Eucenio Montale (1896-1981) - italyan şair, yazıçı, tənqidçi. 1975-ci ilin Nobel mükafatı laureatı.
Müəllif iki hissədən ibarət "Kseniya" toplusunu (hər hissədə on dörd şeir) mərhum həyat yoldaşı Druzilla Tansinin (təxəllüsü "Milçək" idi) xatirəsinə həsr edib.
"Kseniya" ("Xenia") antik və Avropa ədəbiyyatında kiməsə həsr olunmuş qısa ironik şeir növüdür.
1
Sevimli balaca böcək
nə üçünsə adını milçək qoyublar
bu axşam hava qaralanda
İkinci İşayanı oxuduğum vaxt
yenə peyda oldun yanımda
amma bu dəfə eynəksiz idin
məni görə bilmirdin
heç mən də şüşələr parıldamadığı üçün
tanıya bilmədim səni alatoranda.
2
Eynəksiz, bığsız
yazıq böcək, həm də qanadsız
(ancaq yuxularda qanadların vardı),
səhifələri səpələnmiş Əhdi-Ətiq, etibarsız,
gecənin qaranlığı, ildırım,
şimşək, sonra isə fırtına,
səssizlik... Bəyəm sən bu qədər
tez gedə bilərdin heç nə demədən?
Amma gülməlidir
hələ də dodaqların olduğunu düşünmək.
3
Parisdə, Sent-Ceymsdə bir nəfərlik nömrə
istəməli olacağam.
(Tənha müştəriləri də
heç xoşlamırlar). Venesiyadakı
yalançı Bizans mehmanxanasında da
eyni şey; o saat telefonçu qızlar
axtarılacaq sonra,
sənin köhnə dostların;
və təzədən yola çıxmaq lazım olacaq
tükənəndə ilk coşqu,
mənimlə olmağını istəyəcəyəm
tək bir hərəkətin və ya vərdişinlə də olsa.
4
Fit çalmağı məşq etmişdik,
o biri dünyada
bir-birimizi tanımaq üçün işarə.
İndi də fit çalmağa çalışıram,
bir ümidlə ki,
çoxdan ölmüşük özümüz də bilmədən.
5
Hələ də başa düşməmişəm ki,
mən sənin sadiq, qotur itin idim,
yoxsa sən mənim.
Başqaları üçün kor böcək idin
yüksək cəmiyyətin dedi-qodusu içində
itib-batmış. Əslində onlar
oyuncaq idi sənin üçün,
sən idin onlarla əylənən;
sən qaranlıqda da görürdün onları,
qaça bilmirdilər sənin
yarasa nəzərindən.
6
Heç fikirləşmədin
özündən sonra iz buraxmağı
şeirdə və ya nəsrdə. Sənin sehrin idi bu,
buna görə iyrəndim sonralar özümdən.
Həm də bundan qorxurdum ki,
Birdən atarsan məni quruldayan
təcrübəsiz şairlərin bataqlığına.
7
Özünə yazığı gəlməyi,
sonsuz kədəri və ürək sıxıntısı
bu dünyaya aşiq olanın,
ümid edənin və ümidini üzənin
bir başqa... (kim cəsarət edə bilər
"başqa dünyadan" deməyə?)
..........................................................
"Qəribə yazıqlıq..." (Zanbaq, ikinci pərdə)
8
Qırıq-qırıq, fasiləli nitqindir mənə qalan
tək şey, onunla kifayətlənirəm.
Amma onun da vurğusu dəyişib,
itirib rəngini.
Öyrəşirəm artıq səni eşitməyə, eşidirəm
səsini teletaypın xışıltısında,
Brissaqo markalı siqarımdan
çıxan dumanda.
9
Qulaq asmaq yeganə görmək
vasitən idi sənin.
Telefon xərcimiz o qədər azalıb ki.
10
"O dua edirdi?" "Hə, Müqəddəs Hermesin
qarderobundan itirdiyi çətiri və
başqa əşyalarını tapmaq üçün
Müqəddəs Antonioya dua edirdi".
"Ancaq buna görə?" "Ölmüş əzizləri
və mənim üçün də".
"Kifayətdir", rahib dedi.
11
Göz yaşlarını xatırlamaq
(mənimki iki dəfə çox idi)
bəs etmir qəhqəhələrini unutdurmağa.
Gülüşün, təəssüf ki, heç vaxt baş verməyən
Qiyamətinin müjdəçisiydi elə bil.
12
Köstəbək addımlarıyla gəlir bahar.
Zəhərli antibiotiklərdən,
baldırındakı mildən,
hansısa siçovulun gəmirib
qurtardığı var-dövlətdən
danışdığını eşitməyəcəyəm artıq.
Bahar yaxınlaşır qatı dumanlarıyla,
uzun günləriylə, dözülməz saatlarıyla.
Daha eşitməyəcəyəm
necə mübarizə apardığını
zamanla, ruhlarla və yayın
yerləşmə problemləriylə.
13
Qardaşın cavan ölmüşdü. Onda saçı pırtlaşıq
qız uşağı idin, indi oval çərçivədən
mənə baxırsan daşlaşmış nəzərlərlə.
Qardaşın musiqi bəstələyirdi,
heç kimin eşitmədiyi,
heç yerdə çap olunmayan notlar
indi hansısa çamadanın dibindədir,
ya da atılıb zibilliyə. Bəlkə haçansa
bir nəfər təzədən yazar onları
artıq başqası tərəfindən
yazıldığını bilmədən.
Tanımasam da sevirdim onu.
Xatırlayan yox idi onu səndən başqa.
Bunu heç vaxt soruşmamışdım:
indisə mənası yoxdur.
Səndən sonra bircə mən qalmışam
haçansa onun yaşadığını bilən.
Amma bilirsən,
sevə bilərik kölgəni,
axı özümüz də kölgəyik.
14
Deyirlər
mənim poeziyam sahibsizdir.
Amma bir halda ki, sənin idi, demək kiməsə
məxsus idi; artıq görünüş yox,
ruh olan sənə.
Deyirlər, şeir hər şeydən alidir, öndədir,
unudurlar tısbağanın
şimşəkdən daha sürətli olduğunu.
Bircə sən bilirdin
hərəkətin hərəkətsizlikdən,
boşun doludan fərqi olmadığını
və aydın göyüzünün
əslində buludla örtüldüyünü.
Belə daha yaxşı başa düşürəm sarğı bezləri
və gips içindəki uzun səfərini.
Amma yenə də rahatlatmır məni
bir yerdə və ya ayrı olsaq da,
səninlə bir bütöv olduğumuzu bilmək.
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!