XIII Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı iştirakçılarının şeirləri - Tərcümə

 

Ötən ilin 20-25 dekabr tarixlərində XIII Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında iştirak elədim. Festivala Almaniya, İraq, Makedoniya, Fələstin, Misir, Gürcüstan və Türkiyədən şairlər qatılmışdı.

Ədəbiyyat və musiqi festivalı kimi təşkil olunan Beynəlxalq tədbirdə "Şeir və tarix" müzakirəsi, "Fest/Mest" adlı - Məkandan İlhama İstanbul" adlı gənc yazar və bəstəkarların görüşməsi, şeir saatları, kitab təqdimatları keçirildi.

Festival günlərində dinlədiyim, yaxud oxuduğum bəzi şeirləri dilimizə çevirmək istədim. Məsələn, makedoniyalı şairə Yuliyananın "Axan su" effekti doğuran "Su" şeiri, misirli şair Əhmədin əcnəbi dil öyrənərkən tək-tək əxz etdiyimiz sözlərin həqiqi mənalarına varmaq fürsəti barədəki poetik nümunəsi, gürcüstanlı Ekanın şeirindəki "yaddaş melanxoniyası", iraqlı şair Əli Əl-Şalahın "modern mühacir düşüncələri", türkiyəli şair qardaşımın S.Qayanın poetik təlqinindəki "qatı ironiyası", Fələstinin Avropada kifayət qədər şöhrət qazanmış sənətkarı Najvan Dərvişin nikbin təsəvvürə qapılanda dünyanın Böyük Vətən, "tünd qaranın canına daraşaraq" fikirləşəndə isə Vətənsizlik Yurdu kimi dərk olunmasını ehtiva edən şeirləri diqqətimi çəkdi...

 

 

Şərafəddin Qaya (Türkiyə) - 1965-ci ildə anadan olub. "Salamat qal heç nə" adlı kitabındakı şeirləri mono-tamaşa kimi səhnələşdirib "Ay haray, qonşular, tərk edildim", "Mənsiz Tanrı", "Qatiləm - tənhalığımı öldürdüm", "Özümləyəm" adlı şeir kitabları yayımlanıb. Türkiyədə məşhur aktyor kimi ad qazanıb. "Esmer" jurnalının redaktoru olub.

 

Susdum, susun!

 

Susdum, susun!

Bütün ruzimizi qarışqalara payladım,

dəvələrin hörgüçülərində çayları daşıdım,

almalar atların ağzındadı.

Quyruğunu yelləyən qorxaqlar

qəfəslərində yenə də dustaqdırlar,

açarları nə gəzir onların.

 

Susdum, susun!

Ağrını qanla yuyanların çürüdü ətləri,

eşqi qəlbində saxlayanların açıldı yolları,

Göyün yumşaq qarnında

başlarını girələyənlər unutmasınlar,

ayaqları sürünür tapdaladıqları yerdə...

 

Buyurub qışqırsın kimsə:

əl çəkin, tənha qalsın qaranlıq,

qara paltarları çürüsün,

işıq düşsün

ən axırda dayananın üzünə.

 

Susdum, susun!

Qarnımı doyuzdurmayan sözlər danışdım,

yoxsuldaşlıqdan vətəndaşlığa uzanır bu Yer üzü,

qırıldı oraqların sapı,

qarnı yarıldı Yerin,

çoxaldı boşluqlar.

Qanla sulanmış buğda tarlaları, çörək qırmızı...

Bilirəm uzaqdadır elim,

lakin eşqə düşüb eşq.

Bir də ki, bilməmiş olmazsınız,

yaxşıca sevişməyin ruhu necə paklandırdığını,

suyu necə doyuzdurmağını,

 

Susun!

Və mən hələ də burdan qışqırıram:

altını dəyişdirin artıq bu dünyanın!

 

 

Sərxoş

 

Mən getdikcə yollar səndələyir,

görən elə bilir sərxoşam,

maşınlar sağa-sola çırpılır,

ağacların biri o yana, biri bu yana əyilir,

cındırından cin ürkən bir adama rast gəlirəm,

o da elə bilir sərxoşam.

Ay Allah, hələ bir ulduzlara bax,

sanki həm fırlanırlar, həm də qaçırlar,

elə bil sərxoşdurlar.

