Albatros
Uzaq yolda qəm-kədər sıxanda matrosları,
Əylənmək arzusuyla, tufanda da gəmiyə
Bələdçilik eyləyən nəhəng albatrosları
Tutub kobudcasına sərirlər göyərtəyə.
Mavi ənginliklərin rüsvay olunmuş çarı
Pərt olmuş halda durub gözlərini hey döyür.
Yanına düşmüşdür ağ, möhtəşəm qanadları,
İki böyük avartək dalıyca o sürüyür.
Azca qabaq bu gözəl, buludlarda süzən quş
Necə gücsüz görünür, necə gülməli olmuş.
Biri tüstü üfürür dimdiyinə, gülərək,
Digəri də axsayır göyərtədə onuntək.
Sən də, Şair, göylərdə, buludlar arasında,
Şimşəklərin içində uçursan hey qürurla.
Ancaq ki yeriməyə söyüş, danlaq altında
Görünməz qanadların yerdə mane olurlar.
Gözəllik
Ey insan, sən öləri, mən isə əbədiyəm,
Xəyallardan hörülmüş möhtəşəm abidəyəm.
Mənə olan ehtiras şairə əzab verir,
Daş sinəm məhv edəcək sırayla sizi bir-bir.
Dərkedilməz sfinkstək taxtımda parlayıram,
Heç vaxt gülümsəmirəm, mən əsla ağlamıram,
Qu quşu bəyazlığı buztək soyuqdur məndə,
Nifrət edirəm nəsə vurnuxub tərpənəndə.
Mən - məğrur abidələr yapmağa bir nümunə
Oldum ki, qoy şairlər seyr edib dönə-dönə
Yandırıb kül etsinlər ruhlarını qarşımda.
Şairləri cəzb edən yuxusuz gözlərimdir,
Bu mənim cadum, sehrim, ecazkar bir sirrimdir -
Əbədiyyat əks edir güzgütək baxışımda.
Ekzotik ətir
Baş qoyub sinənə, yumub gözümü,
İçərkən ətrini hərisliklə mən,
Keçir xoş mənzərə gözlər önündən:
Parlaq bir limanda görüb özümü -
Heyran baxışlarla seyr eyləyirəm
Tənbəl, mürgüləyən, isti adanı,
Cüssəli kişini, qızğın qadını;
Mey içir, əcaib meyvə yeyirəm;
Dincəlir limanda yorğun gəmilər;
Dağlardan süzülən meyxoş ətirlər
Toqquşub qarışır sənin ətrinə.
Birləşib ayrılır, coşur, yarışır,
Edir ruhu tamam bihuş, qarışır
Adanın ecazkar nəğmələrinə.
***
Ey kədər mənbəyi, ey lal tapmaca,
Şüur səni heç vaxt anlamayacaq!
Mən səni sevirəm göyü sevəntək.
Dumana bürünüb hey sivişərək
Qeyb olub gedirsən, bu lal sükutun
Açıb aramızda dərin uçurum.
Mən sənə sevgimdə həris, kobudam,
Elə bil cəsədə daraşan qurdam.
Sən hey soyuduqca bir o qədər mən
Od tutub yanıram amansız eşqdən.
***
Oyanaraq yuxudan havasız bir otaqda,
Bir yəhudi qızını gördüm ağuşumda mən,
Kəsilirdi nəfəsim, od çıxırdı bədəndən,
Ölü, leştək yan-yana uzanmışdıq yataqda.
Bircə anda surətin xəyalımda canlandı,
Hiss eylədim uzaqdan saçlarının ətrini,
Gördüm ciddi gözlərin soyuq təravətini,
Xəyal qüdrətiylə eşq sanki yenə odlandı.
Sevə bilərdim səni, hətta səcdə edərdim,
Bədənini nəvaziş toruna bürüyərdim,
Heç olmazsa bir damla gözündən yaş axaydı.
Süzüləydi aşağı, üzünə kip sıxdığın,
O gözəl sifətinə birdəfəlik taxdığın
Ciddi maskadan yağan dəhşəti dağıdaydı.
Şairin sonu
Gecənin xof yayan qaranlığında,
Qəlbləri qıc edən dəhşət çağında,
Kabuslar dolaşan tənha çöllükdə
Qazıb basdıracaq bir zibillikdə.
