Müasir eston ədəbiyyatının tanınmış nümayəndələrindən biri də Doris Karevadır. 1958-ci ildə Tallin şəhərində anadan olub. Yaradıcılığa erkən yaşlarından başlayıb. Tartu universitetində roman və german dillərinin linqvistikası və ədəbiyyatı üzrə təhsil alıb. 1982-ci ildən Estoniya Yazıçılar Birliyinin üzvüdür. Doris Kareva həmçinin tərcümə və ədəbi araşdırmalarla da məşğuldur. "Günün şəkilləri" (1978), "Gecə şəkilləri"(1980), "Toxunma" (1981), "Gizli şüur" (1983), "Kölgə və gecikmə" (1986), "Zamanın forması" (2005), "Mənalar" (2007), "Paraqraf" (2007), "Deka" (2008), "Sən tək deyilsən" (2011), "Ailə albomu" (2015) adlı kitabların müəllifidir.
İyirmidən çox ölkədə kitabları çap olunub.
Qarı
Qızım çoxdan göylərdədi,
Ərim dənizin dibində.
Son günlərim görünür
İndi gümüşü rəngdə...
Evə işıq düşsün deyə
Qapını bağlamıram.
Və belə ağrılarımla
Və belə itkilərimlə
Heç vaxt olmayacaq qədər
Uzanır günlərim
sonsuzluğadək...
Pişik sarılır mənə,
Onun yaşıl gözlərində
Bütün həyat canlanır...
***
Əgər bunu deməsəm -
Öləcəm.
Etiraf etsəm - bu məni
öldürəcək...
Göy üzü, söylə, mən nə edim?!
***
Həyat və yuxu -
Eyni ağacın yarpaqlarıdı,
Qalın bir kitabın səhifələri kimi...
Kim arda-arda bu kitabı oxuyursa -
Deməli, yaşayır...
Kim vərəqləyib çevirirsə -
Deməli, yuxu görür...
Həyat və yuxu-iki bacıdır,
Üçüncü, ən kiçik bacı-ölümdür...
***
Nələr arzu edirsənsə
və bunu çox istəyirsənsə,
Gec, ya tez, o sənə gələcək,
Ya bir sehrlə, ya bir möcüzə ilə...
Əgər sən istədiyini tanısan,
O sənin olacaqdır....
Nələr arzu edirsənsə,
Sənə gələcək bir gün...
Səni tanıyacaq
Və sənin bir parçan olacaqdır...
Nəfəs al, ona qədər say,
Hər şeyin qədri sonradan bilinir...
***
Nə vaxt ki, ölüm qorxusu
Böyük olanda və qaçmağa
Yerin olmayanda -
Ölümü özün qarşıla,
İntihar etmə, uçurumlara baxma,
Bir güzgünün qarşısında
Özünə bax və düşün...
Ölümün vahiməsindən də
Cazibəlidir baxışların...
***
Özünə nifrət edirdi,
O qədər ehtirasla nifrət edirdi ki,
Onu sevən bütün insanlardan
Qisas almağa başladı...
Bu, əzab üçün seçilmiş bir yol idi,
Bu, daha çox nəyisə əldə etmək üçün
Axtarılan yol idi...
Tərcümə etdi: Tural CƏFƏRLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!