Şeirlər. Aslıhan TÜYLÜOĞLU - Tərcümə

 

Hörmətli Boran

 

Oyanıb baxdım,

İki dəfə dan yeri sökülüb

Səhər də yerində.

 

Döyüşür Diclə, buludlar muğam kimi

Özünü oda atır

Dəyirman qapıda meşələr.

 

İsti şərab içirik ananla

Diyarbəkirdə köhnə karvansara

Minilliklərin dağarcığından keçirik

ədəvaların ətri gəlir səsindən.

Bir yerdə düzəldirik

Qədim dövrlərdən günəşin doğulduğu yeri

Bazalt daşlardan tikilən evlərə əfsanə sərinlik

Aysor kilsələritək tənha

Doğulmayacaq bir uşaq şamdır.

 

Boşluğunu dərk edib

əllərimi tutursan.

 

 

Hörmətli Gizem

 

Səsinin "aydınlıq cığırları"

Sərçələrin tanıdığı bir səhər.

 

Ayrılıqla böyüyür uşaqlar

Sözlərindən qəzəb tökülür ataların.

 

Yorğunam, insanın mənası yoxdur

silah satır durmadan bəzirgan

torpaqbasdını nağd alır cəllad.

 

Hər gün bir küçədə bir qadın...

Gələcək günlərindən vurulur

Ayrılır neçə uşaq anasından.

 

Südü quruyan bir qadın döşüdür Afrika

Süd verir aclığa.

 

Ülgüclər qəssabların əlində

İşləyir körpə bədənlərdə.

Müharibə yorğanına uzananda əlləri körpələrin

Analar yuxusuz...

Səninlə səpilən toxum

Meyvəsi daşlanan bir ağac oldu.

 

Bu şeiri səndən əmanət aldım

 

İnsanların zirehi qorxularındandır

Bunu başa düşmüsən yəqin...

 

Yazıb unutmaq istəyirəm və həmçinin unudulmaq.

 

 

İstifadə olunmuş şeir

 

Yeni bir məzarım oldu xarabalıqlardan bir tabut,

Yeni illər yeni şəhərlər hər şey köhnə ikən özü də

Mən bu eşqi silah kimi almadım ki, özümə çevirim?

Nişan aldım ürəyimi və vurdum,

Sözləri bir-bir yoxladım damarlarımda.

Hərəsi bir biləyimdə bir ülgüc ikən ümidi

Şirəli quyularda yatırdım, günəş işığında bələdim

Səhər mehində saraltdım kədərli gipsləri

Divarlarda yumruq izlərim qaldı,

heç nəyə fikir verməyən kitab qutularından

Özümə yeni bir məzar aldım

                        içində uzun-uzadı ölməyə

Uzun bir can verməyi sifariş verdim

                        ağ-qara döşəmələr

Bəzəkli bordurlar içində ağappaq titrəyən

Bu üzdən istifadə edə bilmərəm,

                        bu səsdən, bu əllərdən

Gözəgəlimli burun, dimdik sinənin gilələrini

Şərqilərimi satıb aldım, çiçəklərimi...

Beş-üç qəpiklik duyğuları soyuducuda

Yaşıl noxudların arasında gizlədib gəldim

Bir neçə kalori yandırdım təzə paltarlar üçün...

Məğlub oldum, aldandım və tükəndim

Yay günündəki araqdakı buz kimi...

Mən bu şeiri gözlərimi susdurmaq üçün yazdım

Bu şeiri, ürəyim dayansın deyə yazdım...

 

 

Ah! Qardeniya yazıları

 

Saralan divardan sənə toxunan çəhrayılıq

Atdığın hər addımda geriyə gedən nələrsə var

Arxandan əcaib qəhqəhələr yüksəlir.

Qarğışlayır qapınızı qara-qara qarğalar

Axmaqlığınla qalırsan gecəni məşğul edib

Düyü bahalıdır, bəlkə evdən yarma da bitib

Artıq təbəssüm edirsən öz yas yerində

İndidən bir çələng hazırlatdır

                        qaçqın xrizantemlərdən

Başdaşını seçib, üstünə yazacağın tarixi de.

 

Uyğunlaşdırdı: Oqtay HACIMUSALI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!