qarasına bir neçə düyməni basdı. Klaviaturanın üstündəki qalvanometrin əqrəbi yüngülcə yelləndi, lakin daha heç nə baş vermədi və o, heç nə hiss etmədi.

- Və elə bu? Bu alət vasitəsilə sənət əsəri çalmaq olur?

Marslı gülümsədi.

- Bəli, çalmaq olar. Həm də ağlagəlməz və xoşagəlməz ahənglər yaratmaq üçün də yarayır.

O, alətin arxasına keçdi və mızıldadı: "Bax belə lazımdı etmək!". Barmaqlarını heyrətamiz cəldlik və dəqiqliklə işıqsaçan düymələrin üstündə oynatdı.

Otaqdan o biri marslının mənfur səsi gəldi, nəsə acıqla qışqırırdı. Hart pörtmüş halda dərhal barmaqlarını klaviaturadan çəkdi.

- Novi Londur, - Fildsə tələsik izah elədi. - O, adətən mənim çaldığımı bəyənmir.

Filds təzə gələn qonağı salamlamaq üçün ayağa durdu. Təzə gələnin beli bükük idi, görünür qocaydı, Hartdan çox böyük görünürdü. Onun sifətində nazik qırışlar şəbəkəsi vardı, dodaqlarının və gözlərinin ətrafındakı qırışlar daha sıx idi.

- Həmin o cavan Yer adamı budur demək! - təzə gələn ingiliscə ucadan, özü də təmiz Mars ləhcəsində dilləndi. - Mən sizin tədbirsiz qərarınızı bəyənmirəm, lakin yaxşı başa düşürəm ki, siz bizimlə bərabər portvemdən zövq almaq istəyirsiz. Heyif ki, bu duyğunu yaşamaq və tanımaq üçün sizə cəmi beşcə dəqiqə vaxt verilib! Kim ki bu duyğudan məhrumdur, həyatın əsl ləzzətini yaşamır!

Hart Jan güldü.

- O şişirdir, Linkoln. Novi Lon Marsın ən yaxşı virtuoz musiqiçilərindən biridir və düşünür ki, portvemin gözəlliyindən duyulan ləzzəti həyatdan aldığı ləzzətə dəyişənlərin hamısı əbədi lənətlənə bilər.

O, qocanı mehribanlıqla qucaqladı.

- Cavanlıqda mənim müəllimim olub, - dedi, - və Lon cərəyan birləşmələrinin düzgün alınması əsaslarını mənim başıma salmaq üçün az vaxt sərf etməyib.

- Hamısı da boş yerə! Yaramazın biri! - deyə qoca Marslı dişlərini qıcırdatdı. - Mən girəndə sənin çaldığını eşitdim, dəhşətdi, bu nə çalmaqdı?! Sən hələ də fortqass birləşmələrini düzgün uzlaşdırmağı öyrənməmisən! Sən öz çalmağınla böyük Bar Daninin ruhunu təhqir edirsən! Mənim tələbəm! Ayıb olsun da mənim başıma!

İçəri üçüncü dəvət olunan Don Vol girməsəydi Lon hələ qarğışlarını davam edəcəkdi; qonaq gələn kimi Lon coşqun monoloqunu kəsdi. Hart buna sevindi və həkimi salamlamaq üçün tələsik irəli yeridi.

- Hər şey hazırdı? - deyə Hart həkimdən soruşdu.

- Hə, - Vol mızıldandı, - və deməliyəm ki, bu tamam maraqsız bir eksperimentdir; hamımız nəticəsini qabacadan bilirik.

Nəhayət, həkim Yerdən gəlmiş adamı həqarətli baxışlarıyla süzdü.

- Öz arzusuyla üzərində təcrübə aparılacaq adam budur?

Linkoln Filds donmuş halda başını tərpətdi, qəflətən boğazı qurudu. Qorxa-qorxa həkimin hərəkətlərini izlədi; həkim xırda çantasından şəffaf məhlullu şüşə və şpris çıxaranda Filds lap qorxdu.

- Neyləmək istəyirsiz? - deyə Yer sakini ucadan soruşdu.

- Sadəcə iynə vuracaq, - Hart onu sakitləşdirdi. - Bir anlıq işdi. Bilirsən də, incəsənətin bu növünü qavramaq üçün imkan verən gizli hiss orqanları beyin yarımkürəciklərinin qabığındakı müəyyən hüceyrələrdir. Onlar hormonun təsirindən "ayılırlar", bax bu hormonu indi sənə yeridəcək. Biz onu süni olaraq sintez etməyi öyrənmişik və bunu marslıların müalicəsində istifadə edirik, yəni kor doğulan marslıların müalicəsində...

- O! Deməli, Yer sakinlərində də bu cür hüceyrələr var?

