Albert adlı bir rəssam cavanlığında çəkdiyi rəsmlərlə istədiyi uğuru və şöhrəti qazana bilmirdi. Belə ki, o öz qabığına çəkilib taleyi ilə barışmaq qərarına gəlir, illərlə bunu etməyə çalışır, amma get-gedə çəkdiklərinin özünü belə qane etmədiyi həqiqəti ortaya çıxır. Oturub hər hansı bir qəhrəmanın şəklini çəkərkən ağlına dayanmadan belə sual gəlirdi: "Bu etdiyim, həqiqətən lazımlı işdir? Mən, eləcə də, bütün insanlar gəzib əylənsək, ya da oturub şərab içsək, nə fərqi olar? Şəkil çəkməklə öz başımı qatmaqdan, özümə təsəlli verməkdən və bir az da vaxt öldürməkdən başqa nə edirəm ki guya?!".
Bu fikir işləməyinə mane olurdu. Albert get-gedə şəkil çəkməkdən uzaqlaşır. Həyatını gəzib-əylənməyə, şərab içməyə, kitab oxumağa və səyahətlərə həsr edir. Amma bunlar da ona xoşbəxtlik gətirmir.
Bir vaxtlar böyük məqsədlər və ümidlərlə rəsm çəkməyə başladığı tez-tez yadına düşür və bunu xatırlayırdı: "Özüylə dünya arasında güclü, gözəl əlaqə yaratmağı; bu güclü və səmimi əlaqənin aralarında bağ yaradaraq səssiz nəğməyə çevrilməyisi istəmişdi həmişə. Qəhrəmanlar və qəhrəmanlıq rəsmləri çəkərək iç dünyasını çölə çıxarmaq və müstəqilləşdirərək xaricdəki dünyaya təqdim etmək istəmiş, daxili dünyasını, rəsmlərini görənlərin tənqid və təriflərinin xaricdəki dünyada canlanıb böyük minnətdarlıq hissi ilə ona geri qayıdacağını xəyal etmişdi".
Bəli, axtarıb tapmadığı bu idi. Bu bir xəyal idi və get-gedə zəifləyib, nəhayət, parıltısını tamamilə itirmişdi. Halbuki, indi, Albert orda-burda gəzdikcə, ya da izsiz yerlərdə ayaq saxlayanda, bir gəmidəykən, ya da bir dağ keçidini aşarkən bu xəyal yenidən, güclü, həm də çox güclü şəkildə canlanırdı. Əvvəlkindən fərqliydi, amma bu da onun qədər gözəl, güclü, cazibədar və ehtiras dolu, canlı bir güc idi.
Ahh, bununçün necə də darıxırdı. Dünyayla öz arasındakı əlaqəni hiss etmək üçün necə də darıxırdı. Nəfəsilə küləyin və dənizin nəfəsinin eyni olmasını, özüylə hər şey arasındakı qardaşlığın və dostluğun, sevginin və yaxınlığın, əlaqənin olmasını necə də arzulayırdı!
Özünü, mənliyini və həsrətini göstərən, ona sevgi və anlayış gətirən, onu haqlı çıxaran və ucaldan rəsmlər çəkmək məcburiyyətini hiss edirdi artıq. Öz varlığını bir forma, ya da bir nəfəs olaraq ortaya qoymağına şərait yaradan qəhrəmanlardan, ya da onlarla bağlı təsvirlərdən imtina etmişdi. İstədiyi tək şey, mənliyinin bir heç olduğu, varlığında əriyib öldüyü və yenidən doğulduğu hər bir ünsiyyət hissinin, hər bir güclü axının dadına baxa bilməkdi. Hər bir sirli mənliyin də. Həyatı yaşanmalı edən, ona bir az məna qatan, aydınlığı və rahatlığı bəxş edən canlanan bu xəyal və güclənən həsrəti idi.
Albertin dostları, neçə nəfər qalmışdısa onlar, bu fantaziyalarını doğru-düzgün anlamırdılar, sadəcə, get-gedə özünə qapandığını, susqunlaşdığını, danışığının və gülüşünün dəyişdiyini, özünü təcrid etdiyini görürdülər. Başqa adamların sevdiyi və önəm verdiyi şeylərlə məşğul olmur, nə siyasət, nə ticarətlə, nə ov əyləncələri, nə də sənətlə bağlı maraqlı müzakirələrlə maraqlanırdı.