Xeyirxah bir bəndə buz cəsədini,
Ulduzlar yumaraq pak gözlərini
Əlvida deyəcək, ey şair, sənə,
Gürzələr dolacaq tənha qəbrinə.
Hər gecə yığışıb başına sənin
Oğru, quldurların, fahişələrin
Murdar məclisləri qurulacaqdır.
Qoca şorgözlərdən, ifritələrdən
Çıxan ulaşmadan, söyüş-təhqirdən
Ruhun atəşlərdə qovrulacaqdır.
Şən ölü
Özüm üçün mən özüm qazım ki, elə xəndək,
Gedim lap dərinlərə, çatım yağlı torpağa,
İşgəncələrdən sonra sızıldayan bu cəmdək
Axır ki, bir genişlik tapsın rahatlanmağa.
Lazım deyil heç mənə göz yaşları heç kəsin,
Qəbiristanlıqlara nifrət, səfehlikdir vəsiyyət,
Buyurun, ey qarğalar, qonaqlığa tələsin,
Parçalayın, qoparın, qalmasın iylənən ət.
Siz ey gözsüz, qulaqsız məzar qurdları, dostlar,
Çürüntü övladları, ən müdrik filosoflar,
Gör kim qonaqlıq verir, bir ölüyəm - azad, şən.
Didin, deşin, nuş edin utanıb çəkinmədən,
Bir ağrı-zad duymaram, ölü ağrı nə bilər,
Diriykən ölüyəm mən, hər tərəf də - ölülər.
Yoxluğa canatma
Unutdunmu göylərə kükrəyən vaxtlarını,
Döyüşlərə can atan coşqunluğun söndümü?
Ruhum, əldən düşmüsən qocalmış köhlən kimi,
Sürüyürsən güc ilə arıq ayaqlarını.
Təslim ol, kim döndərər taleyin axarını?!
Hissiyyatım kütləşib, qırılmış inam simi,
Dinləmirəm mən daha döyüş şeypurlarını,
Atmışam mübarizə, yarışma turlarını,
Sönmüş odum-alovum, külək qovur tüstümü.
Bahar dünyası məni tərk edərək küsdümü?!
Hazırlayır mənimçün zaman öz məzarını,
Hər an, qar örtüyütək basdırır cəsədimi,
Biganəyəm formaca Yer kubdur, kürədimi,
Hansı yolu seçməyə ruh vermir qərarını.
Yönəltmişəm yoxluğa ömrümün qatarını.
Qəm-qüssə kimyagərliyi
Təbiət! Sən kiməsə açırsan isti qucaq,
Bir başqası hey donur sənin buz baxışından,
Biri zülmət içində, məhrum gün işığından,
Bəxş edirsən kiməsə nurlu, işıqlı ocaq.
Təbiət! Bənzəyirsən sən kimyagər Hermesə,
Yaxınlaşıb Midasa, guya yardım edirdi,
Daşı zərə çevirmək elmini öyrədirdi,
Sən də məni qəhrinlə Midasa döndərmisən.
Qüdrətindən güc alıb çevirirəm dəmirə
Par-par yanan qızılı; mən baxaraq göylərə
Buludların içində ölüləri görürəm,
Baxışlarım döndərir cənnəti cəhənnəmə,
Ulduzların yanında, bürünüb kəfənimə,
Məzarlar, sərdabələr, məqbərələr hörürəm.
Bütpərəstin duası
Qüssəni, kədəri atəş əridir.
Ehtiras - sən həris qəlblərin odu!
Bu cansız ruhumu alovla doldur.
O Diva! Supplicem exaudi!*
Ən dərin qatlardan çıxan Ehtiras,
Hər yerə sirayət eyləyirsən sən.
Bürünc nəğmələrlə göyə yüksələn
Harayım sənədir! Eşit, qulaq as!
Vəfalı qəlbimdə yerin var başda,
Məxsusdur ruhumun can sultanına.
Ehtiras, qoyma sən məni təlaşda -
Alıb ağuşuna cılız bədəni,
Şirin röyaların nəm dumanına,
Titrək mirajlara qərq eylə məni!
*- İlahəm! Yalvaranı eşit! (lat).
Tərcümə edəni: Ənadi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!