- Hə, var, lakin sizdə onlar inkişafdan qalıblar. Konsentratlı hormonal zərdablar onları oyadacaq, yalnız beş dəqiqəliyə. Bu yüngül yükləmədən sonra onlar öz həyat qabiliyyətlərini bütünlüklə bitirəcək, bir daha heç bir şəraitdə diriltmək mümkün olmayacaq onları.

Don Vol son hazırlıq prosedurunu bitirib Fildsə yaxınlaşdı. Filds bir kəlmə demədən sağ qolunu çirmələyib ona uzatdı. İynə dərinin altına girdi. Prosedur bitəndən sonra Yer adamı bir-iki saniyə gözlədi, sonra qeyri-ixtiyari güldü.

- Heç nə hiss etmirəm!

- On dəqiqə ərzində heç nə hiss etməyəcəksən! - Hart dilləndi. - Bir az vaxt keçsin. Otur və rahatlan. Novi Lon Bara Damnanın "Səhrada kanallar"ını ifa edir, mənim sevdiyim portvemdir. Hormon təsir etməyə başlayanda sən də elə kompozisiyanın apofeozunu duyacaqsan.

Püşk atılandan sonra heç nəyi dəyişmək mümkün deyil; Filds daş kimi sakit olmuşdu. Novi Lon dəli kimi çalırdı, Yer adamının sağ tərəfində duran Hart da artıq uymuş, ətraf aləmdən təcrid olunmuşdu. Hətta hər xırda şey üstündə danışmağı xoşlayan vasvası və müşkülpəsənd həkim də susmuş, yumşalmışdı.

Filds bığaltı gülümsəyirdi. Marslılar nəyəsə diqqətlə qulaq asırdılar, lakin Filds heç nə eşitmirdi, otaqda səs yox idi; demək olar ki, heç baxmağa da bir şey yox idi. "Bəlkə... birdən... Yox, yox, boş şeydi, mümkün deyil! Ancaq hər halda... bəlkə elə məni ələ salırlar? Sadəcə barmaqlarına doladılar, hə?".

Filds əsəbi-əsəbi üzülürdü, bu fikirləri başından çıxarmağa çalışdı.

Dəqiqələr ötürdü. Novi Lonun barmaqları klaviaturanın üstündə uçurdu. Hart Janın sifəti heyrətdən işıq saçırdı.

Birdən Filds Linkoln gözlərini sürətlə qırpmağa başladı. Bir anlıq ona elə gəldi ki, musiqiçini və onun alətini rəngbərəng tüstü dumanı bürüdü. Rəngləri ayırd edə bilmirdi, amma onlar əlvan tüstü dumanı içində dalğalanırdılar. Əlvan duman getdikcə yuxarılara və ətrafa yayılırdı; otaq yavaş-yavaş bir-birindən fərqli rənglərlə dolurdu. Sonra digər fonlar peyda oldu, sonra da ayrı, müxtəlif kölgələr və fonlar yarandı... Bu fonlar yırğalanır, burulur, yayılır, dolanır, oynayır, bir-birinə qarışır, sanki işıq sürətiylə dəyişirdilər, lakin yenə görürdü ki, əvvəlki kimi qalırlar. Yer adamının gözlərinə görünən işıldayan parlaq rənglər mürəkkəb naxışlar əmələ gətirir, sonra solur, daha sonra isə səssiz-səssiz çırpınır, kaskad kimi partlayıb səpələnirdilər.

Eyni zamanda ona elə gəlirdi ki, otağa səs dolur, xəfif xışıltılar eşidir, onlar getdikcə çoxalır, təntənəli, qulaqbatırıcı səslərlə əvəz olunur, gah uçur, hoppanır, gah da susurdular. Fildsə elə gəldi ki, musiqini böyük bir orkestr ifa edir, orda bütün nəfəsli musiqi alətləri, həm də fleyta və kontrabas var; hər alətin öz səsini eşidirdi, bu səslər heyrətamiz dərəcədə dəqiqliklə qulaqlarına dəyirdi. Daha sonra qoxular duymağa başladı. Əvvəlcə yüngül, qoxusunu təyin edə bilmədiyi iylər peyda oldu, sonra bu qoxular sürətlə artdı, budur artıq otaq saysız-hesabsız rənglərin ətriylə dolub. Çox zərif və xoşagələn ətirlər bir-birini əvəz edir, özü də ardıcıllıqla, sanki heyrətedici xəfif bir yel əsir.

Lakin bunlar hələ heç nə idi, Filds bunu hiss eləmişdi; nədənsə, ona elə gəldi ki, bütün bunlar - gördükləri, eşitdikləri, duyduqları təkmil illüziyadan başqa bir şey deyil, beyin tərəfindən tələm-tələsik yaradılıb; bunlar yeni idrakı köhnə, adi vasitələrlə izah etmək deməkdi. Rənglər, səslər və qoxular yavaş-yavaş bir-birinə qarışıb əridi. Beyin yavaş-yavaş baş verənlərə alışırdı və görünür, o, yavaş-yavaş anlayırdı ki, keçmiş təcrübəylə heç bir əlaqəsi olmayan tamam yeni duyğular yaşayır.