Digərlərinin maraqlandığı mövzular ona maraqlı gəlmirdi. "Heç kimlə yola getməyən", ya da "bir az başdan xarab adam" deyə bilərdilər ona.
Pis qış havasında gəzir, amma yenə də bu havanın rənglərini və qoxularını içinə çəkə bilir, qarşısında mahnılar oxuyaraq gedən balaca bir uşağın arxasınca qaçır, saatlarla yaşıl rəngli suya, çəmənliyə, ya da kitabına diqqət kəsilmiş adam kimi bir kökdən, ya da bir bitkidən kəsilmiş bapbalaca bir budağa baxıb xəyala dalırdı.
Daha heç kim onunla maraqlanmırdı. O vaxtlar balaca, yad bir şəhərdə yaşayırdı; bir səhər yolu dar küçəyə düşəndə balaca, durğun bir çayın qamışları arasından palçıqla örtülü, sarı, dik sahil gördü. Pis torpağın səmərəsizliyində yetişən kollar və tikanlar torpaq sürüşməsi səbəbindən toz-torpaq içindəydi. İçində bir səs eşitdi, ayaq saxladı və ruhunu əfsanəvi keçmişdən qopub gələn bir nəğmə bürüdü. Palçıq sarısı, ya da tozlu yaşıl olsun, istər durğun bir çay, istər ordakı dik sahil olsun, cizgilərin və rənglərin yaranması, ya bir sahil, ya da təsadüf nəticəsində o görüntüyə qatılan bir özəllik, bunların hamısı gözəldi, təsirli və təəccüblüydü, onu çağırırlar, o da hamısını tanıyırdı. O anda meşəylə çay, çayla öz varlığı və səma, dünyayla bitkilər arasındakı münasibəti hiss etdi. Orada olmalarının və bütövləşmələrinin tək səbəbi onun gözündə və ürəyində əks oluna bilmək, onunla qarşılaşmaq və onu salamlamaqmış kimi gəldi ona. Çayla otların, ağacla havanın birləşdiyi və bütövləşdiyi, bir-birini ucaltdığı, sevgilərini müqəddəsləşdirdiyi yer onun ürəyidir.
Bu inanılmaz təcrübə bir neçə dəfə təkrarlanınca, rəssamı inanılmaz xoşbəxtlik bürüdü. Qüsursuz hiss idi bu: qürubun qızılı sarı şüaları, ya da bir bağçanın qoxusu kimi.
Bu hissin şirin, güclü dadına baxmağa çalışdı, amma uzun müddət buna dözə bilməzdi; çünki həddindən artıq güclü idi. Bu güc içində gərginlik, rahatsızlıq, az qala qorxu və qəzəbin yaranmasına səbəb olurdu.
Ondan daha güclüydü. Onu içinə çəkir, qoparıb alırdı. Bu hissin onun özünü əzə biləcəyindən qorxmağa başladı. Bunu istəmir, sadəcə, yaşamaq, əbədi yaşamaq istəyirdi! Yaşamaq istəyini o andakı qədər güclü heç vaxt hiss etməmişdi!
Bir gün özünü sərxoşluqdan ayılmağa başlayan adam kimi tənha, sakit bir otaqda tapdı. Qarşısında boya qutusu və kətan vardı.
İllər sonra ilk dəfə oturub şəkil çəkməyə başladı.
Bir də heç vaxt ağlına, "Bu işi niyə görürəm?" sualı gəlmədi. Ancaq şəkil çəkirdi. Ancaq görür və gördüyünü çəkirdi. Gah çölə çıxıb dünyanın şəkillərinə qarışır, gah da otağında oturub özünü o güclü hissin ağuşuna buraxırdı.
Balaca şəkil kağızlarına rəsmlərdən yaranan misralar yazırdı mütəmadi olaraq.
Söyüd ağaclarının da iştirak etdiyi səmanı, bir bağça divarını, meşədə bir ağac sırasını, bir kənd yolunu, insanları, heyvanları və heç vaxt görmədiyi, amma bir divar, ya meşə qədər canlı olan qəhrəmanları, ya da mələkləri çəkirdi.