Evimin pilləkənləri

sanki yerlərini dəyişiblər.

sanasan hamısı bir-birinin belinə miniblər.

Qapımın açar deşiyi açarımla savaşır.

Nə açar deşiyi açarı,

nə də açar qapımın deşiyini qəbul edir.

Sonra ikisinin də başını aldadıb barışdırdım.

Heç bilirsiniz nə dedeim onlara?

"Mən sərxoşam" dedim.

Artıq mənə yaxşıca aydın oldu ki,

mən içəndə hər şey sərxoş olur.

 

 

Əli Əl-Şəlah (İraq) - 1965-ci ildə Babildə dünyaya gəlib. Bağdad Universitetinin Ədəbiyyat Fakültəsində Ərəb dili ixtisası üzrə təhsil alıb. Ərəb-İsveçrə Mədəniyyət Mərkəzinin rəhbəri, Beynəlxalq "Əl Mutennebi" Şeir Festivalının direktorudur. "Babilli Əli", "İmzalar" adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb.

 

Kor sözlər

 

Bu səhər şeir oyanmır,

kəlmələrin ömrü sönür,

Və onlar əcəniblərin ağızlarında

təkrarlandıqca ağırlaşırlar.

Kor kimi səfərə çıxırlar,

gözlərdən oxunan sözlər şübhəlidir.

Həriflərin arasıyla gəzənlər üçün

bir xəzindir dilim.

Və mən ölənlərin hikmətini bilmədiyim üçün

sözlərimə yeni mənalar axtarıram.

Müdriklər xatirələrin qalıqlarını yazırlar üfüqə,

məqbərələrdə təkrarlanır müqəddəslik.

Sabah heç kəs yatmayacaq

əcdadların məqbərələri yanında.

Çünki su "yeni peyğəmbər"in kələyini

                        ortaya çıxardı

və o təkrarlanan şeirlərin "peyğəmbəri" oldu.

Şeir oyananda bütün yalanlarla cəngə girəcək,

mətnlərdə ayaq qeydlərindən özgə

                        həqiqət qalmayacaq,

külək gedənləri geri qaytaracaq

və axırıncı müğənni həmişə tənha qalacaq.

Gözləyəcək ki, yaralarını əllərinizlə sarıyasınız.

 

***

Əgər beləydisə bu əməllərin sahibləri

                        niyə məğlub oldular?

Niyə şeir oyandı

və niyə müğənni hələ də mahnı oxuyur?

 

 

Talisman

 

İki il əvvəl el-obamdan ayrılanda

yaşıl dəftərin arasına qoydum şəkilimi,

sonra çöhrəmi çəkib çıxarım içindən

və onu Vətənimin sərhədlərinə qoydum.

Bunu sadəcə mən belə istədim deyə etdim.

Özüm özümlə qaldım.

 

Qürbət zövqlərimi dəyişdirmədi,

Məsələn, həmişə Bağdad saatına baxdım

və hər dəqiqəni İraq saatına görə hesabladım.

Yurdumun xurma ağacları yatmaz,

gözləri qaynayar yuxusuz olanda.

Eşq çılğın səsləri əhatələyəndə,

elə həmin vaxt

bizdən özgə heç kəs bilməz yurd eşqini.

Vətən dərdimizi dilə gətirmərik,

amma həsrətini də necə lazımdı çəkərik.

Bizi çağıranda yurdun səsinə tərəf gedərik

və heç qulağımızdan soruşmarıq ki,

bizi çağıran kimdir?

 

Yurd...

Hər birimiz...

Cənnət - sürgün...

Darıxarıq Vətənimizdən...

Onun oğrularından, sərxoşlarından,

yayda istisi od ələyən sığınacaqlarından,

küçə qadınlarından,

müxaliflərindən və mütəfəkkirlərindən,

müxbirlərindən və həbsxanalarından.

 

Vətən xəritələrin bölündüyü kimi bölünmür,

Vətən "biz" deməkdir.

Hər bir iraqlı da İraq deməkdir.

Vətəni neçə Vətənə bölə bilərlər ki?

 

Vətənin iksiri bizik,

Vətənin ruhu kürdlərin eşqi kimi,

sünnilərin dəhşətli yuxuları kimi,

və şiələrin kədəri kimidir.

Vətən bizik.

Vətən mənəm.

 

Tərcümə edən: Fərid Hüseyn


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!