Hormonun təsiri güclənirdi və Filds bir anın içində qəflətən hansı duyğu yaşadığını anladı. Filds onu görmədi, eşitmədi, qoxusunu, dadını bilmədi, heç hiss də etmədi. Lakin onun nə demək olduğunu anladı; heyrətamiz yaşantını təsvir etmək üçün heç cür söz tapa bilmədi, daha sonra anladı ki, insanın dilində bunu ifadə edən uyğun sözlər yoxdu. Filds yavaş-yavaş dərk elədi ki, onda baş verən dəyişiklikləri və yaşantıları təsvir etmək də mümkün deyil.

Hər halda, o, marslı sənətinin mahiyyətini anladı.

Bu sənət onun beynini elə silkələdi ki, əvvəllər ona məlum olmayan ən gözəl duyğulardan həzz almağa qədər apardı, onu dərkolunmaz ilahi bir gözəllik anlarını yaşamağa giriftar elədi. O, nəsə əbədi və sonsuz bir aləmin içinə düşmüşdü. Bu, səs deyildi, görüntü də deyildi, tamam ayrı bir şey idi. Bu nəsə elə bir şey idi ki, ona harda və kiminlə olduğunu unutdurmuşdu.

Bu, cürbəcür, çeşidli rənglərinə görə nəsə sonsuz, sərhədsiz bir aləm idi; hər dəfə o sehrli duyğunun dalğası gələndə onun bütün vücudu daha zərif, daha gözəl və heyrətamiz hisslərlə dolurdu. Lakin sonra Filds bu duyğu aləminin qəflətən pozulduğunu hiss elədi. Əvvəlcə çox zəif xışıltı gəldi, sanki o sonsuz və məsum gözəlliyin dərisinə xırda bir cırmaq atdılar, həmin cırmaq yeri yavaş-yavaş budaqlandı, uzandı və genişləndi. Və qəflətən hiss etdi ki, o möcüzəli aləm səssizcə parçalanıb yox oldu.

Linkoln Filds özünü itirdi, yerindəcə donub qaldı, özünə gələndə yenə həmin o konsert otağını gördü. Cəld yerindən sıçradı, özünü Harta sarı atıb onun qolundan tutdu, bərkdən silkələməyə başladı.

- Hart, o niyə dayandı? Niyə çalmır? Ona de ki, davam eləsin! Tez ol, de!

Hart təəccüblə Yer adamına baxdı, sanki onu anlamırdı, təəssüflə dedi:

- Linkoln, o çalır, dayanmayıb!

Yer adamı çaşqın və anlaşılmaz baxışlarını ona zilləmişdi, elə bil heç nə görmürdü. Novi Lonun barmaqları isə klaviaturada hələ də ildrım sürətilə gəzişirdi, onun üzündə hələ də ifaçı coşqusu vardı. Həqiqət çətinliklə də olsa, Yer adamının beynində canlandı, anlaqsız baxışlarına dəhşətli işartılar qondu. Filds qırıq-qırıq kədərli səslər çıxararaq oturdu, sifətini əlləri arasında gizlətdi.

Beş dəqiqə bitmişdi! Onu geri qaytarmaq olmazdı!

Hart Jan həqarətlə gülümsəyirdi.

- Bir an öncə mənim sənə yazığım gəlirdi, Linkoln! Amma indi mən şadam, çox şadam ki, hər şey beləcə bitdi. Bunu sən məcbur elədin, buna məni sən vadar etdin! Ümid edirəm ki, sən də mənim kimi bu ləzzətli duyğunu yaşadın! Sən indi ömrünün sonuna kimi bu beş dəqiqəni yadda saxlayacaqsan!

Hartın səsi fışıldadı.

- Sən bu beş dəqiqəni unutmayacaqsan! Və biləcəksən ki, nə itirmisən, biləcəksən ki, o itirdiyin beş dəqiqənin ləzzətini bundan sonra heç vaxt bir də duymayacaqsan! Sən korsan, Linkoln, kor!

Yer adamının üzündə iztirablı ifadə vardı, elə bil ağrılara dözürdü, qımışdı. Bu diş ağrısına dözən adamın əzabını xatırladırdı. Lakin ona bir qədər soyuqqanlı görünmək üçün güc və iradə lazım idi. Filds danışmağa cürət etmədi, qorxdu ki, səsi çıxmasın. O, ürəksiz addımlarla qapıya sarı yeridi, kandara qədər başını dik tutub otaqdan çıxdı. Lakin Fildsin qulaqlarında hələ də o fışıltılı, acı və sərt səslər cingildəyirdi: "Linkoln, sən bura normal adam kimi gəlmişdin, lakin kor kimi gedirsən! Kor kimi! Kor kimi!".

 

İngiliscədən tərcümə: Kamran NƏZİRLİ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!