Mosart kimi gülə bilmərəm mən
Anamla bir yerdə qaçdıq, əlimizdə bir çamadan və
sonra saxta olduğu meydana çıxan bir az qır-qızılla,
yük qatarı kimi ağır-ağır gedən bir qatarda gedirdik -
Friulinin çəmənlikləri incə və qatı qarla örtülmüşdü.
Romaya gedirdik.
Gedirdik nəhayət, atamı
ucuz odun sobasının yanında
köhnə əsgər şineliylə
və
serrozla paranoyanın ucbatından baş verən
tutmalarıyla qoyub.
Gözüdolusu yaşadım
həyatımdakı tək diqqətəlayiq şey olan bu roman səhifəsini:
əks halda,
yaşayardım hamının heyran qaldığı şeirlərdə.
Əlyazmalarım arasında birinci romanım da var idi;
"Velosiped oğruları"nın yazıldığı
və ədəbiyyatçıları İtaliyanı kəşf etməyə başladığı vaxtlar idi.
...
Romaya gəldik,
Mənə bir az qan verən
sevimli dayım kömək etdi bizə:
edama məhkum olunmuş adamlar kimi yaşayırdım
həmişə ağlımda fırlanırdı
qürursuzluq, işsizlik və kasıblıq düşüncəsi.
Anam qulluqçu işləyirdi
Və mən heç vaxt xilas ola bilmədim bu xəstəlikdən.
Çünki mən burjuayam
və Mosart kimi gülə bilmərəm mən...
"Gündəliklərdən" (1945-1947)
Saçlarım səliqəsiz şəkildə tökülür gözümün üstünə,
Balaca lampanın işığı yayılır stolun üstünə,
Qırmızı ləkəli kağıza.
Yeniyetmə olanda gecələr boyu yorğun halda
Bu işıltıya baxırdım və qəribə idi
Küləyə və tənha çəyirtkələrə qulaq asmaq.
İçəri otaqda valideynlərim yatardı qayğısız,
Nazik divarın o üzündə də qardaşım. Sakit və rahat -
Hardasan sən indi? Qırmızı işıq mənə cavab vermir,
Demir uzaq keçmişin hara getdiyini.
Tərk edilmiş sahədə tənha çəyirtkə dərindən nəfəs alır
Və anam saçını darayır güzgünün qabağında
Həyatdan məhrum yuxunun fikrinə dalmış
Dünya kimi adi və köhnə hərəkətlə.
Tərcümə etdi: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!