Veysel ÇOLAK
(1954)
İnsana üsyan
Silahları susdurun, quşlar yuxuya getsin bir az,
Bunu deyirəm, dayanmadan deyirəm onsuz da
Heç nə olmur ancaq, dilimdə parça-parça olur sözlər.
Heç nə edə bilməyəndə əllərim çox utanır
Gözlərim də eləcə, mən də qaçıram işıqdan
Qırtlağıma kimi utanc içindəyəm.
Çata bilmirsə bir insanın fəryadına, ayaqlarım da qopsun
Dünya boyda oldu eşidə-eşidə böyüyən qulaqlarım
Külək idi, amma heç kimə gedib çatmırdı səsim.
Bu şəklə yaxşı baxın
artıq insan deyil orda gördükləriniz
güzgüyə baxanda qorxutmasın sizi orda görünənlər
bayıra çıxmamışdan pəncərəni açıb baxın ətrafa, yoxlayın
düşünə-düşünə baxın, mühakimə edərək baş verənləri
mən elə edirəm və düşmənəm özümə
necə də dəhşətdir, bir divardakı daş da deyilik hətta.
Bu şəklə yaxşı baxın
Cəhənnəmlərə doğru qaçanları görəcəksiniz küçədə
sizsiniz onların hamısı.
İnsanların heç biri ətirşah gülü deyil
Yoxsa gül açardı hansısa biri
Ümid dağılardı ətrafa o gülün rəngindən.
Pivənin sarışınlığı və siqaretin zövqü
bir də dedi-qodunun dadı kifayətdir aldadılmağa.
Kifayətdir sanki yaşayıb ölməyə
buna görə də sizi dəfn edirəm mənasızlığa.
Dünya, 2020
Yaşananlar köhnəlməz
Həmişə belə olub diqqət çəkərək keçir axşamüstləri,
Bəzən unudulan bir söz kimi olur hər şey.
Bunun fərqinə varıb səksənirik bir yolçuluqda
Hər gedişin axırında özümüzə çatırıq
Çıxıb gedir bundan sonra bizi aparan külək.
Hər gün bir az da zülmətə bürünür keçmiş,
Uşaq olanda tutduğun quşları düşünüb
Dilini dişləyərək ağlayırsan onlar üçün.
Ölməyi də yoxladın gördüyün yuxu idi bilmədikləri
onu da yaşayaraq danışdın, heç nə qalmadı gizlətdiyin.
Gənc ikən bıçaq daşıyardın, bir tapanca keçdi belinə sonra
sonunda anladın vücudunun bir silah olduğunu
tapa-tapa itirdiyin hər nə idisə həyat
sevgilin üçün ov idin, ancaq xoşuna da gələrdi seçilən olmaq.
O qədər illərdən sonra yenə o meydanlardasan,
Şüarlar səslənir, itməmiş dostların səsi.
daha da qəzəblisən ciyərlərin dolusu polisin sıxdığı sudan.
Bu günlərdə özünü çağırıb özünə gələn qəribə insansan.
Urganlı, 2018
Ürəyimə dəyən külək
Dayanmadan xatirələr dürtmələyir məni, yuxuya gedə bilmirəm
saçlarıma toxunan bir çox yay keçdi
toxunduğu yerdə havalanır alov, nə varsa yanır
yox olur cəmləşdirdiyim həyat
buxarlaşan suyun çıxıb getməyi kimi.
Pəncərələri heç açılmayıb elə bil
Lampaları çirklənib, toz içindədir yemək masası
Qonaq otağında bir neçə dərgi oxunmadan bozaran.
Evin başı fırlanır, əməlli-başlı qarışır xalçaların naxışı
Öz-özünə dəyişir divarların rəngi
Mətbəx masasının üstündə bir reyhan
quruyub.
Hara baxsam kömür qarası, bir də qırmızı
ağzı burnu qan içində, ağacları quruyub
bir şəhərdir də boğanaq, uşaqları ağır yaralı.
Susmaqdan çürüdü səsim
Günahkar çıxdı dostlar, qopdu gitaramın teli
böyüdü içimdəki yumruq, dayanmadan qəzəbləndi.
Sevinç dolu bir neçə söz olsa, hərfləri rəngli
Səni tapacaq o zaman ürəyimə dəyən külək.
Neçə gündən sonra pişik və mən yaxşıyıq,
Birlikdə tənhalıq üçün yaşayırıq.
Dünya, 2014
Boz
Gəlib gələni saxlayır küçə musiqiçiləri
Qopanda gitaranın teli səsim titrəyir
"dəniz gözəli" qızların dəli edir ulduzları.
Göy üzünün dayanıb baxdığı kimi bizə
Sən də eləsən, hamının içinə baxırsan
dünyanı geyinmisən, fikrin qarmaqarışıq
sınan bir heykəlin itkin üzüsən elə bil
artıq danışmır səninlə bağçandakı ətirşah gülü
susuz qalıb əkdiyin bir neçə bibər.
Bu necə bir həyatdır, görəsən, dadanır köksünə
Heç olmasa sevişən göyərçinlərə yem verək
Kəsməyək onların küləyinin qarşısını
günümüz təzələnsin, bizim olsun öpüşən dodaqlar.
İnanma qaranlıq həyətlərin kədərinə
Yenə gələcək qaranquşlar
Böyüdəcəklər YAZı
Cəmləşib dayanacağıq bir-birimizdə.
Dünya, 2015
Leysan
Üzünə baxıram səninsə üzün günəbaxanlara doğru
İçində biz ikimiz bir avtobus sürətlə gedir
Bir yayın qurtardığını demə mənə
Qaranquşlar gedəcək bu uşaq üşüyəcək
Necə daşıyar, görəsən, o köçkün ürəyini?
Sevdiyimə qan verirəm gün boyunca
Sevişən insanların tərindən bir dəniz
Sevdiyimə verirəm üzüm mənə yaraşır.
Həmişə sentyabr vardı mənim üçün
Hansı ayda olduğunu unutmuşam
Altı yolun kəsişməsində tapdığım zamanlarda
Su kimi axırdın üzüm yamaç idi sənin üçün
Küləyinə qapdırıb özündən gedəndə
İki çiçək öpüşər qopa bilməz bu yardan.
Kişisiz qadın, gözəgələn, bir ağacın tək yarpağı
Sevgilim artıq sulanıb torpağın?!
Cəmiyyətin gözündə yamyaşıl tarlanın ən qurağı
Lalların oxumağa çalışdığı bir şeir.
Başladığımız o səhərlərin gecələri itkin
O gün yandırmışdıq dünyanın bütün tonqallarını
İki yanğın qovuşanda biz bir yerdə gülmədik?
Üzümə kölgə düşsə, unutma heç vaxt
Eyni üfüqlərə baxaq, yoxsa gedərəm,
Dənizə gedən yolları bağla.
Sənə öyrəşmişəm, anla və dağlarım həsrət çəkməsin
Sənin üçün şüşə sındırıb gül oğurlamışam
Yorğunam, susamışam, saat neçədir,
Hava nə qədər soyuqdur?
Bir yorğan kimi üstümə səril
Məni öp isinib gizlənim.
Payız gəlib təzədən? Bu necə olur?
Qızlar hələ də yamyaşıl tənəkləri qoruyur.
Düşün bu yay belə bitər heç?
Demə heç nə.
Dünya, 1981
Uyğunlaşdırdı: Oqtay HACIMUSALI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!