Şeirlər - Dilək ÖZKAN

 

Dilək Özkan - İzmirdə anadan olub. İlk şeir kitabı "İçərisində Bir Uçurum" Mühür Nəşriyyatı tərəfindən 2015-ci ilin noyabrında nəşr edilib. İkinci kitabı "Həyatın bir neçə hissəsi" 2018-ci ilin dekabrında Kaos Uşaq Parkı Nəşrləri DIP seriyasından nəşr olunub. Şeirləri bir çox jurnal və qəzetlərdə dərc edilib.

 

Xarıbülbül

 

Səsim suya düşsə

əllərim boşluğa

çirklənib qaça-qaça

bir çayın maviliyində təmizlənsəm.

 

Xarıbülbül od tutub deyirlər

Qarabağdan, Şuşadan

Tökülür ağrılar gülün yaddaşına

Yanır çox sərin otaqlarda yuxular.

 

Elə belə yadıma gəlirsən

özümü itirirəm, "dəyməz" - deyirlər

öpüb-oxşayıram dünyanın inciyən yerindən.

 

Getdim, gəldim

 

İncidilən sular uzun-uzadı kədərlərə qarışır,

Gecədən suda saxlanılır quruyan xatirələr.

Kədərlər də köhnəlir səhərsizlikdən

Gizlənib köksümdə bayramlar.

 

Və mən çox şeyləri həmişə gecikdirmişəm,

Çatlaq bir boşqabın solan üzünü

Gülləri quruyan bir güldanı

İtimin qabağına qoyduğum suyu

Dünyanın bir əlçim ümidini gecikdirmişəm.

 

İnsan nələr yaşamır axı,

Hara baxsaq içi boşalan ürəklərin cəmi

Duyğular da yorula bilər, əlbəttə.

Quşları yaralı bir şəhərin bulvarında

Qadınlar güllərin tikanlarından öpəndə

Uşaqların ovucları göyərçin intiharıdır.

 

Getdim-gəldim bir güllə ilə bir tabut arasında

sahilsiz küləklərin uçsuz-bucaqsızlığı

əllərim, əllərim sürüşəndə bir dağ yamacından

kim tərk edəcək sabaha bağışlanan həyatı.

 

Xrizantem sancısı

Bilirəm yarımçıq qalan işlərin ağrısını

Ucsuz-bucaqsız suları yoxlamaq

bir tükənmişlik qazanıram... susqunluğumdan bir pay

həyatdan qoparıb qəlb uçurumuna yamamışam

sözlərin sınıq axşamını.

 

Oturub ağlayır gəncliyinə bir qadın

dövrün çürük davamlı biqeyrətliyinə

dayanmadan silir xalçaya tökülən dünyanın dəhşətini

ovuduram, sığallayıram sonra Bəyoğlunda

küllərini qucaqlayan anaların şənbə əllərini.

 

Ağrının kölgəsinə sığınır salfetka satan qız uşağı

köksündən yüksələn fəryadın səssizliyindən...

tənhalığını damcıladır gecənin çiçəkləri

boyası təmizlənən bir həyatın bədəninə baxır

nəfəs alır, incəlir saçları

dodaqları qırmızıya boyanan bu dövrdə.

 

Neçə kainatın kədərini yığışdırdım boşluqdan

çay da dəm almayıb bax,

dərin bir kədər yağır pəncərədən

buna görə intihar edib içimin tanrıları

deyirlər ki, insanın yarası köhnəlib qaysaq bağlayırmış

hara gedirsən get özündən

içindəki sancı həmişə xrizantem.

 

 

Dante

 

Sahilinizdən payız keçdi, görmədiniz,

gizlininizdən səhər

üzünüzün bir tərəfi gecə idi.

öpülməmiş bağçalardı bir tərəfi

qədim kitablar arasında quruyan

kədər qoxuyur indi

bütün güllərin ağzı.

 

qumların üstündə xəyalpərəst bir sentyabr

bədəninə məna qatan günəşə səslənir

uzaq qonşuların paltar zivələrində

səni axtarıram, dante

qanayan zamanın gömgöy dodaqlarını

yeni bir göy istəyək yeni bir sərinlik

dənizlərin arxasında gizlədək titrək qəlbimizi

ağır uçurum dalğalarına yetim xəyalları

 

Qorxma, Dante! Bir qara çək dünyanın gözlərinə,

həyatın kənarına bardaş qurub otur.

Unudulmuşluğumuza dadansın külək

dəli bir eşqə yuvarlanaq yağmurdan sonra

təzədən qucaqlaşaq bəlkə bizlə

İzmirin yorğun küçələrində.

 

Uyğunlaşdırdı: Oqtay HACIMUSALI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!