Çağdaş yapon şeiri: Maki STARFİELD - Tərcümə

 

Maki Starfield (1972) - çağdaş yapon şeirinin dünyada tanınmış nümayəndələrindəndir, rəssamdır. Eximedə anadan olub.  İkimüəllifli kitabları ilə məşhurdur.  Narlan Matos, Luka Bernassi, Elen Kardon, Con Ficerald, Yeşim Ağaoğlu, Yorqos Veys və başqa həmkarları ilə "duet poetik toplu"lar nəşr edib. Əsərləri dünyanın onlarca dilinə tərcümə edilib, Guido Gozzano Ödülü (2018), Yaponiya Şairləri Assosiasiyasının Mükafatı (JUNPA; 2019) və başqa nüfuzlu ədəbiyyat ödüllərinə layiq görülüb.

 

Libas

 

Birgəlikdən zövq alın,

Geri qayıtmayacaq bir də.

Sözlərdən libas geyinirəm,

Ölümümün qırmızı libasını.

 

Sentyabr bağı

 

Adi bir şey -

onu yavaşca qəbul edirəm.

Sənin bağçanı salacam bədənimdə.

Orada sənin qızılgülün çiçək açacaq.

Hər bir ləçəyində olacam.

Rayihən də bütünlüklə məndə.

 

Birlik

 

Ürəkdə, səbəblərdə və eqoizmdə deyil,

mənim sən, sənin mən

            olduğun yerdədir xoşbəxtlik -

birgə yaşayırıq orda.

Səmada, yerdə,

            yaxud yuvarlanan daşda deyil,

mənim sən, sənin mən

            olduğun yerdədir xoşbəxtlik -

birgə yaşayırıq orda.

Həyatda və ölümdə,

            bu gündə və şəcərədə deyil,

mənim sən, sənin mən

            olduğun yerdədir xoşbəxtlik -

birgə yaşayırıq orda.

 

***

Kosmosdakı

radiodalğaları tutur

kiçik günəbaxanlar.

 

***

Van Qoqun əliylə

əkilib günəbaxan tarlası -

öz həqiqəti var onların.

 

***

Mənəvi aləmin

darvazası ağzında

çiçəkləmiş xardal sahəsi

 

***

Kədərin

növlərindən biridir

payız qızılgülü.

 

***

Onun portreti

qəlbimdə gizlənən

işıldaböcəkdir.

 

***

Möhtəşəm qürub -

indi mənə də deyən var:

- Qayıdışın mübarəkdir!

 

Tərcümələr Səlim Babullaoğlu və

Mübarək Səlimlinindir


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!