Najvan DƏRVİŞ
(Fələstin)
1978-ci ildə Fələstində anadan olub. Şeirləri iyirmidən çox dildə yayımlanıb. Fələstin Ədəbiyyat Festivalının (Pa/Fest) məsləhətçisidir. Fələstinin mübarizəsinə həsr olunan şeirləri Avropada çox böyük diqqət çəkib.
Dayanmarıq...
Qayıtmağa ölkəm yoxdur,
sürgün olunmağa da bir yer yoxdur.
Ağacın kökləri çayın yüyürən sularıdır,
dayansa da, dayanmasa da öləcək.
Ən gözəl günlərimi keçirdim
ölümün yanağında və qolunda.
Hər gün itirirdim ölkəmi,
hər gün yenidən qazanırdım.
Hər kəsin öz ölkəsi vardı,
mənim ölkəmsə itkiləri ilə çoxalırdı
və itirdikcə təzələnirdi.
Mənim kimi dibləri suda olanlar
dayansalar quruyarlar,
dayansalar ölərlər.
Qaçırıq ikimiz də
Günəş şüalarından
və arxeoloji yaralardan çıxan
qızıl tozundan yaranan bir çaydan.
Biz dayanmırdıq,
ikimiz də qaçırdıq,
Məgər düşünürdük ki,
barı görüşmək üçün bircə dəfə dayanaq.
Qayıtmağa ölkəm yoxdur,
sürgün olunmağa bir yer yoxdur,
hansısa ölkədə dayansam, ölərəm.
Günəmuzdlu
Sabah meydana gedəcəm,
sizinlə birgə dayanıb gözləyəcəm,
Onsuz da mən həyatım boyu nəyisə gözləyən
bir günəmuzdludan başqa kim ola bildim ki?
Mən də misirliyəm,
dayandığım yerin ən dibindən baxıram
Afrikanı dərdindən divanə olduğu
Mark Antoniona bağışlayan
nənəm Kleopatraya.
Sonra da çevrilib baxıram palçığa,
Mən də misirliyəm.
Meydanda aranızda oturmazdan qabaq
xeyli düşündüm
Khufu piramidasının memarı haqqında.
Nəfəsim əlimdə yanan siqaretdən daha qısadır,
yenə də gözləyəcəm.
Günortanın günəşinin istisindən qəlbim sönüb,
amma yenə də gözləyəcəm.
Ümidimi sağıram,
"ümidsizlik" adlandırdığınız
tünd qara rəngin döşlərindən.
Və yaxşı bilirəm necə gözləmək lazımdır.
Mən də misirliyəm...
Yuliyana VELİÇKOVSKA
(Şimali Makedoniya)
1982-ci ildə Üskübdə dünyaya gəlib. Üsküb Kril və Mefodi Universitetinin Filologiya fakültəsini bitirib. O, yazıçı, redaktor və tərcüməçidir.
O, "Velestovo Poetry Night - Ohrid" beynəlxalq poeziya festivalının idarə heyətinin, Makedoniya Yazıçılar Assosiasiyasının üzvü, "PNV Publikacii" nəşriyyatının təsisçisi və "Skopye Poeziya Festivalı"nın həmtəsisçisi və direktorudur.
İki şeir kitabının: "Ağcaqanadlar" (2010, VPN) və "Açıq kitab" (2017, PNV Publikacii) və "Fəsillər" (2014, PNV Publikacii) romanının müəllifidir. Onun şeirləri ingilis, çin, holland, alman, çex, ispan, italyan, yunan, bolqar, ərəb, benqal, alban, xorvat, sloven, Bosniya, türk və serb dillərinə tərcümə olunub.
Onun şeirləri Makedoniya, Serbiya, Çexiya, İtaliya, Yunanıstan və Kolumbiyada nəşr olunan bir çox Makedoniya müasir poeziya antologiyalarında, habelə Çində işıq üzü görən bir dünya müasir poeziya antologiyasında və 7 avropalı şairin şeirlər toplusunda dərc edilib.
Su
Kiçik uzunboğaz çəkmələrimlə,
xırdaca addımlarımla.
çökəkliklər toplanan
bütün su yığınlarına girirəm,
palçığa bata-bata gedirəm,
ayaqlarımı torpağa möhkəm basıram.
Bataqlıq,
su.
hər tərəf su,
içimizdəki su.
Narahat,
ipə-sapa yatmayan yay fırtınalarında
qalaylı qaba dolan su.
İçimdəki
o lıqqalı
durğun,
saralmış
yağış suyu.
Duzlu,
bütün göz yaşlarımla,
bütün göz yaşlarımla,
bütün göz yaşlarım...
Dovşan üçün,
pişik üçün,
xoruz üçün,
özüm üçün,
sənin üçün
hamımız üçün,
bütün göz yaşları
bütün sular,
bütün fırtınalar,
bütün sabit olmayan
molekulyar birləşmələr,
bütün su və soda,
ərəb sabunundakı su,
içində ilk dəfə lobya birişirlən su,
məni doğmamışdan əvvəl axan su,
nənəmi son dəfə yuyundurduğumuz su.
Dodole nəğmələri oxuduğumuz
bütün sular,
bütün palçıq.
O torpaq
onun qabırğa sümüyündən yaranan su.
Donmuş
və sonradan əriyən,
buxarlanan su.
Və kondensasiyaya uğrayan
bütün su.
O küçədə
o balaca palçıqlı su yığınları toplanmış,
ayaqlarımız altındakı su.
Onu dölləndirən şimşək mənəm,
mən onu ritmimlə oyadacağam.
Vururam,
bəstələyirəm,
içimdəki bütün caz
ayaqlarımdadır,
bədənimdədir.
Su ilə
musiqi yaradaram
səni bluzundan çıxartmaq üçün.
Açıq kitab
Deyirdi ki,
sən açıq bir kitabsan.
sən ürək formalı bir kaktussan.
Kimsəsizsən
və noyabr ayında islanan pişiksən.
"Sən kitabsan" deyirdi.
Gözəl, xüsusi bir kitab,
ancaq yağış yağanda oxuduğum kitab.
Sən caza qulaq asanda
oxumağı sevdiyim kitabsan,
bayramlarda seçib
xüsusi günlər üçün saxladığım kitab.
Sən kitabsan,
Facebook hesabımdakı
"oxunmalı kitablar" siyahımdakı kitab.
Sən kitab şəklisən,
şəkilli bir şeir kitabı,
səni oktyabr yağışları isladıb.
Səhərin şaxtası səni dondurub,
sən əzilmiş,
kədərli,
xüsusi kitabsan.
Rəfdə tənha qalmısan,
sənə gözəl rəf almışam,
Londondakı rəfi sənə almışam.
Sən xüsusi anlarda oxunan bir kitabsan,
özümə kef vermək istəyəndə
səni oxuyuram.
Amma mənə dinclik vermirsən,
o ətri yayırsan -
islanmış kağızın
çürümüş çiçək ətrini.
Məni çağırırsan,
istəyirsən bütün günü səni oxuyum?
Səni rəfdən götürdüm,
tamam islanmışdın,
halbuki bu gün yağış yağmırdı.
Mənim əziz,
oxunaqlı,
kimsəsiz kitabım.
Sabah səni açacam,
sabah...
Növbəti gün səni oxuyacam,
iki-üç gün ərzində
səni oxuyacam.
Və sonra, kitabım,
sadəlövhcəsinə
səni kitabxanaya qaytaracam.
Tərcümə: Fərid HÜSEYN
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!