Yenidən insanların arasına qayıdanda şəkil çəkməyə başladığı hər tərəfdə yayıldı. Ona dəli gözüylə baxırdılar, amma rəsmləri ilə də maraqlanırdılar. O isə çəkdiyi rəsmləri heç kimə göstərmək istəmirdi.
Amma ondan əl çəkmədilər və dayanmadan təzyiq göstərdilər. Nəhayət, bir tanışına otağının açarını verdi və ordan uzaqlaşdı. Başqaları rəsmlərinə baxanda orada olmaq istəmirdi.
İnsanlar gəldi və bəyəndiklərini göstərən qışqırıqlar yüksəldi. Bir dahi kəşf etmişdilər. Bütün müdriklər və dahilər üçün deyilən sözlər onun üçün də deyildi. "Adamayovuşmazdır, amma Tanrının müqəddəsləşdirdiyi adamlardandır", deyirdilər.
Rəssam Albert o müddətdə kəndə yerləşir. Kəndlilərdən birindən bir otaq kirayələyib, boyalarını və fırçalarını ortaya çıxarmışdı. Yenidən düzənliklərdə və dağlarda xoşbəxtlik içində gəzir, sonra da təcrübələrini və hisslərini rəsmlərində əks etdirirdi.
Qəzetlərin birindən hamının onun evinə gedib rəsmlərini gördüyünü öyrəndi. Bir bokal şərab içərkən paytaxtda çıxan bir qəzetdə özü haqqında uzun, gözəl bir yazı oxudu. Adı iri şriftlərlə yazılmışdı və sütunlardan gözəl tərif sözləri yağırdı. Amma Albert yazını oxuduqca qəribə hisslər keçirməyə başladı.
"Kədərli qadının rəsmində fon olaraq istifadə edilən sarı və inanılmaz parlaqlıq! Yeni, valehedici və ürəkaçan uyğunluqdur!".
"Güllərin təsvir olunduğu ölü təbiət rəsmində demək istədikləri möhtəşəmdir! Öz portretləri də eləcə. Bunları psixoloji portretin inanılmaz şah əsərləri olaraq qiymətləndirə bilərik".
Qəribədir, çox qəribədir! Halbuki Albert bildiyi qədəri ilə nə gözəl, nə də kədərli qadın təsviri yaratmışdı. Öz portretini çəkdiyini də xatırlamırdı. Ona, o qədər sevdiyi rəsmləri verən palçıqlı çay sahilinə, mələklərə, yağışlı səmaya, ya da onun kimi bir şeyə istinad edilən tək bir kəlmə tapa bilmədi yazıda.
Albert şəhərə qayıdır. Tələm-tələsik evinə qaçır. Evə müxtəlif adamların girib çıxdığını, qapıda da bir kişinin oturduğunu görür. Albert içəri girə bilmək üçün bilet almaq məcburiyyətində qalır.
Çox yaxşı tanıdığı rəsmləri oradaydı, amma altlarında lövhələr asılmışdı. Üstlərində də Albertin qətiyyən başa düşmədiyi yazılar vardı.
Bəzilərində öz portreti, ya da başqa şeylər yazılmışdı. Tanımadığı adları olan rəsmlərinin qarşısında bir müddət dayandı. Onun özünün etdiyi kimi, başqa adamların da bu rəsmlərə qəribə adlar verə biləcəyini anlamışdı. Bağ divarında göstərmək istədiyi başqalarına bulud kimi, daşlıq bir bölgədəki uçurum da öz rəsmiymiş kimi görünmüşdü.
Nəticə etibarilə bu, heç də önəmli deyildi, amma Albert oradan sakitcə uzaqlaşmağa, səfərə çıxmağa və bir daha o şəhərə qayıtmamağa qərar verdi. Həyatı boyunca daha çox şəkil çəkdi və onlara daha çox adlar verdi; bunu edərkən də xoşbəxt oldu; amma çəkdiyi şəkilləri bir daha heç kimə göstərmədi.
1918
Tərcümə: Nilufər HACILI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!