Attila Balaş / Balazs F.Attila (1954) - tanınmış macar şairi, yazıçısı, esseisti və tərcüməçisi. Rumıniyada, Tırqu-Mureşdə anadan olub. Əvvəl fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyub, sonradan isə Alba-Yuliyada katolik ruhani institunda və Buxarestdə bədii tərcümə və kitabxanaşünaslıq ixtisası üzrə təhsilini başa vurub. Macarıstan, Rumıniya, Slovakiya yazıçı təşkilatlarının, PEN mərkəzlərinin, Avropa Elm, Sənət və Ədəbiyyat Akademiyasının üzvüdür. "Villonun qalstuku", "Attila Balaşın ən yaxşı şeirləri", "Mavi", "Minimal", "Maskalar" və başqa şeir toplularının müəllifidir.
Frimen Nandayme Ədəbiyyat Ödülü (Nikaraqua, 2010), Madaça Mükafatı (Slovakiya, 2010), Luçian Blaga (Rumıniya, 2011), Opera Omnia Arghezi Prize (Rumıniya, 2014), Emineski Akademiyasının Tərcümə Ödülünü (Krayova, 2012) və başqa ədəbiyyat mükafatlarını alıb.
Əsərləri dünyanın 20-dən artıq dilinə çevrilib, Avropa, Amerika və Asiyanın 30-a yaxın ölkəsində dərc edilib.
"Vektor" Nəşrlər Evi 2019-cu ildə Məmməd İsmayıl və Afaq Şıxlının tərcüməsində Attila Balaşın "Avqustda qar" şeirlər kitabını çap edib.
Balaş 2020-ci ildə pandemiyanın ilk dövründə Bakıda keçirilən onlayn poetik festivala qatılıb, Azərbaycan auditoriyası üçün şeirlər oxuyub.
Fatum
Topraq ayaqların altından qaçır,
Sən isə xəbərsizsən
açılıbmı qanadların...
Memento
Günəşin kriminal sığallarıyla
əzilmiş,
qışmış,
qurumuş
gil.
Daşlaşmış işarələr,
toxunuşlar,
formalar
və dəyişmələr
üzərində barmaq izlərini
hiss edir.
Gözəllik ovunda
Saatın
bükülmüş əqrəblərindən asılıb zaman.
Əlində bir topa açar adam
qapını ehtiyatla bağlayır,
işığı zolaq-zolaq bölür
gözəllik budaqlar arasından sivişib çıxır,
təsvirlər gözünün torlu qişasında bərkiyirlər.
Uca səs
Heç bir musiqi alətiylə
o uca səsi
çıxaqmaq olmur -
axar qanın səsini,
qularlarında
səslənən
ürəkdöyünməni.
İşığı yandırırsan,
amma bilmirsən,
o səs gələn yer
haradır,
boşluqdur...
Yorğanın altına girirsən,
yuxunun səni nə vaxt ovlayacağını
bilmirsən,
səhər duranda isə
güzgüyə zillənirsən -
görürsən ki,
onun vizit kartı
alnında bərq vurur.
Böyük rəssam
Zərif parıltılı çalarlarda payız mənzərəsi,
sanki
rəngləri qurumamış
rəsm əsəridir.
Fırçanı tutan
və sevgini rənglərlə çəkən
əli
düşünürəm.
Sözlər gücsüzdür,
ünvanından kiçikdirlər.
Barmaqlarım arasından
süzülür qumsal
Yaddaşın qəlpələri
məni hərəkətə gətirir,
oyadır ki,
yenidən toparlasın -
bəlkə adi bir şey,
ya da nəyəsə oxşayan bir şey
yaratsın.
Barmaqlarımın
necə əsməyə başladığını
görürəm.
Dayanıram,
əzələlərimi boşaltmaqçün
barmaqlarım arasından
qumları tökürəm.
Bircə it nəcisi qalır ovcumda.
Rəsmlər çəkirəm qumsalda,
pozuram,
çevrələr cızıram.
Fitrətdəki dağınıqlığı
necə nizamlamaq olar?!
Əşyalara aid deyil
nizam-intizam;
onlar ayrılıq,
birləşirlər.
İntizam - gözəgörünməz kətandır,
o zərifdir,
tez sıradan çıxır.
Yerdəyişmə şübhə doğurur.
Qəfil öz adımı xatırlayıram:
adım məni zəncirləyirmi?
Mən öz adımammı?
Ya bəlkə adım sadəcə
çiynimdən ata bilməyəcəyim
məngənədir?
Sözlər yumurtadan çıxmış
tısbağalardır,
suya düşürlər,
enirlər dalğaların nənnisinə,
mavinin təhlükəsiz ənginliyinə -
nəhəng bir ağız onları udur
və yalnız bu nadinclərin bir qismi
həyatın və ölümün bu sayaq
çarpışmasından
sağ çıxırlar.
Qara mələk
Bu qasırğanın cənginə düşən hər kəs bilir ki,
inkişaf eyni bir yerə,
vəziyyətə,
halətə daimi qayıdışdır.
Yorulmusan,
sürətdən başın fırlanır,
keyimisən,
ətrafa baxırsan və özünü yenə
həmin o vəziyyətdə
görürsən.
Həmin qapalı çevrədə.
Yalnız ürəyin
ritmini dəyişməyə cəhd edir bir az.
Yalnız tüstü qalxır qarmaqarışıq,
Yalnız azğın külək gözünə doldurur torpağı.
Qaya yarığında bitmiş mamır
ölüm və kölgənin dəli rəqsindən xəbərdardır
və boynunu işığa uzadıbdır.
Yollar ayrılır
və qovuşur nizamla.
Sən indi noutbukun ekranında
hər şey tapa bilərsən.
Tapa bilməyəcəyin tək şey
ömrün boyu tərk etdiyin illüziyalardır.
Təmkinlə tutursan əlini
səhrada sənə uzanmış,
barmaq izini götürən
mələyin əlinə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!